Şəhid leytenant Nurlan Nadir oğlu Həsənova həsr etdiyim “Zəfəri nurlandıran Nurlan” adlı kitabımın təqdimatı və Şəhidimizin mövlud günü ilə bağlı olan tədbir haqqında təəsüratlarım.
Vətən uğrunda sevə-sevə canlarını fəda etmiş Şəhidlərimiz bizim and yerimiz, ömrümüzün sonunadək haqqını ödəyə bilməyəcəyimiz qəhrəmanlarımızdırlar. Şanlı Vətən müharibəsindən əvvəl olduğu kimi müharibədə qazandığımız parlaq qələbədən sonra da heç bir zaman zəfəri qazanmaq üçün canını fəda etmiş Şəhidlərimizi unutmadıq, unutdurmadıq və bu, əbədiyyən belə də olacaq. Vətən müharibəsi başlayan andan bu vaxta qədər olan müddətdə 100-dən çox Şəhidimiz haqqında şeir, məqalə, şəhid ailələri ilə müsahibələrim olmuşdur. Həmçinin şəhidlərimiz barədə məlumat əldə olunması üçün 600-ə yaxın Vikipediya səhifələri hazırlamışam. İşğaldan azad edilmiş vətən torpaqları, onu azad edən vətən qəhrəmanlarına həsr etdiyim şeirlərim, məqalələrim, şəhid ailələri ilə apardığım müsahibələrim və hazırladığım Vikipediya səhifələrimdən bir hissəsi 2021-ci ildə çap etdirdiyim 708 səhifədən ibarət olan, sayca 5-ci, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımda cəmlənmişdir. Eyni mövzuda qələmə aldığım, 300-ə yaxın şəhidimizdən bəhs olunan “Dirçələn Xarıbülbül” adı ilə sayca 6-cı olacağını gözlədiyim kitabımın materiallarını isə dövlət vəsaiti hesabına çap etdirilməsi üçün 2022-ci ilin oktyabr ayından Mədəniyyət Nazirliyinin müvafiq komissiyasına təqdim etsəm də hələki bir səs-soraq yoxdur. Əgər yaxın vaxtlarda nazirlikdən müsbət nəticə əldə olunmasa, onu da bu il, inşəAllah, ailəmin vəsaiti hesabına çap etdirib şəhid ailələrinə və qiymətli oxucularıma çatdıracağam.
Bu ilin aprel ayında uzun müddət üzərində işlədiyim, materiallarını topladığım və kitab halında çapa verdiyim, şəhid leytenantımız Nurlan Nadir oğlu Həsənova həsr etdiyim “Zəfəri nurlandıran Nurlan” adlı sayca 6-cı kitabım işıq üzü gördü. Kitabın işıq üzü görməsi məni nə qədər sevindirdisə, şəhidimizlə bağlı çap olunduğu üçün ondan daha çox fərəhləndim, qürurlandım. Kitab çap olunduqdan sonra onun təqdimatı ilə bağlı şəhidimizin ailə üzvləri ilə məsləhətləşmələrimiz oldu, onların təşəbbüsü ilə tezliklə bu arzum gerçəkləşdi. Şəhidlərimizi unutmayıb unutdurmamaq, hər an yaddaşlarda saxlamaq və bunun üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Ancaq həcmindən asılı olmayaraq Şəhidlərin yolunda sərf olunan bu əməyin şəhid ailələri tərəfindən dəyərindən artıq qiymətləndirilməsi müəllifi çox fərəhləndirir və ona gələcək üçün stimul verir. Bu sözlər haqqında danışacağım tədbir üçün tamamilə doğrudur. Vaxtınızı almadan tədbir haqqında məlumat vermək istəyirəm.
19 may 2023-cü ildə, saat 16:00-da Bakı şəhərində Şuşa Dövlət Musiqili Dram Teatrında şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun mövlud günü və barəsində yazdığım, sayca 6-cı “Zəfəri nurlandıran Nurlan” adlı kitabımın təqdimatı ilə bağlı tədbir keçirildi. Tədbirdə ictimai xadimlər, ziyalılar, şəhid ailələri və qazilər, dövlət təşkilatlarının nümayəndələri iştirak etdilər. Tədbir çox diqqətəlayiq, elə şəhidimizin adına layiq bir şəkildə keçdi. Belə ki, tədbir başlamazdan bir neçə dəqiqə əvvəl zala giriş etdiyim zaman binanın foyesinin iştirakçılarla dolduğunu gördüm. Onlar tədbirin başlamasını səbirsizliklə və böyük həvəslə gözləyirdilər. Tədbirə olan maraq çox təqdirəlayiq və hətta gözqamaşdırıcı səviyyədə idi. Tədbir iştirakçıları israrla tədbirin başlamasını istəyir və bunu səbirsizliklə gözləyirdilər. Nəhayət, tədbir başladı. Tədbirdə iştirak etmək istəyənlər bir anda zala axın etməyə başladılar. Zalda oturacaqlar tam dolduğundan insanların bir hissəsi hətta ayaq üstə olmaları ilə razılaşaraq tədbiri izləməyə başladılar. Bu, vətən övladlarının vətən şəhidinə, vətən fədaisinə olan ehtiramından, sevgisindən irəli gəlirdi.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İdarə Heyətinin üzvü, ixtisasçı, çox hörmətli Arzu xanım Əliyeva tərəfindən təşkil edilmişdi. Tədbirin aparıcısı da Arzu xanım özü idi. Arzu xanımla şəhidimizin cənnətdə 2-ci mövlud günü ilə bağlı olan tədbirdən, yəni bir il əvvəldən tanış idim. Təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” adlı kitabımda onun da şəhidimizlə bağlı olan məqaləsi yer almışdı. Arzu xanım tədbiri başlanğıcdan sona qədər çox gözəl və çox maraqlı bir şəkildə apardı. Belə ki, tədbir o qədər maraqlı keçdi ki, tədbirin 3 saatdan çox davam etdiyini iştirakçılar, hətta ayaq üstə tədbiri izləyənlər belə hiss etmədilər, yorulmadılar. Tədbirin maraqlı ssenarisi buna imkan verdi.
Zalın səhnəsi şəhidimizin özünə layiq şəkildə bəzədilmişdi. Mən səhnədə sağda, kitabımın və kitab barədə məlumat verilmiş, ən gənc müxbiri olduğum “Kredo” qəzetinin nüsxələrinin düzüldüyü stendlərin ikincisinin önündə oturmuşdum. Əslində, şəhid ailələrinin məni və tədbiri izlədiyi bir zamanda onların önündə oturmaq məni sıxırdı. Çünki başdan sona qədər səhnədə, ucada olmaq şəhid ailələrinin haqqıdır. Mən sadəcə borcumu az da olsa, yerinə yetirməyə çalışmışdım. Lakin Arzu xanım mənə dərin hörmət göstərdi və onun təkidi ilə səhnədə oturmağa razı oldum.
İlk olaraq Arzu xanım məni səhnəyə dəvət etdi, mən səhnədə oturdum. Sonra isə o, məni tədbir iştirakçılarına təqdim etdi, tədbir başlamazdan qabaq dediyi kimi, mənimlə bağlı öz əlləri ilə yazdığı 4 səhifəlik çıxışını başdan sona kimi iştirakçıların diqqətinə çatdırdı. Sonra isə çıxış üçün mənə söz verdi. Çıxışımla bağlı olan məlumatları hələlik yazmayıb oxucuları bir qədər intizarda saxlamaq istəyirəm. Onu deyə bilərəm ki, kitabın yazılma və çapdan çıxma prosesi, şəhidimizin ailəsinin mənə olan hörmət və etimadından danışaraq kitabda və tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımı bildirdim. Sonda isə şəhidimizə həsr etdiyim “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeirimi söylədim. Tədbir iştirakçıları mənə bir daha böyük diqqət göstərərək çıxışımı alqışsız qarşılamadılar. Çıxışımı bitirdikdən sonra Arzu xanım şəhidimizə həsr edilmiş, kitabda çap edilmiş və başqa müəlliflər tərəfindən yazılmış şeirləri səsləndirdi. Həmçinin şəhidimizin anası əziz Həqiqət ananın oğluna yazdığı, olduğu kimi kitabda çap etdirdiyim şeiri başdan sona səsləndirdi.
Sonra isə səhnəyə şəhidimizin valideynləri – Nadir əmi və Həqiqət ana səhnəyə dəvət edildilər. Həqiqət ana və Nadir əmi çıxışlarında tədbir iştirakçılarıa və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər, Nurlanlarından, onun həyat və döyüş yolundan danışdılar, övladları ilə bağlı xatirələrini bölüşdülər. Kitabdan da söhbət açaraq mənim kiçik əməyimə böyük qiymət verdilər və mənə təşəkkürlərini bildirdilər. Onu da tədbir iştirakçılarının diqqətinə çatdırdılar ki, kitab fiziki, maddi və mənəvi cəhətdən şəhid ailəsinə heç bir əziyyət verilmədən, incitmədən çap edilmişdir. Yenə də qeyd etmək istəyirəm ki, Şəhidlərimizə həsr etdiyim bütün yazılarım, o cümlədən də bu kitab ölümü ilə ölümsüzlük qazanan şəhidimizin qarşısında olan borcumuzun az da olsa, cüzi bir hissəsinin ödənilməsi üçün ərsəyə gəlmişdir və gələcəkdə də bu işlərimi yorulmadan davam etdirəcəyəm.
Şəhidimizin valideynlərinin çıxışından sonra isə ictimaiyyət və dövlət nümayəndələri söz aldılar. Şuşa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çox hörmətli Vüsalə xanım Fətəliyeva çıxışında şəhidlərimizdən və Şuşadan olan şəhidimiz Nurlan Həsənovun məşəqqətli həyatından danışaraq tədbir iştirakçılarına geniş məlumat verdi. O, şəhid ailələrinə səbir, dözüm arzuladı. Sonda isə “Zəfəri nurlandıran Nurlan” adlı kitabdan danışıb mənə təşəkkürünü bildirərək yaradıcılıq uğurları arzuladı. Onu da qeyd edim ki, kitabımda Vüsalə xanımın şəhidimizin 2-ci mövlud günü münasibətilə keçirilən tədbirində etdiyi çıxış başdan sona qədər yer almışdır.
Sonra isə tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və şəxsən komitə sədri çox hörmətli Bahar xanım Muradovanın nümayəndəsi kimi iştirak edən Həsən Əliyev də çıxış etdi. O, dövlətimiz tərəfindən şəhidlərə və şəhid ailələrinə verilən dəyərdən söz açdı. Qeyd edim ki, tədbirə Bahar xanım Muradovanı da dəvət etmişdim. Lakin anlaşılan üzrlü səbəbdən və ağır iş qrafiki ilə əlaqədar olaraq Bahar xanım tədbirdə iştirak edə bilmədiyindən komitənin nümayəndəsi olaraq Həsən müəllim tədbirə qatılmışdı. Tədbir başlamazdan əvvəl mənimlə görüşən Həsən müəllimlə çox səmimi bir söhbətimiz oldu. O, mənə yaradıcılıq uğurları arzuladı. Mən isə ona təşəkkürümü bildirdim və həm ona, həm də Bahar xanıma kitabımı imzalı olaraq hədiyyə etdim.
Hörmətli şairəmiz, şəhidlərimizlə bağlı çoxlu sayda şeirlərin və bir çox kitabların müəllifi olan Kəmalə xanım Abıyeva da şəhidlərimizlə və şəhidlərimizə verilən dəyərlə bağlı çıxış etdi. O, tarixən, ən yaxın tarixdə isə Birinci Qarabağ müharibəsindən bu yana Vətənimizin başına gətirilən müsibətlərdən, xalqımızın çəkdiyi əziyyətlərdən və verdiyi şəhidlərdən danışdı.
Tədbirdə yazıçı-publisistimiz Nəzakət xanım Kərimova-Əhmədova da iştirak edənlər arasında idi. O da çıxışında şəhidimizdən və “Zəfəri nurlandıran Nurlan” adlı kitabımdan danışdı. Mənimlə bağlı gözəl sözlər dedi, mənə uğurlar arzuladı və mənim barəmdə olan məlumatları bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxış əsnasında yenicə çapdan çıxmış kitabı olan “Gecikmiş çiçəklər” adlı kitabından danışdı və kitabın bir nüsxəsini mənə və Həqiqət anaya hədiyyə etdi. Mən gözəl çıxışı və hədiyyəsinə görə Nəzakət xanıma dərin minnətdarlığımı bildirdim. Qeyd edim ki, həmin kitabda Nəzakət xanımın mənimlə olan maraqlı müsahibəsi də yer almışdır.
Tədbirin gedişi zaman şəhidimizə həsr olunan videoçarxlar, orta məktəb illərində tədbirlərdə vətənpərvərlik mövzusunda onun alovlu şeir söyləməsinə aid, məktəb illərinə aid olan digər video-çəkilişlər də göstərildi. Bu vaxt tədbir iştirakçıları arasında daha çox duyğulu anlar yaşandı və heç kəs göz yaşlarına hakim ola bilmədi.
Sonra şəhidimizin bizə əmanət etdiyi körpəsi Məhəmməddən başqa ikinci əmanəti olan gözəl qızı, savadlı məktəbli balası Nurgül də atası ilə bağlı olan xatirələrindən danışaraq ürək sözlərini tədbir iştirakçılarına çatdırdı. Onun duyğulu çıxışı zalı lərzəyə salaraq uzunmüddətli alqışlara səbəb oldu.
Şairə Esmira Günəş də tədbirdə şəhidimizin anasına səslənərək şeir söylədi və Həqiqət ananı səhnəyə dəvət edərək ona şəhidimizə həsr etdiyi şeirin şəkilli variantını çərçivələnmiş halda hədiyyə etdi.
Tədbir çox maraqlı və axıcı keçirdi, başdan-sona hər şey çox gözəl və tam Şəhidimizə və onun müqəddəs ruhuna layiq bir şəkildə idi. Lakin tədbir sona yaxınlaşan zaman mənim üçün daha gözlənilməz bir vəziyyət oldu. Tədbirdə Vətən müharibəsindəki media savaşımızda da hər zaman olduğu kimi başdan-sona Ordumuza və əsgərlərimizə dəstək olan, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin ilk günündə ilk kəndlərimizin azad olunmasını göz yaşları ilə müjdələyən çox hörmətli teleaparıcımız Jalə xanım Həsənli də çıxış üçün söz aldı. Çıxışında şəhidlərimizi bir daha yad edərək şəhid ailələrinə dəstəyindən danışan Jalə xanım çəkdiyi misalda şəhid olan qəhrəmanlarımızın atasız körpələrinin çəkdiyi əziyyət və bunun onların həyatına təsirindən söz açdı. Sonda mənə təşəkkürünü bildirdi, gözəl sözlər söylədi və uğurlar arzuladı. Jalə xanım ağır iş qrafikinin olmasına baxmayaraq tədbirlərini ləğv edərək kitabın təqdimatında iştirak etmişdi. Buna görə Jalə xanıma dərin minnətdarlığımı bildirirəm.
Tədbirdə bədii hissəyə də yer verildi. Dəyərli müğənnimiz Vüsal Hacıyev şəhidlərimizə, sonra isə şanlı Zəfərimizə həsr olunan mahnılar ifa etdi. Eyni zamanda Şuşadan olan müğənni “Qarabağ şikəstəsi”ndən bir parça ifa edərək çıxışını sonlandırdı və səhnədən alqışlarla yola salındı.
Tədbirdə digər müğənnilər də ifalarını tədbir iştirakçılarına çatdırdıqdan sonra Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri öz ifaları ilə tədbiri daha da maraqlı etdilər. 2 məktəbli şagird isə tədbirdə şeir söylədi. Onlardan biri “Ağlama, şəhid anası!”, digəri isə mənim şəhidimizə həsr etdiyim və kitabda yer almış “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeiri səsləndirdi.
Sonda tədbirdə kiçik mükafatlandırma mərasimi oldu. Şəhidimizin qızı balaca Nurgülə iş adamı, hörmətli Mübariz Mənsimovun və “Odlar Yurdu” qrupunun adından “Xarıbülbül” heykəlcik-mükafatı təqdim olundu. Arzu xanım kitabımın bir nüsxəsini “Odlar Yurdu” qrupuna təqdim etdi. Həmçinin Arzu xanım “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin prezidenti çox hörmətli Nəsimi Qarabağlının adından məni diplomla təltif etdi. Kiçik əməyimin tədbir iştirakçıları qarşısında diplomla qiymətləndirilməsi məni son dərəcə sevindirdi. Buna görə şəxsən Nəsimi müəllimə dərin minnətdarlığımı bildirirəm. Arzu xanım mənə hədiyyə olaraq gül buketi də təqdim etdi. Mən isə onu şəhidimizin əmanəti, balaca Nurgülə verdim. Nurgül isə gül buketini şəhidimizin sevimli müəlliməsi Rima xanıma hədiyyə etdi. Şəhid nişanəsi balaca Nurgülün bu hərəkəti bir daha alqışlarla qarşılandı. Şəhidimizin müəlliməsi Rima xanım çıxışında göz yaşları ilə Nurlanla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Ümumiyyətlə, tədbir maraqlı olduğu ilə bərabər, çox duyğulu keçdi, mən özüm də daxil olmaqla tədbirdə iştirak edənlərin heç biri göz yaşlarına hakim ola bilmədi. Hər kəlmədə dualarla, duyğularla şəhidimizi yad etdik.
Şəhidimizin anası Həqiqət ana öz ailəsinin adından mənə “Şəhid leytenant Nurlan Həsənovun ailəsindən Sevindik Nəsiboğluna xatirə” sözləri həkk edilmiş masaüstü qələm dəsti hədiyyə etdi. Əslində, bunu heç gözləmirdim, düzü, bir qədər utandım. Ödəməyə çalışdığım bu borcun şəhidimizin ailəsi tərəfindən bu qədər yüksək qiymətləndirilməsi mənə çox böyük stimul verdi, məni təsirləndirdi. Axı bu kitabı qələmə alarkən mənim heç kimdən zərrə qədər də olsa, təmənnam olmamışdı!? Axı bu kitab Vətən fədaimizin ruhuna təmənnasız olaraq hədiyyə edilmişdi... Əməyimə yüksək qiymət verdikləri üçün bir daha Həsənovlar ailəsinə dərin minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, o tədbir mənim üçün nə ilk idi, nə də son olacaq. Amma onu deyə bilərəm ki, həmin gün yaradıcılıq yolumda qarşılaşdığım, Allahın mənə sanki bir hədiyyə kimi bəxş etdiyi ən gözəl günlərdən, anlardan biri idi...
Tədbiri təşkil etdiyinə görə Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbərliyinə, tədbirin təşkilatçısı və aparıcısı Arzu xanım Əliyevaya, şəhidimizin ailəsinə və onunla birgə bütün şəhid ailələrinə, dəyərli tədbir iştirakçılarına, media nümayəndələrinə, ictimai və dövlət nümayəndələrinə, kitabın çap olunma prosesində və tədbirin təşkil prosesində əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm.
Əvvəldə də qeyd etdiyim kimi, Şəhidlərimizin yad edilməsi və xatirələrinin əziz tutulması yolunda görülən bu iş nə ilkdir, nə də son olacaq. Biz hamımız dünya durduqca hər əməlimizdə Şəhidlərimizi xatırlayacaq və hər cür zəhmətə qatlaşaraq, əlimizdən gələnin də artığını etməyə çalışaraq onların xatirələrini əbədiləşdirəcəyik.
Allah Nurlanımıza, o cümlədən bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
İcazənizlə çıxışımı siz hörmətli oxucularımın diqqətinə çatdırıram:
“Hörmətli tədbir iştirakçıları! Hər birinizi ürəkdən salamlayır, canı ilə, qanı ilə tarix yazan, qəhrəmanlıq dastanı yazan və dastana çevrilən şəhidimiz Nurlan Nadir oğlu Həsənovun mövludu, həmçinin haqqında yazdığım, sayca 6-cı kitabım olan “Zəfəri nurlandıran Nurlan” adlı kitabımın təqdimatına təşrif buyurduğunuz üçün Sizlərə təşəkkürümü bildirirəm. Bu gün kitab təqdimatı ilə bərabər, cənnətdə olan Şəhidimizin 3-cü mövlud günü də qeyd edilir. 32 il bundan əvvəl Şuşada bir körpə dünyaya göz açmışdı. Onun dünyaya göz açması o vaxt sadəcə, Həsənovlar ailəsi və onun qohumları, qonşuları və tanışları tərəfindən əlamətdar hadisə olaraq qeyd edilmişdi. Ailəsi onun gələcəyinə çox böyük ümid bəsləyir, onun uzun və sağlam bir ömür yaşayacağını arzulayırdılar. İndi isə həmin vaxtdan düz 32 il keçir. Lakin indi Nurlanın mövlud günü təkcə Həsənovlar ailəsində yox, bütün Azərbaycan torpağında qeyd olunur. Çünki 2020-ci ilin oktyabr ayının 1-də şəhid olan Nurlan həmin gündən təkcə, valideynlərinin yox, həm də öz Vətəninin sevimli oğluna çevrildi, əbədiləşdi, əbədiyaşar oldu. Vətən torpağına tapşırıldığı gündən o, Azərbaycan xalqının Vətən yolunda verdiyi şəhidi kimi hər yer, hər məkan və hər ailə üçün doğmalaşdı. Şəhidimiz ölümü ilə ölümsüzlük qazanaraq doğma xalqının unudulmaz bir şəxsiyyətinə, qəhrəmanına çevrildi.
Bu kitabın çap olunmasından əvvəl Şəhidimizin xatirəsinə “Zəfəri nurlandıran Nurlan” adlı məqalə yazmışdım. Məqaləm redaksiya heyətinin üzvü, eyni zamanda ən gənc müxbiri olduğum “Kredo” qəzetində və bir sıra saytlarda dərc olundu. Keçən ilin noyabr ayında şəhidimizin anası Həqiqət ana mənə müraciətində bildirdi ki, o, oğluna yazdığım bu məqalənin bir kitaba çevrilməsini istəyir. Şəhidimizin anası bununla mənə çox çətin və məsuliyyətli olması ilə bərabər, eyni zamanda çox şərəfli bir vəzifə verdi. O vaxtdan mən bu barədə materiallar toplamağa və yeni kitabımın çap edilməsinə hazırlaşmağa başladım. Nəhayət, bu ilin aprel ayında məqaləmin adını daşıyan “Zəfəri nurlandıran Nurlan” adlı kitabım böyük, eyni zamanda şərəfli əmək, zəhmət bahasına işıq üzü gördü. Kitab 140 səhifədən ibarətdir. “Zəfəri nurlandıran Nurlan” kitabında şəhidimizə həsr etdiyim eyni adlı məqaləm, “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeirim çap edilmiş, şəhidimizin ailə üzvlərinin, qohumlarının, iş, tələbə və döyüş yoldaşlarının, müəllimlərinin şəhidimiz barədə xatirələri kitabda oxucuların diqqətinə çatdırılmışdır. Sonda isə kitabda şəhidimizlə bağlı çəkilmiş fotoşəkillərə, ona aid sənədlərin fotoşəkillərinə yer verilmişdir. Kitabda hər bir xatirənin müəlliflərinin harada, hansı bir işdə və ya hansı zamanda olmasından asılı olmayaraq, şəhidimiz haqqında təsəvvürləri eyni olmuşdur: “Şəhidimiz Şuşa üçün, Qarabağ üçün, Vətən üçün sinəsini sipər edərək Şəhidlik Zirvəsinə yüksəldi. Onun arzusu valideynlərini, ailəsini və onunla birgə bütün xalqını Şuşaya, Qarabağa qovuşdurmaq idi.” Mən inanıram ki, Şəhidimizin ruhu şaddır. Onun ruhu azad edilmiş Şuşamızın, Vətənimizin azad torpaqlarının ən uca zirvələrində dalğalanan üçrəngli bayrağımızla bərabər dayanıb.
İcazənizlə çıxışımın sonunda Şəhidimizə həsr etdiyim “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeirimi söyləmək istəyirəm.
ŞUŞANI RUHUYLA FƏTH EDƏN NURLAN
Şuşada doğuldu, içdi suyundan,
6 aylığında köçdü Şuşadan,
Doymamışdı Şuşanın qoxusundan,
Körpə ikən bezmişdi qaçqınlıqdan.
Həyatını Şuşa üçün yaşayan,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Savadıyla ali məktəb bitirdi,
Zabit oldu, Vətənə xidmət etdi,
Həyatında bir çox arzuya yetdi,
Sonda, canın vətənçün fəda etdi.
30-u görmədən köçdü dünyadan,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Nəinki o, Cənnəti fəth etmişdi,
O, Cənnətdən bu dünyaya gəlmişdi,
Bu dünya onunçün bir sınaq idi,
O, sınaqdan qəhrəmanlıqla keçdi.
Şəhid oldu, keçdi öz sınağından,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Döyüşə toy-bayrammış kimi getdi,
Cəbrayıl-Xocavəndi azad etdi,
Hər sözündə “Vətən sağ olsun” dedi,
Hər zəngində yenə təsəlli verdi.
Dedi: “Yaxşıyam, qalmayın nigaran”,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Çoxlarını yandırdı Şəhadəti,
Həm yandırdı, həm də bir qürur verdi,
Bizlərə Zəfəri hədiyyə etdi,
Çox heyif ki, həyatdan vaxtsız getdi.
Zəfər kimi miras qalmışdır ondan,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Bir qızı, bir oğlu ondan yadigar,
Gözümüz kimi dəyərlidir onlar,
Zəfərlə təsəllini tapacaqlar,
Şəhid atayla qürur duyacaqlar.
Onlar doymadılar atalarından,
Şuşanı ruhuyla fəth edən Nurlan.
Şəhidim, ruhunla döndün Şuşana,
Göstərdin gücünü cümlə-cahana,
Ömür boyu ruhuna duaçıyıq,
Borcluyuq biz Sənintək qəhrəmana.
Qürur duyur səninlə Azərbaycan,
Şuşanı ruhuyla fəth edən Nurlan.”
SEVİNDİK NƏSİBOĞLU
Məktəbli, şair-publisist, AJB üzvü
21.05.2023