Qabaqcıl maarif xadimi Məmməd Məmmədovun anadan olmasının 106-cı ildönümüdür
Qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədov 17 avqust 1917-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Murtuza bəy, anası Seyidə xanım həm ata, həm də ana tərəfdən Qarabağın sayılıb seçilən məşhur nəsillərinə mənsubdurlar. Babamın uşaqlığı Seyidli kəndində keçmişdir. O, 1925-1932 illərdə Ağdam 1 saylı istinad məktəbində və 1932-1935 illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. O, 1935-1939 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Təbiyyat fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan dili bölməsində oxumasına baxmayaraq, müəllimlərdən çoxu başqa millətlərdən olduğu üçün dövlət imtahanlarını rus dilində müvəffəqiyyətlə verib, qızıl saata layiq görülmüşdür.
Məmməd Məmmədov ali məktəbi qurtaran ili “Müəllim” qəzetinin 30 iyun 1939-cu il tarixli sayında çap etdirdiyi “Coşğun həvəslə” sərlövhəli məqaləsində yazırdı: “... Mən Azərbaycan Pedaqoji İnstitutunun təbiyyat fakültəsinə girən gündən öz həyatımı elmə verdim və elmin yüksəkliyinə qalxmaq, öz ixtisasının tam ustası olan müəllim olmaq üçün bütün qüvvəm və energiyamla çalışdım. İnstituta girdiyim ilk günlərdən rus dilini öyrənməyə səy etdim. İndi mən lazım olan kitablardan rus dilində müstəqil istifadə edirəm.
Şübhəsiz ki, institutda gördüyüm bu işləri mən o qədər də böyük müvəffəqiyyət hesab etmirəm. Mən həyata indi atılıram, qarşımda daha böyük və məsuliyyətli vəzifələr durur...”
Məmməd Məmmədov 50 ildən çox pedaqoji fəaliyyətlə məşğul olmuş, Bərdə, Laçın, Ağdam rayonlarının müxtəlif təhsil ocaqlarında kimya, biologiya fənlərindən dərs demişdir. Onun müəllimlik fəaliyyətinn 3 ili Bərdə, 4 ili Laçın, 43 ili Ağdam rayonları ilə bağlı olmuşdur. İstedadlı kadrların hazırlanmasındakı xidmətlərinə görə, Ağdam rayonunda kimya fənni üzrə ən savadlı kimya müəllimi sayılmışdır.
Məmməd Məmmədov müəllimlik fəaliyyətinə başlayanda 22 yaşında olmuşdur. Bərdə şəhər orta məktəbinin (indiki Bərdə şəhər 1 nömrəli tam orta məktəb) direktoru işləyəndə 24 yaşında idi. Azərbaycan SSR Xalq Maarif Komissarının müavini A.Dadaşzadənin əmri ilə Laçın şəhər orta məktəbinin (indiki Laçın şəhər 1 nömrəli orta məktəb) direktoru təyin ediləndə 26 yaşı tamam olmamışdı. O, 28 yaşında Laçın pedaqoji məktəbinin direktoru idi. Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri seçiləndə 30 yaşı olmuşdur. Ağdam rayon partiya komitəsinin 1952-ci ilin fevral ayının 10-da keçirilmiş plenumunda rayon partiya komitəsinin ikinci katibi seçiləndə 34 yaşında idi.
Məmməd Məmmədov Laçında pedaqoji fəaliyyətə başlayanda rayonda ixtisaslı yerli müəllim kadrları az idi. 26 yaşlı gənc müəllim evi olmadığı üçün məktəbin sinif otaqlarının birində yaşayırdı. Laçında uşaqların, yeniyetmələrin təhsilə cəlb edilməsində, ixtisaslı yerli müəllim kadrlarının hazırlanmasında Məmməd Məmmədovun xidmətləri əvəzsizdir. Müdrik məsləhətləri ilə gənc yaşlarından ağsaqqal sayılmış Məmməd Məmmədovun nüfuzu, təbliğatı sayəsəndə yeniyetmə yaşlı laçınlılar Laçın pedaqoji məktəbinin, Ağdam Dövlət Müəllimlər İnstitutunun məzunu olmuşlar. O, Laçın pedaqoji məktəbinə direktor təyin olunduqdan sonra bu təhsil ocağında Laçın, Qubadlı, Kəlbəcər rayonlarından olan 118 nəfər şagird oxumuşdur. 118 nəfər şagirddən 44 nəfəri yeniyetmə yaşlı qızlar idi.
Məmməd Məmmədov Laçında dərs dediyi illərdə bəzi valideynlər yeniyetmə yaşlı qız övladlarını təhsildən ayırır, onları ailə həyatı qurmağa məcbur edirdilər. Gənc Məmməd Məmmədovun valideynlərlə apardığı söhbətlərin nəticəsində neçə-neçə yeniyetmə yaşlı qız təhsillərini davam etdirə bilmiş, sonralar rayonun adlı-sanlı müəllimlərindən sayılmışlar. Onun təşkilatçılığı və qayğısı sayəsində bəzi yeniyetmə yaşlı uşaqlar təhsilə cəlb edilməklə həyatda düzgün yol tuta bilmişlər.
Məmməd Məmmədov Ağdamda bacarıqlı təşkilatçı, savadlı ziyalı kimi tanınmış, rus dilini mükəmməl bilmişdir. Bu dili bildiyi üçün Ağdam rayon partiya komitəsinin ikinci katibi işlədiyi illərdə rus dilli qonaqlarla görüşlərdə, danışıqlarda iştirak etmişdir. O, Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin Azərbaycan və rus qruplarında, sonralar şəhər 7 nömrəli rus orta məktəbində rus dilində kimya, biologiya fənlərini tədris etmişdir.
Məmməd babam hansı vəzifədə işləməsindən asılı olmayaraq elinə-obasına bağlı insan olmuşdur. Neçə-neçə insana arxa durmuş, onlara kömək etmişdir. Problemli məsələləri öz ağıllı məsləhətləri ilə həll etməyi bacarırdı. Görkəmcə hündürboy olmuş Məmməd babam səliqəli geyinərdi. Nurlu siması vardı. Çöhrəsindən təbəssüm əskik olmazdı. Təbiətcə xeyirxah, alicənab, ağayana şəxs idi. Etdiyi yaxşılıqları heç zaman dilinə gətirməzdi. Ağdamın ağsaqqallarından sayılırdı. Onda güclü yumor hissi var idi. Hazırcavab şəxs kimi tanınırdı. Kimliyindən asılı olmayaraq tez ünsiyyət yaratmağı bacarırdı. Kiməsə, nəyəsə əsəbləşmiş insan belə onunla söhbət edəndə yüngülləşər, sakitləşərdi. Hər zaman Azərbaycan Pedaqoji İnstitutunda ona dərs demiş müəllimlərinin adlarını ehtiramla yad edərdi. Azərbaycanın ilk fizioloqlarından biri, görkəmli həkim, pedaqoq Azad bәy Əmirov (1883-1939), əməkdar müəllim, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Mirəli Axundov (1902-1992) onun sevimli müəllimlərindən idilər. Babamın iştirakı, şahidi olduğu Azad bəy Əmirova və Mirəli Axundova aid xatirələrindən bir neçəsi bu günki kimi yaxşı yadımdadır.
Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovu (1875-1939) rəhmətlə xatirlardı. Görkəmli ədibin alicənablığı ilə bağlı tez-tez maraqlı xatirələri yada salar, şahidi olduğu əhvalatlar danışardı. O, Azərbaycan Pedaqoji İnstitutunun Təbiyyat fakültəsində ali təhsil aldığı illərdə bir neçə dəfə Süleyman Sani Axundovun Qubanov küçəsində 10 nömrəli binanın ikinci mərtəbəsində yaşadığı kiçik otaqda qonaq olmuşdur.
Süleyman Sani Axundovun anadan olmasının 100 illik yubileyi münasibətlə 1975-ci ildə Bakıda və respublikanın müxtəlif bölgələrində tədbirlər keçirilirdi. Məmməd Məmmədov Ağdamda keçirilən tədbirdə çıxış edərək görkəmli ədiblə bağlı maraqlı xatirələrini danışmışdır.
Ürəyi xəstə olduğu üçün babam hər il Bakıya gələr Bilgəh sanatoriyasında, müalicə olunardı. 15-16 yaşlarım olarkən bir neçə dəfə tək Bilgəhə gedib, sanatoriyada müalicə olunan babama baş çəkməyim yaxşı yadımdadır.
1987-ci ilin avqust ayının ortaları idi. Babam Bilgəh sanatoriyasında müalicəsi başa çatdığı üçün Ağdama qayıtmağa hazırlaşırdı. Müəyyən səbəblərə görə babam bir neçə gün Bakıda ləngiməli oldu. Yadımdadır Əbdürrəhim bəy Haqverdiyevin yenicə çap edilmiş “Xortdanın cəhənnəm məktubları” adlı əsərini oxuyurdum. Babam məndən nə oxuduğumu soruşdu. Kitabı əlinə alıb baxdı. Hansı kitabı oxuduğumu bilib dedi ki, mən bu əsəri ilk dəfə tələbə vaxtı 1937-ci ildə latın əlifbasında oxumuşam.
Məmməd babam bacısı oğlu, kürəkəni olan atam - milli fəlsəfə irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvi, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovla hər zaman fəxr etmişdir. Anası Hüsnü nənəmdən sonra atamın həyatında ağsaqqal kimi saydığı ən əziz insan Məmməd dayısı olmuşdur. Təsadüfi deyildir ki, atam özünün 1990-cı ildə çap etdirdiyi “Siracəddin Urməvi” kitabını qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı dayısı Məmməd Murtuza bəy oğlunun əziz xatirəsinə ithaf etmişdir.
Məmməd babam 1990-cı ilin fevral ayının 15-də vəfat edəndə mənim 17 yaşım hələ tamam olmamışdı. Yaxşı yadımdadır babam rəhmətə gedən günün səhərisi Ağdama qar yağırdı. Lakin güclü şaxta yox idi. Otuz üç ildir ki, babam cismən həyatda yoxdur. Babamın vəfatını el-obasının necə kədərlə qarşılaması bu gündə gözlərimin önündədir.
2000-ci ildə təsadüfən mərhum tanınmış jurnalist “Xocalı səsi” qəzetinin redaktoru Sərdar Mehdiyevlə tanış oldum. Məmməd Məmmədovun nəvəsi olduğumu bilib çox sevindi. Sərdar müəllimlə təxminən qırx-qırx beş dəqiqəlik söhbətimiz məhz Məmməd babamla bağlı xatirələrdən ibarət oldu.
Qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədovun avqust ayının 17-də 106 yaşı tamam olur. Qarabağın bu dəyərli ziyalısı otuz üç ildir ki, cismən həyatda yoxdur. Onilliklər keçməsinə baxmayaraq o, bu gündə onu tanıyanların qəlbində yaşayır, adı hər zaman ehtiramla yad edilir.
Orxan Zakiroğlu (Baharlı)