SON DƏQİQƏ

Sevindik Nəsiboğlu yazır : Zəfər Yolunu açmaq üçün Şəhid olan qəhrəman - Abbas Qasımov.

Tarix:29-03-2021, 12:42

Zəfər Yolunu açmaq üçün Şəhid olan qəhrəman – İlk pilot şəhid, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, mayor Abbas Qasımov.
27 sentyabr günü... Həmin gün Azərbaycanın uzun illər məcburən yatırdılmış şiri oyandı. Özü də nərə çəkərək, nərəsi ilə bütün dünyanı titrədərək oyandı. Həmin gün keçən hər anı bizi hiddətləndirən, istəməsək də yaşadığımız tariximizə çevrilmiş o 200 ilin ən qürurverici, ən xoş günü idi. 200 il ərzində xalq belə bir gün yaşamamışdı. Həmin gündən sonra xalq 200 il yaşamadığı günləri yaşayacaqdı. Təbii ki, ən yaxşı mənada. Çünki 2020-ci il 27 sentyabr günündən başlayaraq bir xalq bütün səddləri sökdü, dağıtdı, qəfəsdən çıxdı, sinə dolusu nəfəs aldı, qılıncını əlində sıxdıqca sıxdı və ən böyük Zəfərinin başlanğıcını əldə etdi. O Zəfər ki, 200 ildə bu zəfərin ən xırdasından xırdasını belə qazana bilməmişdi. İtirə-itirə getmişdik biz torpaqlarımızı, igidlərimizi, qəhrəmanlarımızı, sərkərdələrimizi... Hətta bu illər içində elə bir il var idi ki, paytaxtımız belə itirilmək təhlükəsi altında idi. Əldən gedə bilərdi, gedirdi belə... Ancaq Azərbaycanın sonralar yetişdirdiyi şirlər, nəhənglər buna imkan vermədilər. Azərbaycan öz yarasını tam sağalda bilməsə də, yaralı vəziyyətdə dirçələ bildi. Xalq 27 sentyabr gününə 200 illik tarixdə hazırlıqlı idi, elə dövlət də öz yenidən bərpasından başlayaraq bu tarixə hazırlaşırdı. Vətənin igid oğul və qızları 27 sentyabr günü uzun illər gedilməsini gözlədikləri müqəddəs Zəfər yolunun ilk addımlarını şərəflə, qürurla atırdılar.Haqqında söz açacağım bu igid vətən fədailərindən biri mən deyərdim ki, öz ömrünü elə Azərbaycanımız kimi yaşayıb. Son anında yox, hər anında vətəni kimi olub. Necə ki, Azərbaycanımızın başı əzəldən ən ağır bəlalar görüb, lakin öz övladlarından təskinlik tapırdı, bu qəhrəmanımız da elə vətəni kimi başı bəlalı olub. O, dünyaya göz açdığı yurdunu görmək arzusu ilə yaşasa da, həyatının son anına qədər bu arzu onun ürəyində qaldı. Uşaq vaxtlarından dərd-sər içərisində çırpındı, ata dərdi, torpaq dərdi... Oğulları ilə təskinlik tapardı vətəni kimi... Ancaq heç özü də bilməzdi ki, nə vaxtsa vətən sevgisinə görə öz uşaqlarını da yetim qoyacaqdı... Fələyin işinə baxın ki, Rza kişi övladı Abbasını 6 yaşında atasız qoyduğu kimi, Abbas da atasının adını daşıyan bala Rzasını 6 yaşında yetim qoyacaqdı...
Bu qəhrəmanım ilk pilot şəhid mayor Abbas Rza oğlu Qasımovdur.
Abbas Qasımov 17 mart 1986-cı ildə terrorçu qonşularımızın əlimizdən aldığı, həsrət qaldığımız Zəngibasar (Masis) rayonunun Rəhimabad kəndində dünyaya göz açıb. Abbas həmin illərdə bu ailənin son sevinci idi... Çünki fələk istəyirdi ki, Abbasın gəlişi ilə bu ailə sonuncu dəfə sevinsin, şadlansın...
Bacısından iki il sonra doğulub Abbas... Pünhanə xanımla əlaqə saxladım... O, nə qədər nikbin şəkildə yazmağa çalışsa da, daxilindəki duyğularını gizlədə bilmirdi... Mən onu anlayırdım, onun dərdi çox ağır idi. Deyirdi ki: “Həyatımda bir körpə yaşda ata itirdim, bir də 37 yaşımda... Soruşsanız, hansı çətindir, deyərəm ki, qardaş dağı dözülməzdir... Allah heç bir bacıya qardaş tabutunu qarşılamağı qismət etməsin... Çox çətin imiş Şəhid bacısı olmaq. Təsəvvür et ki, bir daha qardaşını qucaqlaya bilmirsən... Nə deməkdir axı, Abbas qardaşım? Allah qismətiməmi yazıb, həm atanın, həm qardaşın qəbrini qucaqlamaq? Bir düşün, necə çətindir... Bacılar qardaş deyib qucaqlayanda mən gecələr onun üçün göz yaşı tökürəm...”
2 il boyunca Abbasla birlikdə sevinən ailə heç narahat olmadı, dərd çəkmədi... Bu illərdə Abbas ailənin sevincinə çevrildi. Rza kişinin ailəsi, yaxınları Abbasdan dualarını əskik etmədilər. Onların Abbasın gələcəyinə böyük inamları vardı.
Fələk, axır ki, öz oyununu qurdu və başlatdı... Həmin illərdə daxilindəki kinini, paxıllığını, naqisliyini yavaş-yavaş üzə çıxaran mənfur ermənilər gözləmədiyimiz bir anda bizi öz yurdumuzdan qovdular... Onda qara təqvim 1988-ci ilin noyabr ayını göstərirdi... Terrorçu ünsürlərlə böyük xalq arasındakı qarşıdurma həmin illərdə təzə-təzə baş qaldırırdı. Qərbi Azərbaycanın hər yerində deportasiyalar başlayırdı. İnsanlar zorla ev-eşiklərindən, yurd-yuvalarından qovulur, xüsusilə, azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə deportasiyalar daha sərt olur, ermənilərin xain planları get-gedə gerçəkləşirdi.
Növbə gəlib Abbasın ailəsinə də çatdı... Körpə gözlərdəki gülüş bir anda yox oldu... Analar çarəsiz qaldı, ataların beli büküldü... Abbas dünyanın ən böyük ağrısını körpə canında güclə daşımağa başladı... O, bu yurdu bir daha görə bilməyəcəkdi. Görmədiyi, xəyalına belə gətirmədiyi ən pis günləri başlayırdı Abbasın...
Cani, qaniçən erməni cəlladları növbəti ev kimi Qasımovların evinə soxuldular. Abbasın gözləri erməninin yırtıcı, vəhşi heyvan kimi simalarını görəndə bir az qorxdu... Həmişə gülüb-sevinən Abbas həsrətlə qarşı-qarşıya olmağın ilk dəqiqələrini yaşadığına görə, bəlkə də, ilk dəfə ağladı... Ana Abbasın göz yaşlarına dözə bilmədi... Axı, Abbas hələ uşaq idi... Bu dərdə uşaq necə dözsün? Axı, onun qəlbi daşdan deyil, bapbalaca bir ət parçası olan körpə uşaq ürəyidir... Ana uşağı qucağına alsa da, onu sakitləşdirə bilmirdi. Ata da uşağın ağlamasına yanıb-yaxılırdı. Rza kişi özünü saxlaya bilmədi:
Sizin heç imanınız yoxdur? Görmürsünüz, körpə uşaq necə ağlayır?
Ata hələ sözünü tamamlamamış erməni cəlladlarından biri onu itələdi. Sonra ermənicə danışdı, qəhqəhə çəkərək güldü. Vəhşi kobudluğu ilə evdəkiləri necə evdən çıxartdısa, ailənin evlərini sonuncu dəfə görməyə belə macalları olmadı.
Bir ev arxalarında qalırdı onların... O ev ki, bir ailə orada kəndlə sevinib, kəndlə gülürdü. O ev ki, həmişə xeyirxahların, sədaqətlilərin evi olmuşdu. O ailədən heç kəsə zərər gəlməzdi. Düşmənlərə amansız idilər, axı, heç onların düşmənləri də yox idi. Onlar düşmən qazana bilməzdilər.
Erməni vəhşiləri onları evdən çıxardandan sonra dərhal od vurub evi əşyalarla birlikdə yandırdılar... Daş üstə daş qoymadılar... Abbasın qışqırıb dəli kimi ağlamasından heç evə baxmağa da macalı yox idi Kifayət ananın. Heç baxa da bilmirdi əvvəl min bir əzab əziyyətlə qurduğu, indi isə bir anın içərisində zalımlar tərəfindən od vurularaq yandırılan yuvasına... Bir ailə, bir oba, bir millət, bir vətən dünya boyda dərdlə birlikdə Qərbi Azərbaycandan Şimali Azərbaycana doğru yol aldı... Heç ürəyimdən gəlmir Azərbaycanı şimaliyə, cənubiyə, qərbiyə ayıram... Onu ayıran düşmənlər olub... Üzü qara olsun düşmənlərin...
Binəqədi rayonunda məskunlaşan Qasımovlar ailəsinin başçısı Rza kişi heç dözə bilmirdi bu istəmədiyi köçə... O torpaqlar onun canı, qanı idi... Hətta onu ömür boyu səssiz-sədasız otağın küncünə saxlasalar belə öz doğma torpağında olduğu üçün səsini çıxartmazdı. Ürəyini orada qoyub getmişdi Rza kişi... Bir daha orada olmamaq duyğusu ilə qarşı-qarşıya qalmaq... Düşünmək belə əzab idi, dərd idi.
Həmin illərdə Azərbaycanda Azadlıq Hərəkatı başlamışdı. İnsanlar küçələrə, meydanlara axışıb azadlıq istəyirdilər. Lenindən Lenində heç vaxt olmayan haqq, hüquq, ədalət istəyirdilər. Rza kişinin də bundan xəbəri var idi. Buna görə, bir az elə bil ümidlənirdi. Fikirləşirdi ki, bu hərəkatın bir nəticəsi olar. Azərbaycan müstəqilləşər, güclənər. Ancaq qarşıdurmalardan başını qaldırmağa vaxtı olmayan millətin bir hissəsi də Qarabağda şəhadətə doğru irəliləyirdi...
Yurduna qayıdacağına köməkliyi dəyəcəyinə ümid bağladığı üçün Rza kişi qərara aldı ki, özü də bu hərəkatda iştirak etsin. Səhərisi günü qardaşı ilə birlikdə hərəkata qoşulmağa getməyə hazırlaşan Rza kişini oğlu Abbas gördü. Abbas təəccüblə atasına baxaraq soruşdu:
Ata, hara gedirsən?
Küçəyə çıxıram, oğul. Meydan hərəkatının olduğu yerə.
Orada neyləyirlər, ata?
Camaat küçəyə axışıb, iynə atsan, yerə düşməz adam əlindən. Hamı haqqını istəyir. Oğul, bəlkə, nəsə dəyişdi, yenə obamıza-elimizə qayıtdıq.
Abbas bu sözü eşitcək elə bil oyandı:
Nə? Onda mən də gedirəm.
Rza kişi razılıq üçün həyat yoldaşına baxdı, həyat yoldaşı da baxışları ilə razılıq verdi. O, bilirdi ki, atası Abbası kütlənin arasında itirməz, ayaq altda qoymaz. Abbas sevinə-sevinə atasının çiynində oturdu. Əmisi ilə birgə küçələrlə axışan insan selinə qarışıb azadlıq, haqq-ədalət axtarışına başladılar.
Rza kişigil insanların küçədə çox olduğu vaxtda çölə çıxmışdılar. Hamı küçədə idi. İnsanlar “Azadlıq! Azadlıq!” deyə-deyə bağırırdılar. Neçələri az qala ayaq altda qalırdı, neçələri istidən yansalar belə elə bağırırdı ki, az qala səsi batırdı. İnsanlar sanki, evləri imiş kimi meydandan ayrılmırdı.
Onlar Leninsiz Meydanda insanların ən bol olduğu yerdə idilər. Rza kişi Abbası yuxarıya qaldırır, Abbas tünlükdə qalxan əlləri görür, söyləyən dillərin səsini eşidirdi. Onun gördükləri əsl həqiqət idi. İnsan kütləsi arasından eşidilən səslər qulaqları batırsa da, deyilən söz qulağa məlhəm olurdu: “Azadlıq! Azadlıq! Azadlıq! Qarabağ bizimdir! Qarabağı vermərik! Yurdumuzu vermərik!”. Bu insan selinin arasında doğulduğu torpağı işğal olmasa da, yenə də yurddaş bilib yurddaşının səsinə səs verənlər, yurd-yuva həsrətindən Abbas kimi ürəyi yaralı olan uşaqlar da var idi.
Abbas insan selindən yayılan səslərin uğultusundan elə bil yavaş-yavaş yuxudan oyanırdı, dirçəlirdi. Onun da elə bil daxilində söz tayası yığılmışdı. Daxilindəki qaçqınlığın acısı bu söz topasını onun ürəyindən qovurdu. Bu söz ürəkdən dilə tərəf qovulur, dildə qaçqın kimi yaşayırdı. Sonda isə dildən çıxaraq elə bil öz dədə-baba yurduna qayıdırdı. Nəhayət, birdən Abbas özünü saxlaya bilməyib bərkdən qışqırdı:
Qalabağ bizimdir! Qalabağ bizimdir! Qalabağ bizimdir!
O, “r” hərfini tələffüz edə bilməyəcək qədər balaca idi. Ancaq bu sözü deyəcək qədər öz Vətənini, yurdunu sevən insan kimi böyümüşdü.
Abbas yenə də dözə bilmədi və var gücü ilə yenə qışqırdı:
Qalabağ Azərbaycanındır!
Bir anda ətrafda olanlar hamısı qeyri-ixtiyari çönüb Abbasa baxdılar. Abbas atasının çiynində olduğu üçün hündürdə idi. İnsanlar onu görür, ondan güc alıb daha çox bağırırdılar. Eyni zamanda Abbas əhatədə olanlar tərəfindən əldən-ələ gəzdi, heç tanımadığı yurddaşların əllərini gördü, bəzisi dözə bilmir, onu bağrına basırdı. Tez bir zamanda insan selinə başçılıq edən rəhbər də Abbası gördü. İşarə verdi ki, onu bura gətirin.
Rza kişi sevincindən qardaşını qucaqlayıb bağrına basırdı. Abbas insanların başları üzərindən əlləri ilə biri-birinə ötürməsi yolu ilə rəhbərin əlinə doğru irəlilədi. Nəhayət, o, rəhbərə yetişdi, rəhbər inamlı nəzərlərlə ona baxdı və onu bağrına basdı. Sonra isə başı üzərinə qaldırdı. Ona dedi ki, yenə dediyi sözləri hayqırsın. Abbas bir daha hayqırdı:
Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır!..
Rəhbər dedi:
Həmvətənlərim, yaxşı baxın, bizim gələcəyimiz belə etibarlı, inamlı, mərd və cəsur əllərdə olacaq, eşq olsun belə övladlar yetirən xalqa!
Rəhbərin sözü tamamlanan kimi yenə insan seli onun sözünü təkrarladı və səs dalğası Xəzərin dalğalarını təlatümə gətirdi.
O an Abbas üçün unudulmaz an idi. Abbas bu anı özünün də son anına qədər unutmayacaqdı. O andan bəri Abbas özünü vətən, torpaq, azadlıq yoluna həsr etdi. İstədi ki, Azadlıq yolunun ayrıcı Zəfər yolu olsun!
İndi Abbasın həyat kitabının həqiqət olan bu səhifəsi yalnız bir şəkildə yaşayır...
5 il Vətən, torpaq həsrəti ilə yaşadı Qasımovlar ailəsi... Elə bil 5 il onları həbsdə saxlayırdılar... Hələ Abbası demirəm... O, heç də özünü ağlı təzə kəsməyə başlamış uşaq kimi aparmırdı. O, elə bil əvvəlcədən bilirdi ki, burada doğulmayıb, öz doğulduğu torpağı, doğma yurdu var, oradan qovulub... Bu dərdlə böyüyürdü O... Məktəb yaşına çatırdı.
Abbas tədricən hiss edirdi ki, atası heç özündə deyil. Özünü yaxşı göstərməyə çalışsa da, ürəyi yaman ağrıyır. Atasının bu halına o da yanırdı. Gününü onunla keçirməyə çalışırdı, ancaq yenə də hiss edirdi ki, atasının canı ağrıyır. Heç nəyi yox idi onun. Ancaq sağalmaz bir xəstəliyi var idi. Yurd. Torpaq. Ev. Vətən həsrəti.
Abbas ümid istəyirdi, ancaq bu ümid atasında yox idi. Bir neçə dəfə məktəbə gedəcəyindən danışırdı, atasına bununla təskinlik vermək istəyirdi. Abbasın məktəbə getməsi, həqiqətən, Rza kişi üçün təskinlik idi. Bilirdi ki, Abbas məktəbə gedənə qədər yaşayacaq. Dərdlə, əzabla da olsa, yaşamağa çalışacaq...
Abbas məktəbə gedən gün heç sevincli deyildi. Çünki atasını görməmişdi. Heç məktəbə də atası aparmamışdı onu. Bu barədə əvvəldən də heç nə deməmişdi. Ona görə də nə qədər onu sevindirməyə çalışsalar da, o sevinmirdi. Anası Abbasa baxıb daxilində köks ötürürdü. Çünki uşağı gerçəkləri bilmirdi. Hamı sevinərkən Abbas qəm içində idi. Tək diləyi dərs bitəndən sonra atasını görməsi, atasının onu qucaqlaması idi.
Olmadı... Fələk balaca Abbası aldatdı... Abbas dərsdən qayıdanda atasının cismini yox, tabutunu qucaqlamalı oldu... Abbasın xəyalları qaranlığın dibinə qədər enmişdi. Həyatının ən pis anı idi bu an. Atası uzun sürən həsrət xəstəliyindən, ümidsizlik xəstəliyindən rəhmətə getmişdi..
Bundan sonra, Abbasın tək diləyi bu anı bir də yaşamamaq idi. Anasını da belə itirmək istəmirdi...
Həmişə sabaha inanan, yurduna qayıtmaq ümidi ilə, həsrətə son vermək ümidi ilə səbrlə dözüb gözləyən Abbas öz yurdunun tarixini tamam-kamal bilmək üçün can atdı məktəbə. Anası da ona demişdi ki, atanın tək vəsiyyəti sənin böyüyüb layiqli vətən övladı olmağındır.
Abbas 1993-2003-cü ildə F.İsgəndərov adına Binəqədi rayon 157 nömrəli tam orta məktəbdə təhsil alır. Bu illərdə o, qüsursuz xidmət edən bir əsgər kimi məktəbdə nizam-intizamlı olur və dərslərini mükəmməl oxuyurdu. Anası deyir ki, o, heç vaxt istəməzdi ki, onun barəsində kimsə tərəfindən mənə şikayət gəlsin. Abbas bunu öz mənliyinə sığışdırmazdı. Anası onun üçün əzəldən bəri həm ana, həm də ata olmuşdu. Anasının sözləri Abbas üçün atasının vəsiyyəti idi, o, bunu çox yaxşı bilirdi. Nümunəvi şagird kimi həmişə sinif yoldaşlarından seçilirdi. Hər dəfə tarix dərsini oxuduqca Abbasın ürəyi elə bil yanar odda bişirdi. Bu bişən ürək gələcəkdə tarixin qisasını alan bir cəngavər ürəyi olmalı idi, gələcəkdə qılınc olmaq üçün oda verilən dağ çəkdirilən bir dəmir kimi... Onun dəmirçi kimi sahibi elə bu kitablar idi. Bu kitablar ona öz yurdunu, öz tarixini, Azərbaycanın əzəldən bəri nə zülmlər çəkdiyini öyrədirdi. Abbas bəzən oxuduqlarına dözə bilmir, ürəyini sıxıb göz yaşı çıxarırdı... Əl pəncəsi yumruq olana kimi sıxıldıqca sıxılırdı. Ancaq hələ də qisas vaxtı gəlib yetişməmişdi. Yurdumuzdan, yuvamızdan ayrı idik... Abbas istəyirdi ki, qisas günündə qisasçı kimi o da bir pay sahibi olsun. Çəkilən hər qisasa çatdıran yolda onun da qabar-qabar olan əlinin izinin olmasını istəyirdi o... Abbas qisas istəyirdi. Ürəyini sıxıb çıxartdığı sözlər bunu söyləyirdi.
Elə ona görə də Abbas daha dözə bilmədi və orta məktəbi bitirən kimi, 2003-cü ildə gələcək həyat yolu kimi hərbi məktəbi seçdi. O vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına qəbul olur. Abbas yurd həsrəti ilə çırpınan ürəyinin səsini dinləyərək bu addımı atmışdı. Ancaq özünü bu oda atdığı kimi bu oddan çıxa bilməyəcəyini də bilən Abbas yenə də həyatının ən düz addımını atdığına əmin idi. Həqiqətən də, o, düz addım atmışdı. Elə atasının vəsiyyətlərindən ən ümdəsi də bu idi. Rza kişi ömrünün son anlarında son ümidini Abbasa bağlamışdı. Ürəyinə dammışdı ki, bu qisas anı Abbasa da çatacaq. Abbas qisasa yaxınlaşdıran yolda inamla irəliləyəcəkdi və irəliləyirdi. Orta məktəbdə necə oxuyurdusa, ali məktəbdə də elə oxuyurdu. Bir səhvi belə olmadan orta məktəbdəki tendensiyasını davam etdirirdi. Onun fikrincə, bir səhv məfkurəyə xəyanət idi. O, ali məktəbdə də yoldaşları arasında nümunəvi idi.



2007-ci ildə Akademiyanı böyük müvəffəqiyyətlə bitirən Abbas həyatının ən xoş günlərini yaşayırdı. Çünki bundan sonra yol ancaq qisasa doğru uzanırdı. Qisasa qovuşduran, çatdıran yol. Abbas artıq bu yolun yolçusu idi! O, artıq şərəfli bir zabit, hərbi qulluqçu idi! Bundan sonrası ancaq bu yolda yerimək, o anın gələcəyi üçün dua etmək və o anı daha da yaxınlaşdırmaq idi!
Abbas həmin illərdə öz istəyi ilə Sərhəd Qoşunlarında mərkəzdən ucqar yerlərdə xidmətinə başladı. Qüsursuz xidməti ilk ilində dəyərləndirildi. 2008-ci ildə Abbas Qasımov ilk medalını aldı. Bu, Abbas üçün bir şey ifadə etmirdi. Anasının xatirələrində Abbas belə yaşayır; O, deyirdi ki, mənə medal lazım deyil, ailəmə, Vətənimə yaxşı xidmət, qulluq edim, bu, mənə bəsdir.
Xidmət etdiyi illər ərzində o, bir məqsəd, bir amal uğrunda irəliləyir, çalışır, təcrübə qazanırdı. Qarabağ amalı! Torpaq həsrətinə son vermək adlı bir amal! Bu amal müqəddəs idi! Bu amal yolunda o, həmişə sabaha inanırdı. İnamla etdiyi xidmətində hər şeyə diqqətlə yanaşırdı. İş yoldaşlarına qarşı da çox diqqətli, həssas və səmimi idi. Onları bir dost bilirdi. İnanırdı ki, bir gün o gün gələcək və onlar bir olub bir Vətən oğlu kimi düşmən üzərinə şığıyacaqlar.
Həmin dostlardan biri də baş leytenant Xalid Həsən oğlu Gözəlov idi. Onlar bir-birlərinə isinişmişdilər. Allah bu iki ailəcanlı, böyüyünə-kiçiyinə qayğı, hörmətlə yanaşan, işində qüsursuz olan, Vətəni üçün, amalı üçün addımlayan hərbçiləri elə bil bir yaratmışdı. Xalid və Abbasın dostluğu əbədi idi. Bu sonrakı illərdə dostluq yox, qardaşlıq oldu. Abbasın ailəsi Xalidin ailəsini, Xalidin ailəsi Abbasın ailəsini yaxından tanıdı.




2020-ci il... Bu il min illiyin yaddaşından silinməyəcəkdi... Bu il Qisas ili, Zəfər ili, Şəhidlik ili olacaqdı... Ancaq hələ ki, ürəyimizi sıxmaqda idi... Çətin, ağır günlərdə Qasımovlar ailəsinin tək sevinci Abbas idi. O, 26 iyun 2020-ci ildə qüsursuz xidmətinə görə 2-ci dərəcəli medal almışdı. Bu xəbəri eşidən ailə çox sevindi. Abbas üçün ifadəsiz olan bu uğur ailəsi üçün də elə idi. 3 ay sonra Abbasın böyük oğlu, axır ki, məktəb yollarında yeriyəcəkdi. Abbas buna görə çox sevinirdi. Çox istəyərdi ki, günlər tez keçsin, oğlunun məktəbli olmasını görsün, sevinsin... Ancaq günlər tez keçmirdi, elə bununla bir yerdə işlər də artırdı. Ailə günlərlə Abbası görmürdü. Lakin bu dəfə Abbas yeni medal sevinci ilə ailəsinin yanında oldu. Şənlik çox sevinclə keçdi. Bütün dərdlər, kədərlər bir anlıq unuduldu. Abbas öz ailəsini sevindirdiyinə görə sevinirdi. Hər dəfə də deyirdi, bu medal onun üçün əhəmiyyət kəsb etmirdi. Bu, sadəcə, uğur idi. Qələbəyə aparan uğur.
Son vaxtlar ailə üzvləri Abbası bu qədər sevincli görməmişdi. Həm də ailə üzvləri son günlərdə Abbası heç bu qədər də görməmişdi. İşlər çox sürətli də getmirdi, ancaq üst-üstə yığılırdı. Uşaqlar gözlərini Abbasdan çəkə bilmirdilər. Elə bil ilk dəfə görmüşdülər onu. Bəlkə, son dəfə görürdülər? Bu sualın cavabını zalım fələk verdi...
Bizi isti yay günündə qisas alovuna atan, bu alovda bişirən Tovuz döyüşlərindən sonra hərbçilərin, xüsusilə də, Abbasın işi çətinləşirdi. İşin çoxluğundan ailəyə vaxt ayırmaq olmurdu. Abbas Tovuz döyüşündən sonra yaman dəyişmişdi. O, əvvəlki kimi dözümlü Abbas deyildi. Heç nəyə səbir edə bilmirdi. İllərlə gözləmişdi, daha gözləyə bilmirdi. Hər gün Allaha dua edirdi ki, o qisas günü tez gəlsin. Səbrsizlik səbri də, ümidi də boğurdu.Daxilində səbrlə dözümsüzlüyün arasında müharibə gedirdi. Bu müharibənin nəticəsində gerçək müharibənin vaxtı gələcəkdi, gəlməliydi...
Abbas arada bir evdə olanda böyük oğlu ilə söhbətləşirdi. Oğlu ona onun üçün darıxdıqlarını deyirdi. İkinci oğlu hələ çox balaca idi, böyük oğlu məktəbə getməliydi. Oğlu həmişə atasından soruşurdu:
Ata, 15 sentyabr mənim yanımda olarsan? Şənlik keçirərik, sevinərik, gülərik.
Niyə də olmayım, oğul? Amma bilirsən də, ata təkcə, ailəni müdafiə etmir, bütün xalqı müdafiə edir. İşim çoxdur, vaxt tapsam, gələrəm.
Hələ söz verə bilməzsən?
Nə bilim, oğul. Baxım də. İşimiz yüngülləşsə, vaxtımız qalsa, gələrəm oğul.
Ata söz verə bilmirdi. Bu sözləri də güc-bəla ilə demişdi. Oğlunu inandırmağa əziyyət çəkirdi. Fikirləşirdi ki, hərbçi işidir, qəfil əmr verilər, hərbi əməliyyatlar başlayar, onda oğluna verdiyi sözə yalan çıxar. Abbas bilirdi ki, yaxın günlər ərzində bu dünya belə qalmayacaq, bu işlər belə getməyəcəkdi... Hər atəşkəs pozulandan sonra bir müharibə başlaya bilərdi... Müharibə tez də qurtarmır axı... Abbas bir yandan Allaha dua edirdi ki, qisas günü tez gəlsin, digər tərəfdən isə dua edirdi ki, oğlunun ilk məktəbə gedişində iştirak edə bilsin.
Abbasın ən böyük qorxusu bu idi ki, özü yaşadıqlarını övladlarına yaşatsın. İstəyirdi ki, övladları ata həsrəti çəkməsin. Anası deyir ki, Abbas uşaqlarına çox dəyər verirdi. Onlara həmişə istədiklərini alırdı. Mənə də deyirdi ki, mən istəmərəm, uşaqlarım mənim yaşadığımı yaşasın...
15 sentyabr günü Abbasın işi tərs kimi daha da artırdı. Bu günlərdə Abbas daha çox yəqinləşdirmişdi ki, müharibə qaçılmazdır. Bir gün bu olacaq. Yaxın günlərdə... olacaq. Abbas oğlunu düşünəndə yanıb yaxılırdı, belə ki, nə oğlunun, nə də özünün istədiyi olmuşdu. Fələk ikisini də ayırmışdı... Evə gələ bilməmiş, oğlunu doyunca görə bilməmişdi...
Həmin günlərdə Abbası sonuncu dəfə görən ailə, sadəcə, bir hissə qapılmışdı. Elə bilirdilər ki, Abbasın işi çoxdur, işi bitəndə istirahət edəcək, evində olacaq, uşaqlarını sevindirəcək, onların hər birinə vaxt ayıracaq... Zalım fələk bir qərinədən çox olan il ərzində Qasımovlar ailəsinə zülm verməkdən usanmır, bezmirdi...
26 sentyabr günü ailə Abbassız neçənci gününü sayırdı, bilmirdi. Ancaq fələk yaman başqa cür sayırdı. Ailə hər şeydən xəbərsiz idi. Abbas isə bir qərinəlik ömründə eşitmək istədiyi əmri çoxdan eşitmişdi. Səssiz-sədasız anasına zəng vurdu. Ana həsrətə qapılarkən telefona baxdı ki, zəng vuran Abbasdır. Gözünə həyat işığı gəldi... Ancaq bilməzdi ki, bu işığın ömrü bir gündən az olacaq.
Abbasın adını telefonda görən kimi ana zəngə cavab verdi.
Salam, ay oğul. Üzünü görək desəm də alınmır, heç olmasa, səsini eşidək. Necəsən, ay oğul? İşlərin necə gedir?
Salam, ay ana. Şükür, yaxşıyıq. Səndən bir söz almaq istəyirəm. Xeyir-dua ver, ana.
Verirəm ey, anan qurban sənə, nə üçün?
Səbəbini sonradan öyrənəcəksən, anam. Sən xeyir-duanı ver və əskik etmə.
Xeyir-duam onsuz da hər an səninlə olub, oğul. Bundan heç şübhən olmasın. Sənə bundan sonra da xeyir-dua verirəm. Hər işində uğurun olsun. Müsəlləh olmusan, müzəffər də olasan, oğul.
Sağ ol, ana. Ya hələlik..., ya da əlvida...
Nə dedin, oğul? – Ana elə bil “eşitmədi”.
Sonra Abbas zəngi dayandırdı... Bu sözlər Abbasın ailəsi ilə yaratdığı son əlaqə idi... Abbası hələ heç kəsin haqqında bir cümlə belə eşitmədiyi gələcək Zəfərli müharibə gözləyirdi...
27 sentyabra keçən gecə və həmin gecənin səhərəyaxını düşmən dayanmaq bilmirdi. Qudurmuş köpək qudurğanlığının son həddində idi. Ona əbədi və əzəli bir dərs vermək lazım idi. Bu dərsi ilk verən Abbas kimi Azərbaycan əsgərləri olmalı idi!
Döyüşə ilk kimin atılacağı məlum idi, iki dost, iki iş yoldaşı, iki qardaş: onlar mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlov idi!
Onlar gələcəyə inamla, ümidlə bir-birlərinə baxırdılar. Onların gözlərindən yeni sabahlı, yeni gələcəkli Azərbaycan və onun şanlı əsgərinin gözündən axan nur yağırdı. Abbasın gözü sevincdən nəmlənirdi, ancaq qəmlənmirdi. O, atasının vəsiyyətini yerinə yetirmək yolunun ilk addımında idi. Bir qərinəni keçən ömründə illərlə “Qarabağ Azərbaycanındır!” demişdi. Bu sözü sözdən əmələ keçirmək bundan sonra onun işi idi! Zəfər Yolunu ilk çəkən o iki ad idi: Xalid Gözəlov və Abbas Qasımov!
Qardaş, bu şanlı Qələbə yolunu ilk addımlamaq bizə həvalə olundu...
Mən bu günü illərlə gözləyirdim, Xalid... Ömrümün hər anı bu gün üçün yaşamışam... Elə bil bu gün mən yenidən doğulmuşam... Ya ilk günüm olacaq, ya da son günüm... Əgər son günümüz olsa da... Bilirsən də, şəhidliyə addımlayan bir əsgərin son sözü nə olur?...
Bilirəm...
Hər ikisi eyni vaxtda bir ağızdan hayqırdılar: “Vətən sağ olsun!”
Nəhayət, gecəni səhər edən saatlarda hamı şirin yuxuda ikən onlar qanadlı atları ilə ən qanlı döyüşlərə başlamışdılar. Döyüşə atılandan Abbası saxlamaq olmurdu. Dayanmaq bilmirdi. Gözünə bir qərinəyə çatan ömrü gəlirdi... Azadlıq Hərəkatında hayqırdığı vaxtlar... Atasının başdaşını qucaqladığı vaxtlar... Anasının göz yaşına dözən vaxtlar... O, səma qartalı kimi adını duyurmaq istəyirdi. Səmanın qisas alan qartalı kimi...
Bax belə! Bax belə! Ölümünüzü istəyirdiniz! Alın gəldi ölümünüz! Sizi heç yana buraxa bilmərəm! Qaçmaq üçün dabanınıza belə tüpürə bilməyəcəksiniz! – Abbas illərlə gözlədiyi qisas fürsətini əldən vermirdi.
Hər zərbəsində illər əvvəl erməni cəlladının onun atasını necə itələməsini yadına salırdı. Hər partlatdığı düşmən vertolyotunun içindəki ermənini onun atasını itələyən, soydaşlarını yurd-yuvasından didərgin salıb evlərini odlayan erməninin nəvəsi, oğlu bilirdi. Ona görə də bacardığı qədər zərbə endirirdi. Üstdə onun düşmənin canına vəlvələ, qorxu salmış vertolyotu, altda onun uçduğu yolla irəliləyən şanlı Azərbaycan ordusu var idi. Onun hər zərbəsindən əvvəl Xalid, sonra isə Azərbaycan əsgərləri güc alırdı. Düşmən üçün Abbasa zərbə endirmək müşkül məsələyə çevrilmişdi. Düşmənə ilk həmlədən həddini bildirən Abbas kimi oğullar idi.
Düşmənlər Abbasın daxilindəki qisasçılıq alovunun bu tezliklə şölələnib onları yandıracağına inana bilmirdilər. Düşmənə qan uddururdu Abbas. O, Şəhid qardaşlarının qisasını almadan gedə bilməzdi bu dünyadan. Hər qisas zərbəsi endirdikcə Abbasın ürəyi bir az sakitlik tapırdı. Çünki inanırdı ki, lazımınca qisas alıb və alacaq. Bundan sonra ya Şəhidlik qalırdı, ya da Qazilik... Abbas bunlardan ikisini düşünürdü. Düşünməsi onun zərbəsinə mane olmurdu. Bu düşüncə onun daxilinə yayıldıqca yayılmağa başlayırdı. Bəlkə, bu düşüncə elə indi həqiqətə çevriləcəkdi?
Çevrildi... Onun olduğu vertolyot düşmənin namərd gülləsinə tuş gəldi. Abbas tez paraşütlə yerə enməyə başladı. Namərdlər bu iki mərdi buraxmadı. Onlar məcburən düşmən tərəfə enirdilər. Ona görə də paraşütlə enən kimi yenə atəş açmağa başladılar. Abbas və Xalid anlayırdı ki, bu, sondur... Ancaq ona sevinirdilər ki, açdıqları yollarda özləri yeriyə bilməsələr də, Azərbaycan əsgərləri yeriyəcəkdi...
Abbas...
Xalid... – Onlar gülümsəyərək bir-birlərinə baxırdı.
Biz qisas ala bildik?.. Hə?
Aldıq, qardaşım... Düşmənə qan uddurduq...
Bundan sonrası nədir, hə, qardaşım?
Bundan sonrası əvvəla kəlmeyi-şəhadət, sonrası Şəhadət, ondan sonrası da Cənnətdir...
Vətən müharibəsinin başladığı ilk dəqiqələrdə bir Azərbaycan eli bu iki mərdi itirdi... Onlar böyük Zəfər yolunu açdılar. Qisasları birinci dəqiqələrdə də alındı... Abbas Qasımov və Xalid Gözəlov Vətən müharibəsinin qisası alınmış ilk şəhidləri oldular! Bu Qəhrəmanlar Azərbaycan əsgərlərinə mayak kimi yol göstərirdilər, yol açırdılar... Bu yolları görmək nə qədər mümkünsüz idisə, göstərmək o qədər mümkünsüz idi. Ancaq müzəffər Azərbaycan əsgərinin bacarmayacağı bir şey yox idi. Onların açdığı yol 8 Noyabr 2020-ci ildə Şuşaya bayrağımızın sancılması ilə əsl Zəfər Yolu oldu... 2 yox, 20 yox, 200 illik yol gələn Zəfər Yolu!..Ruhları Şəhid olduqları andan Şuşaya boylanan bu iki Qəhrəman böyük Vətən, böyük Zəfər müharibəsinin əsl Qəhrəmanlarıdır!



Nur üzlü Şəhidimizin övladı olan qardaşlarıma səslənirəm ki, onlar həmişə başlarını dik tutsunlar. Çünki Sizə Vətən müharibəsinin ilk Qəhrəmanı, ömrünü Azərbaycan kimi yaşayan Abbas Qasımovun ruhu azad olunmuş torpaqlarımızın səmalarından baxır və həmişə də baxacaq...
Abbas Qasımov yaşayır və ölməzdir! Ruhun şad olsun, Zəfərimizin mayaklarından olan Azərbaycan əsgəri, Qəhrəman Qartal!





                SEVİNDİK NƏSİBOĞLU. 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ