SON DƏQİQƏ

ƏLİ BƏY HÜSEYNZADƏNİN İCTİMAİ- SİYASİ BAXIŞLARINDA TÜRKÇÜLÜK, İSLAMÇILIQ VƏ MÜASİRLİK

Tarix:21-04-2021, 15:52

"Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik,özlərinə deyil! Biz istəyirik  ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın ... "

Uzun illər boyu müzakirə olunan bir məsələ: “Türkləşmək, islamlaşmaq, müasirləşmək” triadasının müəllifi kimdir, ideyanın təməl daşını kim qoymuşdur?Yusuf Akçura, Ziya Gökalp yoxsa Əli bəy Hüseynzadə?. Biz bu suala elə Yusuf Akçuranın sözləri ilə aydınlıq gətirə bilərik"Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçlü ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli bəy iddia etmiş və "Füyuzat"ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində "türklük, islamlıq və avropalılıq" qayələrinin məmzucən istehsalını tövsiyə eyləmişdi. Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas, türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Gökalp Ziya bəy "türkləşmək, islamlaşmaq, müasirləşmək" məsələsi haqqında bir çox yazılar yazmışdır".

20-ci əsrdə də bununla bağlı fikirlər davam edir: "Türk hissiyyatı ilə mütəhəssis, islam diniylə mütədəyyin və Avropa mədəniyyəti-hazırasıyla mütəməddin" olmağa çağıran Əli bəy istisna olunarsa, ona qədər məsələni bu şəkildə düşünən və ifadə edən başqa biri yoxdur və elə buna görə də Əli bəy bu istiqamətdə birinci dahimizdir. Bütün türk dünyası miqyasında birinci dahi. Türk-İslam-Qərb dəyərlərinin sintezindən hasilə gəlmiş bir cəmiyyəti hazırlamaq ideyası ona məxsusdu.

 

XIX əsrin sonu -XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik (avropaçılıq) ideyalarının davam və inkişaf etdirilməsində müstəsna rol oynamış, millətimizin  islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevlə birgə)  biri olan Əli bəy Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və milli istiqlal formulu (düsturu) ilə türkçülüyün siyasi məramnaməsini və elmi-nəzəri əsaslarını, müasirlərinin dediyi kimi, milli istiqlal mücadiləsinin "Ana Yasası"nı verməklə milli tariximizə "türkçülüyün atası" kimi öz əbədi imzasını atmış oldu.  Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən bu triada ("üçlü məram") milli bayrağımızdakı rənglər palitrası vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan xalqının   yaddaşına daxil oldu.  Bu mənada bu gün də başlarımız üzərində əzəmətlə dalğalanan milli bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna Əli bəy Hüseynzadənin müəllifi olduğu "türkləşmək, islamlaşmaq, müasirləşmək" formulunun rənglərlə ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq (müasirləşmək) olmalıdır. Türkiyədə türkçülüyün böyük ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi özünün ustadı sayaraq sonralar həmin üçlü qayənin sosioloji baxımdan "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!" anlamını verən "türk millətindənəm, islam ümmətindənəm, Batı (qərb, Avropa) mədəniyyətindənəm " şəklində formula etmişdir...

"Həyat" qəzetinin sahibi-imtiyazı mərhəmətli Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və  Əhməd bəy Ağayev idi. Azərbaycanın bu üç böyük fikir nəhəngi və söz adamının rəhbərliyi ilə nəşrə başlayan "Həyat " o dövrdə Azərbaycanda nəşr olunan yeganə anadilli qəzet idi. Azərbaycan xalqının milli dirçəlişində, türkçülük ideyalarının yayılmasında müstəsna rol oynamış bu qəzet qısa ömürlü (07.06.1905-04.09.1906) olsa da, milli mətbuat, eləcə də ictimai-siyasi fikir tarixində dərin izlər qoymuşdu. Bu işdə Əli bəyin xüsusi xidmətləri olmuşdu. Qəzet ilk nömrəsindən bağlanana kimi türkçülüyün, islamçılığın və qərbçiliyin (müasirliyin) siyasi tribunasına çevrilmişdi ki, bunun da mərkəzində Əli bəyin işıqlı ideyaları dururdu... Onun ilk irihəcmli əsəri 1905-ci ildə "Həyat" qəzetində silsilə şəklində nəşr olunmuşdur. Əsərin adı "Türklər kimdir və kimlərdən ibarətdir?" adlanır. Bu əsərin adının özündə bir möhtəşəmlik və açıqfikirlilik vardır. Buradan da bizim Əlibəyin türkçü, turançı, islamçı olduğunu hiss etməməyimiz mümkün deyil. Ə.Hüseynzadə bir türk, bir müsəlman olduğunu fəxrlə söyləyərək deyirdi: "Bən türkəm, qafqazlı bir türkəm. Türk bir müsəlmanəm, müsəlman bir insanəm, demək bən bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm".

Ə.Hüseynzadə tibb məktəbində olarkən gizli cəmiyyətdə türkçülük, islamçılıq və osmançılıq fikirlərindən hansının dövlətin quruluşuna uyğun olduğunu müqayisə etmişdir. Hüseynzadə türkçülük tərəfdarı olduğunu açıq-aşkar hiss etdirirdi. “ Məktubu məxsus” adı altında çıxan bir yazıda Əli bəy birinci növbədə Tatarlara, Çingizlərə və Teymurlara qarşı həqarət dolu sözlərin meydana çıxdığını söyləyir, tatar adında ayrı millət olmadığını, tatarların türk olduqlarını ifadə edir. Bütün türklərin bir olduqlarını bildirir.

Əgər Əli bəy Hüseynzadənin digər fəaliyyətlərini nəzərə almasaydıq elə bu triada kifayət edərdi ki, biz onunla fəxr edək . Bizə qoyduğu bu mirasın qorunması və gələcək nəsilə ötürülməsi, Əli bəy Hüseyinzadə kimi bir şəxsiyyətin unudulmaması tarix, türkçülük, mənəviyyat qarşısında bir borcumuz və öhdəliyimizdir.

Nuranə Bilal qızı Ələsgərova 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Siyasi İdarəeetmə/Politologiya 

 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ