SON DƏQİQƏ

YAŞIN ÇİÇƏK ÇAĞI

Tarix:26-07-2023, 16:37

SEVİNDİK NƏSİBOĞLU-15
Sevindik Nəsiboğlunun 15 yaşına uğur düşüncələri
Dünyanın mədəniyyət tarixində, musiqisində, rəssamlığında, ədəbiyyatında... lap elə kinosunda kiçik yaşlı istedadların olduğunu bilirik. V.Motsart ilk konsertini verəndə 6 yaşı olub. Mirzə Ələkbər Sabir şeirinin ilk misralarını yazanda bəlkə heç 10 yaşı da yox idi. “Ögey ana” filminin əsas obazlarından birini yaradan Ceyhun Mirzəyevin kiçik yaşlı İsmayılı da öz istedadı ilə hər kəsi heyran etmişdi. Zəlimxan Yaqub da danışırdı ki, hələ məktəbdə oxumadığım vaxtı evimizin yaxınlığındakı arpa zəmisinə at girmişdi. Qoruqçu da hay-küylə atı zəmidən çıxaranda heç bilmədim necə oldu ki, səsləndim: “Evimizin yanı arpa, Atlar gəlir qırpa-qırpa”. Bütün bunlar nüvəsində istedadı maqma kimi qaynayan uşaq dünyasının kimliyi haqqında, gələcəkdə kim olacağı haqqında ilk odlu qığılcımlardır.
Sevindik Nəsiboğlu da – bizim yaxşı tanıdığımız və parlaq istedadı ilə bu gün artıq hər kəsi heyran qoyan müəllif ilk şeirini yazanda heç 10 yaşı da olmayıb. Çünki onun ilk şeirlər kitabı elə 2018-ci ildə, yəni 10 yaşında nəşr olunub.
“Dünyamsan, Azərbaycan” adlanan həmin kitabın səhifələrində yer alan şeirlərin ruhu istər-istəməz Sevindiyin boy artımı boyu yaratdıqlarının ilkin mənbəyidir. Sevindik hələ 8 yaşına çatmamış artıq kompüterdə sərbəst gəzişmələrlə düşündüklərini sosial şəbəkə istifadəçilərinə çatdıra bilirdi. Yəqin ki, elə onun ilk yazıları da sosial şəbəkədəki həmkarlarının mühitində, bu mühitin təsiri ilə yaranıb.
Mən deyə bilmərəm ki, o vaxt Sevindikdən “Dünyamsan, Azərbaycan” ifadəsinin nə demək olduğunu soruşsan, o bu ifadəni necə izah edərdi. Amma hər halda həmin kitabda yer alan şeirlərdə belə misralar var.
Xocalıdır, Qarabağdır,
Ən yaralı yerimiz,
Səfərbərik ana vətən,
Hər zaman hər birimiz.
Həmin şeirin sonrasında Sevindik özünü və həmyaşıdlarını Dədə Qorqud qəhrəmanı Basata bənzədir. Maraqlıdır ki, o, düşməni də bənzətmək üçün obraz tapır, elə Dədə Qorquda istinadən. Bəli, erməni faşistlərini, vandalları körpə duyğusu və saf yanaşması ilə doğru olaraq təpəgözə bənzətmişdi.
Zənnimcə, onun dost və düşmən haqqında, torpaq, yurd, vətən haqqında düşüncələrinin belə aydın formalaşmasında “Dədə Qorqud” filminin də necə əsaslı əhəmiyyət kəsb etdiyini mübahisəsiz başa düşmək olar. İndi böyük sənətkar, Azərbaycan xalqının nadir simalarından biri Anarı qaralamağa cəhd edən qaraların hansı biri nə vaxtsa belə bir xidməti vətən üçün göstərə biləcəkmi?
Sevindik ilk kitabından yüksək fərəh hissi keçirib və artıq onun yaradıcılıq yolu bundan sonra “Kredo” qəzeti ilə bağlanır. Bəli, 10 yaşında AMEA-nın Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli alimlərinin iştirakı ilə “Dünyamsan, Azərbaycan” kitabı müzakirə olunur. Tədbirdə müəllif özü də iştirak edir. Hər halda, onun uşaq aləminin rənglərini əks etdirən gözəl nitqi, rəvan danışığı tədbirdə iştirak edənlərin hər birində onun böyük gələcəyinə inam yaratmışdı.
Sevindik bundan sonra birmənalı olaraq həyatının ədəbiyyatdan keçəcəyini hiss etdiyindən ardıcıl olaraq duyğularını, düşüncələrini şeirə gətirir. Xüsusi məhsuldarlıqla yazıb-yaradır. Və elə birinci kitabının dərc olunmasından az sonra onun ikinci şeirlər kitabı “Hərdən uçmaq istəyirəm” adı altında işıqlığa çıxır. Həmin kitaba ön söz yazan Hüseyn Şahbəndəyev xüsusi diqqət və qayğı ilə 10 yaşlı uşağın uğurları üçün güzgü tuta biləcək misraları ön söz yazısında nümunə gətirir: “Tarixi səs-soraqlı, Qobustanı növraqlı, Azıxı daş çıraqlı, Azərbaycanımızsan”. Buradakı Qobustan, Azıx, tarixin səs-soraqlı olması və s. kimi ifadələr onun artıq tarixi düşüncəsinin müəyyən səviyyədə formalaşdığını göstərir. Yəni o vətən tarixindən xəbərdardır. Elə buradaca qeyd edim ki, Sevindik Nəsiboğlu ilə həmin günlərdən sıx əlaqələrimiz olub və mən də maraq üçün onun işlətdiyi tarixi məkan və yer adlarını necə izah edəcəyini bilmək istəyi ilə soruşmuşam; Qobustan necə yerdir, onun tarixi haqqında nə bilirsən? Və yaxud Azıx mağarası... Elə şövqlə, elə ilhamla danışır, izahlar verir ki, onu heyranlıqla dinləməmək mümkün deyil.
Sevindiyin “Könüllərə yol gəzirəm” şeirlər kitabının texniki hazırlığı bizim redaksiyada, yəni onun redaksiya heyətinin üzvü olduğu, ümumiyyətlə, mətbuatımızın ən gənc müxbiri kimi fəaliyyət göstərdiyi “Kredo”da aparılıb. O vaxt həmin kitaba da ön söz yazmışdım. Və artıq mənim üçün Sevindik taleyini əbədi olaraq sözə bağlamış və nə dediyini, nə yazdığını bilən müəllif idi. Və artıq Sevindik Nəsiboğlunun 12 yaşı vardı. O vaxt Sevindiyin kitabına yazdığım düşüncələrimdə yer alan duyğularım onun şair obrazını təqdim etmək baxımından çox əhəmiyyətli idi. Və ən başlıcası, yazdıqlarım mənim öz inamıma güvənirdi: “Poeziyasız insan qəlbi daşlaşardı. Çünki insan təbiətinin, mənəvi mühitinin dumanları büründüyü məqamlarda işığı, incəsənətdə, xüsusilə də poeziyada görür. Şairin həyatdan aldığı təəssürat – sevinc olsun, ya kədər, dəxli yoxdur – təsiredici duyğular kimi sözə gəlir. Şair qəlbinin dərinliklərində gizlənmiş olan sirlərini şeirindən gizləyə bilmir. İlhamına sarılaraq bu sirləri sözə çevirir. Şair nə qədər daxili aləminə sadiq olursa, yazdıqları da bir o qədər səmimi olur. Sevindik Nəsiboğlunun yaşına uyğun duyumu ilə qələmə aldığı şeirlərdə kifayət qədər onun təbii hisslərini duya bilirik. Və elə duyduğumuz üçün də onun təbii hisslərini duya bilirik. Və elə duyduğumuz üçün də onun şeirlərindən təsirlənə bilirik. Əgər belə dümək mümkünsə, o, həyat həqiqətlərinə çox sadiqdir. Gördüyünü, duyduğunu, mənəvi mühiinə təsir edən, bəzən kövrəldən, bəzən sevindirən hadisə və faktları ilhamının boyunca, şairlik istedadının qədərincə sözə gətirə bilir.
Sevindik Nəsiboğlunun şeirlərində forma kəm-kəsirləri, mövzunun qədərincə bişməmiş halları da var və bütün bunlar onun üçün də hələ ciddi irad ola bilməz. Bir sözlə, Sevindik Nəsiboğlu ilhamına güvənərək inamlı və inadlıdır”. Göründüyü kimi, bu mətndə mən artıq 12 yaşlı həmkarım haqqında danışıram. Və xüsusi bir vəcdlə poeziya, şeiriyyət, şair haqqında düşüncələrimi də Sevindik obrazının əhatəsi üçün yazmaqdan çəkinmirəm.
“Könlümə yol gəzirəm” şeirlər kitabı kifayət qədər yazısı formalaşmış müəllifin yaradıcılıq güzgüsüdür. Balaca yaşlı – 12 yaşlı Sevindik həyatın ən müxtəlif tərəflərinə işıq tutan şeirlər yazıb. O artıq bu şeirlərdə Azərbaycanın tarixi xəritəsini ehtiva edir. Turanın mənəvi dünyasını bütün rəngləri ilə görür. Ədəbiyyat tarximizin unudulmaz obrazları – Cəfər Cabbarlını, Cavidi vəsf edir. Ən başlıcası, müəyyən mövzuları şeirlərində ehtiva etsə də, yenə nəsə demək istədiyini bilir. Və ona görə də maraqlı poemalar da qələmə alır. Onun bir neçə poemasını adını çəkirəm: “Cavid”, “Çin olmayacaq yuxu”, “Gündüz”, “Qayı”, “Kor məhəbbət” kimi əsərlərində həyatın təzadlarını epik-lirik janr qovuşuğunda yaza bilib, ərsəyə gətirə bilib.
Zənnimcə, burada Sevindik Nəsiboğlunun zəngin tərcümyi-halını dəqiq faktlar əsasında oxucuya təqdim etməyin məqamıdır:    
Sevindik Nəsiboğlu (Əliyev Sevindik Nəsib oğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşdur. O, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olmaqla Xocavənd rayonunun Muğanlı kəndində daimi qeydiyyatdadır. Hazırda 9-cu sinif şagirdi, dərs əlaçısıdır.
Onun şeirləri hələ  2015-ci ildən müxtəlif qəzet və jurnallarda dərc olunmuş, milli radio və televiziyanın, eləcə də digər televiziya kanallarının efirində yayımlanan verilişlərdə dəfələrlə səsləndirilmişdir. Sevindik ictimai fəallığına görə “Həqiqət” Tarixi araşdırmalar İctimai Birliyinin “Gənc istedad” (2017), “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar” və “İlin şagirdi”, həmçinin “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına layiq görülmüşdür. 2018-ci ildə onun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir, 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir,  2021-ci ildə şəhidlərimizə və işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş “Möhtəşəm zəfərin nişanəsi” adlı bədii-publisistik kitabları nəşr edilmiş, redaksiya heyətinin üzüvü və ən gənc ictimai müxbiri olduğu “Kredo” qəzetində çoxsaylı məqalələri, araşdırmaları və şeirləri mütəmadi dərc olunmuş, “Afia.az”, “XeberTime.az”, “Versus.az” və digər xəbər saytları vasitəsi ilə yayımlanmışdır. Vətən müharibəsi başlanan günün ilk anlarından Sevindik qələmini mənfur düşmənin sinəsinə sancılan süngüyə çevirərək Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilmiş torpaqlarımıza, qəhrəman əsgər və zabitlərimizə şeirlər və publisistik yazılar həsr etmişdir. Onun günbəgün yaxınlaşdığımız müqəddəs zəfərimizə həsr etdiyi “Zəfərin nişanəsi” adlı şeiri Mədəniyət Nazirliyi tərəfindən keçirilən ədəbiyyat müsabiqəsinin qalibi olmaqla Nazirliyin fəxri fərmanına layiq görülmüş, bu mövzuda qələmə alınmış “Dirçələn Xarıbülbül” adlı kitabın materialları isə nəşr olunması üçün Mədəniyyət Nazirliyinin müvafiq komissiyasına təqdim edilmişdir. Sevindik Nəsiboğlu 2021-ci ilin iyun ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.  
Beləliklə, Sevindik Nəsiboğlu yaradıcılıq üfüqlərini parlaq istedadının işığında bütün aydınlığı ilə görə bildiyi qənaətinə gəlirik. Onun “Ulu Naxçıvanım” möhtəşəm ədəbi-publisistika kitabı yazı aləmində, ədəbi mühitdə çox böyük coşğu ilə qarşılandı. Müxtəlif ədəbi-mədəni mərkəzlərdə bu kitabın təqdimatı oldu. Erməni vandallarının xəyanəti ilə blokadada olan Naxçıvanın taleyi uğrunda fədakarlıqla söz savaşına çıxmış Sevindiyin bu kitabı Naxçıvan haqqında yazılmış ədəbi publisistikamızın ən dəyərli nümunələrindən biri kimi heç vaxt unudulmayacaq.
Bundan sonra Sevindiyin yaradıcılığının növbəti mərhələsi başlanır. 44 günlük vətən savaşı. Sevindik Nəsiboğlu müharibənin xronikasını ardıcıl olaraq izləyir, qələbələrə sevincini ifadə edən şeirlər yazır, qəhrəman oğulları vəsf edir, şəhidlərimizi əbədiləşdirən təsirli hekayətlər qələmə alır. Bir sözlə, Sevindik Nəsiboğlu sanki Azərbaycan ordusunun ən qorxmaz, ən dönməz bir əsgəri kimi vətən uğrunda savaşa qalxır.
Müharibədən heç bir il keçməmiş zamanında qələmə aldığı yazıları toplayıb “Möhtəşəm zəfərin nişanəsi” (2021) adlı kitabını nəşr etdirir.
İstər həcm etibarı ilə, istərsə də, mənəvi zənginlik baxımından “Möhtəşəm zəfərin nişanəsi” 44 günlük Qarabağ savaşının qələbəsinə ən dəyərli abidələrdən biri kimi publisistika tariximizin dəyərli örnəyi olaraq yaşayacaq.
Bu günlərdə Sevindik Nəsiboğlunun “Zəfəri nurlandıran Nurlan” adlı sənədli povesti də işıq üzü görüb. Kitabda müəllifin vətən yanğısı ilə qələmə aldığı esselər, publisistik düşüncələr və şeirlər toplanıb. Bütün yazılar məntiqi olaraq bir-birini izləyir, tamamlayır. Və janr etibarı ilə sənədli povest olaraq ədəbi dəyər kəsb edir.
S.Nəsiboğlunun “Kredo” qəzetinə gəlişinin 4 ili tamam olur və bu həm də onun 15 illik yubileyi ilə eyni vaxta düşür.
“Kredo” ədəbi gənclik üçün bünövrədən məktəb olub. Çox istedadlı gənclər bu redaksiyaya ayaq açmaqla ədəbi və elmi mühitə uğurlu yollarını başlayıblar.
Mən S.Nəsiboğlunu həm də tam mənəvi haqla “Kredo”nun yetirməsi hesab edirəm.
Zənnimcə, çox ədalətli olardı bu yazının elə indiki məqamında S.Nəsiboğlunun hələlik sonuncu kitabından onun düşüncə imkanlarını göstərən bir parçanı da oxuculara çatdıraq: “Həyatın qanunlarından biri də sevgidir. İnsanlar sevgini müxtəlif mənalarda başa düşürlər. Belə ki, bəzi insanlar üçün sevgi anaya, bəziləri üçün sevgi ömür-gün yoldaşına, bəziləri üçün ataya, qardaşa, bacıya, bəziləri üçün isə havaya, suya, göyə, yerə və s. yönəldilir. Bəzi insanların sevgisı torpağadır, vətənədir. Üstündə gəzib, altında uyuyacağı torpağa... O insanlar torpağına, vətəninə, boya-başa çatdığı yerə, elə, obaya, oymağa sona qədər bağlı olur, onların bu sevgiləri tükənməzdir. Onda onların həyatı tamamilə torpaq, vətən, yurd üzərində qurulur. Lazım gələndə bu insanlar həmin sevgiləri üçün canlarından, sevdiklərindən, işlərindən, yaşadıqları bu dünyada onlara əziz olan hər şeydən əl çəkərlər...”. Bu kiçik mətndə 15 yaşlı yazarın publisistik düşüncə imkanları, söz ehtiyatı, özünü ifadə imkanları kifayət qədər dolğunluğu ilə görünür.
Mənə elə gəlir ki, Sevindik Nəsiboğlu yaradıcılığı ilə istedadının nəyə qadir olduğunu artıq təsdiq edib.
Sevindik Nəsiboğlu yeni Azərbaycanın, azad Azərbaycanın yetirməsidir. Və demək, həm də gələcək Azərbaycanın özü deməkdir.
15 yaş... yəqin ki, Sevindik Nəsiboğlu möcüzəsini qədərincə bilməyənlər üçün deyilənlər, yazılanlar və elə 15 rəqəminin özü də qəribə səslənər. Amma həyat reallıq deməkdir.

Əli Rza Xələfli
21.07.2023


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ