SON DƏQİQƏ

Döyüşlərə gülərək gedən komandir

Tarix:25-01-2021, 20:50

Samir İslamov ömrünün 20 ilini Vətənə həsr etdi...   
Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Qələbə qazandı və ədaləti bərpa edib 30 illik işğala son qoydu. Kapitan Samir İslamov hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifəsini yazan şəhidimizdir.                                                                                                                                                 
Zəfər qələbəsində payı olan zabitimizi tanıyaq:

Samir Xalıq oğlu İslamov 5 fevral 1983-cü ildə  Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. Sumqayıt şəhər 50 saylı məktəbəqədər tərbiyə müəssəsində Hürü müəllimənin qrupunda tərbiyə alır. Ailədə 2 bacının 1 qardaşı olan Samir təbiətcən çox sakit, diqqətli, mərd bir oğlan idi. 1989-cı ildə Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbə ilk qədəmlərini qoyur. Orta məktəb illərində dəsrslərini əla oxuyan Samir hərbiçi olmaq arzu ilə yaşayır və bu arzu onu 1997-ci ildə C.Naxçıvanski adına hərbi liseyə gətirib çıxarır. 2000-ci ildə buranı bitirir və Ali Hərbi Məktəbə daxil olur. 2004-ci ildə leytenant rütbəsi ilə Ali Hərbi Məktəbi bitirir.  


                                   
Hərbiyə çox bağlı bir insan idi Samir. 4 ilə yaxın Naxçıvan Muxtar Respublikası Qıvraq ərazisində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 2 il Ağcabədi rayonu N saylı hərbi hissədə, sonra Astara, Goran, Tərtər rayonlarında yerləşən  hərbi hissələrdə xidmətini davam etdirir. 2007-ci ildə Samir İslamov baş leytenant, 2014-ci ildə kapitan rütbəsi alır. 


                                          
Hərb tariximizin şanlı səhifəsi olan 2016-cı il Aprel döyüşlərində kapitan Samir İslamov şücaətliklə vuruşur. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayıb.  


                                                                       
Peşəkar hərbiçi 20 ildən sonra etiyata buraxılır, 1 həftə keçir Vətən müharibəsi başlayır  buna baxmayaraq Vətən müharibəsinin ilk günündən  könüllü, sevə-sevə döyüşə yollanır. Döyüşlərə Tərtərdən başlayır, Ağdərə, Talış kənd   istiqamətində gedən qızğın döyüşlərdə iştirak edir. Cəsur komandir həm də əsgərlərə təlim keçirdi.


                                                                             
2020-ci il 10 Oktyabr...Müharibəni sevinclə qarşılayan kapitan Samir İslamov Suqovuşan uğrunda gedən ağır döyüşlərdə minaya düşür və baş nahiyyəsindən yaralanaraq ən uca zirvəyə şəhidlik zirvəsinə ucalır.                        
Dəfn mərasimində şəhidin yaxınları, zabit yoldaşları, şəhər ictimayyəti, şəhər rəsmiləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edirdilər. Kapitan Samir İslamov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır. Şəhidin tabutuna bükülmüş üçrəngli Azəzrbaycan bayrağı mərhumun atası Xalıq İslamova təqdim olunur.  


                                                          

Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. Şəhid ataları güclü atalardır!                                                     
- Ayın 9-u idi zəng vurdu və mənə dedi ki, “ata mənə haqqını halal elə”. Mənə təsəlli verən onun şəhidlik zirvəsidir, birdə qoyub getdiyi 4 gül balasıdır. Kiçik oğlu Öməri hərbiçi görmək istəyirdi. Samirin ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi, arzusuna çatdı. Şükür şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad oldu. Biz oğlum Samirlə hər zaman fəxr edirik!     


                                                        

Şəhid anaları qəhrəman analarıdır! Anası Şəhla İslamova deyir ki, Samir onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib:                                                                             
- Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda şücaətlə vuruşdu oktyabrın 9-u sonuncu danışığı oldu və mənə dedi ki, “ana mənə haqqını halal elə...” Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə həlak oldu. Mən onun hərbiçi olmağının ələhinə idim, lakin o bu sahəni çox sevdiyi üçün hərbiçi olmağı seçdi.   




Ata, anasından halallıq istəyən, döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini ölümdən qurtararaq, özünü heç düşünməyən komandirin xanımı indi Samirlə  bağlı təsəllini öladlarından aldığını deyir:                                                

- Yeganə xanım onsuz yaşamaq çox çətindir, sözlərlə ifadə edə bilmərəm təsəllini öladlarından alıram. Onlar mənim üçün Samirdən xatirədir. Samir qayğıkeş həyat yoldaşı, mehriban ata, dəyərli övlad, sevimli qardaş və işinin peşəkarı, işindən zövq alan hərbiçi idi. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı belə, Samirin atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Bu gün Samirin şəhid olması ilə qürur duyuram, amma onsuz yaşamaq həddindən artıq ağırdır. Əgər yenidən dünyaya gəlsəydim, Samirlə cəmi 12 il ömür sürəcəyimi bilsəydim, yenə də onunla ailə qurardım. Bu 12 il mənim üçün bir ömrə bərabərdir. Övladlarını sevən ata idi, amma qızı Ülviyyəni lap çox isdəyirdi. 


                                                    
Xatırladaq ki, Samir İslamov 2008-ci ildə sevib seçdiyi Kifayət xanımla ailə həyatı qurur 4 övladı: 10 yaşlı İdris, 8 yaşlı Ülviyyə, 5 yaşlı İslam, 3 yaşlı Ömər bizə yadigar qalıb.                                                                                                                                                                                    


                                                                                                                        Ali Baş Komandanın müvafiq fərmanları ilə İslamov Samir Xalıq oğlu bir çox təltiflərə layiq görülüb:
                                                                                                        
2007-ci ildə- “10 il qüsursuz xidmətə görə” medalı.                   
2012-ci ildə- “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı.                                     

2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubley” medalı.               
2018-ci ildə “Azərbaycan Ordusunun 90 illiyi” yubley  medalı.                                      
2020-ci ildə- “Vətən uğrunda” medalı (ölümündən sonra)   
2020-ci il- “Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

2020-ci ildə- “Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra).    

Döyüşlərə gülərək gedən komandir əsğərləri onu qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi.

Nur içində yatasan  şəhid qardaşım! 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ