SON DƏQİQƏ

Halallıq dağından süzülən “Şəhidlər Bulağı”

Tarix:26-04-2021, 10:48

2020-ci ilin payızında Azərbaycan bədnam qonşusu Ermənistan üzərində qələbə qazanaraq 30 il işğal altında qalan ərazilərini düşmən tapdağından azad etdi.
44 gün çəkən Vətən müharibəsində şanlı zəfərin qazanılmasında dövlətimizin uğurlu xarici siyasətinin, düşmənlə müqayisədə aşkar hərbi və iqtisadi üstünlüyünün, əsgər və zabitlərimizin vətənpərvərliyinin və peşəkarlığının nə qədər əhəmiyyəti olubsa, Azərbaycan xalqının ordu ilə birlik nümayiş etdirməsinin, əsgər və zabitlərimizə mənəvi dayaq göstərməsinin də böyük əhəmiyyəti olmuşdur. Şahidi olduğumuz kimi, döyüşən orduya, cəbhədə vuruşan əsgərlərə, onların öz valideynləri ilə görüşdükləri çadırlara, mənfur düşmənin dinc əhalini raket atəşinə tutduğu şəhər və rayonlarımızdakı sığınacaqlara xeyirxah insanların təşkil etdikləri maşın karvanları xeyli ərzaq, geyim və yataq dəstləri, corab, əlcək, şəxsi gigiyena vasitələri və s. daşıdı.
Bu birlik , bu vəhdət indi də davam etməkdədir. Müharibədən dərhal sonra şəhid ailələrinə, əlillərə, qazilərə qayğı məsələsi önə çıxdı və bu müstəvidə də xalqımız dövlətimizə etibarlı tərəf müqabili kimi çıxış etdi, qanı bahasına Qarabağı azad etmiş igid övladlarının yarasına məlhəm qoydu, şəhid ailələrinə baş çəkərək təsəlli verdi, qazilərimizin yarasına məlhəm qoydu. Qürurverici haldır ki, dünən Silahlı Qüvvələrə Yardım Fonduna ianə verənlər bu gün YAŞAT Fonduna dəstək verirlər.
İndi isə Azərbaycan xalqı qəhrəman oğullarının xatirəsini onların şəninə uyğun surətdə əbədiləşdirmək üçün əlindən gələni əsirgəmir. Dövlət təltifatlar təsis edir, tarixçi zəfər salnaməsi yazır, şair vətənpərvərlik mövsunda şeir qoşur, bəstəkar damarlarda qanı coşduran musiqi bəstələyir, rəssam qələbəyə aparan yolun rəsmini çəkir, heykəltaraş Azərbaycan əsgərinin əzəmətini daşlara həkk edir. Təkcə incəsənət adamları deyil, sadə zəhmətkeş xalq sənətkarları da bu hərəkata töhfə verməyə çalışırlar. 
Bu gün haqqında söz açdığımız İsmayıllı rayon sakini, usta Emil İsrafil oğlu Abdullayev də şəhidlərimizin ruhuna oxunan rəhmət dualarını artıran bir savab işə qol qoymuş, öz əlinin zəhməti ilə, şəxsi vəsaitini xərcləməklə “Şəhidlər Bulağı” inşa etmişdir.
Bir xeyirxah əməlin izi ilə gedib İsmayıllı rayonunun Yeni Yol kəndinə çıxdıq. Yağışlı bir gün idi. Düzü, bir fikirləşdik ki, həmin gün getməyək.  Amma Emil həvəslə, canı-dildən gördüyü  bu işi bizə göstərmək istəyində, o qədər israrlıydı ki, qəlbini qıra, sözünü yerə sala bilmədik. Təxmin etdiyimiz kimi, həddən artıq sadə, saf bir gənc bizi qarşıladı. Evlidir, ailə-uşaq sahibi olmasına baxmayaraq, Emildə sanki bir balaca uşaq məsumluğu müşahidə etdik. Öyrəndik ki, Emil evin  axırıncı oğludur. Tale elə gətirib ki, anası Zərxanım gənc yaşından dul qalıb, uşaqları  atasız böyüdüb. Bizimçün təmtəraqlı süfrə açmışdılar, xörək təklif etdilər: “Halal zəhmətlə qazanılıb, nuş edin”.  Tərəddüd etdiyimizi  hiss edib israr etdilər: “Siz iş üstündəsiniz  – bu, öz yerində. Amma uzun yol gəlmisiniz, yeməsəniz, inciyərik”.  
Maraqlı burası idi ki, bulağın inşasını şəhidlərin xatirəsinə ithaf etmək təşəbbüsü Emilin anasından gəlibmiş. Bunu eşitcək, sözün düzü, bir az təəccübləndik. Hesab edirdik ki, çətinliklərə qatlaşaraq uşaqlarını böyütmüş kəndli qadın qayğılardan baş açıb belə bir təşəbbüsdə bulunmağa vaxt tapmaz. Amma müdriklərin bir sözü var: “Danış ki, səni görüm”. Zərxanım ana danışanda elə ilk kəlmələrindən hiss etdik ki, ziyalı xanımdır. Bildirdi ki, kolxoz quruluşu dönəmində təsərrüfat müdiri işləyib, ictimaiyyət arasında olub. 
Emilgilin yaşadıqları kənddıən 3 kilometr aralıda dağın ətəyində pay torpaqları var. O həndəvərlərdə su problemi varmış. Emil ara-sıra dağın qayalarında nəmişlik yer arayıb, isgənə ilə döyüb su axtarırmış. Bir dəfə külüngü onu sevindirib, döydüyü yerdən su çıxıb. Həmin o 3 min metrlik məsafədən kəndə, yaşadıqları yerə öz vəsaiti hesabına boru çəkib. Gətirib çıxardığı yerdə bulaq inşa etmək qərarına gəlib. Anasının təklifi isə onu daha da həvəsləndirib. Qolunu çırmayıb, ordan-burdan tapdığı rəngbərək çaylaq daşlarını yonub cilalayıb, bulağın ətrafını həmin daşlarla bəzəyib, bir sözlə, sənət əsəri yaradıb.  Düz dörd ay bu işin üstündə çalışıb. Həmkəndliləri, ziyalı adamlar onun bu xeyirxah əməlinə mənəvi dəstək verib ruhlandırıblar.  
Ola bilsin ki, bu sətirləri oxuyan insanlar deyə bilərlər ki, şəhidlərimiz üçün nə eləsək, yenə azdır. Doğrudur, amma gəlin görək, varı-dövləti, mülkü-səltənəti olanların neçəsi şəhidlər üçün Emilin gördüyü işin yüzdə biri  qədər iş görüb? Nə yaxın keçmişdə - Birinci Qarabağ şəhidləri üçün, nə də indi – Vətən müharibəsi şəhidləri üçün...
Emil inşa etdiyi bulağın daş lövhəsində cəmi 5 şəhidin rəsmini və adını həkk etsə də, deyir ki, bu söz əslində rəmzi xarakter daşıyır və bulaq ümumi şəhidlərə qoyulmuş abidədir.  O, Azərbaycanın bütün əyalətlərində müqəddəs amal uğrunda canından keçən şəhidlər üçün belə xatirə kompleksləri inşa etməyə hazır olduğunu bildirir, təki işlənəcək materialların xərcini çəkənlər olsun. Sərf olunacaq vaxtını, çəkəcəyi zəhməti şəhidlərin ruhuna ehsan sayır Emil.
Söz yox, İsmayıllının Yeni Yol kəndindəki “Şəhidlər Bulağı”ndan su içənlər şəhidlərlə birgə Usta  Emilin də ölənlərinə rəhmət oxuyacaq, eyni zamanda bəhrələndikləri, ürəklərindəki yanğını söndürən bu xeyirxahlıq nümunəsindən özləri də bir bir örnək götürüb savab işlər görməyə çalışacaqlar.

Nüşabə Əhməd  


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ