SON DƏQİQƏ

ƏBƏDİLƏŞƏN GÜLÜŞ

Tarix:22-08-2023, 22:44

Günəşin sarı telləri ətrafa yayıldıqca, yer qara pərdəsini üzündən çəkirdi. Ənginliklərdə qızaran buludlar sübh yelində nazlana-nazlana rəqs edir, gah da əriyib yox olurdu. Haradasa, təkəmseyrək qalan tənbəl ulduzlar qaçıb gizlənməyə çalışırdı. Bayaqdan bəri göylərin gərdişinə tamaşa edən fədailər zülmətin yorğanını kənara tullayıb ötən günün ağrılı-acılı səhifələrini vərəqləməkdə idilər. 
Rəşadın qəh-qəhəsi yoldaşlarını da ovsunlamışdı. Düşmənin necə geri çəkildikləri, döyüş meydanından tülkü kimi qaçdıqları barədə danışdıqca, qürur hissi hər kəsin sinəsini qabardırdı.

Artıq üç gün idi ki, müharibə başlamışdı. Füzuli və ətraf ərazilərdə şiddətli döyüşlər gedirdi. Torpaqların azad edilməsi igid oğulların ruh yüksəkliyini artırır, qələbəyə inamını gücləndirirdi.

-Belə davam etsək, qısa zamanda torpaqlarımızın hər qarışını azad edəcəyik. İllərdir ki, Qarabağımız düşmən tapdağındadır, qəfəsdəki quş kimi azad olacağı günü gözləyir, - deyə Murad dilləndi.

-Əlbəttə, azad edəcəyik! Qələbə bizim olacaq, sən ki, gözlərinin şahidisən, düşmənin qabağımızdan necə qaçdığını yaxşı görürdün?! Rəşad yoldaşını dəstəklədi.

Onun üçün vətən hər şeydən öndə idi. Hələ məktəbə getməmişdən dahi Füzulinin "Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənim"
beyti ilə bitən qəzəlini əzbər bilən Rəşad qələbəyə doğru inamla addımlayırdı.

-Rəşad, axırıncı dəfə evlə nə vaxt danışmısan? – Murad dilləndi.

-Elə müharibə başlanan gün.

-Döyüşə girəcəyini atana dedinmi?

-Yox eee, nə danışırsan? İstəmirəm onlar məndən sarı narahat olsunlar. Qoy elə bilsinlər ki, mən arxa cəbhədəyəm. İnşallah, sağ qalsam, qələbə xəbərini özüm çatdıracağam atama da, anama da. Yox, əgər ömür bivəfalıq etsə, şəhid qardaşlarıma qovuşsam, siz mənim adımdan ailəmi təbrik edərsiniz, -Rəşad sözünü tamamladı.

Yusif müdaxilə etdi:

-Elə danışma, qardaş, inşallah otuz ildən bəri həsrətlə gözlədiyimiz Qarabağı azad edib evimizə sağ-salamat qayıdacayıq.

Aralığa dərin bir sükut çökdü, amma təəssüf ki, uzun çəkmədi. Bu sükutu, səssizliyi top mərmilərinin uğultusu pozdu. Bu dəfə silahlar dilləndi. Sanki onlar da düşmən üzərində qələbənin təntənəsinə tələsirdilər. Güllələr göydə bir-biriləri ilə sürət yarışına girmişdi, bir an belə gecikmək olmazdı. Bu məqamda "Dədə Qorqud" dastanında Qazan xanın dilindən söylənilənlər lap yerinə düşür. "Biz onlara yetsək öldürərik, onlar bizə yetsə öldürərlər". Bəli, elə bu fikirləri əsas tutaraq biz onlara yetməli idik, illərin ağrılı-acılı günlərinin hesabını sormalı idik. Beləcə, güllələrin müşayəti ilə gecə gündüzü əvəz etdi. 

Düşmənin hər cür hiyləsindən qorunmaq üçün dayanmadan planlar hazırlanırdı. Günlər bir-birini əvəz etdikcə, hər gün yeni bir yaşayış məntəqəsi, yaxud bir yüksəklik azad edilirdi. Döyüşçülər Füzulinin bir addımlığında idilər.

-İnşallah, tez bir vaxtda Füzuliyə çatacağıq.

-Hə, demək olar ki, şəhərin bir addımlığındayıq. Bu gün oranı azad etməliyik.

-Ayın neçəsidir ki?

-17-si.

-Düz 21 gündür ki, döyüşdəyik? Səngərdən-səngərə atılmaqdan günlərin necə keçdiyini də unutmuşuq.

-Elədir, amma arxa cəbhədə yolumuzu gözləyənlər üçün bu günlər illərə bərabərdir Rəşad.

-Yaxşı, bəsdir bu qədər söhbət, düşmən caynağında inləyən torpaqlar bizi gözləyir, Rəşad silahını götürüb irəli keçdi.

Gözlənilən an gəldi. Füzuli uğrunda şiddətli döyüşlər başladı. Mərmilərin səsindən qulaq batırdı. Döyüş nə qədər ağır olsa da, təpərli oğullar əzmlə irəli atılır, daha çox düşmən öldürməyə çalışırdılar. Rəşad ətrafa nəzər salanda, elə bil alovlar içindən məsum bir körpənin səsi qulaqlarda əks-səda verdi: "İntiqamımı alın, ruhum bu torpaqlarda məhbus kimidir. Onu ancaq siz azad edə bilərsiniz. Siz gücdən düşsəniz ruhum da cismim kimi məhbəsdə çürüyüb gedəcək. Bilirəm, buna imkan verməyəcəksiniz, saf, günahsız insanların ruhunu şad edəcəksiniz. Biz sizə inanırıq! İrəli... İrəli... İrəli... "Səs getdikcə zəiflədi, lakin Rəşadın qulağında dayanmadan təkrarlanırdı. Bu intiqam hissi ona yeni bir güc, tükənməz bir inam verdi. Bütün döyüşçülər kimi o da cəsarətlə, dizində təpər, qolunda qüvvət, ürəyində vətən sevgisi irəli atıldı. Düşmən uzun çəkən mübarizədən sonra məhv edildi, ən ağır texnika, canlı qüvvə və saysız-hesabsız minalarla əhatə olunan Füzuli azad edildi. Şəhid qanına bələnmiş üçrəngli bayrağımız xaraba şəhərin mərkəzində göylərə qaldırıldı.

Rəşad və döyüş yoldaşları əsən küləkdən cəsarətlənən, məğrur-məğrur dalğalanan, vətən səmasına rəng qatan bayrağı fərəhlə seyr etdilər. Rəşad qürurla bayrağa baxa-baxa:

-Bu hələ son deyil, böyük zəfərimiz qabaqdadır, hələ bayraq sancılası çox zirvə var. Sonra əlini göylərə açıb dua etdi: - Allahım, vətənin bütövlüyü üçün sona qədər vuruşmaq üçün bizə güc ver. Ya rəbb, bizi düşmənin hiyləsindən, məkrindən, fitnəsindən qoru, torpaqlarımızı azad etmək üçün bizə yenilməzlik bəxş et! 

Qısa fasilədən sonra komandir növbəti hücum üçün əmr verdi. Bölük Xocavənd və Şuşa istiqamətində hərəkətə keçdi. Cəsur oğulların qarşısında tab gətirməyən düşmən günbəgün geri çəkilir, ərazilər boşalırdı. Elə bu məqamda Rəşadın da daxil olduğu 16 nəfərlik qrup mühasirəyə düşdü. Amansız döyüş başladı. Cəsur oğullar "Bura qurdun yuvasıdır, qurdun yuvasına isə çaqqal sahib çıxa bilməz", - deyib od yağdırdılar düşmənin başına. Düşmənin xeyli canlı qüvvəsi məhv edilsə də, döyüş davam edirdi. Artıq açıq döyüşdən çəkinən erməni hərbi birliyi gizlənmək üçün yer axtarırdı. 

Amansız döyüşdə iki əsgərin yaralanması 16 nəfərlik qrup üçün böyük zərbə idi. Üstəlik onları odun-alovun içindən çıxarmağa çalışan tağım komandiri Kənan da düşmən gülləsinə tuş gəlmişdi. Bu dəfə Kənanı təhlükəsiz yerə çəkmək üçün Rəşad döyüş meydanına atıldı. Təəssüf ki, o da komandirin köməyinə çata bilmədi. Namərd gülləsi onu da yaxaladı. Rəşad ağrılar içində yerə yıxıldı. Özünü toparlayıb ətrafa göz gəzdirdi, demək olar ki, bütün igidlər yerdə qan içində idi. Rəşad nəfəs aldıqca qan şoralanır, səsi zəifləyirdi. Artıq taqətdən düşmüşdü, ani də olsa, valideynlərini xatırladı. Ötən günlər göz önündən film kimi gəlib keçdi. İki gün öncə atası ilə əlaqə saxlamışdı. Söz vermişdi ki, qalib bir əsgər kimi sağ-salamat dönəcək evə, söz vermişdi ki, mənfur düşməni birdəfəlik qovacaq Qarabağımızdan. İndi anası nə edəcəkdi? İllərlə göz bəbəyi kimi qoruduğu, büdrəyəndə əl tutduğu, əsən küləyə qısqandığı, hər zaman dayaq olduğu can parçasının onu əbədi tərk etdiyini öyrənəndə nə hala düşəcəkdi?! Yeganə övladını itirən ananın fəryadını, ahını, naləsini sözlə ifadə etmək mümkündürmü?! Əsla! 

Bəlkə də bu acı xəbərdən dünya ona dar gələcəkdi. “Kaş oğlumu bircə dəfə də olasa qoxlayam” deyəcəkdi. "Bağışla, ana, bağışla, sözümü tuta bilmədim. İndi yanımda olsan, son nəfəsimdə səni qoxlasam, əllərini öpsəm, başımı dizinin üstünə qoysam rahat gedərdim dünyadan. Ata, sən də bağışla, böyüyüb sənə dayaq olacaqdım, böyüdüm, amma vətənin mənə daha çox ehtiyacı olduğu üçün onun dadına çatmağa çalışdım. Bilirəm, son nəfəsimdir, artıq bədənimin soyuduğunu hiss edirəm", -Rəşad ətrafa bir də nəzər yetirdi, xəfif-xəfif gülümsədi: "Deməli şəhadət üçün yaşamışıq, ən şərəfli ölümlə qucaqlaşmaq üçün zamanım buracanmış...", - deyə gözlərini əbədi yumdu. Məsum bir təbəssüm yanağından çəkilməmişdi hələ...  

Aysu Türkel                                                         

Gənc yazar 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ