SON DƏQİQƏ

Kulturoloji Azərbaycan: yazıçı-publisit, Qarabağ veteranı Qəni Camalzadənin iki romanının təqdimatı və ədəbiyyatda vətənpərvərlik mövzusunda ictimai dinləmə keçirildi

Tarix:30-04-2022, 01:58

Bu günlərdə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kulturoloji Azərbaycan”: Milli mədəniyyətin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” layihəsi çərçivəsində növbəti tədbirini – yazıçı-publisit, Qarabağ veteranı Qəni Camalzadənin iki romanının təqdimat mərasimi və ədəbiyyatda vətənpərvərlik mövzusunda ictimai dinləmə keçirdi.

YYSİB-nin Azərbaycan Respublikası Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Xəzər və Nərimanov rayon nümayəndəliyini iştirakı, ədəbi-mədəni ictimaiyyətin fəalları, QHT rəhbərləri, qazilər, şəhid analarının iştirakıyla təşkil etdiyi məclis maraqla qarşılandı. Tanınmış yazıçı-publisist Haci Qəni Camalzadənin “Kiaksarın axırıncı savaşı” (2021) və “Şeytana daş atanlar” (2022) kitabının təqdimat mərasimi həm də ədəbiyyat və sənətdə Qarabağ, Şuşa, hərbi-vətənpərvərlik mövzularının işlənməsi problemləri müzakirə edilən İctimai Dinləmə formasında təşkil olunmuşdu.



Tədbir 23 aprel 2022 tarixində, Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibəti ilə, Bakı şəhərində – Şəhidlər Xiyabanında yerləsən Səbael Rayon Müharibə Veteranları Mərkəzinin akt zalında keçirildi. Məclis heç zaman unudulmayan şəhidlərimizin və Şəhid Milli Qəhrəmanımızın ruhlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və onlarla bağlı xatirələr yada salındı.
Təqdimat mərasimində həm yazıçı Hacı Qəni Camalzadənin 1-ci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, həm də bədii fəaliyyətlərindən bəhs edildi.



YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov tədbirin ədəbi hissəsində çıxıçında bildirdi ki, 1-ci Qarabağ müharibəsi qazisi Hacı Qəni Camalzadənin Azərbaycan tarixi, keçmişi, bu günü və gələcəyi, həmçinin, qəhrəmanları haqqında yazılmış kitabları çağdaş ədəbiyyatımızın maraqlı nümunələrindəndir.

Natiq qeyd edildi ki, vaxtilə satirik hekayələr yazan, müxtəlif səpkili, kiçikhəcmli bədii nəsr nümunələrindən ibarət kitabları nəşr olunan tanınmış yazıçı-publisist Qəni Camalzadə yaradıcılığının yeni mərhələsinə adlamağı ilə roman janrına müraciət etməsi üst-üstə düşdü. Məhsuldar müəllifin “Qızıl xotuğ” adlı ilk romanı 2007-ci ildə ayrıca kitab şəklində nəşr edilib: sonralar əsər ruscaya çevrilərək “Zolotoy oslenok” başlığı ilə həm ədəbi jurnalda, həm də ayrıca nəşr kimi dərc olunub. İllər keçəndən sonra, Qəni Camalzadə “ədəbiyyatın dəbdən düşdüyü” 2015-ci ildə, indi şərti olaraq, “sosial-bədi nəsr”, yaxud “sosial-bədii roman” deyə təsnifatlamağa çalışdığımız “Karxana” adlı irihəcmli bədii nəsr nümunəsi ilə çağdaş ədəbi prosesdə özünəməxsus estetik mövqeyini ortaya qoydu.
Romanın jurnal variantına yazdığı ön sözdə istedadlı yazıçı Məmməd Oruc deyir: “Ən səmimi duyğularımla qeyd etmək istəyirəm ki, bu roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri olmayan əsərlərdəndir.” Bu fikirləri milli üslubda əsərləri ilə çağdaş ədəbi prosesdə fəallığı ilə seçilən yazıçı-publisit Qəni Camalzadənin yaradıcılığına verilən dəqiq qiymət kimi dəyərləndirmək mümkündür.
Satirik üslubda qələmə alınan ilk irihəcmli əsərinə rəğmən, daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan, XX əsr Bakı və ətraf kəndlərin ədəbi ensiklopediyasına çevrilən “Karxana” əsəri həm roman janrının tələbləri, həm də mükəmməl qələmə alınması baxımından tanındı, rus, ingilis və başqa dillərə tərcümə olunaraq ölkəmizdə, ABŞ-da nəşr olundu, İnternet resurslarında elektron varianda yayımlandı.
I Qarabağ müharibəsinin qazisi olan Hacı Qəni Camalzadə pandemiya dövründə də məhsuldar fəaliyyətindən geri qalmadı, yeni-yeni hekayələri, publisitik yazıları, ABŞ-da rus və ingiliscə nəşr olunan kitabları, eləcə də müxtəlif televiziya kanallarında, sosial şəbəkələrdə, media orqanlarında ziyalı mövqeyini ortaya qoymaqla, XXI əsrdə də klassik Şərq – Azərbaycan ədəbi-humanitar ənənələrə üstünlük verən əsl düşüncə adamı, yazıçı obrazını qoruyan, yaşadan yaradıcı intellektuallarımızdandır.
Roman yaradıcılığına gec başlasa da, yazıçı milli romançılığın zahiri tərəflərini, estetik-poetik mahiyyətinə ciddi yanaşır. Roman ədəbi, estetik, tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə, əsərin əsas surətləri zəmanənin “qəhrəmanı”na oxşamırsa, belə irihəcmli bədii nümunələri klassik, yaxud modern roman adlandırmaq bir qədər çətin məsələdir. Necə gəldi yazılaraq öz hesabına çap edilən əsərləri modern, postmodern yarımbaşlıq altında çapdan buraxılsa belə, gənc oxucuları aldatmaq mümkünsə də, peşəkar ədəbiyyatçıları çaşdırmaq olmaz.
Bu baxımdan Qəni Camalzadənin son iki ildə qələmə alaraq kitab şəklində ədəbi ictimaiyyətin müzakirəsinə verdiyi “Kiaksarın axırıncı savaşı” (2021) və “Şeytana daş atanlar” (2022) adlı yeni irihəcmli bədii nəsr əsərlərini sadalanan ciddi estetik-filoloji kriteriyalara cavab verən ənənəvi – klassik romanlara aid etmək mümkündür.



Tədbirdə şəhid milli qəhrəman ailələri və şəhid ailələri, qazilərimiz, deputat Aydın Hüseynov və bir çox ziyalı insanlar, din xadimləri və həmçinin, vətənpərvər xeyriyyəçilər iştirak və çıxış etdilər.
Sonda isə tədbir təşkilatçıları və iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirildi.


Ayxan Əbilli



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ