SON DƏQİQƏ

Mirzə Haşım bəy və bu nəslin tanınmış şəxsiyyətləri

Tarix:16-05-2022, 12:19

Baharlılar Azərbaycanın qədim türk tayfalarından biridir. Tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Baharlı tayfası Azərbaycanın, ümumiyyətlə Şərqin ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları baharlılardır. Məqalə “Şərq tarixi: Baharlılar” ( Bakı, 2013) və “Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri” (Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanmışdır.
Mirzə Haşım bəy Mirzə Vəli bəy oğlu Baharlı Baharlı tayfasının görkəmli şəxsiyyətlərindəndir. Şuşada doğulmuş,  XVIII-XIX əsrlərdə yaşamışdır. XV əsrdə yaşamış ulu babası  Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuş, dövlətin adlı sanlı əmirlərindən sayılmışdır. Babur imperatorluğunun varlığını sona qədər qorumuş, Əkbər şahın atabəyi olduğu üçün xanlar xanı rütbəsinə qədər yüksəlmiş,  eyni zamanda incə ruhlu şair  xanlar xanı Bayram  xan   Baharlı,  dövlət  xadimi olmaqla yanaşı türk, fars, hind  dillərində şeirlər  yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Haşım bəyin ulu babalarıdırlar.
Mirzə Haşım bəyin ata babası Bayramxan bəy Abdulla xan oğlu  Baharlı Qarabağ xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişdir. Atası Mirzə Vəli bəy Qarabağ xanlığının qurucusu Pənahəli xanın, İbrahimxəlil xanın hakimiyyəti dövründə xanlığın nüfuzlu şəxslərindən sayılmışdır. İbrahimxəlil xanın vəziri kimi Mirzə Vəli bəy Baharlının Molla Pənah Vaqifin saraya gəlməsində rolu, Ağa Məhəmməd şah Qacarla apardığı diplomatik danışıqları, bir sıra diplomatik danışıqlarda iştirak etməsi, Tehranda qəddarlıqla qətlə yetirilməsi Qarabağa aid yazılan salnamələrdə xüsusi qeyd olunmuşdur. Ərəb, fars dillərini bilmiş, incə ruhlu şair kimi də tanınmışdır. Nəslinin davamçılarının daşıdığı Vəlibəyov, Vəliyev, Vəlizadə soyadı əqidəsi, məqsədi uğrunda mübarizə apararaq şəhid olmuş Mirzə Vəli bəy Baharlının adının şərəfinədir.
Mirzə Haşım bəy ailənin ilk övladıdır. Onun İbrahim bəy, İmamverdi bəy, Həsənəli bəy adlı üç qardaşı olmuşdur. Mükəmməl mədrəsə təhsili almış, bir neçə dil bilmişdir. Mirzə Vəli bəyin qətlindən sonra o, İbrahimxəlil xanın sarayında xidmət  etmişdir. “Əhvalati-Qarabağ” adlı tarixi salnamədə yazılmışdır: “... Mirzə Vəlinin də iki nəfər oğlanların götürüb atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy. Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı olurmuş və bu ləqəb ilə adlandırıb Mirzə Haşım Zərrinqələm demişlər. Bunlara güzəran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında neçə para kəndlər vagüzar edib, hansı ki, Baharlı, Qaragözlü və Şapıklı və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək etsin”.     
Mirzə Haşəm bəyin nəsli sonralar Zəngəzur qəzasının Baharlı (indiki Zəngilan rayonunun Baharlı kəndi) kəndində məskunlaşmışdır. Zəngilan rayonunda Baharlı kəndində yerləşən  Mirzə Haşım qəbiristanlığı onun adı ilə bağlıdır. Onun məzarı da Mirzə Haşım qəbiristanlığındadır. Qaradərə və Baharlı kəndləri arasındakı Haşım bağı tut bağı kimi tanınsa da, üzümlük də olmuşdur. İki-üç hektarlıq ərazini əhatə etmiş Haşım bağı öz adını Mirzə Haşım bəyin adın­dan götür­müş­dür. Nəslin övladları tərəfindən kənddə məscid tikilmişdir.
Uzun illər yaxından tanıdığım, Vətən həsrətilə dünyasını dəyişmiş tanınmış nasir, publisist Məhəmməd Baharlı soykökü, el-obası ilə fəxr edən ziyalılardan idi.  O, Baharlı kəndi haqqında yazır: “Mənim doğulub boya-başa çatdığım Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağındadır. Erməni faşistlərinin işğalınadək bu kənddə otuzdan çox ailə yaşayırdı. Kəndin övladlarından çoxu ali təhsil almaqdan ötrü Bakıya üz tutmuş, sonra isə oradaca məskunlaşmışdı. Həmin baharlıların, demək olar ki, hamısı müəyyən mövqe və  nüfuz   sahibidir. Onların arasında adlı-sanlı alimlər, hüquqşünaslar, jurnalistlər, mühəndislər və digər peşə sahibləri vardır. Bu kənddən dövlət xadimləri, millət vəkillləri çıxmışdır. Adamları vətənpərvər, mübariz, zəhmətkeş və istedadlıdırlar. Məhz elə bunlara görədir ki, kənd daim inkişafdaydı. Kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi və s. vardı. Deyirlər vaxtilə bu kənddə “rus-tatar” məktəbi də fəaliyyət göstərib....”.  
Mirzə Haşım bəyin Cabbar bəy və Mina xanım adlı iki övladı olmuşdur.
Cabbar bəy dini məktəbdə oxumuş, Kərbəlanı ziyarət etdiyi üçün Kərbəlayi Cabbar bəy adı ilə tanınmışdır. Onun Kərbəlayi Ələsgər bəy, İsgəndər bəy, Hüseynqulu bəy adlı üç oğlu olmuşdur.
Mina xanım xalq təbabətinin gözəl bilicisi Kərbəlayi Rəşid bəylə ailə həyatı qurmuşdur. Onun Kərbəlayi Məhəmməd bəy, Kərbəlayi İbrahim bəy, Kərbəlayi Əbdüləzim bəy adlı üç oğlu olmuşdur.

Kərbəlayi Əbdüləzim bəy Kərbəlayi Rəşid oğlunun (...-1918) anası Mina xanım Mirzə Haşım bəyin qızıdır. Zəngəzur qəzasının Baharlı (indiki Zəngilan rayonunun Baharlı) kəndində yaşamış, Qarabağın savadlı bəylərindən, varlı tacirlərindən sayılmışdır. Geniş torpaq sahələri olmuş, üzüm bağları adla tanınmışdır. 
Salman bəy Vəliyev, Səttar bəy Vəliyev, Teymur bəy Vəliyev, Aslan bəy Vəliyev, Xostan Vəliyev, Gülşad bəy Vəliyev, Azad bəy Vəliyev, Zahid Məmmədov, Məhəmməd Baharlı, Ağamirzə Əhmədov, Əmir Vəliyev və başqaları Baharlı tayfasından olub, Mirzə Haşım bəy nəslinin layiqli övladlarıdırlar.

Salman bəy Kərbəlayi Məhəmməd bəy oğlu Vəliyev (1888-1946/47) Ordubad rus-tatar məktəbində rus dili ixtisası üzrə təhsil almışdır. Zəngilan rayonunun Baharlı kənd məktəbinin müdiri işləmiş, rus dilindən dərs demişdir. Dərslər Mirzə Haşım bəyin övladlarına aid mülkdə keçirilmişdir.

Səttar bəy Kərbəlayi Məhəmməd bəy oğlu Vəliyev (1898-1972) Ordubad rus-tatar məktəbində oxumuş, şərq dilləri ixtisası üzrə təhsil almışdır. Sovet hakimiyyətinin ilk illərində   müəllim, sonralar Zəngilanda mühasib işləmişdir. Bəy nəslinə mənsub olduğu üçün 30-cu illərdə böhtana salınaraq həbs edilmiş, bir müddət həbsxana həyatı yaşamışdır.

Teymur bəy Kərbəlayi Əbdüləzim bəy oğlu Vəliyev (1912-1995) ibtidai təhsilini əmisi oğlu Salman bəy Vəliyevin müdiri olduğu Baharlı kənd məktəbində almışdır. Uzun illər Mincivan dəmiryol stansiyasının deposunun idarəetmə və nəzarət strukturu heyətində işləmişdir. Zəngilan rayonunun Mincivan qəsəbəsində yaşamışdır. İncə ruhlu şair kimi də tanınmışdır.

Aslan Kərbəlayi Ələsgər bəy oğlu Vəliyev Füzuli pedaqoji texnikumunu bitirmişdir. II Dünya Müharibəsindən sonra uzun illər Zəngilan rayonunun Baharlı kənd məktəbinə rəhbərlik etmişdir.
Coğrafiya elmləri doktoru, professor


Xostan Kərbəlayi Ələsgər bəy oğlu Vəliyev (1932-2008) Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsində ali təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, professoru olmuş, bir müddət Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.    
150-dən çox elmi məqalənin, “Azərbaycan Respublikasının neft-qaz akvatoriyaları sahillərinin dinamikası və geomorfologiyası” adlı monoqrafiyası işıq üzü görmüşdür. 
Gülşad bəy İsgəndər bəy oğlu Vəliyev ixtisasca dil-ədəbiyyat müəllimi olmuş, gənc yaşlarında vəfat etmişdir. 

Azad İsgəndər bəy oğlu Vəliyev (1916-1956) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində ali təhsil almışdır. Zəngilan rayonunun müxtəlif kənd məktəblərinin direktoru vəzifəsində işləmişdir.
Coğrafiya elmləri doktoru, professor 


Zahid Səttar bəy oğlu Məmmədov (1947-2020) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya və biologiya fakültəsində ali təhsil almışdır. AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda, Azərbaycan Kooperasiya Universitetində müxtəlif vəzifələrdə çalışmış, universitetin “Ekologiya və coğrafiya” kafedrasının müdiri olmuşdur.
Zahid Məmmədov 200-ə yaxın elmi məqalənin, 7 monoqrafiya və dərsliyin müəllifi olmuşdur. 

Məhəmməd Baharlı (Məhəmməd Əhməd oğlu Əhmədov) (1948-2019) Səttar Vəliyevin nəvəsidir. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır. Uzun illər mətbuat sahəsində çalışmış, müxtəlif vəzifələrdə işləmişdir. “Azərbaycan müəllimi” qəzetinin və "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalının baş redaktoru olmuşdur.
Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirlər başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc edilmişdir. Yumoristik hekayələrinin mövzusu cəmiyyətdən, gündəlik həyatımızdan, məişətimizdən və adət-ənənələrimizdən götürülmüşdür. 10-dan çox kitabı nəşr edilmişdir. “Azərbaycan tarixi: Baharlılar” adlı kitabı yaradıcılığının şah əsəridir. Dörd cilddən ibarət “Seçilmiş əsərləri” işıq üzü görmüşdür.

Ağamirzə Əhməd oğlu Əhmədov (1951-2021) Səttar bəy Vəliyevin nəvəsidir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində ali təhsil almışdır. Uzun illər Zəngilan rayonunun Baharlı kənd orta məktəbin direktoru vəzifəsində çalışmışdır.
Əmir Teymur bəy oğlu Vəliyev (1948-1996) Neft emalı texnikumunu bitirmişdir. Uzun illər Bakı İqlim zavodunda mühəndis, sahə rəisi, sex rəisi vəzifələrində işləmişdir.            

Sələflərinin layiqli xələfi olan Mirzə Haşım bəy və bu nəslin övladları bu gün də ziyalıları, elm, maarif, mədəniyyət xadimləri ilə tanınırlar. 
 
Orxan Zakiroğlu (Baharlı)
Tədqiqatçı-jurnalist

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ