SON DƏQİQƏ

Şəhidlərimizin məkanı cənnətdir

Tarix:11-03-2022, 00:15

Ermənilər Qafqaza ayaq basandan fitnə fəsadlar törətmiş və arxalı havadarlarının dəstəyi ilə qədim türk torpaqların işğal edərək bu gün də ərazi iddiaları edərək cinayətlər törədirlər.
1988 -ci ildə ermənilər Qarabağda mitinqlər edir, dinc soydaşlarımıza qarşı qətillər törədir, evlərini yandırırdılar. Vətənin azadlığı və ərazi bütövlüyünü qoruyaraq könüllü olaraq ordu sıralarına yazılan ogullardan biri də Mircəlal olmuşdur.
Mircəlal Sabir oğlu Ağayev 1969 -cu ilin may ayının 25 də Bakıda  din, imana bağlı ziyalı bir ailədə dünyaya göz açmışdır. Hələ orta məktəbdə oxuyarkən rəssamlığa maraq onda çox güclü idi. Gözəl rəsm əsərləri çəkirdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil oldu. Mircəlal  Rəssamlıq məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmış və Ukraynanın Cerkas vilayətində , Kiyevdə əsgəri borcunu  uğurla başa vuraraq vətənə qayıtmışdır. 
Bir il zavodda öz ixtisası üzrə rəssamlıqla məşğul olmuş,Madonna və saxsı qablara naxışlar vurur,incə əl işləri görərək kollektivin böyük hörmətini qazanmışdı.
Tanınmış kinorejissor Mircəlil Ağayev  qardaşı Mircəlal haqqında  çətin də olsa kövrək xatirələrini  oxucularımızla bölüşür; 
"Qardaşım əsgərlikdə olarkən atam  dünyasını dəyişdi.
Mənim 13 yaşım var idi. Biz 4 cu mikrorayondan Gunəslidəki yaşayış massivinə köçmüşdük. Mircəlal məndən yaşca böyük idi o, sanki ata əvəzi idi. Çox ciddi, sözü bütöv, dürüst  insan idi. 
1990-cı ildə dağılmaqda olan Rus imperiyası Bakıya qoşun yeridərək vəhşilik törədəndə Mircəlal çox əsəb gərginliyi keçirtmişdi. 20 Yanvar faciəsi onu daha çox hiddətləndirmişdi. 
1992- ci ilin  fevral ayının 25 dən 26 na keçən gecədə 366-cı yarı rus, yarı erməni   silahlı quvvələrinin (hər cür texnika və silahla təchiz olunmuş alayın) Xocalı şəhərində dinc Azərbaycanlı əhaliyə qarsi törətdikləri soyqırımı ,  müsibəti televiziyada izləyəndə, "insan da körpə uşağı qətlə yetirərmi?- deyən Mircəlalın həqiqətən də əsəbləri tarıma çəkilmişdi, bilmirdi neyləsin. Çox sarsılırmışdı.
Erməni quldurlarına qarşı onda nifrət hissi daha da çoxalmışdı. Mircəlal könüllü olaraq komissarlığa gələrək  hərbiyə yazıldı və bir başa cəbhə bölgəsinə göndərildi. Bir çox uğurlu döyüş əməliyyatlarında iştirak etdi. Komandirlərinin tapşırıqlarını əzmlə, cəsarətlə yerinə yetirdi. Füzuli və Horadiz döyüşlərində ən qaynaq nöqtələrdə dəfələrlə düşmənlə uz- üzə  gəlmişdi. Qarşı tərəf isə itkilər verərək geri çəkilir, gizlənib pusqular qururdu.
Növbəti döyüşlərin birində Mircəlal Ağayev 1992 - ci ilin iyun ayının 2-də şəhidlik zirvəsinə ucaldı. Komandiri ilə bir yerdə şəhid olmuş qardaşımın nəşinə baxarkən komandiri tatar balası Maratla qucaqlamış formada  görəndə çox təsirləndik. Meyidlərini Bakıda ayırıb Şəhidlər Xiyabanında dəfn olundu.
Döyüş dostları Mircəlalın şücaətindən, mərdliyindən  danışaraq deyirdilər: Mircəlal tankçı idi. Qızgın döyüşlər gedirdi.
Komandiri tankdan çıxarkən düşmənlər  ona atəş açaraq ölümcül yaralayıblar. Mircəlal  komandirini yaralı görür və cəld tankdan tullanaraq onu təhlükəsiz yerə çıxartmaq istəyərkən düşmən tərəfdən yenidən atəş açılır. Hər ikisi  bir - birini qoruyaraq şəhid olur." Mircəlalın  arzusu Xocalıların qisasını alçaq erməni quldurlarından almaq idi.Subay idi. 23 yaşında şəhidlik zirvəsinə ucaldı.
Bu gün Mircəlalın və döyüş dostlarının da ruhu sevinir, şaddır. Çünki, şəhid olduğu Füzuli rayonu,  eləcə də digər yaşayış məntəqələrimiz-  Şuşa, Agdam, Cəbrayil, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər  və Hadrut torpaqlarımız  yağı taptagindan azad olunubdur.
Bu gün şəhidlərimizin qanı tökülmüş vətən torpağının hər qarşısında bahar ətirli gül - çiçəklər bitir, kol dibindən boynu bükülü bənövşələr boy atır, Xarı bülbül bizi Cıdır düzünə səsləyir.
Ruhlar da sevinir. Şanlı ordumuz, xüsusən də  şəhidlərimiz və  qazilərimiz bizə qələbə sevincini yaşatdılar.
Ruhunuz şad olsun, şəhidlərimiz! 

Rauf İlyasoğlu.
10. 03. 2022



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ