SON DƏQİQƏ

XALQIMIZIN YENİ YAZARI, PARLAQ İSTEDAD

Tarix:25-12-2024, 22:40

Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabına rəy-düşüncələrim

Çox vaxt deyirlər ki, yeni nəsil həyatı bilmir, vətən haqqında düşünmür, oxumur, öyrənmir. Ancaq mən bu sözün cavabında elə birinci böyük qələbəmizin tarixi əhəmiyyətindən danışarkən Ali Baş Komandanın dediyi sözləri yada salıram: “Azərbaycan ordusunun əsas döyüşən qüvvəsi yeni nəsildir, mənim zamanımda doğulub-böyümüş oğullardır”. Bəlkə də olduğu kimi demədim, amma məzmun bundan ibarətdir. Demək, Azərbaycan əsgəri kimi forma geymiş yeni nəsil vətənin nə demək olduğunu, torpağın nə üçün əzizdən əziz olduğunu yaxşı bilir. Əlbəttə, bunun üçün ictimai mühit əsas şərtdir. Ailə tərbiyəsi, məktəb mühiti – bütün bunların hamısı mühüm şərtlərdir. O da var ki, Azərbaycanın qalib Prezidenti bütüb çıxışlarında Azərbaycan gənclərinə sevgisini və inamını bəyan edib. Zənnimcə, Ali Baş Komandanın Azərbaycan ordusu ilə, Azərbaycan gəncləri ilə bağlı dedikləri əsl vətənpərvərlik dərsliyi kimi öyrənilməyə layiqdir.Söz yox ki, Azərbaycan əsgərinin vətənə, torpağa sədaqət ruhunda tərbiyə olunması üçün Azərbaycan ziyalıları da öz qüvvələrini əsirgəməyiblər. Onlar Ulu Öndərin Azərbaycançılıq amalına sədaqət nümayiş etdirərək gənclərimizin sağlam düşüncə ilə böyüməsi naminə əgər belə demək mümkünsə, öz sözlərini əsirgəməyiblər.
Əlbəttə, yaşlı nəsil yazıçılar vətən sevgisinin nə demək olduğunu yaxşı bilir. Amma daha yaxşısı odur ki, bunu – vətən, torpaq sevgisinin mahiyyətini gənc yazıçılar da qədərincə anlayır və bilirlər.
Mən Sevindik Nəsiboğlunun naşiriyəm. Çoxlu kitablarını nəşr etmişəm. Onu da deyim ki, Sevindik Nəsiboğlunun kitablarını nəşr etmək heç də asan başa gəlmir. Çünki onun kitabları şablon dəst-xəttlə hazırlanmır. O, yazılarında portret şəkillərdən, tarixi faktları əks etdirən fotolardan, bir sözlə, sənədli xronikadan da geniş şəkildə istifadə edir. Kitab çapı ilə məşğul olanlar yaxşı bilirlər ki, şəkilli kitabların çapı nə qədər çətindir və eyni zamanda çox məsuliyyətlidir. Çünki mətn daxilində hər hansı bir cüzi redaktə səhifələri yerindən dəyişə bilir. Bu da nə qədər əlavə əziyyət və problem deməkdir. Bir sözlə, biz Sevindik Nəsiboğlu ilə işləməyin bir növ təcrübə yolunu artıq keçib qurtarmışıq. Onun kitabın hazırlanma prosesindəki məsuliyyətli yanaşmaları, diqqəti məni xüsusilə təsirləndirir. Gənc olasan, hələ həyatın bərkini, boşunu qədərincə bəlkə görməmiş olasan, amma bu qədər məsuliyyət hiss edəsən.
Bəli, xüsusi məsuliyyət tələb edən, rəngli şəkillərlə çapa təqdim olunan belə bir kitabı Sevindik oxucularına təqdim edir. Rəngli şəkillər, hər bir yazının hazırlıq prosesindəki yerini dəqiq təyin etmək, xronoloji ardıcıllığı gözləmək... bütün bunlar Sevindik Nəsiboğlunun bir sənətkar kimi artıq öz kitabı üçün müəlif məsuliyyətinin nə demək olduğunu bilməsidir.
Sevindik Nəsiboğlunun kitabı “Suverenliyimizi təmin edənlər” adlanır. Tarixdə analoqu olmayan hadisə baş verdi. Bircə günün tamamına yetməmiş Azərbaycan ordusu bütün Qarabağda otuz ildən çox bir müddət ərzində kök salmış seperatçıları darmadağın etdi. Onların zəngin cəbbəxanası, hərbi hazırlığı, uzaq ölkələrdən muzdla yığıb gətirdikləri quldur döyüşçüləri də bu savaşda kara gəlmədi. Demək, Azərbaycan əsgərinin hansı gücdə olduğunu, onun qüdrətini təkcə bu savaşla da bilmək olar.
İndi qalır əsas məsələ: Yazıçılarımız bir günün qəhrəmanlarını sözə necə gətirəcəklər? Zənnimcə, elə təkcə Sevindiyin timsalında bu suala da nikbin cavab vermək olar. Sevindik Nəsiboğlu bütün imkanlarını səfərbər edib. Heç kimi unutmamağa çalışıb. Mümkün qədər antiterror şəhidləri haqqında dəqiq məlumatlar toplayıb və ən başlıcası, hər bir şəhidin doğulub-böyüdüyü mühiti, onun döyüş yolunu dəqiq öyrənib. Əgər belə olmasaydı, onda mətnlər müəyyən mənada bir-birinə qarışardı. Biz hər bir qəhrəmanı ayrılıqda xarakterizə edə bilməzdik. Doğrudur, müəllif hər bir qəhrəman haqqındakı məlumatları məhdud imkanlar daxilində yazıya gətirib kitaba yerləşdirib. Qəhrəmanlardan biri haqqında yazır: “Mehti Əmrah oğlu Abbasov 19 sentyabr 2023-cü ildə Azərbaycan Sılahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində silahlanan separatçı erməni hərbi birləşmələrinə qarşı başlanan lokal antıterror əməliyyatlarında iştirak etmiş, Ağdam istiqamətində gedən döyüşlərdə fərqlənmiş, erməni qəsbkarlarının zərərsizləşdirilməsində və torpaqlarımızın azad olunmasında böyük rəşadət göstərmişdir. Əsgər Mehti Abbasov 20 sentyabr 2023-cü ildə Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəmanımızın nəşi 21 sentyabr 2023-cü ildə doğulduğu Masallı rayonunun Sığıncaq kəndində torpağa tapşırılmışdır. Şəhidimiz subay idi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Mehti Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Göründüyü kimi, müəllif qəhrəman haqqında faktlar əsasında təsəvvür yaratmağa çalışır. Hətta bədii təsvirlərə də o qədər geniş yer ayırmır. Çünki onun məqsədi antiterror şəhidləri haqqında xronikal mətnlər təqdim etməkdir. Başqa sözlə, dəqiq, müxtəsər salnamə yaratmaqdır. Biz hər bir faktın arxasında qəhrəmanların hansı gücdə olduğunu, hansı mənəvi yüksəlişdə dayandığını təsvirlərdən də duyur və dəqiq qəbul edirik.
Sevindik hər bir mətn daxili faktı dəqiq verir. Sanki bir neçə cümlə ilə oxucuda qəhrəmanın kimliyi haqqında təsəvvür yaradır: “Cəsur baş leytenant Ruslan Abbasov 19 sentyabr 2023-cü ildə Qarabağda silahlanan erməni separatçılarına qarşı rəşadətli Azərbaycan Ordusu tərəfindən başlanan lokal xarakterli antiterror əməliyyatlarında böyük igidlik göstərərək döyüşmüşdür. Qızğın döyüşlərin getdiyi zaman separatçıların bir çox mövqeyini böyük ustalıqla məhv etmişdir. Ruslan Abbasov 19 sentyabr 2023-cü ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmanımızın nəşi 20 sentyabr 2023-cü ildə Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır”.
Zamin Xəqani oğlu haqqındakı mətni də həyəcansız oxumaq mümkün deyil. Onun döyüş yolu 44 günlük savaşın içindən keçib. Böyük savaşın qəhrəmanı kimi antiterror əməliyyatında iştirak edib: “Azərbaycan Ordusunun baş leytenantı olan Zamin Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Tabeçiliyində olan hərbçiləri müharibənin sonunadək döyüşlərdən sağ-salamat çıxarmışdır. Müharibədən sonra Zamin Abbasov cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və baş nazır cənab Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Vətən müharibəsi bitdikdən sonra Zamin Abbasov hərbi xidmətini davam etdirmişdir. 2021-2022-ci illərdə həyata keçirilən qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə şücaət göstərərək fərqlənmişdir”. Zamin Abbasov 19 sentyabr 2023-cü ildə şəhid olub və Sumqayıtın Şəhidlər Xiyabanında uyuyur. O, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olub. Hiss olunur ki, bu yerin adı Sevindiyi xüsusi həyəcanlandırır. Mən onun digər kitablarından aldığım məlumat əsasında deyirəm ki, onun mənsub olduğu ailə Xocavəndlə çox bağlıdır. Bəzən tanış bir yer-yurd adı bizdə xüsusi təəssürat yaradır. Onu da deyim ki, Sevindik Nəsiboğlu mənəvi mühitinə təsir edən faktların yaratdığı təəssüratlardan yetərincə yararlana bilir.
Abbaszadə Emin Faiq oğlu haqqında isə təqdim etdiyi qeydlər onun necə bir qəhrəman olduğunu tanımağa bəs edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Emin Abbaszadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. İndi bu qeydləri bir-birinin arxasınca yazdıqca, Sevindiyin dəqiq xronika əsasında tərtib etdiyi məlumatları oxucu düşüncəmdən keçirərək  ümumiləşdirməyə çalışdığım üçün qeyd etməliyəm ki, bu məlumatlar əslində onun gələcək romanlarının, povestlərinin, müharibə hekayələrinin əsasını təşkil edəcək. Sevindik sanki müharibənin gündəliyini yazır. Əslində elə müharibələrdən çox sonralar qələmə alınmış bədii əsərlər belə dəqiq mətnlərdən bəhrələnərək yaradılır. Bu mənada, mən Sevindik Nəsiboğlunun gələcək yazıçı taleyinə sözün həqiqi mənasında çox inanıram.
Bu kitabı vərəqləyən hər bir oxucu yəqin ki, mənsub olduğu yerin, yurdun adını da axtaracaq. Həmin oxucu özünün doğulub-böyüdüyü torpaqdan pərvəriş tapmış qəhrəmanların adlarını da gəzəcək və çox güman ki, Tovuz rayonundan olan oxucular Asim Cavanşir oğlunu dəqiq xatırlayacaqlar, şübhəsiz, onunla fəxr edəcəklər: “Şəhid kiçik çavuş Asim Cavanşir oğlu Abdullayev 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olmuşdur. Orta təhsilini Tovuz rayon Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbi xidmətinə başlamışdır. Asim bir müddət hərbi xidmət etdikdən sonra ordudan tərxis olunmuş və mülki fəaliyyətinə davam etmişdir. Sonra isə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət kurslarına yazılmış, kursları müvəffəqiyyətlə bitirdikdən sonra Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu kimi yenidən ordu sıralarına qayıtmışdır. Hərbi xidmət müddətində döyüş hazırlığında, eləcə də qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Həmçinin Asim Abdullayev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilmişdir. İgidimiz 12 oktyabr 2022-ci ildə ailə həyatı qurmuşdu”. Vaxt məhdud, manevr etmək üçün ərazi çox məhdud. Antiterror əməliyyatı belə bir məhdud vaxt və məhdud ərazi daxilində həyata keçirilirdi. Hətta Ali Baş Komandan göstəriş vermişdi ki, uşaqlara, qocalara, qadınlara, bir sözlə, mülki əhaliyə zərər vurulmasın. Bəlkə də tarixin ən nadir müharibələrindəndir ki, ümumiyyətlə, İkinci Qarabağ savaşında və antiterror döyüşlərində Azərbaycan ordusu dinc əhaliyə zərər vurmadı. Ali Baş Komandanın məramını ən müqəddəs tapşırıq kimi yerinə yetirdi. Bu, Azərbaycan xalqının humanizmi demək idi. Halbuki, erməni vandalları kimliyinə fərq qoymadan azərbaycanlıları kütləvi şəkildə qətlə yetirir və onları insanlığa yaraşmayan bir şəkildə kütləvi olaraq xəndəklərə gömürdülər.
Azərbaycan əsgərlərinin ən qiymətləndirilməli cəhətlərindən biri də bu idi ki, onlar ermənilərin məlum fitnəkarlıqlarının, qəddarlıqlarının əvəzini ancaq torpaqlarımızı işğaldan azad etməklə çıxırdılar. Abbasov Fabil Qulam oğlu, Ağaxanov Osman Qədim oğlu, Ağayev Ceyhun Etibar oğlu, Ağayev Kənan Vahid oğlu, Ağabəyov Tural Təbriz oğlu haqqında yazılan qeydlər sənədli film-xronika kimi gözlərimizin önündə Azərbaycan əsgərinin möhtəşəm sıra keçidini təqdim edir. Alıyev Fərid Tofiq oğlu haqqında müəllifin qeydlərinə baxıram. Bu çox gənc, yeniyetmə bir Azərbaycan əsgəridir. Üzünə, yəni fotoya canlı insan kimi baxmamaq olmur. Bir tərəfdən də gün işığı düşür. Elə bil ki, bu gəncin bütün ruhu görünür. Düşünürəm ki, Sevindik Nəsiboğlu təqdim etdiyi qəhrəmanların fotolarını seçməyə də xüsusi diqqət göstərir.
Fərid Şamaxı şəhərində anadan olub və elə Şamaxıdakı Şəhidlər Xiyabanında da torpağa tapşırılıb. Vətənin çox dəyərli təltiflərinə layiq görülüb.
Yaxud, Murad Təvəkkül oğlu haqqında da ayrıca bir neçə kəlmə danışmaq yerinə düşər. Azərbaycan bayrağının fonunda gələcəyə zillənmiş baxışları xüsusi inam təlqin edir. Biz vətən uğrunda savaşın qələbə ilə qurtarmasının,  antiterror əməliyyatının uğurla başa çatmasının xəbərini sanki onun baxışlarından oxudum. Bəli, Azərbaycan əsgəri özünə inamlı idi. Şəhid əsgər Murad Arzullayev haqqında qeydləri müəllif belə bitirir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Murad Arzullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdi”. Beləliklə, Azərbaycanın qəhrəman oğullarının portretləri ilə üzbəüz dayanırıq. Sevindiyin təqdim etdiyi faktlar əsasında onlarla söhbət edirik, onlarla fikirlərimizi bölüşürük, düşüncələrimizi məhz aldığımız təəssürat əsasında yazıya çeviririk.
Aslanov Sahil Əhliman oğlu, Axundov Murad Xıdır oğlu, Babaşov Ucal Nərbala oğlu... adlar sanki canlanır, əsgərin özü kimi danışır. Mən yeni türk kökənli Azərbaycan adlarının qoyulmasını çox sevirəm. Azərbaycan əsgəri Ucal adını daşıyır. Bu adın hansı təəssüratı oyatdığını izah etməyə ehtiyac yoxdur. Çünki hərbir insan öz adının mahiyyətini dərk etdikcə onun cəmiyyətə, insanlara təsirini də öyrənir. Zənnimcə, Ucal Nərbala oğlu elə öz adına layiq bir döyüş yolu keçib. Ucal haqqında müəllif yazır: “Ucal Babaşov 19 sentyabr 2023-cü ildə Qarabağda təxribatçı və separatçı fəaliyyət göstərən erməni qəsbkarlarına qarşı rəşadətli Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Xocalı istiqamətində gedən döyüşlərdə böyük şücaət və igidlik göstərmişdir. Əsgər Ucal Babaşov 20 sentyabr 2023-cü ildə Xocalı rayonunun Dəhrəz kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin nəşi doğulduğu İmişli rayonunun Xəlfəli kəndində torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Ucal Babaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Söz yox, bütün təltiflər qəhrəman Azərbaycan oğullarının, şəhidlərin, qazilərin haqqıdır. Bu təltiflər onların qəhrəmanlığının vətən tərəfindən etirafıdır. Mən inanıram ki, elə Ucalın da doğulub böyüdüyü Xəlfəli kəndində onun büstü qoyulacaq, adı əbədiləşdiriləcək. Şübhəsiz, hər birimiz vətən şəhidlərinin adına ehtiramı birmənalı şəkildə təqdir edirik.
Şəhidlər haqqındakı xronika davam edir. Sanki gözlərimizin önündən rəngli bir sinema lövhələri ötür. Babayev Sahil Sarıbala oğlunu, Babazadə Əli Rüstəm oğlunu, Bağırov Ülvi Hənifə oğlunu, Balabəyli Elcan Vasif oğlunu, Bayramov Davud Şamil oğlunu, Bayramov İxtiyar Bayram oğlunu, Bayramov Tapdıq Namiq oğlunu... beləcə bu qəhrəmanların hər birini gözlərimizin önündən keçən sinema lövhələri kimi müşahidə edirik. Bədəlov Ouc Arif oğlunun şəklinə baxan yad bir xalqın nümayəndəsi onun necə qəhrəman olduğunu təsəvvür edə bilməz. Çünki Oruc Arif oğlu fotodan məsum uşaq görkəmi ilə baxır. Ancaq canlı, diri gözləri ilə vətən torpağı uğrunda vuruşduğu üçün qürurludur. Zənnimcə, o, şəhidlik məqamına yüksələndə də inamlı və gülümsər çöhrəsini döyüş yoldaşlarına əmanət edib. Röyal Nəsiboğlu, Bilalov Sərxan İsmət oğlu, Cahangirov Tural Qələmhüseyn oğlu, Canbaxışov Xəyal Xeyrulla oğlu, Cəfərov Elşad Malik oğlu, Cəfərov Malik Asif oğlu, Cəfərov Oleq Qılıc oğlu, Cəfərov Rəvan Məhəmədəli oğlu... Adlar fərqlidir, doğulub-böyüdükləri yerlər ayrı-ayrıdır. Ancaq sanki eyni ananın övladlarıdır, eyni yaşdadırlar. Mən elə bu qənaətimə inanıram, çünki onlar üçün ana-ata Azərbaycan torpağıdır, Azərbaycandır. Onlar hamısı bir vətənin övladlarıdır, ona görə bir-birinə bənzərdirlər. Şəhid kapitan Xəzər Qalib oğlu haqqında da ayrıca təəssürat bölüşmək vacibdir. Çünki o, hələ Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük savaşda qəhrəmanlıqla döyüşüb. İgid kapitan haqqında müəllif yazır: “Xəzər Cəfərov 19 sentyabr 2023-cü ildə rəşadətli Azərbaycan Ordusunun Qarabağda separatçı və təxribatçı fəaliyyət göstərən erməni qəsbkarlarına qarşı başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kapitan Xəzər Cəfərov 20 sentyabr 2023-cü ildə Ağdam rayonunun (indiki Ağdərə rayonunun tərkibinə daxıl edilmiş) Sirxavənd kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Onun nəşi 22 sentyabr 2023-cü ildə Neftçala Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının ərazı bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Xəzər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Düşünürəm ki, Xəzər Cəfərov kimi zabitlərin döyüş yolu tam öyrənilməlidir. Onların doğulub-böyüdükləri yerlərdə ev muzeyləri yaradılmalıdır. Orta məktəbin hər bir buraxılışı həmin muzeyi ziyarət edərək həyatın daha geniş axarına qoşulmalıdır. Çünki belə qəhrəmanların döyüş yolu elə özü bir tarix dərsliyidir.
Cəlilov Devid Raufoviç, Daşdəmirov Sahib Natiq oğlu, Dünyamalıyev İslam Teymur oğlu, Dünyamalıyev Rüstəm Nəriman oğlu, Ədilzadə Ədil Rövşən oğlu, Əhədov Eltac Əjdər oğlu... hər bir qəhrəman haqqındakı qısa qeydləri ötəri təəssüratla oxumaq olmur. Az müddət içərisində Azərbaycanın nə qədər qəhrəman oğullar yetirdiyinin şahidi oluruq. Elvin Əhmədov, Rizvan Əhmədov, Vilayət Əhmədov, Vüsal Əhmədov... soyadlar eynidir. İlk baxışdan adama elə gəlir ki, bunlar bir ailənin övladlarıdırlar. Yenə bayaqkı sözümü xatırladıram; onlar həqiqətən bir ailənin, yəni azərbaycanlıların birliyində öz möhtəşəmliyini təsdiq edən xalqın övladlarıdır.
Zaman keçdikcə, tarixi hadisələr də bizdən uzaqlaşır. Ancaq elə tarixi hadisələr var ki, onları bir çox cəhətlərinə görə heç vaxt unutmaq olmaz. Vaxtı ilə erməniləri Qafqaza köçürərək Azərbaycan torpaqlarının hesabına onlara dövlət yaratdılar. Ancaq bu həqiqətlər uzun müddət gizlədilib, aşkar məlumatlar xalqa çatdırılmayıb. Bu da zaman baxımından həqiqətləri yaddaşımızdan silməyə xidmət edib.
İndi Sevindik Nəsiboğlu kimi müəlliflərin kitabları təkcə hadisənin xronikasını təqdim etmir, həm də xalqımızın tarixi yaddaşının qorunmasına xidmət edir. Ayrı-ayrı ailələrdə doğulub-böyümüş Azərbaycan oğulları vətənin hər qarışını müqəddəs bildiyi üçün bu savaşda bizim ordumuz qalib gəldi. Əslində Sevindik Nəsiboğlu bu ideyanı yeni gəncliyə məhz öz kitabı ilə təlqin edir. Harada olsaq, nə iş görsək də, biz vətən qarşısında hesabat verməliyik. Vətənin tarixi taleyi bizim hər birimizdən asılıdır, çünki biz birlikdə olanda güclüyük.
Qeydlərimin bu yerində yenə müzəffər Ali Baş Komandanın qələbə əzmli çıxışlarını xaıtrlayıram. O, Azərbaycan əsgərləri qarşısında inamla, sevgi ilə, qürurla çıxış edirdi. Dalğalanan əzəmətli bayrağımızın altında hər dəfə sözünü bitərərkən yumruğunu havaya qaldırır, birmənalı şəkildə deyirdi ki, “Qarabağ Azərbaycandır”. İndi düşünüəm ki, hər bir Azərbaycan əsgəri ayrılıqda bu həqiqət tapındığı üçün yenilməz olub, sonsuz inamla döyüşün ən ağır yerinə atılıb və nəhayət, Azərbaycan torpağı uğrunda həlak olmağı özünə şərəf bilib, şəhidlik zirvəsinə yüksəlib. Çünki onlar üçün Qarabağ öz doğma yurdudur, doğulub-böyüdüyü  yerdir. Vətənin yad yeri yoxdur, vətən hər kəsə əzizdir. Mən inanıram ki, S.Nəsiboğlu gələcəkdə hələ çox kitablar yazacaq. Ən başlıcası, qəhrəmanlarının həlak olduğu yerləri edib öz gözləri ilə görəcək. Kimin harada, necə həlak olduğu ilə bağlı özünün yeni əsərlərini yazmağa hazırlaşacaq.
Bəli, Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı gözəl əsərdir. Yeri gəmişkən, burada qeyd edim ki, elə Sevindiyin özü də Azərbaycan xalqının yeni, parlaq bir əsəridir.
Beləliklə, kitabda cəmlənmiş materiallar əsasında bu və ya digər dərəcədə fikir və düşüncələrimizi oxucularla bölüşmək istədik. Ancaq bu işin çətin tərəfi də var. Yəni mənəvi məsuliyyət hissi. Adama elə gəlir ki, hansısa bir şəhidin adını çəkməmisən, onun ruhu başının üstündədir və sanki incikliyini bildirir. Düşünürəm ki, Sevindik Nəsiboğlu belə çox çətin və məsuliyyətli bir işin öhdəsindən gəldiyi üçün narahat olmağa dəyməz. Çünki onun gördüyü iş bizim üçün də təskinlikdir. Qoy kitabı vərəqləyən hər kəs özü qəhrəmanların cərgəsinə daxil olsun, səhifələri onlarla birgə keçsin. Yalnız bu yolla hər bir oxucu vətən şəhidləri qarşısında öz ehtiramını ifadə etmiş olar. Ən başlıcası, elə bizim özümüz də şəhidlərimizin adbaad salnaməyə çevrilməsindən təskinlik tapırıq. Bir-iki məqama da işıq salmaq istərdim. Düşünürəm ki, sosial şəbəkələrdə şəhid xronikaları haqqında məlumatlara müəyyən məhdudiyyətlər qoyulduğu üçün Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı pdf halında sosial şəbəkədə yerləşdirilə bilər. Elə hər hansı bir qəhrəman haqqında məlumat almaq istəyən şəxs yazıçı, publisist, şair Sevindiyin açıq ensiklopediyasına (vikipediya) müraciət etməklə hər hansı məlumatı dəqiqliklə və yetərincə ala bilər. Onu da qeyd edim ki, bu kitab hər bir rayonun kitabxanasına göndərilməlidir. Bölgədəki muzeylərdə bu kitabın nüsxələri olmalıdır. Qoy tarixdə nadir olan antiterror savaşı haqqında məlumat almaq istəyən hər kəs əhatəli şəkildə məlumatlansın. Çünki ermənilər bizim tarixi düşmənlərimiz olmaqdan geri çəkilmək niyyətində deyillər. Gələcək nəsillər üçün antiterror əməliyyatı qeyri-adi döyüş hadisəsi kimi yaddaşlarlarda yaşadılmalıdır.
S.Nəsiboğlu, birmənalı şəkildə qeyd etmək olar ki, artıq özünü təsdiq etmiş yazıçıdır. Onun bişmiş publisist olduğu, düşüncələrini poetik şəkildə ifadə etmək baxımından duyğulu bir sənətkar olduğu digər kitablarından göründüyü kimi elə bu kitabı ilə də təsdiqlənir.
Mən S.Nəsiboğlunu gələcək tarixi romanların müəllifi kimi, əqidəli tədqiqatçı kimi görürəm. O, xalqımız haqqında əsl həqiqətləri gələcəkdə yazmaq və demək gücündə olan bir sənətkar kimi yetişməkdədir.
Yuxarıda dedim axı, Sevindik Nəsiboğlu Azərbaycan xalqının yeni, parlaq əsəridir. Biz hələ bu əsəri daha yeni kitabları ilə çox oxuyacağıq.
 
Şəddat Cəfərov
fəlsəfə doktoru, yazıçı-publisist
22.10.2024

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ