SON DƏQİQƏ

Qarabağ qazisi Azərbaycan vətəndaşlığını şərəflə daşıyır-MÜSAHİBƏ

Tarix:16-03-2021, 14:51

Pyotr Kuvşinov- Ən gözəl duyğum Vətən sevgisidir!


Qarabağ iştirakçısı, qazi, idmançı  rus əsilli, ürəyi Azərbaycanla döyünən Pyotr Kuvşinovun ailəsinin qonağı oldum.  

                                                                                     
"Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların ən ülvisidir Vətən sevgisi. Vətən bizim varlıgımızdır,  fəxrimizdir, qürurumuzdur.                                                   

Müsahibi tanıyaq:                                                                           

Kuvşinovlar ailəsi 100 il əvvəl 1921-ci ildə Saratov şəhərindən  Bakı şəhərinə köçmüşdülər. Pyotr Anatolyeviç Kuvşinovun 1957-ci il noyabrın 30-da Bakı şəhərində hər zaman Azərbaycanı sevən vətənpərvər bir ailədə dünyaya gəlir. 1965-1975-ci illərdə Bakı şəhəri 194 saylı tam orta məktəbdə təhsil alır. 5 yaşında ikən idmanın üzgüçülük sonra vaterpol idman növü ilə məşğul olmağa başlayır. 1975-ci ildə həqiqi hərbi xidmətə çağrılır və Bakı şəhərində yerləşən hərbi hissələrin birində idman rotasında xidmətə başlayır. 1989-cu ilə qədər müddətdən artıq hərbi xidmətdə qulluq edir və gizir rütbəsi alır.  
1942-ci ildə  babası Böyük Vətən müharibəsinə getmək üçün könüllü ərizə ilə hərbi komisarlığa müraciət edir və müharibəyə yollanır və Böyük Vətən müharibəsinin şəhidi olur. Vətəni sevmək ona  məhz babasından keçir.                                                                                                                                              


P.Kuvşinov 50 il sonra 1992- ci ildə ərizə ilə müraciət edir I Qarabağ müharibəsinə yollanır. O Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, 1 il Murov dağ yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Alay komandiri təyin edilib və ağır mövqeli döyüşlərdə iştirak edib. 


1994-ci ilin yanvar ayında ayağından yaralanır. Mayın 12-də  atəşkəs elan edilir elə həmin gün Tərtərin Seysulan kəndi uğrunda gedən şiddətli döyüşlərdə minaatanın partlaması nəticəsində ağır yaralanır. Qəlpə onu belini zədələyir və o, hərəkət edə bilmir. Buna görə ağrını boğaraq sürünür. Bunu görən ermənilər ətrafı daha çox atəşə tuturlar. Xoşbəxtlikdən, əsgər yaralı yoldaşını bizimkilərə tərəf gətirə bilir və Saraclı  hospitalına gətirilir. Vəziyyəti ağır olduğundan Bakı hərbi hospitalına köçürülür. Qəlpə parçası hələ də bədənindədir. Həkimlərin dediyinə görə onu çıxartmamaq yaxşıdır, çünki əməliyyat pis sonluqla nəticələnə bilər. 2-ci qrup əlil, Qarabağ qazimiz 1992-1996-cı illərdə hərbi hissədə xidmət edir.


Qarabağ müharibəsində döyüşən gizir şərəfli döyüş yolundan, döyüş yoldaşlarında danışdı və bir daha o illərə qayıtdı. 


2000-ci ildən 2017-ci ilə qədər düz 17 il Pyotr Anatolyeviç Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üzgüçülük üzrə məşqçi kimi çalışıb. Hal-hazırda SOCAR-ın Bakı Ali Neft Məktəbində Bədən Tərbiyəsi və İdman kafedrasında baş müəllim vəzifəsində çalışır. Müsahibim deyir ki, “Tələbələrimin 70 faizi neft qurğularında işləyəcək, buna görə üzmək bacarığı onlar üçün vacibdir.” P.Kuvşinov peşəkar su polosu oyunçusudur. SSRİ Silahlı Qüvvələrinin çempionu, Azərbaycanın çempionu və medalçısı, eyni zamanda su polosu üzrə Rusiya çempionu, 2015-ci ildə I Avropa oyunlarında vaterpol idman növündə hakim,  2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasına rəhbərlik edib.


1978-ci ildən ailəlidir 3 qızı, 1 nəvəsi var.   

Müsahibim milliyyətcə rus olsada Azərbaycan vətəndaşlığı ilə fəxr edir. Vətənə bağlılıq  əsl kişiləri xarakterizə edən keyfiyyətlər bu insanda cəmləşib.                      

- Azərbaycan mənim atamın, anamın, mənim, övladlarımın  doğulduğu vətəndir. Mən bu Vətəni sevirəm. 35 yaşım var idi döyüşlərdə vuruşanda  batalyonda yaşca böyük mən idim, digər əsgərlərin hamısı 20-25 yaş arasında idi. Mən daim onlara uyğunlaşmalı idim. Yaşıma baxmayaraq peşəkar idman sayəsində yaxşı bədən tərbiyəsi almışam. Bu mənə sağ qalmağımda çox kömək etdi.                                                              
Bir dəfə "İsveztiya" qəzetinin müxbiri  mənə belə sual vermişdi: "Yaşlısınız, həyat yoldaşınız və övladlarınız var, üstəlik azərbaycanlı deyilsiniz, milliyyətcə russuz. Niyə torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək qərarına gəldiniz?” Bu cümlədən çox incidim. Ona cavab verdim: “Anam və atam bu torpaqlarda dünyaya gəliblər. Uşaqlarım burada anadan olublar. Bura mənim Vətənimdir.”                                                                                                       

20 ildən sonra qələbə tariximizin ilk yazılan səhifəsi olan 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu Seysulan kəndini geri qaytardı. Buda mənim üçün yaddan çıxmayan bir tarixdir. Biz müdafiə edə bilmədiyimiz  torpaqları bizə qayıtdığını biləndə böyük sevinc hissi keçirdim. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində torpaqlarımızı ancaq böyük vətən sevgisi ilə azad edə bildi. Bu Zəfər qələbəsinə çox sevindim. Bir müharibə döyüşçüsü olduğum üçün  başda Ali Baş Komandan olmaqla bütün zabit və əsgər heyəti ilə fəxr edirəm. Hər bir rayonun alınma xəbərini eşitdikcə onu ailəmlə birgə xüsusi sevinclə qarşıladım. O hisslər sözlə ifadə edilməz.    

                                                                                

Hərbidə xidmət etdiyiniz illərdə elə bir hərbiçi var ki, o Azərbaycan hərb tarixində əvəzolunmaz işlərə imza atıb?                                                                                  

- Hərbidə xidmət etdiyim illərdə bir sıra dostlar tapdım. Amma elələri var ki, bir ömür unudulmayacaq insanlardır. Onlardan biridə Hilal Nəcəfovdur. O döyüş yoldaşı deyil, döyüş qardaşıdır. Bizim hərbi hissəyə hərbi texnikalarının avtopark rəisi təyin olunanda  eşitmişdi ki, hərbi batalyonda milliyətcə rus olan bir hərbiçi var. Bizim tanışlığımız 1994-ci ildə başlandı. Mən onun biliyinə, savadına, insanlığına heyran idim. O hərbi texnikaların, hərbi silah-sursatın sirrlərini yüksək səviyyədə bilərək zabit və əsgərlərə təbliğ edirdi, həm də gözəl insandır. Hal-hazırda general-mayor rütbəsindədir. Mən onu tanıyandan o döyüş və səngər generalı olub. O qədər sadə insandır ki, hər zaman əsgərlərlə eyni yeməkxanada onlarla birgə yemək yedi və hər bir əməliyyatda onların yanında oldu. Bu gündə Hilal müəllim sadəliyini qoruyaraq saxlayıb, dostluğumuz hələdə davam edir. Sevinirəm ki, Azərbaycanda yaşayıram və həyat məni Azərbaycanın mərd oğulları ilə qarşılaşdırıb.                                       

Döyüşdən sərtləşən hərbiçimiz eşidiyimə görə siz böyük bir əməliyyat keçirtmisiz.                      
- Mənə xərçəng diaqnozu qoyulmuşdu və ağır əməliyyat keçirtdim. Bütün xərclər H. Əliyev adına Fondun dəstəyi ilə, Mehriban xanım nəcib təşəbbüsü ilə baş tutdu. Çalışdığım  SOCAR-ın Ali Neft Məktəbinin  rektoru  Elmar Qasımov, bütün pedoqoji kollektiv və tələbələr də öz qayğılarını məndən əsirgəmədilər. 12 seans kimya terapiyası olundum və əməliyyat nəticəsində xəstəlik geri çəkildi. Mübarizədə xəstəliyə qalib gəldim,                                                                                                        

Yay aylarında bütün sosial şəbəkələrdə və televiziya məkanlarında sizin 2 insanı xilas etməyinizdən danışılırdı. Hadisə haqqında nə deyə bilərsiz.                                                                
– Həyat yoldaşım İnna xanımla birlikdə qəhrəmanlıq göstərərək Xəzər dənizində  “Mayak” çimərliyi yaxınlığında boğulan iki nəfəri xilas etdik. Həkimlər qadağan etdiyi üçün  iki il dənizə getmirdim. Lakin zəifləmiş bədənimə qulluq etməyi tövsiyyə edildi. Mənə dənizdə üzmək və günəşlənmək qadağan idi. Ailəmlə çimərlikdə dincəlirdim, paltarda, günəş şüalarından qorunmaq üçün çətirin altında gizləmişdim. Birdən gördüm ki, bir ailə  – ana, ata və qız – böyük dalğalara doğru gedir. Dərhal bəlanın yaxınlaşdığını hiss etdim. Belə də oldu, onlar batmağa başladılar.       
Çimərlikdəki bütün insanlar hadisəni seyr etmək üçün sahilə toplaşdılar, lakin heç kim onları xilas etmək üçün yerindən tərpənmədi. Köynəyimi çıxarıb dənizə qaçdım. Dizə qədər suya girib vəziyyətin çox mürəkkəb olduğunu və onları xilas etməyin çətin olacağını başa düşdüm. Ancaq o an uşağın səsini eşitdim: "Kömək edin!" Bundan sonra ora tərəf üzdüm.                                 
Yüksək dalğalar mənim üzümə vurdu. Lakin o balaca qıza tərəf üzdüm, əlim ilə onu tutdum və sürətlə sahilə üzdüm. Qız xilas oldu. Sonra ikinci dəfə dənizə girdim, amma boğulanların sahildən çox uzaq yerə apardığı üçün indi daha böyük məsafəni qət etməli oldum. Uşağın anasını xilas edə bildim, həyat yoldaşımda dənizə girərək mənə kömək etdi, gücümün  tükəndiyini hiss etdim. Və sonra üçüncü zərərçəkmişə - Fövqəladə Hallar Nazirliyinin skuteri yollandı, təəssüf ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kişinin cansız bədənini dənizdən çıxartdılar. Tibbi yardım ona kömək edə bilmədi. Peşəm boğulan insanları xilas etməyimə kömək etdi. Bu sahədə peşəkar bir idmançı olmasaydım, yarım saat ərzində iki boğulan insanı sudan çıxara bilməzdim.                    
Bu hadisə 30 dəqiqə ərzində baş verdi lakin beynimdə  bu hadisələr 3 dəq keçdi.                  
Bu humanist, insanlıq addımına görə Azərbaycan Respublikası Fövqaladə Hallar naziriliyi tərəfindən Kuvşinova “Azərbaycan Respublikası Fövqaladə halların nəticələrin aradan qaldıran iştirakçıya” döş nişanı ilə təltif olunub.   

                                                                           
P.A.Kuvşinov Qarabağ müharibəsi veteranıdır, könüllü olaraq cəbhədə xidmət edib, bir sıra orden və medallara təltif olunub.                                                                                
2018-ci ildə “Müharibə Vetranı” medalı.                                              
2019-cı ildə “Milli Ordunun 100 illik” medalı.                            
2019-cı ildə Rusiya Federasiyası tərəfindən  “AVMVİB-25 il “İnternasional” medalı.                      Danışmaqla və yazmaqla bitməyən həyat hekayəsi ilə qürur duyduğumuz qəhrəmanımız Qarabağ qaziliyi adını və Azərbaycan vətəndaşlığını şərəflə daşıyır. 

Qəhrəmanlarımızla fəxr edirik!


Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  
 
 
 
                                                                                                          
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ