SON DƏQİQƏ

ZƏFƏR GÜNÜ ÇOX SEVİNİRDİM Kİ, TORPAQLARIMIZIN AZAD OLUNMASINDA MƏNİM BALALARIMIN DA PAYI VAR

Tarix:11-07-2022, 23:54

Şəhid kiçik miçman, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Amil oğlu Zalovun anası Səridə Zalova ilə müsahibə. 
Vətən müharibəsi tarixə qızıl hərflərlə elə yazıldı ki, dünyanın silinməz yaddaşında əbədi olaraq öz izini qoyaraq sona yetdi. Bu vətən savaşı tarixdən silinməyəcək qədər önəmli və unudulmazdırsa, demək, onun qəhrəmanları da eyni ilə əbədiyaşar dərəcədə, hətta ondan da çox unudulmazdır və belə də olmalıdır, olacaqdır. Çünki tarix yazan həmin qəhrəmanlar olmasaydı, bu gün böyük, qüdrətli xalqımız və dövlətimiz hələ də Qarabağ ağrısı ilə yanacaq, pörşələnəcək və düşmənlərin torpaqlarımızda at oynatmasını böyük kədər hissi ilə seyr edəcəkdi. Lakin o qəhrəmanlar düşmənlərə, onların atlarına və atları ilə at oynatmasına biganə qala bilmədilər və günün birində atlarını elə şahə qaldırdılar ki, sadəcə atlarının kişnərtisindən, şahə qalxarkən atların nallarından qopan qığılcımdan və özlərinin nərə səsindən düşmənlər də, oynatdıqları atlar da pərən- pərən düşdü. O qəhrəmanların qan töküb can verməsinin nəticəsi budur ki, biz indi şad, firavan şəkildə deyirik ki, Azərbaycan Qarabağ sarıdan bütövdür, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qəhrəmanlarımızın dastanlarını, onların qanları ilə yazdıqları tarix salnamələrini elə tarixin özünə həkk etmək, onlar qarşısında öz borcumuzu az da olsa yerinə yetirmək üçün verilən imkanlar vəsiləsi ilə saysız-hesabsız ərənlərimizdən birinin - kiçik miçman, Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Amil oğlu Zalovun anası əziz Səridə ana ilə müsahibə aparmaq mənə nəsib oldu. İcazənizlə həmin müsahibəni sizlərə təqdim edirəm. Əvvəlcə qeyd edim ki, qəhrəmanımız şəhadətindən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Onu da deyim ki, şəhidimiz sağlığında müdafiə naziri cənab Zakir Həsənov tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdi. Gəlin qəhrəmanlıqları oba-oba, el-el dillərdə əzbərlənərək gəzən şəhidimizin dastanını onu 23 il əzab-əziyyətlə yetişdirib böyüdən, vətən üçün boya-başa çatdıran, sonra isə balasını vətənə qəhrəmantək qurban verən Səridə ananın öz dilindən eşidək. 

1. Salam. Xahiş edirəm, özünüzü təqdim edəsiniz.                                                                        
Salam. Mən, Səridə Zalova - Vətən müharibəsi Qəhrəmanı Fəqan Zalovun anasıyam.                                        
2. Vətən müharibəsi Qəhrəmanı, şəhidimiz Fəqan Zalov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz?                                                                    

O, kiçik yaşlarında necə bir uşaq idi? Fəqan kiçik yaşlarından ağıllı, mehriban, səmimi, doğrunu sevən, zarafatcıl, sözəbaxan, yaraşıqlılığı və davranışı ilə ətrafı özünə cəlb edən, bu xüsusiyyətləri ilə həmyaşıdlarından fərqlənən uşaq idi.                                                          

3. Şəhidimizin qaçqın düşərgələrindəki həyatı barədə nə deyə bilərsiniz?                                              
Fəqan ilk dəfə öz Qarabağı, əsasən də Füzulisi ilə necə tanış olmuşdu? Fəqan 1 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın qəsəbəsi ərazisində qurulmuş çadır düşərgəsində dünyaya gəlib. O, 6 aylığına qədər çadır düşərgəsində yaşayıb. Doğrudan da Sabirabadın iqlim şəraitinə görə çadır çox isti idi. İsti çadır, böcəklər, ağcaqanadlar... Ona görə də körpəliyində Fəqan tez-tez xəstələnirdi. Yaşıllıq, kölgəlik yox idi, içməli su gec-gec verilirdi. Qarabağ təbiətindən gəlib bu cür şəraitdə yaşamaq çox çətin idi. 6 aydan sonra Fəqanı da götürüb öz ata yurdum Füzuli rayonunun Babı kəndinə köçdük. Belə ki, 1994-cü ildə Babı kəndi işğaldan azad edilmişdi. Fəqan orada böyüdü, məktəb yaşına çatdı və orta məktəbin 1-ci sinfinə getdi. Çox mehriban olduğu üçün tez bir zamanda özünə dostlar tapdı, onların əhatəsində boy atdı. Məktəb illərində Füzuli işğalda olduğu üçün Fəqan dostları ilə birlikdə Horadiz şəhərinə gedər, orada Bayraq meydanından Füzulinin Güzdək kəndinə - öz kəndimizə baxardı. Oradan işğal altında olan, mənfur düşmənlər tərəfindən uçurulmuş, yandırılmış, dağıdılıb xarabazara çevrilmiş kəndlərimizin qalıqları görünürdü. Fəqan dostlarına deyirmiş ki, biz o kəndləri işğaldan azad etməliyik, nə vaxta kimi yağı düşmənlər bizim doğma yurd-yuvamızda, torpaqlarımızda at oynatmalı, gəzməlidirlər? Hələ kiçik yaşlarından onda vətənpərvərlik və qisas hissi alovlanmışdı. 


                                                                                                                                                                                  
4. Qəhrəmanımız onu digərlərindən daha çox fərqləndirən hansı xasiyyətlərə malik idi? 

Böyüklə, kiçiklə necə münasibəti var idi? Fəqanın çox yaxşı xasiyyəti var idi. O, sözəbaxan, söz eşidən, üzüyola idi. Fəqan, həqiqətən də hələ kiçik yaşlarından, ağlı kəsəndən böyüyün, kiçiyin yerini bilən idi. Siz Babı kəndinə gedib orada yaşayan sakinlərdən, yaşlılardan, böyüklərdən soruşsanız, özünüz də şahidi olarsınız ki, onlar Fəqan haqqında necə ağız dolusu danışacaqlar. O, böyüyün, kiçiyin, ağsaqqalın, ağbirçəyin, qadının, uşağın yerini bilən, böyüyə yol verən, kiçiyə su verən, anasına, atasına səmimiyyəti, mehriban davranışı ilə seçilən, gülüşü ilə, zarafatı ilə könülləri fəth edən bir gənc idi. Onu digərlərindən bu xüsusiyyətləri fərqləndirirdi.      

5. Zəhmət olmasa, qəhrəmanımızın əsgərlik həyatından və ilk hərbi xidmətə necə yollanması barədə danışasınız. 

Fəqan uşaq ikən əmisi onun və digər uşaqların yanında əsgərlik barədə söz açmışdı. O vaxt Fəqanın əmisi uşaqlara özünün hərbi xidməti dövründən danışmışdı. Fəqan isə əmisinə deyibmiş ki, əmi, sən müharibəyə gedəndə atəşkəs oldu (1994-cü ili nəzərdə tutub), amma mən böyüyüb əsgərliyə gedəndə müharibəni başladacağam və işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edib qaytaracağam. Fəqan əsgərlikdə olanda, yəni 1 aprel 2016-ci ildə onun ad günü idi. O, əsgərlikdə olsa da həmin günü Füzulinin Babı kəndində tort bişirdim və atası ilə birlikdə Fəqana ad günü keçirdik. Aprelin 1-dən 2-ə keçən gecə isə uşaq vaxtı arzuladıqlarını Allah ona qismət elədi və o, Aprel döyüşlərində qəhrəmanlıqla, mərdliklə iştirak etdi. Sonradan bildiyimə görə o, əmisinə zəng vurub deyib ki, görürsən, əmi, mən əsgərliyə getdim, müharibəni başlatdım. Aprel döyüşləri vaxtı Azərbaycan ordusu Lələtəpə yüksəkliyini düşməndən azad etdilər. Fəqan onda Tərtər rayonu ərazisində N saylı hərbi hissə bölməsinin artilleriyasında xidmət edirdi. O, arzusunun ilkin mərhələsinə çatmışdı, çünki Aprel zəfərində onun da payı var idi.                                       

6. Bilirəm ki, qəhrəmanımız Aprel döyüşlərində iştirak edib. Həmin vaxtları necə xatırlayırsınız?                                                                         

Fəqan əsgərliyə gedəndə mən ağladım. Axı mən anayam! Həm onunla fəxr edirdim, həm də ondan ayrı qalacağım üçün kədərlənirdim. Mənə dedi ki, ana, ağlama. Mən çox darıxırdım onun üçün. Aprel döyüşləri zamanı Fəqan artilleriya bölməsində xidmət edirdi. Valideyn kimi biz həmin vaxtlar ondan çox nigaran idik. Düz aprelin 7-ə kimi Fəqandan heç bir xəbər ala bilmədik. Aprelin 7-dən sonra zəng etdi, çox sevindik. Dedim, Fəqan, biz narahat idik, niyə zəng vurmurdun? Dedi, ana, zəng eləmək olmazdı. Qurban demişdik ki, o, sağ-salamat gəlsin, ona qurban kəsək. Fəqan əsgərlikdən sağ-salamat gəldi, qurban qəbul oldu, qurbanını da kəsdik. 

7. Fəqanın Hərbi Dəniz Qüvvələrində müddətdən artıq xidmətə başlaması xəbərini alanda bunu necə qarşıladınız?                        

Fəqan əsgərlikdən gələndən sonra bir müddət evdə qaldı. Sonra qərar verdi ki, mən hərbi xidmətə getməliyəm, çünki hələ torpaqlarımız işğaldan azad edilməyib. Qardaşı da onun kimi fikirləşdiyi üçün hərbi xidmətdə idi. Ona görə də dedi ki, mən də mütləq hərbi xidmətə getməliyəm. O, döyüş, od-alov görmüşdü deyə yenidən hərbi xidmətdə qulluq etməyə can atırdı. Fəqan Hərbi Dəniz Qüvvələrində xidmətə gedəndə dedik, Fəqan, ora çox çətindir. Orada müəyyən sədlər var ki, onu keçməlisən. Fəqan çox bərk, mətin, dözümlü uşaq idi, bir söz deyirdisə, onu yerinə yetirir, ona əməl edirdi. Dedi, ana, mən həmin sədləri, inşəAllah, keçəcəyəm. Fəqan, həqiqətən də həmin sədləri keçdi. Məsəl üçün Hərbi Dəniz Qüvvələrində işləmək üçün 300 nəfərdən yalnız 10-15 nəfəri keçə bilirdi. Fəqan çox çətinliklərlə üzləşdi. Biz narahat idik ki, o, qəbul ola bilməyəcək, amma Fəqan bütün çətinlikləri, sədləri keçdi və Hərbi Dəniz Qüvvələrinə qəbul oldu.

                                 
8. Qəhrəmanımız hərbi təlimlərdə tez-tez olurdu?                                                                   
Fəqan Hərbi Dəniz Qüvvələrinə qəbul olduqdan sonra tez-tez təlimlərə gedirdi. Paraşütlə atılırdı, üzgüçülük və dağçılıqla bağlı təlimlərdə olurdu. Tez-tez çətin təlimlərdən keçirdi.                                       
9. Müharibəyə qədərki son illərdə Fəqan düşmən tapdağında olan Qarabağımızla bağlı söhbət açırdımı?                                                                   

Biz rayonda olurduq. Fəqan da işinə görə şəhərdə yaşayırdı, işinə gedib-gəlirdi. Müharibədən əvvəl qardaşı ilə söhbət edirdi, deyirdi ki, biz torpaqlarımızı işğaldan azad edib qaytarandan sonra Füzulinin Güzdək kəndində, yəni öz dədə-baba kəndimizdə bir ev tikdirəcəyəm, orada yaşayacağam. Qardaşı da ona deyirdi ki, sən yox, mən kəndimizdə yaşayacağam. Bir-birləri ilə zarafatyana mübahisə aparırdılar. Fəqan işğal altında olan torpaqlarımızı gəzmək istəyirdi, Şuşanı görmək istəyirdi. O, qardaşı ilə Qarabağ haqqında, işğalda olan torpaqlarımız barədə söhbət edirmiş, oranın havasının, suyunun gözəlliyindən danışırmış. Fəqan qardaşı ilə söhbət edəndə deyirmiş ki, hökmən öz kəndimizə gedib orada özümüzə evlər tikək, oraların havası, suyu, hər şeyi gözəldir, ancaq əvvəlcə onu mənfur düşməndən azad etməliyik. 

10. Fəqan Vətən müharibəsinə yollananda bir ana kimi hansı hissləri keçirdiniz və onu hansı hisslərlə döyüş meydanına yola saldınız?                                                                            
Qeyd etdiyim kimi biz rayonda olurduq, Fəqan isə xidməti ilə əlaqədar olaraq Bakı şəhərində yaşayırdı. Artıq müharibə başlayandan 3-4 gün qabaq Fəqangilin bölməsi döyüş bölgəsinə gediblərmiş. Biz şəhərə gəldik ki, Fəqanı Vətən müharibəsinə yola salaq, lakin gəlib gördük ki, onlar artıq müharibə bölgəsinə gediblər. Biz onda daha dəqiq hiss edirdik ki, müharibə olacaq, amma Fəqangil bizə müharibə olacağını demirdi. Onlar artıq müharibəyə getmişdilər, müharibənin içərisində idilər. Mən də yurd-yuvasından didərgin salınmış bir ana kimi oğlanlarımın bu azadlıq savaşında iştirakından qürur duyurdum. 


                                                                  

11. Vətən müharibəsinin gedişi zamanı qəhrəmanımızla nə qədər müddətdən bir və necə əlaqə saxlaya bilirdiniz?                                         

Vətən müharibəsi başlayandan və Fəqan müharibədə olandan bir neçə gün keçmişdi. Ondan bir səs-soraq olmadığından biz çox nigaran idik, demək olar ki, gecədən səhərə qədər yatmırdıq. Gözümüz televizorda idi ki, görək müharibə necə gedir, hansı xəbərlər eşidəcəyik. Müharibə başlayandan 3-4 gün sonra Fəqan zəng etdi, dedi ki, mən Cəbrayıl istiqamətindəyəm, vəziyyətimiz əladır, düşməni torpaqlarımızdan qovuruq, nigaran qalmayın, inşəAllah, tezliklə zəfərlə qayıdacağıq. Onlar müharibənin əvvəlində Suqovuşan tərəfdə döyüşüblər. Sonra onları Füzuli istiqamətinə göndəriblər. Növbəti dəfə Fəqan bizə Füzuli-Cəbrayıl istiqamətindən zəng vurdu. Yenə də dedi, vəziyyət yaxşıdır, hər şey əladır, məğlub olma ərəfəsində olan mənfur düşmənlərimizin murdar meyidləri, cəsədləri ayaqlarımızın altında qalır, diriləri də silahlarını atıb qaçırlar. Deyirdi, hər şey yaxşı olacaq, torpaqlarımızı tamamilə o mənfurlardan azad edəcəyik, o torpaqlara qalib kimi qayıdacağıq. Narahat olmayın, hər şey yaxşı olacaq. Biz 2 gündən bir, ya da vəziyyətdən asılı olaraq elə olurdu ki, gündə 1 dəfə mobil telefonla əlaqə saxlayırdıq. O, həmişə nikbin, böyük qələbəyə inamlı danışırdı. Onun qələbəmizə inamı sonsuz idi. 

12. Xahiş edirəm, qəhrəmanımızın Vətən müharibəsindəki şücaətlərindən, yaralanıb xəstəxanaya yerləşdirilməsindən və sonra yenidən döyüşə yollanmasından ətraflı məlumat verəsiniz.                                                                   

Fəqan Cəbrayıl istiqamətində gedən ağır döyüşlər zamanı qəlpə yarası alıb. Atası bu barədə məlumat aldıqdan sonra mənə zəng edib dedi ki, qorxma, Fəqan yüngül yaralanıb, onu Füzuli hospitalına gətiriblər. Mənim bir rəfiqəm var idi - Şükufə xanım. O, Füzuli hospitalında işləyirdi. Həmin rəfiqəm mənə dedi ki, işdə olarkən gördüm, hospitalda kimsə qolumdan tutdu. Çönüb baxdım ki, qolumdan tutan Fəqandır. Göz yaşlarımı saxlaya bilməyib ağladım, dedim ki, nə olub sənə, Fəqan? Fəqan da ona deyib ki, mənə heç nə olmayıb, narahat olmayın, bir balaca yaram var, amma Şükufə xala, anamgilə demə. Mən elə buradan çıxdıqdan sonra yenə birbaşa cəbhəyə qayıdacağam, o mənfur düşmənlərin sonuna çatmayınca rahatlıq tapmayacağam. Rəfiqəm deyir ki, dözə bilmədim, həyat yoldaşıma zəng vurdum, dedim ki, Fəqanın atası Amil kişiyə de ki, Fəqan yaralanıb. Şükufə xanımın həyat yoldaşı Zaur müəllim də Fəqanın atasına zəng vurduqdan sonra Fəqanın atası hospitala gedib, Fəqanla görüşüb. Fəqan atasına deyib ki, ata, yaram yüngüldür, halbuki Fəqanın qılçasına qəlpə dolubmuş. Qılçasındakı qəlpələri çıxartmaq üçün Fəqanı Hacıqabul xəstəxanasına yollayıblar, ancaq o, qəlpələri çıxartmağa qoymayıb. 2-3 dəfə baş həkimin yanına gedib deyib ki, narahat olmayın, mənim ağrım yoxdur, qəlpələr zərərsiz yerdədir, mənə icazə verin, gedim öz döyüş yoldaşlarımın yanına, onlardan, döyüş meydanından ötrü çox darıxıram. Amma baş həkim buna icazə verməyib. Sonra Fəqan Bakıya hospitala göndərilib. Xəbər tutduqdan sonra biz onu orada gördük. Fəqan mənə dedi ki, ana, heç nəyim yoxdur, yaxşıyam, niyə narahat olub gəlmisən? Sadəcə qılçamda 1-2 qəlpə var, onu da lazım olsa, çıxartdırarıq, olmasa da qələbəmizlə başa çatacaq vətən müharibəsindən yadigar qalar. Demə, Fəqana istirahət etməyə, dincəlməyə görə 15 gün ev məzuniyyəti veriblər, o isə 5 gününü götürüb, deyib ki, mən yaxşıyam, hər şey qaydasındadır, 5 gün bəsimdir. Evə gəldi, balamı bağrıma basıb, qucaqlayıb yarı rahat, yarı narahat yatdım. Dedim, Fəqan, getmə, sənin qılçan yaralıdır, görürəm ki, axsayırsan, çətinliklə hərəkət edirsən. Dedi, yox, ana, heç nəyim yoxdur, narahat olma, orada məni döyüş yoldaşlarım və azad olunmasını gözləməkdən gözləri qaralmış Qarabağ həsrətlə gözləyir. Fəqan cəbhəyə gedəndə onu yola saldım, arxasınca su da atdım, ona hiss etdirmədən ağladım. Lakin o, ağladığımı sezmiş kimi mənə dedi ki, ağlama, ana, Allah qoysa, torpaqlarımızı işğaldan azad edib sağsalamat qayıdacağam və biz birlikdə ora, azad edilmiş torpaqlarımıza birlikdə gedəcəyik. Gedəndən sonra xəstəxanadan Fəqana zəng vurublar ki, sənədin Bakıda qalıb, sənədini götür, səhərisi gün gedərsən. O isə deyib ki, mən artıq yoldayam, döyüş yoldaşlarımın yanına gedirəm, zəhmət olmasa, sənədi siz göndərərsiniz. Eləcə onu yola saldıq, öz istəyinin, arzusunun, amalının ardınca getdi yaralı halda...  

                    
13. Vətən fədaimizin şəhid olma xəbərini nə vaxt, kimdən eşitdiniz?                                        
Fəqan 2020-ci ilin noyabr ayının 9-u günü, düşmənin təslim olma sazişinin bağlanmasına saatlar qalmış şəhid olub. Onun şəhid olmasını ilk əvvəl mənə deməmişdilər. Qızım mənə zəng vurdu ki, ana, Fəqandan xəbərin var? Deyirlər, Fəqan yaralanıb. Demə, qızıma da yalan deyiblərmiş. Qızıma dedim ki, ola bilməz, Fəqan mənə söz verib, torpaqlarımızı azad etdikdən sonra azad olunmuş torpaqlarımıza qalib ölkənin qalib əsgəri kimi onunla birlikdə gedəcəyik. Gördüm ki, bir qonşumuz digər qonşumuza deyir ki, Fəqanı məscidə aparıblar. Bunu eşitdikdən sonra dünya gözlərimdə qaraldı, çox pis oldum, daha doğrusu, özümü ölmüş, həyat çırağımı sönmüş bildim. Bildim ki, Fəqan, demə, şəhid olubmuş. Sonrasını sözlə ifadə etməyə çətinlik çəkirəm.                                                                                               

14. Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasından, Fəqan şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?                                       
Fəqanın döyüş yoldaşlarından biri deyir ki, müharibədə olan vaxtı mənim silah-sursatım qurtarmışdı, düşmən tərəfin səngərləri nəzarətimiz altında idi, amma mərmilər başımıza yağış kimi yağdığından ora gedə bilmirdik. Səngərdə olan düşmən əsgərləri silahını qoyub qaçmışdı. Fəqana dedim ki, silah-sursatın var? Fəqan dedi ki, mən bu saat sənə silah-sursat gətirərəm. Fəqan yağış kimi tökülən güllələrin, mərmilərin altından sürünə-sürünə gedib səngərdən silah-sursat, çoxlu patronlar gətirib döyüş yoldaşlarına verib. Döyüş yoldaşlarının dediyinə görə müharibədə Fəqanın belə qəhrəmanlıqları çox olub. O, həmişə qəhrəmancasına vuruşub. Ona görə də Ali Baş Komandanımız, Prezidentimiz Fəqanı "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görüb. Fəqan Hacıqabul hospitalında olanda tibb bacısı sarğısını dəyişərkən Fəqan gülə-gülə tibb bacısına deyib ki, əziyyət çəkməyin, onsuz da mən vətən yolunda şəhid olacağam. Tibb bacısı sonradan deyirdi ki, hələ də onun o, şən, məğrur gülüşləri gözümün önündən, sözləri isə qulağımdan getməyib. Deyim ki, Vətən savaşında müzəffər ordumuz qələbə çalandan sonra elə bildim ki, artıq Fəqan rahatdır. Onun uşaqlıqdan arzuladıqları həyata keçmişdi. Əgər Fəqan şəhid olanda onu itirdiyimə görə ağlayırdımsa, qələbə xəbərini aldıqdan sonra sevincimdən göz yaşlarım sel kimi axırdı. Artıq bilirdim ki, oğlum Fəqan da daxil olmaqla bütün şəhidlərimizin qisası mənfur düşmənlərdən alınıb və onların ruhu şaddır, azad olunmuş torpaqlarımızın səmalarında, ənginliklərdə pərvaz edir. Elə bu mənim üçün hər şey demək idi.   


                                                                              
15. Son olaraq Vətən müharibəsi Qəhrəmanının anası kimi biz gənclərə və şəhid ailələrinə nə deyərdiniz?                                                                         

Biz müharibə vaxtı hər gün yeni-yeni ərazilərimizin işğaldan azad olunması xəbərini televiziya vasitəsilə Ali Baş Komandanımız cənab İlham Əliyevin dilindən eşidəndə çox sevinirdik. Deyirdim, mənim balalarım da torpaqlarımızın azad olunmasında iştirak edirlər. Çünki hər iki oğlum hərbiçi olmaqla Vətən müharibəsində iştirak edirdi. Çox sevinirdim ki, torpaqlarımızın azad olunmasında mənim balalarımın da payı var. Min əzabla, əziyyətlə böyütdüyüm uşaqlar torpaqlarımızı geri qaytarmaq üçün mənfur düşmənin qarşısında idi. Həqiqətən də çox sevinirdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət eləsin! Müqəddəs olan, şəhidlərimizin qanı axmaqla müqəddəslərin müqəddəsinə çevrilmiş o torpaqlara soydaşlarımız gedirlər, o müqəddəs yerləri gəzirlər. İndən belə Allah heç vaxt bizim dövlətimizə, vətənimizə müharibə qismət eləməsin! Mən balam Fəqanla, onun vətən yolunda şəhadəti ilə qürur duyuram, onun qəhrəmanlığı ilə qürur duyuram. Bütün bunlarla bərabər eyni zamanda bir ana kimi, övlad itirmiş ana kimi mənə çətindir. Bizim gənclərə nəsihətim, arzum odur ki, bu gündən belə çiçəklənən Azərbaycan torpağında mehriban yaşasınlar, xoşbəxt böyüsünlər, torpaqlarını, vətənlərini sevsinlər, şəhidlərimizlə qürur duysunlar, heç vaxt onları unutmasınlar, heç vaxt yaddan çıxarmasınlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun, torpaqları nurla dolsun! Allah ordumuzu var eləsin! Allah ordumuzu qorusun! Bir daha təkrar edirəm, bu gündən belə Allah vətənimizə müharibə qismət eləməsin, inşəAllah! Sağ olun, Allah köməyiniz olsun! Zəhmət çəkib müsahibə götürdüyünüzə və şəhidlərimizin həyatını işıqlandırdığınıza görə sizə təşəkkür edirəm. Sağ olun. Əziz Səridə ana! Müsahibə verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirir, əllərinizdən öpür, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Siz vətən yolunda ailənizlə birgə çox cəfa çəkdiniz, doğulub boya-başa çatdığınız yurd-yuvanızdan uzun illər ayrı qaldınız, qaçqın düşərgələrində yaşadınız, iki yerə bölünmüş Füzulinin bu tayında həsrətli həyat sürdünüz. Bu vətən uğrunda hər əziyyətə dözdünüz və həmin əziyyətli illərdə vətənə layiqli övladlar yetişdirdiniz. Sizin vətənə yetişdirdiniz həmin övladlar sırf vətənin yarası dərman tapsın deyə öz yarasına dərman axtarmadan döyüşə yollandı. Siz bizim şanlı tariximizə, unudulmaz zəfərimizə yol açan bir övlad böyütdünüz! Sizin oğlunuz, vətənin oğlu Fəqan nə qədər vətən torpağında unudulmazdırsa, siz də o qədər unudulmazsınız və sizi, sizləri unutmağın cəzası ölüm hökmünə layiq görülən cinayətdən daha ağırdır. İnşəAllah, əminəm ki, vətənimizdə beləsi yoxdur. Vətən sizi unutmaz! Allah bütün şəhidlərə rəhmət eləsin! Şəhidlərimizi igid, vətənpərvər, vətən fədaisi kimi böyüdən müqəddəs ailələrinə can sağlığı versin! Amin!
 
SEVİNDİK NƏSİBOĞLU 
8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü 
04.07.2022
                               
              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ