SON DƏQİQƏ

MƏRHƏMƏTLİ VƏ RƏHMLİ ALLAHIN ADI İLƏ

Tarix:29-04-2021, 10:37

FATİHƏ SURƏSİNİ OXUYARKƏN

Quranın ilk surəsi bil, Fatihə adlanır,Hər ayənin hikmətin görən nadanlar qanır?
Mərhəmətli rəhmli Allahın adı ilə,
Bismillahir Rəhmanir Rəhim kəlməsi ilə
Həmd olsun Allahıma, aləmlərin rəbbinə,
Haqq-hesab çəkən günün yeganə sahibinə,
Sənə ibadət edib səndən yardım dilərik.
Yönəlt bizi düz yola, nemətini görərik.
Azanların yolundan Allah bizi uzaq et,
Qəzaba düçar olan azğınlardan iraq et.

MÜSƏLMANLARIN
MÜQƏDDƏS TARİXİ
(poema)


Dünyanı yaradan müqəddəs Tanrım,
O uca, əlçatmaz ilahi Tanrım. 
Göylərin, yerlərin hakimi Rəbbim, 
Nə doğmuş, doğulmuş o nurlu Rəbbim.
Xuda əbədidir, biz gəldi gedər,
Onun qarşısında sel, su, nə edər?!
Rəhimli Allahı gəlin dinləyin,
Haqq sözü eşidin, heç vaxt gülməyin.
Altı günə dünya, aləm yaratdı,
Canlı-cansız Kainatı oyatdı.
Gecəylə gündüzə verdi ixtiyar.
Nizamla yaratdı o cənnət - diyar. 
Dedi: olsun bitki al-əlvan oldu,
Dünya şəfəq saçdı bənzərsiz oldu. 
Şərqdə cənnət bağın Allah yaratdı,
Adı Ədəm olan gözəl bağ saldı. 
Adəmi xəlq etdi öz torpağından,
Ona ağıl verdi öz idrakından.
Palçıq ilə gildən Adəm yaratdı,
İlk ulu babamız murada çatdı.
İlk bəşər övladı Adəm sayılır,
Adəmdən törəyən cahan ayılır.
Ondan da çox öncə yaratdı bir nur
Peyğəmbər Rəsulun nuru bil odur!
Adəm xiffət çəkir, həmdəm axtarır,
Şirin yuxu birdən onu aparır.
Rəbbim bəndəsinin yarın yaratdı,
Allah nəfəs verdi, onu oyatdı.
Cənnətdə Adəmlə Həvva yaşadı,
Onlar bir-birinə çox oxşayırdı.
Tapşırdı, mələklər səcdə etdilər,
Hamı baş əyərək hörmət etdilər.
Şeytan inkar etdi, razı olmadı,
Qəzəbə tuş gəldi, ordan qovuldu.
İblis insanlara düşmən kəsildi,
Fürsət düşəndə də başlar kəsirdi.
Hər nemət bəxş etmiş uca Yaradan,
Hər şeyə qadir O, çıxartma yaddan!
Həvvanı Adəm çox xəbərdar etdi,
Bağda bir ağaca əl vurma dedi.
Nə yesən yeginən, birgə kef elə,
Təkcə bu ağaca toxunma belə.
İblis hiyləsilə cənnətə gəldi,
Diliylə Həvvanın qəlbini dəldi. 
Meyvəni yedirtdi, tez də əkildi,
Qorxudan gizləndi yaman çəkindi.
Allahdan gizlin iş yoxdur dünyada,
Adəmi, Həvvanı qovdu o anda.
Dedi: qazan çörək, alın tərilə,
Sən isə doğarsan lap əziyyətlə. 
İki oğlu Habil, Qabil doğuldu,
İlk dəfə aləmdə uşaqlar oldu,
Habil yer şumlayır, qoyun otarır,
Mahnı da oxuyur, tütək də çalır.
Qabil də əkirdi, amma sevmirdi,
Torpağa, qardaşa qibtə edirdi. 
Paxıllıq Qabilin beynini dəldi,
Doğma qardaşının qəlbini dəldi.
Bəşər tarixində ilk cinayəti,
Qabil etdi bilin, bu xəyanəti.
Qarğa, balasının yeri hazırdı,
Dırnağıyla yeri tez-tez qazırdı.
Basdırdı o doğma qardaşın yerə,
Canına qorxudan düşürdü birə.
Adəm, Həvva birgə göz yaşı tökdü,
Qabil lənətləndi, Yəmənə köçdü.
Qabil nəsli ilə Yəməndə artdı, 
Qüsurla doğulan insan boy atdı.
Doğulan uşaqlar yolların azdı.
Yadından çıxartdı, Rəbbi saymadı.
Allah Nuh Həzrəti ora göndərdi,
Azanları haqqa, yola döndərdi. 
Nuha nida gəldi, gəmi düzəltsin, 
Canlı-cansızlardan cütləri seçsin.
Gəmi hazır oldu cütlər yığışdı,
Tufan qopdu, birdən ara qarışdı. 
Günahkar canlılar tamam məhv oldu, 
Allahın hökmü də bərqərar oldu.
Dağın zirvəsinə toxundu gəmi,
Su çəkildi, canlı çəkmədi qəmi.
Nuh ikinci Adəm adlandırıldı,
İnsanlar, bil Nuhdan artıb yarandı.
Mesopotomiya, Dəclə-Fəratda,
Onlar yurd saldılar həmin arada.
Onlar səylə, yüksək qüllə tikdilər,
Qüllə ətrafında şəhər tikdilər.
Bu iş xoş gəlmədi uca Allaha,
Tufan qopdu şəhər qalmadı daha.
Onlar bir-birini anlamadılar,
Hərə öz dilində danışırdılar. 
Bu yerlərə “Babil” adı dedilər,
Babil qülləsini bəyan etdilər.
Həmin vaxt dünyaya İbrahim gəldi, 
Saxta bütpərəsti çox nifrətlədi.
Hakim Nəmrüd dedi: O yandırılsın!
Alova  bürünsün, insanlar qansın.
İbrahim alovdan salamat çıxdı,
Nəmrud əl çəkərək, o ki var tıxdı.
İbrahim, arvadı Sara xanımla, 
Babildən Harana, Harandan Hanla.
Aclıqdan Hanadan Misirə köçdü,
Misirdə Həcəri kəniz tək seçdi.
Əl-Xəlil şəhrində daim yaşadı,
Sara yaşa doldu, övladı yoxsa,
Sevinər Həcərdən uşağı olsa.
Həcər İbrahimdən  bir oğlan doğdu,
Elə bil hər tərəf çıraqban oldu.
İbrahim çox sevir ana, balanı, 
Sara  qısqanclıqla süzür olanı.
Tələb etdi onlar uzaqlaşsınlar,
İbrahim ricayla: bəlkə qalsınlar.
Allah buyurdu ki, onları apar,
Ana  səhrada da, bil, nicat tapar.
Susadı səhrada Həcər çox naçar,
İsmayıl yuxuda, o hara qaçar?
Kor-peşman qayıtdı oğlu yanına,
Bulaq qaynayırdı körpə yanında.
Bulaq adlanır bil, “Zəmzəm” bulağı,
Məkkə şəhəri də oldu oylağı.
İbrahim Məkkəyə tez-tez gələrdi,
Oğlu İsmayılla deyib, gülərdi.
Bir gün Allah əmr etdi İbrahimə,
İsmayılı qurban kəs tez hakimə.
Əmrə əməl etmək çox ağır idi,
Bu barədə sorğu nə lazım idi.
Oğlu  cavab verdi, yerinə yetir,
Allahın istəyin vüsala gətir.
Boğacı ülgüc tək bıçaq kəsmədi,
Səda gəldi, ata-bala əsmədi.
Allah «gözəl qoçu qurban kəs» dedi,
Əmri hazır oldu Nura şükr etdi.
İbrahim Məkkədə  Kəbəni tikdi,
Oğlu daş daşıdı, tikinti bitdi.
Kəbəyə nəzarət etdi İsmayıl,
Hanaya qayıtdı İbrahim, ayıl.
İsmayılın on iki oğlu oldu,
Anası yanında sonra dəfn oldu.
Törəmə yayıldı Ərəbistana,
Kəbə tapşırıldı Haşim olana.
Ərəblər sevirdi şeiri, sənəti,
Başqa xalqlara da edir hörməti.
İsmayılın dini bil unuduldu,
Sitayiş etdilər, bütlər qoyuldu.
Məhəmməd Peyğəmbər tez göndərildi,
Yeni tariximiz bil, qeyd edildi.
Məhəmməd İsmayıl  nəslindən idi,
Atası Abdullah - ulu Haşim idi.
Əbdül Mütəllimə nəvə Peyğəmbər,
Anası Əminə, özü gül ənbər.
Beş yüz yetmişinci ildə doğuldu,
Möcüzəli günlər  o gündə oldu.
Kəbə bütləri də birdən yıxıldı,
İranda sönərək alov yox oldu.
Altı yaşda ana qəfl vəfat etdi,
Əbu Talib onu himayə etdi.
Əmiylə Suriya səfəri etdi,
Onlar bir Rahibə yolda rast gəldi.
Rahib arif idi, çox bilmiş idi,
Möcüzə görürdü körpədə indi.
Qoruyun uşağı, dedi, heyrətdə,
Bulud qoruyurdu  onu əlbətdə.
Peyğəmbər olacaq bu körpə uşaq,
Yetişir çox igid, qorxmaz, həm qoçaq.
Məhəmməd böyüdü, hörmətli oldu,
Seçildi hamıdan o məğrur oldu.
Xədicə adında varlı qadına, 
Tənha o xanımın yetdi dadına. 
Qadın gördü qapı açılır yana,
Qeybdən möcüzələr görünür ona. 
Xədicə Məhəmməd ər-arvad oldu,
Üç oğlu, dörd qızı anadan oldu.
Qasım, Tahir, Tahib, Zeynəb, Ruqiyyə,
Ümm-Külsüm, niyə Fatimə gəlmiyə?!
Çox  erkən uşaqlar tələf oldular,
Fatimə gənc ikən həlak oldular…
Qırx yaşda gəzirdi tənha Məhəmməd,
Cəbrayıl zühr etdi dedi: «Məhəmməd!
Qorxma, mən mələyəm, Allah göndərib,
Uca Yaradan bil fərman göndərib. 
Bu həyatdan başqa digər həyat var, 
Hər kəs öz əməlin qiymətin alar.
Kim yaramaz olsa, əzab çəkəcək,
Bütlərə inansa, ziyan görəcək.
Öyrət ərəblərə Allahı sevsin, 
Mömin olsun, kasıblara rəhm etsin».
Rəsula inandı Xədicə öncə,
Həzrət Əli qəlbən bağlı, ölüncə.
Həmin vaxt inandı bil, Əbu Bəkr, 
Ailə üzvü, sonra Səid qəm çəkir.
Moizəni qəbul etmir Məkkəli, 
Əvvəl onlar olub çox da hikkəli.
Bütpərəst cəm oldu gizli bir yerə,
Rəsula qəst edə, çox nahaq yerə.
Qonaqlar gəldilər Həbəşistana,
Bəlkə onlara bu hökmdar yana.
Rəhmdil, xeyirxah olan   hökmdar,
Oldu qonaqlara o himayədar.
Məkkədən bütpərəst elçisi gəldi,
Hökmüdarı dilə tutmaq istədi.
Müsəlmana dəstək verdi hökmdar,
Ziyansız insana verdi ixtiyar.
Peyğəmbər bir müddət gizlidə qaldı,
Xalqdan hörmət gördü tarixdə qaldı.
Müdrik Əbu Talib həyatdan köçdü,
Vəfalı Xədicə Haqq yolun seçdi.
Məhəmməd çox güclü təqib olundu,
Onun  moizəsi təbliğ olundu.
Məkkə müsəlmanı Mədnəyə köçdü,
Əbu Bəkrlə o, Tur dağın seçdi.
Mağara onlara istehkam qurdu,
Allah  kölgə saldı yanında durdu.
Bir cüt göyərçin tez nur işığında,
Bala çıxarmışdı sevinc yaşında.
Əmi, bala gizli, nəm mağarada, 
Hörümçək  tor qurdu orda, yuvada.
Əbu Bəkr təlaşla Rəsula baxdı,
İşıq gələn yerdən toz ərşə qalxdı.
Əbu Bəkr dedi: biz iki, onlar çox,
Kafirlər gəlirlər, heç insaf yox.
Peyğəmbər buyurdu: qorxma ay əmi!
Allah bizimlədir, sayma o cəmi. 
Düşmənlər tapmadı Allahın nurun,
Allah qoruyurdu, tez gedin, durun!
Cümə günü böyük bir izdihamla,
Mədinə şəhrinə çatdı ilhamla.
O məscid tikməkçün yer axtarırdı,
Dəvə çökən yeri nişan alırdı.
Həmin yeri satın aldı yetimdən,
Ev, məscid tikdilər səylə yenidən.
Peyğəmbər məscidi dedilər ona,
Məscid ən Nəbini kim görən dana?
Hicri təqvimi bil o gün yarandı,
Axirətə qədər nəsli qalandı.
Müsəlmanın sayı hər an artırdı,
Nuru ehtiramla qarşılayırdı.
Qureyş tayfası qorxdu bu dindən, 
Müsəlmanı görən vurdu o gündən.
“Bədr, Ühüd, Xəndək” müharibə oldu,
Mədinə ətrafda xəndək quruldu.
Altı yüz otuzda, o il Məkkədə,
Kəbədə qalmadı bütdən tikə də.
Müsəlman artaraq bir dövlət oldu,
İslam bu dövlətin hakimi oldu.
Ərəblər üz tutdu Məkkəyə sarı, 
Hamı can atırdı Kəbəyə sarı.
Kəbəni  dolandı nurlu Peyğəmbər,
Mədinəyə döndü, gülüzlü ənbər.
Birdən xəstəliyi çox şiddətləndi, 
Onun dərdin ancaq Allah biləndi.
Özünə gələrək məscidə getdi,
Namaz qılıb Rəbbimi tərif etdi.
Halallıq istədi, Nur vidalaşdı,
Ruhunu tapşırdı, o uzaqlaşdı.
Peyğəmbər yaşadı düz altmış üç il,
Rəsulun məzarı ziyarətdi, bil.
Peyğəmbər dünyasın dəyişən zaman,
Xəlifə olacaq ya Ömər, Osman?
Əbu Bəkr oldu islam hakimi,
Əli dəfn edirdi Rəsul həkimin.
Fatimeyi Zəhra da, yaşamadı çox,
Qovuşdu Rəsula, ağlamadı çox.
Peyğəmbər tanıyar işi, buranı,
Yazdılar Allahım deyən Quranı.
İslam dini artdı geniş dünyaya,
Müsəlman Quranı hər yana yaya.
Şifahi deyilən vəhyləri zaman, 
Kitaba yazdırdı xəlifə Osman.
Müqəddəs Qurani-Kərim yarandı, 
Quran Qiyamətə qədər qalandı.
Əhli beyt övladı qorudu dini,
Rəsulun bir sözü ayıldır mini.
İslamı yaydılar on iki imam,
İnsanlıq dərsinin alimi imam.
Elmin bünövrəsi Peyğəmbər idi,
Cənab Həzrət Əli elm qapısı idi.
Dinim gözüm, canım qurban, ya Əli!
İdrakına heyran oldum, ya Əli.
Əli din yolunda qanından keçdi,
Əhli beyt övladı canından keçdi.
Kərbala düzündə şəhid imamım,
Sübut etdi, artdı dinə inamım.
Canım fəda olsun, İmam Hüseyn vay!
Qaçmadın davadan mərd Hüseynim vay!
Mübarək bədəndən üzülən başın,
Sənə qurban canım, olum göz yaşın...
Dahilər dərs alır daim Qurandan,
Baş əyir, söz salır bir Yaradandan.
İmkanın olanda sən də qurban kəs,
Zəkat ver, kömək et, olmasın şikəst. 
Müsəlman tarixin yazdım ki, bilin,
Namaz qılın, dinə, imana gəlin.
Bu dünya cənnətdir? Kef çəkim, demə!
Şiddətli əzabdan qorx! Haram yemə!
Əməl, cadu, zina işdən uzaq ol,
Sağlığında desin rəhmət, el, sağ ol.
Adımın mənası Allahın qulu,
İmanlı olanlar yığmaz çox pulu.
Raufun qəlbində Allah xofu var,
Yaradan bəndənin qəlbində yaşar.
12.02.2005, gecə saat 1200-da.

YASİN SURƏSİ

Quranın 36-cı ayəsini oxuyarkən

Quranda deyilənlər Allahın kəlamıdır, 
Hikmətlə dolu Quran Rəsula səlamıdır. 
Mərhəmətli Allahım nazil edib Quranı, 
Cəza verir, düz işi pozaraq pəl vuranı. 
İman gətirməyənin dəmir həlqə boynunda, 
Dili-ağzı bağlanmış, əllər qalıb qoynunda. 
Gözlər yerə dikilmiş, başlar yuxarı qalxmış, 
Pərişan o baxışlar necə xəyala dalmış. 
Kafirlərin qəlb gözü kor edilib bağlanmış, 
Zahirən görsələr də mənən kor olanlarmış. 
Rəbbim elçi göndərdi tayfanı ayıltmağa, 
Günahla həddi aşan firqəni oyatmağa. 
Haram işlər görməsin insan bunu dərk etsin, 
Peşman olub tutduğu pis əməli tərk etsin. 
Elçiləri nadanlar daş-qalağa basdılar, 
İşgəncəylə onları neçə yerdən asdılar. 
Canın tapşıran zaman, Allahın dərgahından, 
Nida gəldi: qorxmayın şəhidlərin ahından. 
Cənnətə daxil olun, elçilərə deyildi, 
Nadanlar məhv olaraq yer üzündən silindi. 
Dinsiz, imansız tayfa Cəbrayılın səsindən, 
Qorxdular pak mələyin ecazkar nəfəsindən.
Qiyamətə inanın, ölü torpaq dəlildir, 
Yağışı yaradanı dərk etməyən zəlildir. 
Nəm torpaqdan hikmətdən arpa, buğda, dən çıxar, 
İnsan o vaxt məhsulun şükr edərək tez yığar. 
Ölü dirilməsinə, möcüzəyə inansan, 
Allahın hüzurunda, inan sən də olarsan. 
Rəbbimin pak, müqəddəs, tükənməz sərvəti var, 
Eybsiz olan Allah kimə edər bunu dar?
Gecə-gündüz dəlildir, Allahın qüdrətinə,
Sübh ayılan şükür edər Rəbbimin şöhrətinə. 
Nə günəş aya çatar, göy üzündə hey üzər, 
Nə də gecə gündüzü ötüb bir yanda süzər. 
Axirət əzabından qorxub günah etməyən, 
Agah olar möminə, qəlbində olar əyan. 
Allah verən ruzidən ehtiyacı olana,
Sərf edin müvəqqəti bu dünyada qalana.
Kafir möminə dedi: Allah yedirtsin özü,
Bizmi yedirtməliyik, kasıbın yoxdur gözü?
Kafirlər inanmadı Qiyamətin gününə,
İsrafilin surundan birə düşdü gönünə.
İkinci sur çalınsa, qəbrdən tez çıxarsan,
Rəbbimin huzurunda məzlum halda baxarsan.
Kafir dilləndi: bizi kimdir yerdən qaldıran?
Bu qiyamət günüdür, kafir qəlbin sındıran.
Üçüncü sur çalınsa, hamı imtahan verər,
Cənnət əhli olanlar bir-birin qəlbən sevər.
Günahkar cəhənnəmə varid olar o gündə,
Üzləri qara olan, məlun dayanar gendə.
Allah buyurmadı ki, ey Adəm övladları?
İnanın axirətə, yada salın adları.
Şeytana siz uymayın, düşmənə aldanmayın,
Mənə ibadət edin, doğru yoldan azmayın.
İndi sizə vəd olan cəhənnəmdə yaşayın,
Bəhanə kömək etməz, bu sözləri boşlayın.
Etdiyiniz əməli əllər şəhadət verər,
Kirpik, ayaq dil açar, düzgün olanı deyər.
Allah əgər istəsə o gün qüvvəni alar,
Zehnini unutdurar, gözlər nurundan qalar.
Öyüdü, nəsihəti öyrədən, hikmət Quran,
Həmd olsun O Rəbbimə, möminə arxa duran.
Allahın yaratdığı heyvanın südü, əti,
Halal buyurulubdur, buna yanaşma səthi.
Bütlərə inanmayın, Allahımı dərk edin,
Yeri, göyü Yaradan Rəbbimə siz ərk edin.
Dünyanın ixtiyarı Allahın əlindədir,
Möminlər şəfa tapan cənnətin gülündədir.
Hamı Qiyamət günü hüzuruna gələcək,
Cənnətlik, cəhənnəmlik olduğunu biləcək.
Oxu Yasin surəsin ruhlarımız şad olsun,
Raufu xatırlayın, bəlkə o da yad olsun!
24,25 oktyabr, 2005.

Ömür vəfa qılsa, müqəddəs kitabımızın hər bir ayəsini axıra qədər vəsf edib tamamlayacağam. İnşallah! 

Rauf İLYASOĞLU, 
" Həkəri " qəzetinin baş redaktoru


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ