SON DƏQİQƏ

DASTANA DÖNMÜŞLƏR

Tarix:7-06-2021, 09:55

Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə döyüşçü yoldaşlarına dəstək olmuş, 23 yaşında şəhidlik zirvəsinə ucalmış gizir Xudayar Yusifzadənin ifasında ürək dağlayan o mahnını çox dinləmişdim. Amma şəhidin ailəsinin evində - Xudayar muzeyində, onun və bir neçə şəhidin yaxınlarının bir araya gəldiyi o günkü məclisdə eşitdiyim kimi mənə sirayət etməmişdi:“Şair, sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm dastana döndü....”
Saytımızın oxucularına haqqında qələmə alınmış “Xeyirxahlığın Sevdalısı” oçerkindən adı yaxşı tanış olan, xeyriyyəçilik müstəvisində tərənnümə layiq işlər görən Sevda xanım (Əliyeva Sevda Gülməmməd qızı) son vaxtlar diqqətini əsasən şəhid ailələri və qazilərə yönəldib. Əqidədaşları ilə birlikdə cəmiyyətin qayğılı münasibətini köməyə ehtiyacı olanlara ötürmək müstəvisində böyük işlər görən Sevda xanım müqəddəs Ramazan ayının fəzilətli günlərində dəfələrlə əlillərə, qazilərə iftar süfrələri təşkil elətdirmiş, şəhid və qazi ailələrinə, eləcə də tənha ahıllara, çarəsiz durumda olan bir çox şəxsə sovqat paylamışdır. Jurnalist olaraq, həmin tədbirlərin bəzilərində şəxsən iştirak etmişəm, bəzilərini görməsəm də, Sevda xanımın özünün şəbəkədə paylaşımlarından məlumatlanmışam. Gülşən xanım adlı mənim şəxsən tanıdığım əlil qadına əlil arabası, geyim, yuyucu vasitələr, gigiyenik sprey və s. ləvazimatlar, şirniyyatlar çatdırdığımız gün onun ad gününə təsadüf etmişdi. Vaxt eləyib səbəbkara tort da hazırlatdıra bildik. Yolüsü hədiyyə qızılgüllər də  alındı. Amma, Gülşən xanımın yaşadığı sosial müəssisəyə bizi buraxmadılar. Müəssisə rəhbərliyi orada yaşayan ahılların koronavirusa həssas olduqlarını nəzərə alaraq yaxın təmasın məqsədəuyğun olmadığını bildirdi. Bu da başa düşülən idi. Hərçənd, dəmir torlu hasarın arxasından görüşümüz baş tutdu, Gülşən xanımla danışa bildik. Bu könül ziyarəti qəlbimizi riqqətə gətirdi.
Elə may ayının 9- da şəhid Xudayar Yusifzadənin qəbrini və ailəsinin yaşadığı evi ziyarət etmək də məhz Sevda xanımın təşkilatçılığı ilə bizə nəsib oldu... 
Arayış:
Özü də dastana dönmüş Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar — üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
Xudayar Yusifzadə 2004—2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləyib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə, düşmənə nifrət hissi ilə döyüşüb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin,
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olaraq düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, 
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrildi. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddətdə oxudu mahnıda dediyi kimi, dastana çevrildi.
2020-ci ilin sonunda Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni aranjemandan təqdim olundu. Əməkdar artist Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
...Sevda xanım bu səfərə 4 şəhidin əzizlərini də dəvət eləmişdi. Onlardan biri 19 yaşında şəhid olmuş qəhrəman Cəbrayıl Dövlətzadənin, digərləri - şəhid  Vüsalın, şəhid Əlinin, şəhid Əkbərin anaları idilər. Ziyarətçilər arasında şəhid ailələrinin dərdlərinə şərik olmaq üçün mən – jurnalist Nüşabə Əhməd, Birinci Qarabag Savaşının iştirakçısı Rüxsarə Cumayeva, fotoqraf Əli və vətənpərvərlik mövzusunda olan şeirlərin mahir ifaçısı balaca Cəmiləmiz də yer almışdq. İlk əvvəl yolumuzu Bərdədəki Şəhidlər Xiyabanından saldıq, apardığımız gülləri şəhidlərin məzarları üstünə qoyaraq Şəhidlər Xiyabanını ziyarət etdik.
Sonra Xudayarın anasıgilin yaşadığı evə gəldik. Sevda xanım özü ilə apardığı təamlardan Şəhidlərin adına ehsan süfrəsi açdı.
Onu da qeyd edim ki, Xudayarın anasıgilin hazırda yaşadıgı evi onlara Xudayar şəhid olduqdan sonra qeyrətli, vətənpərvər bir eloglumuz bağışlamışdır. Sağ olsun, təvazökarlığından adının hallanmasını da  istəmədi. Evdə İlk diqqəti çəkən əlamət evin bütövlükdə muzey təəssüratı yaratmasıdır:  oturdugumuz geniş otagın divarlarında,  Xudayarın balacalığından tutmuş böyüyüb ta ki, hərbi xidmətinin müxtəlif dövrlərini əks etdirən anlara və əlbəttə ki, Vətən müharibəsinin gedişində çəkilmiş cəbhə şəkilllərinə qədər - hamısı çərçivəyə alınaraq sərgilənmişdir. Çox duyğulu anlar idi yaşadığımız. Xudayarın ifa etdiyi o məşum mahnının, şəhidin özünə həsr olunmuş musiqilərin həzin sədaları altında biz onun xatirəsini yad edirdik. Yaxınlarına suallarımızı verdik, çəkilişllərimizi apardıq. Balaca Cəmilə şeirlər səsləndirərək qəlblərin sarı siminə toxundu...
Sonra Rüxsarə Cumayevanın təklifi ilə Ağdamın Qüzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanına getdik.Həm birinci, həm də ikinci Qarabağ savaşı şəhidlərinin məzarlarını ziyarət etdik.
Ardınca Xudayarın anasının təklifi ilə şəhid polkovnik Elzaminin ailəsinə də baş çəkdik.
Etdiklərimiz canlarını Vətən yolunda fəda edən qəhrəman ogullarımızın etdikləri müqabilində çox kiçicik bir şey olsa da, ürəklərimiz azca da olsa təskinlik tapmışdı sanki. Çünki onların məzar daşlarından boylanan gülümsər    çöhrələri Vətəni yagı düşməndən azad olunduguna görə çox məmnun idi. 
Şəhadətiniz mübarək olsun, qəhrəman ogullar! 
Azərbaycan xalqı sizin xatirənizi daim əziz saxlayacaq. Elədikləriniz dastana dönüb ürəklərdə əbədi yurd salacaq, qızıl tarix kimi dildən dilə düşəcək.

Nüşabə Əhməd


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ