Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”...
Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.
Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.
15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan... Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.
Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.
Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.
Bura Natəvanın yurdu,
O, sinəndə yuva qurdu.
Yaşasın qəhrəman ordu,
Narahat olma, Qarabağ.
“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.
O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.
2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:
Arar Şuşanı gözüm,
Qalmayıb canda dözüm.
Şuşasız üzüm gülməz,
Ağlayır kəlməm, sözüm.
Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.
Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu... Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:
Gözlərdə bir sükut var,
Hər gün təzələnir.
Qaranlıqlar arasında,
Hər gün pislik gəlir, gedir.
Sanki mən baltalanmışam,
Yerdə qıvrılır yazıq bədənim.
Gecə keçir, gecə keçir,
Pərdələr açır səhəri.
Sanki mən bahalanmışam
Yaşamağa qoymurlar məni
Səhərə bir inamla,
Açıram pərdələri.
Pislik məni gözləyir
Yola verirəm sevincləri.
Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.
Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.
1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.
2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.
3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.
4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.
5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.
Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır...
Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!
VAQİF YUSİFLİ
Filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri
2023