SON DƏQİQƏ

Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fikirləri

Tarix:4-05-2021, 02:09

Əhməd bəy Ağaoğlu  XIX əsrin sonu-XX yüzilliyin əvvəllərində təkcə  Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O,böyük türk dünyası, ilk növbədə isə, Azərbaycan və Türkiyə üçün gördüyü işlər, qoyub getdiyi zəngin siyasi, nəzəri və elmi irs hələ də yetərincə öyrənilməyən fikir nəhənglərindəndir.Əhməd Ağaoğlu XX əsr Türk düşüncə və siyasi həyatında önəmli rol oynamış öndərlərdən biridir. Türk və ümumən İslam xalqlarının ancaq Qərb mədəniyyətinin prinsiplərini həyat tərzlərinə daxil edərək xilas olmaq inancı Əhməd Ağaoğlunu türk milliyyətçiliyinin öndər düşüncəli şəxsiyyətlərindən birinə çevirmişdir. Əhməd Ağaoğlunun düşüncələri zaman-zaman şahidi olduğu hadisələr və aldığı təhsillə formalaşmışdır. Əhməd Ağaoğlu XIX əsrin sonunda Azərbaycanda yaranan Yeniləşmə hərəkatını Rusiyanın Azərbaycanda açdığı məktəblərlə və Rusiyanın həyata keçirdiyi siyasətlə əlaqələndirirdi. Həsən bəy Zərdabinin ilk dəfə türk dilində nəşr etdirdiyi "Əkinçi" qəzetinin çapının Rusiyanın təzyiqi ilə dayandırıldığını qeyd edən Əhməd Ağaoğlu bu hərəkatın xalqa türk olduqlarını, arxalarında bir Türk dövlətinin dayandığını anlatmağa başladığını yazırdı. Beləliklə, Əhməd Ağaoğlu Azərbaycanda oyanışın XIX əsrdən siyasi və mədəni sahələrdə hakim İran nüfuzunun yenilməsi ilə həyata keçdiyini dəqiq şəkildə açıqlamışdır. Əhməd bəy Ağaoğlu asan təhlilə gələn rahat həzm olunan mütəfəkkir deyildi. O, öz zəmanəsi kimi mürəkkəb və ziddiyyətli şəxsiyyət olmuşdur. Xüsusilə onun ailə, dövlət, din, əxlaq haqqındakı əsər və mülahizələrində dolaşıq, ziddiyyətli faktlar mövcuddur. Lakin başlıcası budur ki, o millilik meyarı bütün fikirləri ona doğru tarixi istiqamətə yönəldirdi. Məsələn, o, “Üç mədəniyyət” əsərində “Din deyilən şey nədir?” sualına cavab verərək yazırdı: “Din əqd ilə məhdudun arasında tənzim edən bir düsturlar məcmusundan ibarətdir. Onun məzmunu yalnız etiqadlarla ibadətə aid cəhətlər təşkil edir. Bunun xaricində hər nə varsa, dinə sonralar daxil olmuşdur”.

“Sərbəst insanlar ölkəsində” kitabında Əhməd bəy Ağaoğlunun XX əsrin mürəkkəb beynəlxalq ziddiyyətlər konteksində formalaşmış milli intibah ideyaları - görüşləri əksini tapmışdır. Bu kitab onun milli mənəvi təkamülün zirvəsi, fikri inkişafının tarixi, fəlsəfi yekunu hesab etmək olar. Onun əsərlərinin böyük bir qisminin ana xəttini təşkil edən əsas müddəa bundan ibarət idi ki, “nə Quran, nə şəriət yeniliyə əngəl deyildir, ancaq bunların təbliğatçıları öz şəxsi mənfəətləri xatirinə müsəlmanlığa mədəniyyətlə bir araya sığmayan mahiyyət verməyə çalışmışlar”. Bu əsərlərdə islam dininin üstünlüklərini, müasir dövrlə səsləşən xüsusiyyətlərini təsdiqlə yanaşı, xalqı, siyasət xadimlərini islam dininin qanin-qaydaları, tələbləri ilə hərəkət etməyə, azadlıq mübarizəsini islam ehkamları ilə əlaqələndirməyə çağırış da qüvvətli idi. İslama həsr olunan əsərlərinin mərkəzində belə ümumi ideya dayanırdı ki, islam öz mahiyyəti etibarilə başqa dinlərdən daha üstün keyfiyyətlərə malikdir, o, bütün tarix boyu müsəlman xalqlarının inkişafında müsbət rol oynayıb və indi də bu xalqların müasir tərəqqisini ondan kənarda təsəvvür etmək mümkün deyildir.

Əhməd Ağaoğlu sərbəst düşüncə və sərbəst fəaliyyəti, demokratiyanı və iqtisadiyyatda liberalizmi müdafiə etmişdir. Tam hüquqşünas təhsilinə yiyələnən, rus və fransız dillərini bilən, siyasi mübahisələrdə profesional müxbirlik təcrübəsi olan Əhməd Ağaoğlu Mustafa Kamal Atatürk kimi Türk qadının ikinci sinif vətəndaş vəziyyətindən çıxarılması üçün çalışmış, hələ 1900-cü illərdə Türk qadının hüquqlarını müdafiə etmiş ziyalılarımızdandır. Bu cəhətləri və xüsusiyyətləri ilə Əhməd Ağaoğlu XX əsr Türk düşüncə və siyasi həyatında xidmətləri olan insanlarından biri kimi unudulmamalıdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının tələbəsiNurlan Hüseynov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ