SON DƏQİQƏ

SÖZÜN MÖHTƏŞƏM ABİDƏSİ

Tarix:18-12-2024, 21:32

Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı haqqında qeydlər
Yaşca bizdən sonra gələn doğmalara, yaxından tanıdığımız gənclərə deyirik ki, o, mənim gözlərimin qabağında böyüyüb. Bu deyimin içərisində gizlənən məna odur ki, haqqında danışılan şəxs sözü deyənin özündən xeyli cavandır. Yəni çox güman ki, gəncdir. İndiki halda Sevindik Nəsiboğlu haqqında bu ifadəni işlətmək tam yerinə düşür. Bəli, o, müasir ədəbi mühitin aparıcı simalarının, o cümlədən, mənim də gözlərimin qabağında böyüyüb. Həm yaş baxımından, cismən boy atıb, bir növ uşaqlıq mərhələsini çoxdan geridə qoyub. İndi o, boy-buxunlu cazibəli bir gəncdir. Və həm də mənəvi cəhətdən böyüyüb.
Yaxşı yadımdadır; ilk qələm təcrübələrini çox ürəkdən, xüsusi bir ruhla, əlbəttə, çox sağlam, ruhdan gəlmə bir istəklə oxuyur və kimsənin də nə deyəcəyinin fərqində olmurdu. Hətta bir tədbirdə (hələ onda Sevindiyin 11-12 yaşı vardı, ən azı 5-6 il bundan əvvəl) ustad sənətkarlarımız onun şeirlərini, poetik nəfəsinin sözdəki təzahürünü açıq-aşkar qınaqla qarşıladılar. Mən bunu ədalətsiz münasibət kimi qəbul etdim və çıxışımda Sevindik Nəsiboğlunun necə parlaq gələcəyi olacağına inamımı ifadə etdim.
Bəli, xeyli keçib. Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım”, “Möhtəşəm zəfərin nişanəsi” və digər çox dəyərli publisistik və poetik kitabların müəllifi kimi tanınır. Hətta “Könüllərə yol gəzirəm” adlı şeirlər kitabında Sevindik Nəsiboğlunun gənc şair ruhu özünüifadənin təsdiqi kimi təzahür edir.
44 günlük müharibənin qələbə ilə başa çatması, Azərbaycan əsgərinin möhtəşəm zəfəri Sevindik Nəsiboğlunun yaradıcılığına xüsusi bir istiqamət gətirdi. O, bir-birinin arxasınca Azərbaycan ordusunun qəhrəman oğullarını vəsf edən, cəmiyyətə tanıdan yazılarla ardıcıl şəkildə çıxış etməyə başladı.
Yazıçı üçün, şair üçün mövzu həmişə var. Amma elə mövzular var ki, onu vaxtında işləmək, yazıya gətirmək müəllifdən xüsusi qəhrəmanlıq tələb edir. Bəlkə də fədakarlıq demək daha doğru olardı. Onu bilirəm ki, Sevindik Nəsiboğlunun yüzlərlə bədii-publisistik yazılarından boy göstərən Azərbaycanın qəhrəman oğulları vətənin hər bir guşəsində kitab səhifələrinin arasınca yeriyərək ailələrə qonaq gedir, vətənin qəhrəman oğullarını sevən hər bir ailə onun kitablarını sanki Tutiya kimi qarşılayırlar.
Mən ayrı-ayrı tədbirlərdə S.Nəsiboğlunun “Möhtəşəm zəfərin nişanəsi” kitabını öpüb gözlərinin üstündə gəzdirən, sonra da sinəsinə sıxıb bağrına basan anaları görmüşəm. Atalar kitabın səhifəsində övladının şəklini görüb sanki oğlunun şəhid libasında canlanıb onun özünə qayıtdığını bütün varlığı ilə duyub.
Biz sözü sevgi ilə yazıb, bu sevgini insanlığın ruhuna ötürməyə vətənə, xalqa xidmət deyirik. Yeni nəsil üçün vətənsevərlik dərsliyindən danışırıq; bu dərslik gözlərimizin qabağında yaranır. “Möhtəşəm zəfərin nişanəsi” və Sevindiyin digər kitabları hələ adları, bəlkə, rəsmi şəkildə əbədiləşməmiş qəhrəmanların hər birinə ucaldılmış abidəni simvolizə edir.
Kaş ruhuna, varlığına söz sevdalısı olmaq qisməti yazılmış hər kəs elə vaxtında ayılaydı; Sevindik Nəsiboğlu yaşında.
Dövrümüzün istedadlı və yorulmaz qələm sahibi kimi parlayan S.Nəsiboğlunun indi yeni kitabı oxuculara ünvanlanıb: “Suverenliyimizi təmin edənlər”. Bu kitab təkcə Sevindik Nəsiboğlunun yazıçı kimliyinin ünvanı deyil, bu kitab həm də Azərbaycan ordusunun müharibədəki qələbəsinə kölgə salmaq istəyən şəkkakların ruhuna, varlığına çəkmiş dumanı dağıdan vətən nəfəsidir. Çoxları deyirdi ki, Qarabağ azad olunmadı, düşmən yenə Qarabağda öz işindədir. Qarabağ yenə Azərbaycana tabe deyil. Belələrinə ən yaxşı cavabı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev vermişdi: “Mən nəyi, necə, nə vaxt icra etməyi özüm yaxşı bilirəm”. Əlbəttə, bu cavab həmin şəkkakları kifayət qədər qandırmaq gücündə idi. Amma qarayaxmalar, qərəzli münasibətlər kor inadların varlığından çəkilib getmədi. Zaman gəldi ki, Azərbaycan ordusu antiterror əməliyyatına başladı və bircə günün ərzində əməliyyat başa çatdı. Ərazi seperatçılardan təmizləndi və ən başlıcası, seperatçı quldurların rəhbərləri tutulub Azərbaycan təcridxanalarına gətirildi.
İndi qalır bu qeyri-adi dərəcədə çevik, yüksək düşüncə ilə hazırlanmış əməliyyatın mənəvi salnaməsini yazmaq. Sevindik Nəsiboğlu məhz bu salnaməni “Suverenliyimizi təmin edənlər” adı ilə hazırladığı kitabda yazıya çevirdi. Doğrudur, bu kitabda antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalanların taleyi yazıya gətirilib. Amma hər halda hər bir qəhrəmanın döyüş yolu, savaş qəhrəmanlığı və nəhayət, şəhidlik zirvəsinə ucalan məqamı dəqiq faktlar əsasında qələmə alınıb. Elə bunun özü salnamənin kifayət qədər mükəmməlliyini təsdiq edir.
Müəllif, əlbəttə, çox gəncdir. Amma yazı-pozu sahəsində artıq kifayət qədər təcrübəsi var. Kitabının əvvəlində Ulu Öndərin, Ali Baş Komandanın foto-portretlərini təqdim edir. Onların Azərbaycan xalqına inam bəxş edən fikirlərinə nümunələr gətirir. Düşünmək olar ki, bunun özü də gənc yazıçının dövlətə, Azərbaycan dövlətini sarsılmaz sütunlar üzərində qurmuş Ulu Öndərə, İkinci Qarabağ savaşında qəti qələbəmizi təmin edən Ali Baş Komandana inamının ifadəsidir.
Nəhayət, müəllif xüsusi bir duyğu ilə qələmə aldığı məqalələri və şeirləri oxucularına təqdim edir. Maraqlıdır ki, hər bir yazının xüsusi bir giriş, ayrıca bir təəssürat ifadə edən müşahidələrlə başlaması onun gələcəkdə həm də həyatı istedadla yaza biləcək bir nasir kimi yetişəcəyinə inam yaradır. Ramil Şücəddin oğlu Rəhimovun xatirəsinə həsr etdiyi yazının başlanğıcı sözün həqiqi mənasında əsl yazıçı təəssüratından xəbər verir: “Abşeron rayonunun Ceyranbatan qəsəbəsi vətənimizin ucsuz-bucaqsız bölgələri arasında gözəlliyi, sakitliyi, mənzərəsi ilə göz oxşayan, mehriban, səmimi, vətənpərvər insanları ilə seçilən yerlərdən biridir. Bu ərazilərin həm təbiəti, həm də insanları strateji obyekt kimi illərlə dövlətimiz tərəfindən göz bəbəyı kimi mühafizə olunan gözəl Ceyranbatan gölü qədər təmiz, saf və dəyərlidir. Görkəmli rəssamımız Səttar Bəhlulzadə “Torpağın arzusu” rəsmini Ceyranbatan gölünə həsr etmiş və bu misilsiz gözəlliyi ustalıqla canlandırmışdır. Rəsmi çəkərkən o, Ceyranbatan torpağının arzusunu ifadə etmiş, bu torpağı güllü-çiçəkli, daha gözəl, daha firavan görmək istəmişdir. Lakın təəssüflər olsun ki, həyat hər zaman insanların istədiyi kimi olmur. Fələk isə heç bir zaman insanların arzusu ilə hərəkət etmir və öz qərarını verir. Bu sakit, qəlblərin rahatlıq tapdığı kiçik qəsəbədə insanların tək arzusu dərddən-qəmdən uzaq, firavan bir şəkildə yaşamaq olsa da Azərbaycanımızın hər yerində olduğu kimi burada da mənfur düşmənlərimiz xalqımızın bu arzusunun həyata keçməsinə imkan verməmişdir. Birinci Qarabağ müharibəsindən başlayaraq ən yeni tariximizdə baş vermiş 1 günlük antiterror əməliyyatları da daxil olmaqla Azərbaycanımızın canından nə qədər can qopdu. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz arasında Ceyranbatan torpağında böyüyən vətən oğulları da az olmamışdır. Bu şanlı torpağın şanlı oğulları doğma Qarabağ üçün sinələrini sipər etdilər, işğalda olan torpaqlarımızın düşmən tapdağından azad olunması üçün əllərindən gələni əsirgəməyərək ölümü gözə aldılar və sonunda qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldılar. Ceyranbatan torpağı canını vətənə fəda etmiş qəhrəman oğulları ilə müqəddəsləşmişdir. Çünki torpaq ancaq uğrunda ölən varsa, Vətən olur”. Elə axırıncı ifadəyə diqqət edək. Əlbəttə, məşhur ifadədir. Mehmet Camal Küntayın sözləridir: “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq – uğrunda ölən varsa, vətəndir”. Amma müəllif görün necə ustalıqla improvizə edir. Artıq onun üçün həmin ifadə bədii mətn müstəvisindən çıxıb düstur şəklini alıb və müəllif Sevindik Nəsiboğlu məhz həmin mətnin artıq onun düşüncəsində əks olunan düsturu təqdim edir.
Müəllif həm də tərənnüm etdiyi qəhrəmanın şərəfinə yazdığı şeiri də mətnə daxil edir. Zənnimcə, bircə bənd bəs edir ki, onun nə qədər emosional və eyni zamanda reallığa güvəncli duyğulanmalarını müşahidə edək.
Bir gündə son qoydun qadaya, qana,
Qaytardın bizlərə bizim olanı.
Qələbə bəxş etdin Azərbaycana,
Vətənimin fədakar qəhrəmanı.
Yaxud, Yusif Ələsgər oğlu Əhmədovun xatirəsinə həsr olunan mətni də həyəcansız oxumaq mümkün deyil. Onu da deyim ki, bu kitabdakı mətnlərin hər biri təkcə nəsr parçası deyil, sanki müəllifin özünün qəlbindən, ruhundan çağlayıb gələn poetik duyğularıdır. Başqa sözlə, müəllif vətən anlamını necə başqa cür ifadə edə bilərdi: “Vətən sözü... Bu söz 5 hərfdən ibarət olan, şəkilçisiz, bir kökdən ibarət olan sadə bir söz kimi görünə bilər... Amma bu belə deyil... Deyilmiş də... Biz üstündə gəzdiyimiz və yaşadığımız bu quru torpaq parçasını qanımızla, canımızla Vətən etdiyimiz andan bunu sübut etmişik ki, Vətən sadə bir məfhum, bir söz deyil və heç zaman da ola bilməz. Vətən bəzilərinə anadır, bəzilərinə atadır. Bəzilərinə oğuldur, bəzilərinə isə hər şeydir... Vətən uğrunda oğlunu qurban verənlərə bu söz daha çox tanışdır... Bəzilərinə içində ev qurduğu, yaşadığı, boya-başa çatdığı, neçə-neçə acılı-şirinli xatirələrini bölüşdüyü bir məkan... Bəziləri üçün ilk sevgidir, bəziləri üçün tək sevgi. Bəziləri üçün ilk söz, bəziləri üçün son sözdür VƏTƏN! Bəzilərinə isə bu saydıqlarımdan heç biri bir şey ifadə etməz. Onlar Vətənin qədrini bilməyən, harada çörək tapdılarsa, güzəranları xoş keçdisə, oranı vətən bilən və ya bilməyən qəlbsiz, könülsüz insanlardır və onlardan heç zaman anlayış gözləməyin. Ancaq dünyada, xüsusilə də Azərbaycanımızda Vətən hamı üçün təkdir: uğrunda canını gözünü belə qırpmadan verə biləcəyin qədər böyük bir məfhum. Vətən üçün tarix boyu, yaxın tariximizdə son 30 ildə, xüsusilə də son 3 ildə neçə-neçə vətən oğulları, qəhrəmanlar, igidlər canlarını qurban verdilər. Onlar bundan zərrə qədər də olsa, peşman olmadılar. Çünki Vətən kəlməsi onlara dünyaya gəldikləri ilk andan tanış, müqəddəs idi”. Düşünürəm ki, bu cümlələrin hər biri ayrılıqda müəllifin poetik ruhunun sözdə təzahür edən səsidir. Müəllif, hiss olunur ki, bütün varlığı ilə Azərbaycan ordusunun döyüş yolunu izləyir. Bu yolun haradan, necə keçdiyini dəqiq və aydın təsəvvür edir. O, qəti inamla deyir ki, nə qədər Azərbaycan xalqı var, nə qədər biz varıq, bu qəhrəmanlar yaşayacaqlar.
Sevindik ədəbiyyata lirik şeirləri, duyğulu poeziyası ilə gəlib. Ona görə də onun bütün yazılarında poetik ruh əsas xətt kimi keçir və nəhayət, davamlı olaraq qəhrəmanların tale yolunu əks etdirən hissiyyatlı şeirlərlə düşüncələrini tamamlayır. Başqa cür müəllif bu bəndləri necə deyə bilərdi: “Qismət beləymiş, ana, Sonda gəldim yanına. Vətən üçün al qana, Mən boyana-boyana. Çox arzularınızı, Ürəkdə qoyub gəldim. Əsas odur, igidtək, Şəhidliyə Yüksəldim! De atama göylərdən, Mənim ölməyim yalan. Mən ki şəhid olmuşam, Sən de ki, sağdır balan!”. Mən Sevindik Nəsiboğlunun bu kitabını geniş profilli toplu hesab edirəm. Çünki burada o, Azərbaycan torpaqları uğrunda vuruşan qəhrəmanların ən müxtəlif istiqamətlərdən gəlib birləşən yollarını eyni müstəvidə tərənnüm edir. İlk polis şəhidlərimiz haqqında məlumat verir. Qəhrəman hüquq-mühafizə işçilərinin fədakar savaşlarından danışır. Və nəhayət, antiterror şəhidləri haqqında daha geniş və əhatəli bəhs edir.
Əlbəttə, bizim məqsədimiz kitabı başdan-başa təhlil etmək, araşdırmaq deyil. Sadəcə kitab haqqında, o cümlədən, müəllif haqqında ilkin təsəvvür yaratmaqdır məqsədimiz. Əsas odur ki, antiterror şəhidlərinə gənc yazıçının sözlə ucaltdığı monumental bir abidənin önündə öz ehtiramımızı qürurla bəyan edək.
Sevindik Nəsiboğlu Azərbaycanı yazır, vətən torpağının müqəddəsliyini tərənnüm edir. Azərbaycan oğullarının qəhrəmanlığından danışır. Və əlbəttə, şəhidliyin uca zirvə olduğunu sözü ilə bəyan edir.
 
Əli Rza Xələfli
Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist
22.10.2024

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ