Hər bir insan üçün onun doğulduğu zaman, məkan, onun hansı millətə mənsub olması, onun böyüyüb-boya başa çatdığı, uşaqlığını keçirdiyi yerlər, şahid olduğu hadisələr və s. bu kimi anlayışlar nə qədər önəmlidirsə, onun dil açan kimi söylədiyi sözlərin hansı dilə mənsub olması, yəni onun ana dilinin hansı dil olması da o qədər, hətta ondan da çox önəmlidir. Çünki ana dili məkan, zaman, millət və s. anlayışlardan və məfhumlardan daha da üstün bir anlayışdır. Ona görə ki, insan doğulduğu andan vəfat etdiyi ana qədər söylədiyi bütün sözləri bu dildə söyləyir. Yürütdüyü bütün fikirləri bu dildə irəli sürür, etdiyi bütün çıxışları bu dildə edir. Nə qədər zamanın və zəmanə adamlarının diktəsi ilə məcburiyyətdən soydaşlarımız bu dili danışmağa çətinliklər çəksələr də, yenə də bu dili unutmamışlar və heç bir zaman unutmayacaqlar. Çünki insanlar ana dilində səslənən ana laylasıyla gecə şirin yuxuya dalmış, həmin dildə olan əzizləmələrlə böyümüşlər. Beləliklə, ana dili insan böyüyüb boya-başa çatanda və ondan da sonrakı dövrlərdə insan üçün ən əvəzsiz, tayı-bərabəri olmayan bir inciyə çevrilmişdir. İnsan öz ana dilini heç bir zaman unutmamalı, bu dilin incəliyini, zərifliyini, doğmalığını, şirinliyini qoruyub saxlamalı və hər zaman bu dildə danışıb bu dildə danışdığı üçün də qürur hissi duymalıdır. Eyni ilə hamımızın idealı, xilaskarımız, mühafizəkarımız, əvəzsiz və ölməz liderimiz, yeni, müasir Azərbaycanımızın qurucusu, memarı Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev kimi! Ümummilli liderimiz Heydər Əliyev təkcə doğma Azərbaycanına sədaqətlə və şərəflə xidmət etdiyi, rəhbərlik etdiyi uzun illər ərzində yox, ümumiyyətlə, uşaqlığından vəfat etdiyi günə qədər hər zaman ana dilimizə böyük hörmət və məhəbbətlə yanaşmış, onu əzizlərdən də əziz, müqəddəslərdən də müqəddəs bilmişdir. Elə buna görə də məktəbdə oxuduğu zamanlardan dilimizin müdafiəsinə və mühafizəsinə qalxmış, bunu da uğurla yerinə yetirmişdir. Hamımızın bildiyi kimi Ulu öndərimiz dünyaya göz açdığı zaman vətənimiz yadelli işğalçıların caynağında, onların tapdağı altında idi. Vətən torpağımızın göylərində qara buludlar çoxdan cövlan edirdi və etməkdəydi. Yurdumuz basılmış, talan edilmiş, sərvətlərimizə sahib çıxılmış, ölkəmizə başçılıq edən qəhrəman cümhuriyyətçilər sürgün olunmuş və ya şəhid edilmiş, yerinə isə azərbaycanlılarla əlaqəsi belə olmayan, yad bir millətə mənsub olmasından da betər olan siyasətçilər gətirilmişdi. Qanı qanımızdan, canı canımızdan olmayan bu işğalçı qaniçənlər zaman keçdikcə daha çox əhaliyə divan tuturdular. İşğalçıların başlıca məqsədi Azərbaycana öz dilini, öz adət-ənənələrini və öz həyat tərzini unutdurmaq olduğu üçün onlar çox keçmədən öz çirkin, mənfur əməllərini icra etməyə başladılar. Yurdumuzda yad səslər ucalmağa, yad dillər danışılmağa başlandı. Dövlət dilimiz də, dövlət bayramlarımız da bizə yadlaşdırıldı, unutdurulmağa çalışıldı. Xalqa türk oğlu türk olan qəhrəmanları unutdurmaq üçün onların adı verilmiş kəndlər, şəhərlər, küçələr, parklar, xiyabanlar və s. yerlər xalqımızın yurdunu talayıb xanimanını viran qoyan qəsbkarların adları ilə adlandırıldı. Şəhərlərimizin ən tanınmış yerlərində onların bayraqları və heykəlləri ucaldıldı. Azərbaycan dilinə vurulmuş ən böyük zərbə 1937-ci ildə oldu. Doğma dilimizi hər şeydən üstün tutaraq bu dildə yazılar yazan və çap etdirən, yazısına bir yad söz də daxil etməyən, daim haqq-ədalət bağıran səslərimiz, dahi yazıçılarımız, şairlərimiz, eləcə də alimlərimiz və dilçilərimiz repressiya maşınından keçirildi. Onlar təkcə dövlətçiliyimizin yox, həm də adət-ənənələrimizin, mədəniyyətimizin və dilimizin qorunması yolunda verdiyimiz şəhidlərimiz idi.
Belə bir mühitdə yaşamaq damarında azərbaycanlı qanı axan, azad düşüncə, azad fikir sahibi olan gənc Heydər Əliyevi hər kəsdən çox narahat edirdi. O, tez bir zamanda dövlət dilimizin Azərbaycan dili olmasını və dilimizin o dövrdəki ölkə rəhbərliyi tərəfindən də qorunmasını arzu edirdi, özü də bu yolda əlindən gələni əsirgəməzdi və əsirgəmirdi də. Gələcəyin gerçəyi bu idi ki, uca Allah dilimizin, adətənənələrimizin və mədəniyyətimizin sadiq və mübariz keşikçisi kimi Azərbaycanımıza Heydər Əliyev kimi bir şəxsiyyət vermişdi. Buna görə də Heydər Əliyev hər zaman və hər yerdə ana dilimizi hər şeydən üstün tutmuşdu, tuturdu və bundan sonra da belə olacaqdı.
Tale elə gətirdi ki, 1969-cu il gəldi. Mən belə hesab edirəm ki, o il Azərbaycan xalqı üçün ən gözəl illərdən, Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk edilmiş illərdən biridir. Çünki həmin ilin iyul ayının 14-də Ulu öndərimiz Heydər Əliyev Azərbaycanını özü idarə etməyə başladı. Elə o zamandan yadellilərdən, onları dəstəkləyənlərin əlindən boğaza yığılmış xalqın üzü güldü, könülü fərəhləndi və hər kəs daha səylə öz işinə başlayır, vətəninin, yurdunun sabahına ümidlə baxırdı. Xalqımız axtardığı lideri tapmışdı: bu şəxsiyyət Heydər Əliyev dühası idi!
Ulu öndərimizin hakimiyyətə gəlməsi özü bir sensasion hadisə idi. Ona görə ki, Azərbaycanın yeni lideri özündən əvvəlkilər kimi yad bir şəxs deyildi, soyu və kökü ilə köklü-budaqlı Azərbaycan oğlu idi. Vətənpərvər bir ziyalı, kəskin iradəli bir rəhbər, milyonları arxasınca işıqlı sabaha aparmaq bacarığına malik bir öndər olduğu üçün xalq əmin idi ki, Heydər Əliyev sona qədər Azərbaycan üçün çalışacaq və qarşısına qoyduğu məqsədə çatmaq üçün bu müqəddəs yolda yorulmayacaqdı.
Heydər Əliyev hakimiyyətə gəldiyi andan hər bir sahəyə, hər bir mövzuya vaxtını ayırdığı kimi ən çox da zamanını dilimizin qorunması yolunda sərf edirdi. Eyni zamanda xalqın öz qəhrəmanlarını daha dərindən tanıması üçün mədəniyyət sahəsində də yeniliklər edirdi. Misal üçün, gözəl əsərləri ilə dilimizi zənginləşdirən və yad ünsürlərdən qoruyan dahi yazıçılarımıza və şairlərimizə heykəllər, büstlər, məqbərələr ucaldılırdı. Vaqifin məqbərəsi, Cəfər Cabbarlı heykəli, Nəriman Nərimanov heykəli və s. buna əyani misaldır. Nəhayət, Heydər Əliyev hakimiyyətə gələndə yadelli işğalçıların heykəlləri ilə dolu olan şəhərimiz öz övladlarının abidələri ilə nurlanmağa başladı. Türk dilini ədəbi yoluna işıq tutan bir mayak seçmiş dahi ədibimiz Hüseyn Cavidin nəşinin vətəninə gətirilməsi də Heydər Əliyevin bu yolda atdığı ən mühüm addımlardan biri idi. Ulu öndərimizin mədəniyyət sahəsindəki yeniliklərindən biri də bu idi ki, görkəmli ziyalılarımızın və dahi ədiblərimizin yubiley tədbirləri məhz onun başlıca təşəbbüsü ilə keçirilirdi.
Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərində atdığı bir addım var ki, bu, onun dilimiz yolunda gördüyü işlərin zirvəsi sayılacaq dərəcədədir. Sözügedən həmin addım dedikdə dövlət dilimizin Azərbaycan dili olaraq qəbul edilməsini nəzərdə tuturam. Belə ki, get-gedə işğalçı planlarını daha da genişləndirən SSRİ hökuməti vahid torpaq siyasəti yürütdüyü kimi vahid dil siyasəti də yürütməyə davam edirdi. Nəticədə Avropanın ortasından başlayıb Uzaq Şərqə qədər uzanan işğal torpaqlarında yaşayan, rusları azlıqda qoyan neçə-neçə millət, etnik qrup və etnos öz dilini unudacaq, rus dilini danışacaqdı. Bizim Azərbaycanımızın 50 ildən çox bir müddətdə dövlət dili rus dili olmuşdu. Beləliklə, indi danışığımızda hiss olunan rus sözləri dilimizə bu yolla daxil olmuş, soxulmuşdu. Bu işğalçı islahat ən çox bizə təsir etdi. Lakin ana dilimizi unutmadıq və unutdura bilmədilər. Çünki Heydər Əliyev kimi bir liderimiz var idi. O, ölkəyə rəhbərlik etdiyi dövrdə dilimizin yayılmasına və inkişaf etməsinə daha çox diqqət, vaxt ayırdı. SSRİ Konstitusiyasında artıq tanınmayan qeyri-rus dilləri ilə bağlı olan maddələr Ulu öndərimizi çox narahat etdi. O, bununla bağlı illərini, aylarını, həftələrini, gecəgündüzlərini sərf etdi, o vaxtkı dövlət, hökümət başçıları, partiyanın ali rəhbərləri ilə müzakirələr apardı və qəti şəkildə bununla mübarizə aparacağını açıq bildirdi. Nəticədə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası yeniləndi və həmin Konstitusiyanın 73-cü maddəsinə sırf Heydər Əliyevin təşəbbüsü və kəskin iradə göstərməsi sayəsində belə bir dəyişiklik olundu: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”. Beləliklə, yadelli işğalçılar nə olursa olsun, bizə və Ulu öndərimizə hələ imperiya dövlətinin və siyasi rəhbərlərinin çox güclü, amansız olduqları bir dövrdə belə təsir göstərə bilmədilər, Ulu öndərimizin əsaslı tələbləri qarşısında susdular. Dilimiz öz möhkəmliyini sırf Ulu öndərimizin səyi, bacarığı, mətinliyi, qəhrəmanlığı sayəsində qoruyub saxlaya bildi və əsas qanunla qanuniləşdirildi. Heydər Əliyev Azərbaycanının dayağı olduğu kimi onun dilinin də dayağı idi!
Aradan uzun illər keçdi, vətənimizin başı üzərindən çox cənub, şimal, qərb küləkləri əsdi. Yenə də vətənimiz təhlükə qarşısında idi, insanlar ümidsizlik yükü ilə yüklənmişdilər. Təqvimlər 15 iyun 1993-cü il tarixini göstərirdi. Bu dəfə Azərbaycanımızın bir parçası olan, başçısı olduğu gözəl diyarımız Naxçıvanı xilas etdiyi kimi heç tərəddüd etmədən, çəkinmədən, heç bir qorxunu, ölüm təhlükəsini göz önünə almadan Azərbaycanını da xaosdan xilas etməyi özü üçün ən müqəddəs vəzifə bilən Ulu öndər Heydər Əliyev doğma vətəninin paytaxtına qayıtdı. Xalqın gözündə tək xilaskar olan Ulu öndərimiz həmin il yekdilliklə dövlətimizin prezidenti seçildi. İkinci dəfə doğma yurduna sədaqətlə xidmət edən böyük şəxsiyyət olan Heydər Əliyev müstəqilliyimizdən sonra da dilimizin sadiq keşikçisi olduğunu göstərdi, dövlət dilinin yenidən Azərbaycan dili olduğunu təsdiqlədi. O, 1995-ci ilin 12 noyabr tarixində yekdilliklə qəbul edilən, özünün memarı olduğu yeni Konstitusiyamızda da bunu bir daha təsdiqlədi. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. O, müstəqillik dövründə ən böyük addımlardan birini 2001-ci ildə atdı. 1 avqust tarixini “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan etdi. Onun bu addımından sonra hər il 1 avqust tarixi əlamətdarlıq qazandı, hər kəsin sevincli bir günü, dil bayramı oldu. Ulu öndərimiz kağız üzərində qalan əlifba dəyişikliyini reallaşdırdı. Beləliklə, 70 ilə qədər yadelli əlifbasında yazıb-oxuyan körpələr bundan sonra latın qrafikasında yazıb-oxuyacaqdılar. Ulu öndərimiz həmişə olduğu kimi bu dəfə də ana dilimizin saflaşdırılmasına və yad sözlərdən təmizlənməsinə xüsusi diqqət ayırırdı.
Ulu öndərimiz ömrünün sonuna qədər Azərbaycana sadiq qaldığı kimi onun dilinə də sadiq qaldı. Vətənimizin xilaskarı onun dilini də xilas etdi! “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını söylədi və bunu əməlində də sübut etdi!
Ulu öndərimiz heç bir zaman unudulmayacaq və unutdurulmayacaqdır! Məqaləmi 11 dekabr 2016-cı ildə Ulu öndərimizə həsr etdiyim və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuş “Ulu öndərimiz” adlı şeirimlə bitirmək istəyirəm.
ULU ÖNDƏRİMİZ
Əziz Ulu öndərim,
Bu gün ruhun şad olsun.
Sənə sadiq olana,
Ürəkdən salam olsun.
Sən etdin ölkəmizi,
Gözəl,qəşəng gülüstan.
Səndən qorxdu,çəkindi,
O mənfur ermənistan.
Sən gəldin, oldu bayram,
Pislər bir başa getdi.
Sənin gözəl yolunu,
İlhamın davam etdi.
Azərbaycanlıları,
Hər yerdə birləşdirdin.
Ordunu gücləndirdin,
Məkkəyə belə getdin.
Sən bu gün olmasan da,
Əsərlərin yaşayır.
Həm çiçəkləndirdiyin,
Azərbaycan yaşayır.
SEVİNDİK NƏSİBOĞLU
9-cu sinif şagirdi, şair-publisist,
AJB üzvü 28.02.2023