SON DƏQİQƏ

Şəhidlər bizim qürurumuzdur.

Tarix:3-06-2022, 01:47

Əslən İmişli rayonunun Yuxarı Qaralar kəndindən olan Arif Bəxtiyar oğlu Allahverdiyev, 1970-ci il oktyabr ayının 27-də Sumqayıt şəhərində anadan olmuşdur. Arif Allahverdiyev 18 yaşının tamamında Sovet Ordusu sıralarına çağrılmış, Rusiya Federasiyasının Xabarovsk vilayətində xidmət etmişdir. 1990-cı ilin yanvar faciəsi barədə əsl həqiqətləri öyrənən Arif Allahverdiyev öz ölkəsinin vətəndaşlarına qarşı vəhşiliklər törədənləri heç vaxt unutmamışdır. Vətəninə qayıdan Arif Allahverdiyev, Xocalı soyqrımından sonra da heç cür özünə yer tapa bilmir və 1992-ci ilin mart ayında ailədə heç kəsə xəbər vermədən hərbi komissarlığa ərizə yazaraq könüllü olaraq cəbhəyə - Füzuli bölgəsinə yola düşür. Arifin qəflətən yoxa çıxması evdə narahatlıq yaradır. Bəxtiyar kişi soraqlaşıb, iki aydan sonra onu Füzuli bölgəsindəki hərbi hissədə tapır. Komandirləri ilə danışaraq icazə alır, bir həftəliyə onu evə gətirir. Lakin evdə Arif cəmi üç gün qalır, yenidən cəbhəyə qayıdıb bir çox döyüşlərdə iştirak edir. İgidliyi, cəsurluğu, qorxmazlığı ilə ad çıxarır. 
Arif Allahverdiyev 1992-ci il iyunun 28-də, Tuğ kəndi İstiqamətində gedən hərbi əməliyyatda   yaralı komandiri Rasim İbrahimovu döyüş meydanında tək qoymayaraq, sona qədər yoldaşlarıyla birlikdə vuruşub, beş döyüş yoldaşıyla birlikdə 28 erməni yaraqlısını məhv etmişdi, lakin düşmən snayperi onu üreyindən vurdu. 
11 gün nəşi döyüş meydanında qaldı. İuyulun 11-də onun nəşini geri qaytardılar. Arif Allahverdiyev şəhid olanda 22 yaşı vardı. Arif Bəxtiyar oğlu Allahverdiyevin haqqında "Şəhidlik Zirvəsi" adlı kitab nəşr olunmuşdur. 1998-ci ildən, İmişli rayonunun Yuxarı Qaralar kənd orta məktəbi şəhid Arif Allahverdiyevin adına əbədiləşdirilib, məktəbin qarşısında xatirə büstü qoyulmuşdur.                                           

Arif Bəxtiyar oğlu Allahverdiyevin xatirəsinə olan bu şeir, Bacısı Sevinc xanımın dilindən ithaf olunur!
 
Sən mənim canımsan,igid qardaşım, 
Mehriban səmimi əziz sirdaşım. 
Arifi heç zaman mən unutmadım, 
Çalışdım, vuruşdum unutdurmadım.
 
Gözündə dolandı, qəm yağmurları, 
Puç oldu həyatı, gənc arzuları. 
Qələbə əzmilə döyüşə getdi, 
Yaralı komandiri O, xilas etdi,
 
Snayper gülləsi qəlpə parçası, 
Açmışdı, qəlbində dərin yaranı.
Əsir düşdü onun cansız bədəni, 
Al qırmızı rəngə döndü kəfəni.
 
Bəxtiyar kişinin böyük oğluydu,
Güllübəyim ana qəlbi doluydu.
Tanıyaq, tanıdaq, ellər tanısın,
Qəhraman adına dastan yazılsın.
 
Şeirin müəllifi: 
SEVDA İBRAHİMLİ.

 
Allah rəhmət eləsin!
 
Əziz şəhid bacısı Sevinc xanım. Bilirəm ki cavan yaşda  qardaş itirmək  nə deməkdir?   Mən də pəhləvan , idmançı, cəsur bir qardaş itirmişəm 1988- çi ildən atəşkəs olan dövrə qədər ən qaynar nöqtələrdə Kəlbəcərdə, Laçında, Ağdamda  sərhəd bölgələrimizdə duşmənlə dəfələrlə üz üzə gəlib.
Mardakertin   azad olunmasında iştirak edib.
Arifin də keçdiyi şərəfli doyuş yoluna baxanda belə igid ogullarla qürur duyuram. Sizin də, mənim də və neçə - neçə  bizim kimi vətən həsrətli insanların valideynləri bu iztirablara dözmədilər.  
Amma siz başınızı uca tutun. Şəhidlər bizim qürurumuzdur. Şəhidlər əbədi yaşayırlar. Şəhidlər Allah yanında da ən yüksək məqama çatıblar.
Görəsən şəhidlərimizi qoruya bilmədiyimizə görə, onlar bizi bağışlayacaqmı?  
 
Təqdim etdi :
Rauf İlyasoğlu 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ