SON DƏQİQƏ

MƏN ONU DAHİ ADLANDIRIRAM

Tarix:5-11-2022, 23:34

(Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Sevindik Nəsiboğlunin şəhidlərimizə həsr etdiyi “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabının təqdimat mərasimində (06.06.2022) kitabxananın elmi işlər üzrə direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə xanım Dadaşovanın çıxışı)
Mən Sevindiyi Şəhla xanım (Firudin bəy Köçərli adına kitabxananın direktoru) demişkən publisist kimi, yazar kimi, jurnalist kimi yox, mən onu dahi adlandırıram. Bəlkə də kim onun 5 kitabını oxusa, mənim sözümə şərik olar. Yəni onun hər bir kitabı onun kimliyindən xəbər verir. Biz o kitabları, əsasən də sonuncu kitabı oxuyanda görürük ki, o, müharibənin hər günündən, hər anından, gündəliyindən xəbər verir. Bu kitab elə bil ki müharibənin gündəliyidir. O, Vətənə olan sonsuz sevgisini hər bir şəhidi əzizləyə-əzizləyə, elə bil ona həzin bir layla çala-çala onun haqqında yazır. Hətta kitabda onun bir sözü var ki, müəllif deyir: müharibədə generalı şəhid olan Vətən... Yəni o hansı vətəndir ki, onun generalı da əsgəri kimi vətənin azadlığı uğrunda gedən müharibədə şəhid olsun? Belə bir yer, ölkə, vətən yalnız Azərbaycan ola bilər. Ancaq Azərbaycan oğullarına yaraşır bu sözlər ki, hətta onun generalı əsgəri ilə çiyin-çiyinə mübarizə aparıb və bir amal, bir məqsəd, bir arzu — vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda şəhid olub. Baxın, Sevindiyin bu düşüncəsi artıq onun öz içindən, onun mənəviyyatının güclülüyündən və zənginliyindən xəbər verir.
Şəhla xanım qeyd etdi ki, “Möhtəşəm Zəfərin nişanəsi” kitabı 700 səhifəlik bir kitabdır. Mən əvvəlcə istədim ki, kitabı sadəcə vərəqləyib müəyyən məlumat əldə edim. Bir az da yorğun idim. Ancaq kitabı vərəqləyəndə, hər vərəqdə bir şəhidimizin fotoşəkilini, onun haqqında yazılmış ensiklopedik məlumatları görəndə marağım olduqca artdı, yorğunluğum isə tamamilə yox olub getdi. Yenidən qayıtdım kitabı vərəq-vərəq oxumağa və mən qarşıma məqsəd qoydum ki, bu kitabı sona qədər oxumalıyam. Çünki Sevindik yeniyetməlik çağında qəlbi vətənpərvərlik sevgisi ilə dopdolu olaraq özünü vətən, şəhidlərimiz qarşısında borclu bilərək belə bir kitabı qələmə almışdırsa, onu sona qədər oxumaq da mənim bir borcumdur. Mən bu kitabı vərəqləyib keçə bilmərəm, onda şəhidlərimizin ruhu inciyər. Ona görə də sona kimi oxumalıyam. Belə də oldu, mən kitabı son səhifəsinə kimi oxudum. Elə bildim ki, şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş Şuşadayam, Qarabağın azad torpaqlarındayam. Son səhifəyə çatanda rahat nəfəs aldım ki, artıq Sevindiyin simasında bir daha mən Şuşanı azad gördüm. Bir daha Şəhidlərin ruhunu şad gördüm. Mən tutduğu bu müqəddəs, bu zəruri, bu əvəzolunmaz yolda Sevindiyə uğurlar arzulayıram. Bu cəfakeşliyini bildikdən sonra Sevindiyə “Vətən sevdalı Sevindik” adlı şeir həsr etmişəm. İcazənizlə həmin şeiri diqqətinizə çatdırmaq istəyirəm.
VƏTƏN SEVDALI SEVİNDİK
Hələ nə yaşın var, uşaqsan hələ,
Həyat yollarını çox az keçmisən.
Uşaqtək heç qaçıb gizlənməmisən,
Gizlənpaç da oynamaq istəməmisən.
Valideyn gözündə uşaq olsan da,
Böyüklərlə oturub durmaq istədin.
Keçmişə boylanıb, bu günə baxıb,
Tanınmışlara mehman olmaq istədin.
Dahilərin gözü ilə həyata baxmaq istədin.
Uşaq qəlbin böyüklərin dərdi ilə yükləndi,
Vətən üçün o havayla kökləndi.
Azərbaycanı qarış-qarış gəzdin sən,
Kimlərdən söhbət açmamısan sən?!
Bir zərif pöhrə də olsan,
Sərv ağacıtək tez bərkimisən.
“Nədir səni tez böyüdən?”, - soranlara
“Vətənə sonsuz sevgimdir”, - dedin.
Nə qədər ürəkdə sevgin var sənin?!
İnsanları, dağları, daşları sevdin,
Acılı, şirinli günlərlə qaldın,
Bir-bir varaqladın olub-keçəni,
Bar verənlərdən söhbət açdın sən.
Axtarıb ilkləri tanıtdın bizə,
Sətirlərdə şəhidlərə lay-lay dedin aramla,
Qartalların qıy vurduğu zirvələrdə dayanıb,
Səmalarda parlaq ulduztək yanıb,
Dağlarda dumanı dağıdan gördün.
Şəhidlərin nura qərq üzlərin gördün.
Sənə baxıb qürurlandılar,
“Vətən sənsən, Vətən bizik”, - söylədi onlar
Yazdığın hər sətir sanki dil açır,
Vətəni, elini sev, qoru, - deyir.
Bəlkə, yorulursan hərdən yazmaqdan?
Qələminsə sənə yenə yaz deyir.
Sonra gec olar, vaxtı gəlibsə
Vətəni sevənlərdən yenə yaz deyir.
Vətən sevgisi ilə yola düşürsən,
Keçilməz yolların daha nurlanır.
Dağlara çatanda ruhlar qoruyur,
Sənintək yurdunu sevən oğulu.
Axtarır, tapırsan, qəlbinə hopdurursan,
Sinən tarixə dönür, yazıb, yaradırsan.
Elini, yurdunu sevindirənin,
Yolları daim işıqlı, aydınlı olur.
Deyirlər, gecənin gündüzü vardır,
Gözlərin də yaxşısı, pisi də vardır,
Pis gözdən saxlasın Sevindiyimi,
Üzərlik tüstüsü əskik olmasın.
Sevindiksən, vurğunusan Vətəninin,
Daim səslən ilham bulağından,
Ürəklərə yol tap, orda yuva qur,
Həyat gözəlləşsin sənin sevgindən.
Vətənə olan sevgin daim gül açsın,
Vətənə olan sevgin heç vaxt solmasın!
Sevindik, mənim balam! Bu gün çox sevinirəm ki, səninlə tədbirdə görüşdük. Sənə arzulayıram ki, həmişə Vətən sevdalı olasan və Vətəni sevənlərdən həmişə belə söhbət açasan! Sənin Şəhidlər haqqında yazdıqlarını heç kim vərəqləyib keçə bilməz, necə ki mən keçə bilmədim. Çünki o ruhlar “bizi oxu”, - dedilər. Sənin o əziyyətini mən görürəm. Allah sənin əziyyətini yerdə qoymasın! Ata-ananın gözündə, vətənin, xalqın üçün həmişə bir nur saçan çıraq olasan, nur olasan və o nurlu çıraq özü də sənin yollarını həmişə işıqlı, nurlu etsin. İnşəAllah! Amin.

06.06.2022

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ