Torpaq cərşənbəniz və Bayramınız mübarək!
Torpaq çərşənbəsi haqqında nə bilirik? – Araşdırmada YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun orijinall mülahizələri.
Novruz çərşənbələri içərisində axır çərşənbə Torpaqdır. Torpaq insan yaradıcılığının əsas maddi elementi olduğu üçün bu prosesdə mühüm rol oynayır və türk mifologiyasında müqəddəs sayılır. Torpaq etno-mənəvi dəyərlər sistemində vətən anlayışı ilə birlikdə işlənir.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Yerin yazda oyanması mifoloji kökləri baxımından dirilmə və dirçəliş anlayışı ilə bağlıdır. Mifologiyada torpaq tanrı keyfiyyətinə malik olduğuna inanılan yer qabığıdır. Torpağın müqəddəsliyinə inam ən ibtidai və qədim inanclardan yüksək inkişaf etmiş dinlərə qədər davam edir. Demək olar ki, bütün inanclarda su, göy və yer üç əsas universal element kimi qəbul edilir və “Yer Ana” ilk tanrı modelidir.
Türk mifoloji dünya modelində yer yaratmaq, torpağa həyat vermək, qoruyucu başlanğıc kimi funksiyaları ilə təyin olunan “Torpaq Ana”, bərəkətin qoruyucusu, torpağın sahibidir. Həmçinin, bəzən mifoloji varlıq olaraq Ulu Ana, Yer Ana, İlahi Ana və qarı nənə kimi adlarla qarşımıza çıxır. Qədim baxışlarda səmadan fərqli olaraq torpaq qadın kimi qəbul edilirdi. “Ana torpaq”, “vətən” anlayışları da buradan yaranıb. Bundan əlavə, maddi sərvətlər qadın, mənəvi sərvətlər isə kişi sayılırdı. Bu həm də ilk dörd elementin (su, od, torpaq, hava) xüsusiyyətləri ilə bağlıdır.
Əfsanələrə görə, Böyük tanrı Kayra Xan və ya Qara Xan suları yaratmış və sonra bir qu quşu göndərmişdir. Qu quşu dənizə dalıb, dimdiyi ilə dənizin dibindən palçığı götürüb, sonra da suyun üstünə çıxıb. Qara xanın əmri ilə quş dimdiyindəki palçığı suya səpdi və beləliklə torpaq sahələr əmələ gəldi.
Torpağın əmələ gəlməsi ilə də dünyanın formalaşması başa çatır və təbiətdəki digər maddi sərvətlərin (çaylar, dağlar, meşələr, səhralar, heyvanlar, insanlar və s.) əmələ gəlməsi üçün zəmin yaranır. Bir çox mifoloji sistemlərdə dünyadakı bütün varlıqların maddi, obyektiv tərəfi mayasını torpaqdan götürmüşdür. Halbuki Allah əvvəlcə cansız hər şeyi yaratmış, sonra isə onlara son mənəvi ünsür olan ruhla həyat vermişdir.
Əfsanələrə Ata Gökünün (qədim türklərdə Göy Tanrısı) Yer Ana ilə (qədim türklərdə Umay /Humay) müqəddəs toyu edilir və bütün doğumlar bu toyla başlayır. Bu çərçivədə İlaxır çərşənbəsi kimi tanınan Torpaq çərşənbəsi ilə torpaq oyanır və təbiət təzələnir. Ulu əcdadlarımız yerin oyanmasını coşqulu mərasimlərlə, xalq mahnıları ilə, ayinlərlə qeyd etmişlər.
Azərbaycan türklərinin Novruz çərşənbələri ilə bağlı mifoloji düşüncələrinin kökləri tarixin çox dərin qatlarına gedib çıxır. Adət və ənənələrdə, ayinlərdə, köhnə bayramlarda, folklor nümunələrində, klassik ədəbiyyatda onların izləri indi də yaşamaqdadır.
Geniş coğrafiyaya malik olan, əsrlər boyu türk mədəniyyət və inanc sisteminin izlərini daşıyan, təbiətin oyanışını təqvimdən asılı olaraq folklor və ya mədəniyyət hadisəsi kimi təmsil edən Novruz bayramı Azərbaycanda da bütün canlılığı ilə qeyd olunmağa davam edir. Kökləri mifoloji dövrlərə dayanan, ritual və adət-ənənələr toplusunu təşkil edən bu bayramda daha çox yer alan mərasimlərin başında çərşənbə mərasimləri gəlir. Əski türk inanc sistemində müqəddəs sayılan od, su, hava (yel) və torpaq çərşənbə mərasimlərinin əsas elementləridir və bu ünsürlərlə bağlı ayin və mərasimlərin əsas məqsədi təbiəti təzələmək, məhsuldarlığı təmin etməkdir.
Novruz şənliklərinin əsasını təşkil edən od, su, torpaq və yel həm də yaradılış və yeniləşmə miflərinin əsas dinamikasını təşkil edir. İnanclara görə, yaradılışın dörd elementindən biri fevralın son həftəsindən başlayaraq hər həftə canlanır. Novruz ayının ilk çərşənbəsi Su çərşənbəsidir və suyun təzələnməsi inancı ilə bağlıdır. Həmçinin su yaradılışın dörd ünsüründən biri və birincisi kimi qəbul edilir.
İkinci çərşənbə Od çərşənbəsidir və yerin isinməsini təmsil edir. Od çərşənbəsi günəşə hörmət və oddan qorunmağa əsaslanır. Mifologiyada od yaradılış prosesinin ikinci mərhələsinin təzahürüdür.
Üçüncü çərşənbə havanın isinməsini bildirən və mifologiyada yaradılış prosesinin üçüncü mərhələsini təmsil edən Torpaq çərşənbədir. Axır çərşənbə torpağın yazda oyanmasını, mifoloji baxımdan isə son yaradılış mərhələsi olan yerin əmələ gəlməsini və formalaşmasını ifadə edir. Bu dörd ünsürün canlanması ilə qış sona çatır, təbiət oyanır və bahar gəlir. Azərbaycan türkləri təbiətin yenilənməsini, yazın gəlişini “çərşənbə” adlanan mərasimlərdə ocaq yandıraraq qeyd edirlər.
YYYSİB sədri, yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov:
“İlaxır çərşənbələrlə bağlı Azərbaycan xalqında əsrlər boyu bəlkə də qədim Midiyadan və Zərdüşt peyğəmbərdən üzü bura kimi çox maraqlı inanclar mövcuddur. Bu inanclar sadəcə elə-belə insan xatirinə, və yaxud hansısa simvolik bir hadisənin obrazlı ifadəsi deyil. Bu həm də kənd təsərrüfatı, mövsümün dəyişdirilməsi, insanların qışdan yaza sağlam çıxması, qida rasionunun dəyişdirilməsi, təbiətin oyanması, həyatın yenidən doğulması ilə bağlı baxışları özündə ehtiva edir.
Novruz bayramı və ilaxır çərşənbələr bütövlükdə bir sistem təşkil edir və su, od, yel və torpaq çərşənbələri əsas bayrama hazırlıq xarakteri daşıyır. Bu çərşənbələrdə insanlarımız kənd təsərrüfatında hansı məhsulların yetişdirilməsinin daha faydalı olduğunu əvvəlcədən proqnozlaşdıra bilirdilər. Keçmişdə su qıtlığı olduğu üçün qışda buz və qarı xüsusi saxlanclarda yığmaqla kiçik gölməçələr düzəldir, gələcəkdə yaz suvarmasına bir növ kömək məqsədi daşıyırdı. İlaxır çərşənbələrin hər birində həm də təbiət hadisələrinin, mövsümün necə olacağı ilə bağlı ilkin elmi təsəvvürlər özündə ehtiva edirdi.
Bu ilaxır çərşənbələr zamanı, xüsusilə də Torpaq çərşənbəsində evlərdə xüsusi təmizlik başlayır. Belə ki, evin suvaqlanmasından tutmuş, çəpərlərin təmirinə qədər işlər görülür. İlaxır çərşənbələr zamanı bəzi bölgələrdə 1, bəzilərində 3, bəzisində də 7 tonqal qalanır. Tonqalın üstündən hoppanmaq da adətdir. Bu zaman bütün xəstəliklərin məhv olması üçün dualar edilir. Əl işləri olan insanların, şirniyyat bişirən xanımların yarışması da bu baramda baş tutur. Həmçinin, sosiallaşma da artır. Küsülülər barışır, biri-birinin evinə gedirlər, məzarlar səliqəyə salınır. Səməni və qorğa kimi Novruz süfrəsinə qoyulası məhsullar var. İlaxır çərşənbələr zamanı Novruz süfrəsində “s” hərfi ilə başlayan 7 nemət olmalıdır. Həmçinin, nişanlı qızlar üçün xüsusi xonçalar və qurbanlıq gətirilir. Bununla da ailələr arası gediş-gəliş və isti münasibət yaranırdı. Novruz bayramının əsas hissəsi axşam baş tutur. Qızlar daha çox fala baxır, oğlanlar papaqatdı edirdilər. Onlara hədiyyələr verilirdi. İnsanlar çalışırdılar ki, küsülüləri barışdırsınlar. Qızlar oğlanlar onu bəyənsin deyə seyrangaha çıxırdı. Bu gözəl adətlər digər xalqlarda demək olar ki, yoxdur. Bu da onu sübut edir ki, xalqımız dünyanın ən böyük və qədim sivilizasiya yolu keçmiş toplumlarından biridir”.