SON DƏQİQƏ

Ordubad Azərbaycanın İncisidir

Tarix:15-07-2021, 16:03

Ordubadda 72 məhəllə hər məhəllədə bir məscid, hər məscidin yanında bir çinar, hər çinarın gölgəsində bir bulaq, hər bulağın yanında hər kəsin üzünə açıq olan bir qapı,bir ev,  bir ailə , mehriban dostlar, səmimi insanlar var.  Ordubad qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu , tarixi abidələri ilə də məşhurdur.  Ordubadın karvan yolu və Araz çayı üzərində yerləşməsi onun əlverişli coğrafi mövqeyindən xəbər verir.                              
Valehedici Ordubad şəhəri şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən- nəslə ötürür. 
Ordubad rayonu tarixən meyvəçilik, ipəkçilik mərkəzi kimi  tanınıb. Təsadüfi deyil ki, bu qədim yurd yerini “Bağlar diyarı” adlandırıblar.Ordubadın əriyi, qozu,  gilası,  limonu özünəməxsus dadı ilə dillər əzbəridir. 
Zəngin milli mətbəxi,qeyri-adi dad çeşidləri, məhşur qayğanağı, süfrələrə bəzək paxlavası və şəkərburası ilə Naxçıvan mətgbəxinin ən gözəl nümunələri Ordubaddadır.
Özünəməxsus memarlıq quruluşu ilə seçilən Ordubad  1977-ci ildən qoruq elan olunub.



Ordubadın hər bir kəndində  memarlıq üslubu ilə seçilən məscidləri var, qədim dövrlərdə tikilən məcidlərin  demək olar ki, heç birində minarə yoxdur. Onlardan biridə Nüsnüs kəndində yerləşən Naxçıvan memarlıq məktəbinin incilərindən biri olan  Hacı Hüseynqulu məscididir (el arasında bu məscid Nüsnüs Piri adlanır). buradakı divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir Məscid təmir olunarkən onun divarlarında rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. 



Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbristanlıq üçün bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.



Qeyd edek ki, Ordubad həmdə böyük ədiblərin, siyasi xadimlərin vətənidir. Beləki, burada  görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin,  böyük ədib, yazıçı-demokrat Məmməd Səid Ordubadinin, görkəmli alim Yusif Məmmədəliyevin ev-muzeyləri yenidən qurulub.Şəhərin mərkəzində yerləşən xüsusi görnüşü ilə seçilən 17-ci əsrə aid tartixi və memarlıq abidəsi olan “Qeysəriyyə” muzeyi Səfəvilər dövlətinin başçısı  Şah Abbas xanımının şərəfinə tikilib.


 
Özünə məxsus, qədim əşyalar adamı bir anlıq keçmişə səyahətə aparır. Burada 4 mindən çox sənət əsəri qorunub saxlanılır.

 
Eksponatlar içində 12-ci əsrə malik olan bu küpdə o zamanlar varlı insanlar şəxsi əşyaları ilə dəfn olunurdular.  


                                                                     
Sonda “Qeysəriyyə” muzeyinin xatirə kitabına muzeylə bağlı təsüratlarımı yazdım.Muzey məni sirrli-sehirli bir aləmə apardı. 

                                                                       
Ordubad şəhəri 5 hissəyə bölünmüşdür: Ambaras, Kürdətal, Mingis, Sərşəhər və Üçtürləngə. Bütün küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə 2-3, bəzən isə 4 kiçik meydan yerləşir. Sərşəhər meydanı adlanan ərazidə çinar altında yerləşən bu memarlıq kompleksi qədimliyi ilə adamı məftun edir. Buradan axan bulağın saf suyu  insanların saflığından xəbər verir. Rastımıza çıxan hər bir insan bizə səmimi, mehriban münasibət göstərərək könlümüzü oxşadı.


1918-ci ildə  tikilən, qədimliyini özündə saxlayan bir evin ziyarətində oldum. Evin sahibi Telman dayı   bizə xoş, səmimi münasibət bildirərək, qapısını üzümüzə açdı və evin tarixi haqqında maraqlı məlumatlar verdi. Evdə qədim əşyalar qorunaraq saxlanılır. Evin sahibi ilə sağollaşanda evin xanımı bizə bir bağlama meyvə hədiyyə etdi. Bəli,  biz xalq olaraq gələn qonağı gülərüzlə yola salırıq.  

                                                                                            
40 ilə yaxın fəaliyyət göstərən  Yusif Məmmədəliyevin ev-muzeyində akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-ə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur. Otaqlardan birində alimin həyat və yaradıcılığını əks etdirən foto şəkillər asılıb. İkinci otaq qonaqlar üçün nəzərdə tutulub. 3-cü otaqda qədim xalça, tikmə, əl işləri, paltar dolabı yerləşdirilib.                                                                                
Şəhərin qədimliyini sübut edən Gəmiqaya təsvirləri dəniz səviyyəsindən 3907 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır (Naxçıvan MR Ordubad rayonu ərazisində). Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara rəngli qaya parçaları üzərinə çəkilən təsvirlər başlıca olaraq çəhrayı görünüşdədir. Rəsmlər qazma və döymə texnikası ilə icra edilmişdir.              
Sirli Ordubad bu gündə özündə qoruyub saxladığı bir adət ənənə haqqında sizə məlumat vermək istəyirəm. 
Bu balaca dəmir parçası olan “Taqqılbad” və “Zəncilbab”dır. Taqqılbad  döyüləndə qapıya kişi, Zəncilbab döyüləndə qapya qadın çıxardı.   


                                                             
Jurnalist, pedaqoq, “Günəş” akademyasının direktoru Ulduz Əliyeva Ordudad şəhəri və bu elin adət-ənənəsi haqqında sizləri tanış edir. 

 

Ordubad sirrli bir aləmdir. Elə bir sirli alımdir ki, buranın təbiətinə, memarlıq abidələrinə, bulaqlarına, muzeylərinə, insanlarına məftun olmamaq mümkün deyil. 


Şəhərin mərkəzində “Şəhidlər Xiyabanı” yerləşir. Burada birinci Qarabağ müharibə dövründə şəhidlik zirvəsinə ucalan oğullar dəfn olunub. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Qarabağ uğrunda gedən döyüşlərdə canlarını fəda verən bütün şəhidlərimizin ruhları qarşısında baş əyərik.



 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ