SON DƏQİQƏ

BİZİ YOX, VƏTƏNİ SEÇDİN, OĞUL

Tarix:23-10-2023, 10:50

BİZİ YOX, VƏTƏNİ SEÇDİN, OĞUL
Elə bil bir səs gəldi qulağma. “Ana, ana…” Biixtiyar ətrafa boylandım. Kimsə görünmürdü. Nədənsə, səsdə bir doğmalıq hiss etdim. Tərəddüd və həyəcan içində ikən səs yenidən eşidildi, özü də lap yaxından. Sanki yuxudan ayıldım, səsin sahibi ilə qarşı-qarşıya idim. Heyrətdən tutulmuşdum elə bil. Baxışlarımız toqquşanda vücudum titrəyirdi. Çünki o, mənim oğlum idi, o mənim Kənanım idi. Yanağımın islandığını, boğazımın düyünləndiyini, ürək döyüntülərimin artdığını hiss etdim. Oğluma yaxınlaşdım, bağrıma basıb bərk-bərk sarıldım ona, qoxusunu içimə çəkdim. Ondan cənnətin, vətən torpağının xoş ətri gəlirdi. O da mənə sarıldı, özümü gücsüz, zəif, taqətdən düşmüş hiss etdiyim halda, elə bil o mənə gücümü qaytardı. Onu dindirməyə çalışdım, axı xeyli vaxtdır onun üzünə, səsinə, nəfəsinə həsrət qalmışdım. İndi fürsət idi, onun səsini eşitmək üçün bir fürsət.

-Oğlum, niyə susursan, nə olar, danış, bir kəlmə də olsa de?! İnanırdım, inanırdım ki, geri dönəcəksən. Bu vaxtadək haralarda idin? Başına dönüm, ay oğul, danış!

-Ana, ana…

-Can, igidim, igid balam, danış!

-Niyə ağlayırsan axı, bu nə kədərdir varlığına hakim kəsilib? Bax, indi yanındayam. Mən ölməmişəm, ana, yaşayıram. Mən hər gün, hər saat, hər saniyə sənin yanında olmuşam.

-Yəqin indi ac olarsan, gəl, gəl əyləş, yemək gətirim.

-Yox, ana, yox… Sənin nəfəsin qidalandırdı məni, bu kifayətdir. Ana, indi burada olmağımın səbəbi çöhrəndə kök salmış kədərdi. O kədəri silmək üçün gəlmişəm ana! Bir ətrafına bax, ana, gör uşaqlar necə xoşbəxtdirlər. Biz elə bunun üçün canımızı, qanımızı fəda etdik. Əgər bu fədakarlığı etməsəydik, nə bu vətən azad olardı, nə də uşaqlar xoşbəxt. Sən əslində qürur duymalısan, qürur duymalısan ki, sən şəhid anasısan! Elə bilirsən bu hər kəsə nəsib olur? Yox, ana, yox…

Oğlumun bu sözlərinin qarşısında donub qalmışdım, nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Elə bil bütün kəlmələr boğazımda tıxanıb qalmışdı, göz yaşlarım isə susmaq bilmirdi. Araya çökmüş ani sükutdan sonra çətinliklə də olsa, özümü ələ alıb, “Vətəni bizdən daha çox sevdin, ailəni yox, vətəni seçdin, oğul! Bizi gözü yaşlı, qəlbi yaralı qoydun” – dedim. O isə xəfif bir təbəssümlə:

-Elə demə, ana, mənim kimi minlərlə oğul sizi qorumaq üçün çalışdıq, vuruşduq. Həm də o xain düşmən tərəfindən min cür əzaba, zülmə, təcavüzə, işgəncəyə məruz qalmış anaların, bacıların qisasını biz almalı deyildikmi? Ana,  mənsub olduğum bu xalq da mənim bir ailəmdir, düşmən əsirliyində namusu tapdananlar, alçaldılanlar da mənim xalqımın – ailəmin bir parçasıdı. Şərəfi tapdanan, torpaqları əlindən alınan bir vətənin nümayəndəsi kimi yaşamaq çox çətin idi, ana. Amma indi biz qisasımızı aldıq, şərəfimizi, torpaqlarımızı qaytardıq. Xarı bülbül ətri duyulan torpaqda vuruşduq, hər daşı, hər qayası müqəddəs olan torpaqları qanımızla suvardıq, illərdi doğma nəfəsə həsrət qalan yurdumuzu nəfəsimizlə isitdik. Bunu biz bacardıq, ana, sil gözünün yaşını. İndi mən gedirəm, ana, özünə yaxşı bax, – deyib qeybə çəkildi. Təəssüf ki, o gedişin bir dönüşü yox idi…

BDU-nun Filologiya fakültəsinin tələbəsi, gənc yazar Aysu Türkel

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ