SON DƏQİQƏ

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Tarix:10-05-2022, 00:47

Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.                                                                
Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanı lider dövlətlərə tanıdaraq  böyük ölkələridə böyük işlər görərək  dövlətçiliyi qoruyub saxlamaq üçün əzmlə çalışdı.                

Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndərin 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.                                                                                       
Ulu Öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: "Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, "hüquqi, demokratik dövlət qururuq" elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər".                 
Hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.                                        
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.       
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.                          
İlk növbədə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.  
Məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli Fərman imzalandı.   
Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.
Məhz həmin vaxtdan Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu.                                                                 

Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu.       
Ötən dövrdə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olaraq ədliyyə və məhkəmə sisteminin inkişafına da xüsusi önəm verilmişdir. Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.         
Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.
Xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir.
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.

Hörmətlə: Əkbər Yusifoğlu                                                            
“Qanun və İcra” verlişinin aparıcısı 



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ