SON DƏQİQƏ

O, könüllülərin ən sonuncu əsgəri idi- FOTO

Tarix:3-02-2022, 16:24

 Qarabağ salnaməsindən. 80000 KÖNÜLLÜNÜN 80000-Cİ KÖNÜLLÜSÜ ELŞƏN HƏSƏNOV.
Qonaq qarşılamağı, qonaq əzizləməyi, onu məmnun etməyi çox sevirəm. Hələ birdə ayağı həsrət çəkən torpaqlara dəymiş, həsrət dadan bulaqlardan su içmiş bir qonaq olunca insan o, qonağı qarşılamağa daha çox tələsir. Nəhayət, səbirsizliklə gözlədiyim qonağım gəlib cıxdı. Salamlaşıb, görüşdük.  İlk söhbətimiz qıssa olsada, sonrakı saatlarda ardı-arası kəsilməyən suallarım olacağını hiss edən qonağım əvvəl Əshabu-Kəhfə getmək, sonrası bütün suallarımı cavablandıracağını bildirdi. 
Qonağım orta boylu, yaşıl gözlü, biraz sarışın, nurani simalı Elşən Mehman oğlu Həsənov idi. Elşən 1997-ci il sentyabrın  9-da Tovuz rayonunun Alakol kəndində doğulub. Ailədə 5 nəfərdilər. Atası, anası və iki baçısı. Elşən evin tək oğul övladıdır. Orta məktəbi Samux rayonunun İstixana qəsəbəsində bitirən Elşən, Gəncə Texniki Kollecinin Nəqliyyat Vasitələrinin Təmiri və Servisi ixtisasını bitirib. 2018-ci il də Beyləqan  “N” saylı hərbi hissədə vətənə xidmətə başlayır və 2019-cu il də hərbi xidməti başa vurur.
Ürəyi vətən sevgisi ilə döyünən Elşən, II Qarabağ Müharibəsi başlayanda evdən xəbərsiz Samux rayon Hərbi Kommisarlığına könüllü olaraq müraciət edir. Onun bu müraciətindən valdeynləri xəbərsiz idi. Elşən evin tək oğlu olduğundan, həmdə hərbi xidmətdən yeni qayıtdığından anası oğlunun ayrılığına dözə bilməyəcəyini bildirir. Lakin anasının vəziyyəti Elşəni yolundan saxlaya bilmir. Elşən sentyabrın 29-da Hərbi Komissarlığa gedir və saat 17:30-da könüllüləri aparan sonunçu avtobusun sonuncu könüllüsü olaraq yola düşür. 
Söhbətimiz zamanı ona verdiyim suallara cavab verərkən sanki bir daha o günləri yaşamaq istədiyini, o qürurlu anların xəyalına dalırdı. Çünki yaşadıqları qürurverici, fəxr edici idi. Ürəyində sonsuz vətən sevgisi, torpaq, xalq məhəbbəti olan insanlar bir başqa olur axı. O, sevgini sübut etmək üçün cəbhəyə yollanmaq, borcunu yerinə yetirməyi ən ali vəzifə hesab edən Elşən deyir ki, bu müharibə daha da sıx birləşmək, gücünü birlikdə göstərmək, vətən sevgisinin hər şeydən üstün olduğunu sübut edəcək bir məqam idi. Qazax rayonunun Dəmirçilər kəndində Müdafiə xəttində könüllü olaraq xidmət edən Elşən söhbətimiz zamanı tabor komandiri Behman Şərifovun uzaqgörənliyindən, əsgərlərini necə qoruduğundan ağız dolusu danışırdı. 
“Xalqın dəstəyi, yazılan məktublar, göndərilən sovqatlar hər bir insanın sevgi və dəstəyini verirdi bizə” deyən Elşən,  “Biz sizinlə fəxr edirik!” yazılı siqaret qutularını xüsusilə vurğuladı. Elşən deyir ki, o yazıları oxuduqca adamın ürəyi dağa dönürdü. Sanki insana elə gəlir ki, kilometrlərlə arxada qoyub gəldiyi xalqı bütün duaları, ümidləri ilə bizi gözləyir. Və biz bizi gözləyənlərin ümidini doğrultmadan geri dönə bilmərik.Tanımadığımız, heç adını bilmədiyimiz, üzünü görmədiyimiz insanların bizim üçün sovqat göndərməsi, evinin isti odyalını, örtüyünü bizə göndərməsi xalqımızın, insanlarımızın sonsuz vətən sevgisininn nümunəsi idi. Və bu bizi çox sevindirirdi.
Elşən deyir ki, bizim batalyonda əksər əsgərlər evin tək oğlu, atasını itirən övladlar idi. Maraqlı məqamlardan biri də, budur ki, hərbi xidmətdə əsgər yoldaşım Nəbi Əliyevlədə burada da döyüş yoldaşı idik. O, da mənim kimi evin tək oğlu idi. Nəbi ilə söhbət edəndə bir-birimizə tapşırığımız o idi ki, əgər şəhid olsaq bir-birimizin ailəsinə təsəlli olaq. Ən çox istəyimiz ailə qurmuş döyüş yoldaşlarımıza heçnə olmasın, onlar sağ-salamat evlərinə qayıtsınlar.  Hər birimiz bir-birimizdən xəbərsiz bir-birimizi düşünürdük. Yoldaşlarımızın gözü yolda qalan övladları, körpələri vardı. Qərargah rəisimiz mayor İlham Seyfullayev qızını əməliyyata aparacağı halda xəstəxanaya yox, döyüşə gəlmişdi. Hamımızın arzusu idi ki, sağ-salamat qayıdıb qızının sağlamlığı ilə maraqlansın. 
Yaşadığımız o, 44 gün həyatımızın ən qürurlu günləri idi. Orada bizi düşündürən yalnız irəli getmək, qalib olmaq, qisas almaq idi.
Elşənin hər bir kəlməsi Azərbaycan tarixinin Qarabağ salnaməsinin yaşantıları idi. Onu dinlədikçə vətən sevgisinin hər kəsdən, hər şeydən, hər sevgidən nə qədər üstün, uca olduğunun, həyatın hər sevincinə, hər kədərinə qalib gəldiyinin şahidi olurdum.                                    

Elşən o günləri yaşadığı, o məsuliyyəti daşıdığı üçün çox qürurlu idi.Onun mavi, iri gözlərində çox dərin bir məna vardı. Vətəni ürəyində, gözlərində gəzdirən, bir qarış vətən torpağı üçün ardına baxmadan gedən bu gəncin vətənsevdası, qisas qəzəbi hər kəlməsindən duyulurdu. Elşən deyir ki, arzu etmişdim ki, torpaqlarımız azad olsun, mən Naxçıvan da Əshabu-Kəhf ziyarətinə gedəcəyəm. Və mən arzuma çatdım. İlk dəfədir Naxçıvan  torpağına ayaq basıram. Azərbaycanın hər bir qarışı, hər bir daşı, qayası üçün can verməyə dəyər. Elşən Naxçıvan şəhərində üç gün qaldı. Şəhərin gəzməli, görməli yerlərində, muzeylərdə, tarixi abidələrdə  oldu. Qonağımız deyir ki, müharibəni yaşayb gələndən sonra vətənin hər zərrəsi daha da doğmalaşır, daha da əziz olur. Canını qurban verəcəyin, qoruduğun vətən daha da ülviləşir.                                          
Elşənlə iki saat söhbət etdik. Amma zamanın neçə keçdiyinin fərqində olmadıq. Onu dinlədikcə sanki, yaşadığı hər bir anı məndə yaşadım. Sağollaşdıq, ayrılanda dedi ki, Mən Naxçıvana birdə gələcəyəm. Amma bu dəfə Bakıdan yox, Zəngəzurdan Naxçıvana gələcəyəm!

Ulduz Eyvaz                                                                                             
“Qızıl Qələm” media mükafatçısı



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ