SON DƏQİQƏ

Könülləri fəth edən səs- Elbrus Mehdiyev

Tarix:19-09-2021, 10:03

Bəzən Azərbaycan ulduzlarının – çox görkəmli müğənnilərin, artistlərin, bəstəkarların fəaliyyətindən fərəhlənərək düşünürəm: Görəsən, bundan sonra beləsi gələrmi? Hər dəfə də öz-özümə cavab verirəm ki, mütləq gələcək, çünki xalqımız keçmişdə də əsrlər boyu belə istedadlar yetişdirib, indi də yetirir və bundan sonra da yetirəcək.                                             Ümummilli lider Heydər Əliyev
Milli irsimizin özəyini təşkil edən  milli musiqimiz hər zaman öz zənginliyi, ürəyə yatımlılığı, ahəngi və sirrli sehirli səsə malik sənətkarları ilə nəsillərdən –nəsillərə ötürülərək bütün dövrlərdə öz sənət yolunu, incəliyini, məna dəyərini qoruyub saxlamışdır. Azərbaycan musiqisi deyəndə ilk yadadüşən Üzey Hacıbəyov, Bülbül, Rəşid Behbudov və yüzlərlə unudulmaz sənətkarlar vardır ki,  Azərbaycan milli musiqisini onlarsız təsəvvür etmək mümkün deyil. 
Xudmani bir otaq və bu otaqı bürüyən ecazkar bir səs. Bu səs  sirli-sehirli məftunediciliyi ilə könülləri fəth edən, görkəmli sənətkar Rəşid Behbudovun səsini xatırladan, müğənni Elburus Mehdiyevin səsidir. 
Elburus Mehdiyev 1940-cı il 31 yanvarda  Qədim Naxçıvanın qədim “Söyüdlü bilan”məhəlləsində doğulub, boya-başa çatıb. Abbasqulu əminin Küşvər xanımın ilk övladı idi Elburus Mehdiyev.Ailədə üç bacı iki qardaş olublar. Uşaqlıqdan gözəl səsi ilə seçilibmiş.Naxçıvan şəhər 3 nömrəli məktəbin məzunu olub. Orta məktəbdə oxumaqla bərabər həmdə Məktəblilər evində “Əlvan çiçəklər” mahnı və rəqs ansambılına üzv qəbul edilir.  Musiqi məktəbində, radioda, televiziyada konsert proqramlarında tez-tez cıxış edərək öz istedadı ilə könülləri riqqətə gətirir. Naxçıvanda, Bakıda  keçirilən festivallarda iştirak edərək tanınmağa başlayır.Onun məharətlə ifa etdiyi Məmməd Cavadovun “Naxçıvan”, Vahid Axundovun “O, Naxçıvandır”, Tofiq Quliyevin “Bakı” və bir sıra başqa mahnıları tamaşacıların həvəslə dinlədiyi mahnılar olub. 1956-cı ildən  1961-ci ilədək Elburus Mehdiyevin yaradıcılıq fəaliyyəti Naxçıvan Dövlət mahnı və rəqs ansambılı ilə bağlıdır. Burada o, Naxcıvan musiqi mədəniyyəti tarixində özünə layiqli yer tutmuş gözəl sənətkarlar ilə birgə çalışmışdır. Bəstəkar Məmməd Ələkbvərov, müğənni Fikrət Qasımov, Xalq artisti Abdulla Babayev, tarzən və müğənni Vahid Axundov,Qurban İsmayılov , kamançaifaçısı Aydın Camalbəyov, klarnetifaçısı Kamil Hüseynov, dəfifaçısı Yusif Şeyxov və.b ilə birlikdə, Naxçıvan MR musiqi mədəniyyətinin inkişafı, təbliği sahəsində əməli və yadda qalan fəaliyyəti olmuşdur. 
Xalq mahnılarından “Almanı atdım xarala”, “Bu gün ayın üçüdür”, “Güləbətin”, bəstəkar Məmməd Ələkbərovun “Doğma Naxçıvan”, “Araz” və digər mahnıların Elburus Mehdiyev tərəfindən ifa edilməsi keçirilən konsertlərin uğur qaznmasına böyük təsir göstərirdi. 40-50 il bundan əvvəlki vəziyyəti təssəvür edəndə bu tədbirlərin həyata keçirilməsinin nə qədər çətin olmasını düşünmək o qədər də çətin deyil. Ansambıl üzvləri yük avtomobillərində, arabalarda bəzi hallarda isə yolu piyada qət edərək Muxtar Respublikanın rayon mərkəzlərində olur, kəndlərdə çox çətin bir şəraitdə konsertlər verərək musiqi mədəniyyətimizi layiqincə təmsil etməyə çalışırdılar.
Naxçıvandan və Bakıdan təşkil olunan qastrol səfərlərdə hər zaman böyük uğurlara qayıdan müğənni 1957-ci ildə Bəddi özfəaliyyətcilərin ikinci respublika festivalında iştirak edir. Festivalda Rauf Hacıyevin “Sevgilim”mahnısını ifa edir. Böyük alqış səsləri zalı bürüyür. Müğənni yerinə keçmək istəyəndə  tamaşaçıların təkidi ilə qarşılaşır və tamaşacılar ondan Üzeyr Hacıbəyovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” qəzəlini ifa etməsini xahiş edirlər. Mahnını böyük məharətlə ifa edir və gurultulu alqışlarla yerinə keçir. Bakıda keçirilən bu festivalda müğənni birinci dərəcəli festival laureatı medalına layiq görülür.  
Ansambılda işləməklə yanaşı gözəl sənətkar Elburus Mehdiyev teatır səhnəsindədə ilk uğurlu rolunu yaradır. O, Naxçıvan teatırında səhnəyə qoyulmuş Bəxtiyar Vahabzadənin “Ədalət” tamaşasında Xanəndə rolunda çıxış etmiş və tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur.
Naxçıvan teatırının korifeylərindən İbrahim Həmzəyev, Səməd Mövləvi, Əyyub Haqverdiyev, Zəroş Həmzəyeva, şair və dramaturq Hüseyn Razi və başqaları Elburus Mehdiyevin ifaçılıq qabiliyyətini çox yüksək qiymətləndirərək dəyərli fikirlər söyləmişlər. 
Vokal sənətinə dərindən yiyələnmək, peşəkar voklaçı kimi yetişmək arzusu ilə Elburus Mehdiyev 1961-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin vokal şöbəsinə   daxil olur. Azərbaycan vokalməktəbinin görkəmli nümayəndələrindən biri M.F.Axundov adına Opera və Balet Teatırının solisti, gözəl pedaqoq Firudin Mehdiyevin sinfinə təyin edilir. Çalışqanlığı, zəhmətkeşliyi, məsuliyyətliliyi ilə müəlliminin böyük rəğbətini qazanan E.Mehdiyev vokal sənətinin sirrlərini öyrənərək klasssik opera sənətinə böyük maraq göstərir. Artıq onun repertuarında Üzeyr Hacıbıyov, Fikrət Əmirov, C.Verdi, C. Puccini, C. Bize, P.Çaykovski və digər bəstəkarların operalarından ariyalar, ariozolar, Üzeyr Hacıbəyov, Q.Qarayev, A.Zeyynallının romansları  əsas yer tuturdu. 
Daim axtarışda olan Elburus Mehdiyev 1965-ci ildə A.Zeynallı adınaBakı Orta İxtisas Musiqi Məktəbini müvəffəqiyyətlə bitirir. Sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal şəbəsinə daxil olur. Burada da uğurlu fəaliyyət yolu keçir.
Elburus Mehdiyev sanki ömrünün qısa olacağını öncədən hiss edibmiş. Bu səbəbdəndə mümkün qədər cəmiyyətə çox fayda vermək, yaradıcılıq işlərini tamamlamaq və özündən sonra dəyərli bir irs saxlamaq arzusu ilə durmadan çalışırdı.
Onun ifasında səslənən Üzeyr Hacıbəyovun “Sevgili canan”, “Sənsiz”, A. Zeynallının “Ölkəm”, S.Rüstəmov “Sumqayıt”, T.Quliyevin “Qızıl üzük”, C. Cahangirovun “Ana”romansı və mahnıları sumqayıtlılar tərəfindən hər zaman alqışla qarşılanırdı.
Ömrünün son aylarınadək müğənni öz yaradıcılıq fıaliyyətini yorulmadan davam etdirir. Ümumiyyətlə o, 1965-ci ildən 1981-ci ilədək daim Azərbaycan Televiziyası və  Radiosu, Azərbaycan Dövlət Filarmoniyası, Bakı, Naxçıvan, Sumqayıt şəhərlərində keçirilən kütləvi tədbirlərdə uğurla iştirak etmişdir.
1981-ci il bir payız günündə, 19 oktyabırda nəğməkar sənətkar həyatla vidalaşmalı oldu. Onun ecazkar səsi, nəğməli dünyası bizə miras qaldı. Bu gün gənc nəslə, musiqi sevərlərə bir nümunə, bir örnəkdir “Elburus Mehdiyev yaradıcılığı”.
Hər zaman axtarışda olan,  daim maraqlı və milli köklər üzərində formalaşan yaradıçılıq yolu keşmiş müğənni milli musiqimizə qırılmaz tellərlə bağlı idi. İfa etdiyi hər bir mahnıda həyat eşqi, sənətə sevgi, musiqiyə bağlılıq mahnının ahənginə bir rəng, bir gözəllik qatırdı. Bəlkədə elə ondandır ki, onun ifalarını dinləyəndə insan ruhu bir rahatlığa, sirrli sehirli bir dünyaya dalır. 

Ulduz Eyvaz                                                                                                         
“XeberTıme.az”                                                                                                     
NMR-sı üzrə müxbir

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ