SON DƏQİQƏ

BÖYÜK İNSANIN VƏFATINA ELEGİYA

Tarix:23-03-2023, 18:27

Azərbaycanın əməkdar mədəniyyət işçisi, prodüser və rejissor Oqtay Vidadi oğlu Əliyevin (19 iyun 1968-ci il İrəvan şəhəri – 22 mart 2023-cü il Abşeron rayonu Saray qəsəbəsi) xatirəsinə. 
Dünən axşam saatlarında qəfil aldığım pis xəbər məni hamı kimi olduqca kədərləndirdi. Belə ki, 22 mart 2023-cü il tarixdə Azərbaycanın əməkdar mədəniyyət işçisi, prodüser, rejissor, çox hörmətli sənətkarımız Oqtay Vidadi oğlu Əliyev avtoqəza nəticəsində 54 yaşında vaxtsız dünyasını dəyişdi. Hələ də bu xəbərin dərin hüznü və kədəri içərisindəyəm. Xalqımız da çox sevdiyi, saydığı və rəğbət bəslədiyi sənətkarın vaxtsız ölümünü dərk edə və bununla barışa bilmir. Mən inanıram ki, bundan neçə illər keçsə belə hər dəfəsində biz 22 mart gününü dərin hüzn, kədər və təəssüf hissi ilə yaşayacaq, qarşılayacaq və nə olursa olsun, yenə də onun ölümü ilə barışa bilməyəcəyik. Xalqımız onu hər zaman yad edəcək, unutmayıb unutdurmayacaqdır.
Ölüm insan üçün dəyişilməz, təxirə salınmaz və ləğv edilməz bir həyat qanunudur. Hər canlı bir gün ölümü dadacaqdır, hansı şəraitdə, nə zaman və harada olmasından asılı olmayaraq. Bəlkə də ölüm ayağında və bəlkə də qəfil, heç bilmək olmaz. Bəlkə də gəncliyin ən gözəl çağında, bəlkə də heç doğulmadan, bəlkə də heç iməkləmədən. Bəzən də bu hadisə insanın ahıl çağına, xəstə və gücdən düşmüş bir çağına təsadüf edir. İnsan ölümü gözləyə bilir, lakin ölüm insanı heç zaman gözləmir. İnsan üçün əsas olan nə vaxt və harada ölməsi yox, necə ölməsi və ölümünün heç olmasa sadəcə ailəsi tərəfindən necə qarşılanmasıdır. İnsan ömründə bircə dəfə də olsun fikirləşir ki, görəsən, bir gün mən ölsəm, insanlar bu hadisəni necə qarşılayacaqlar? Görkəmli ədibimiz Səməd Behrənginin bir sözü var: “Əhəmiyyətli olan mən öləndə ölümümün camaata necə təsir edəcəyidir.” Səməd Behrəngi ümid edirdi ki, o öləndə onun ölümünü insanlar dərin hüznlə qarşılayacaqlar. Elə də oldu. Onun ölümü Azərbaycanın o tayı ilə bu tayını birləşdirdi. Hər kəs Behrəngi üçün ağladı, Araz çayı onun üçün çağladı və onun ölümündən keçən 55 ilə rəğmən heç kəs bu ölümlə barışa bilmir. Behrənginin bir qaşıq suda boğdurulduğu il – 1968-ci ildə dünyaya gələn Oqtay müəllimin ölümü, demək olar ki, Behrəngi kimi oldu: gözlənilməz və qəflətən. Və bir də onu əlavə etmək olar ki, bu hadisə bütün Azərbaycana çox pis təsir etdi: hamı Oqtay müəllim üçün kədərləndi, ağladı, çox insan göz yaşlarını saxlaya bilmədi. Halbuki bu insanlardan çoxusunu Oqtay müəllim heç tanımırdı, necə tanıya bilərdi ki? Bəlkə də bu insanlarla heç bir yerdə qarşı-qarşıya gəlməmişdilər.
Oqtay müəllimin vəfatı hamımızı kədərləndirsə də həm də bizə böyük həyat dərsi verdi. İnsan gərək həyatı ölümünü düşünə-düşünə yaşaya. Öz xalqı, milləti və dövləti üçün, uşaqdan qocaya, 7-dən 77-yə hər kəs üçün yaşaya, onları sevindirə, onlara layiq bir insan ola, onlar üçün xeyir əməllərə imza ata. Sonuncudan əvvəlki cümləmə qayıdıram, ölümü düşünə-düşünə yaşamaq... Bu çox insana qəribə gələ bilər. İnsan gərək bu həyatın müvəqqəti olduğunu bilə və düşünə ki, bir zaman qəfildən Əzrail qapımı kəsdirsə, mələklər məni sorğu-suala tutsa, mən onlara nə cavab verəcəyəm? Oqtay müəllim vicdanı çox rahat bir şəkildə dünyadan köçdü. Ölümü ilə ölümsüzlük qazanaraq milyonların qəlbində müsbət mənada iz buraxdığını, təsir göstərdiyini bir daha təsdiq etmiş oldu. Mən inanıram ki, bu gün Oqtay müəllimin ruhu şaddır. O, sadəcə cismani şəkildə aramızdan ayrılıb, əslində isə qəlblərimizdə ikinci həyatını yaşayır.
Sonda Oqtay Əliyevin vəfatı ilə bağlı dərin hüzn və kədərimi bildirir, Allahdan Oqtay müəllimə rəhmət, ailəsinə və sevənlərinə isə səbir diləyirəm.
Allah rəhmət eləsin! Amin!



 
                              

SEVİNDİK NƏSİBOĞLU
23.03.2023


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ