Tovuz döyüşləri Zəfərə aparan yolun başlanğıcı oldu.
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biri kimi yadda qaldı. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu müasir döyüş qabiliyyətinə malik, peşəkar və güclü bir orduya çevrilib. Yüksəkrütbəli zabitlərin əsgərləri ilə çiyin-çiyinə ön xətdə vuruşması ordumuzun döyüş ruhunu və vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi.
Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatlara Azərbaycan Ordusu qətiyyətlə cavab verdi. Artilleriya, minaatan və tankların tətbiq olunduğu döyüşlərdə ordumuzun dəqiq atəş zərbələri nəticəsində düşmənin dayaq məntəqələri, komanda məntəqələri, artilleriya qurğuları, hərbi texnikası, ehtiyat qüvvələri və çoxsaylı canlı qüvvəsi məhv edildi. İki sutka davam edən sarsıdıcı zərbələr nəticəsində ağır itkilər verən düşmən geri çəkilməyə məcbur oldu.
Döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu şəhid oldu, beş hərbçimiz yaralandı. Ermənistan ordusu isə xeyli sayda canlı qüvvə və texnika itkisi verdi.
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu.
Həmin gün gedən ağır döyüşlərdə müdafiənin ön xəttində qəhrəmancasına döyüşən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha beş hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı Azərbaycan zabitinin Vətən uğrunda son nəfəsinə qədər döyüşməyə hazır olduğunu bütün dünyaya göstərdi.
Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri xalqla ordunun sarsılmaz birliyinin nümayiş etdirilməsi oldu.
İyulun 14-dən 15-nə keçən gecə on minlərlə insan Bakıda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini ifadə etdi və milli həmrəyliyin gücünü bütün dünyaya göstərdi.
Tovuz döyüşlərində ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid oldu, 1 mülki şəxs həlak oldu.
Düşmənin isə 100-dən çox hərbçisi məhv edildi, çoxlu sayda döyüş texnikası sıradan çıxarıldı. Şəhidlərimiz xalq tərəfindən böyük ehtiram və izdihamla son mənzilə yola salındı.
Tovuz döyüşləri əslində 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu. Cəmi iki ay sonra – 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi bütün ərazisində tam təmin olundu.
Tovuz döyüşləri Azərbaycan xalqının iradəsinin, Ordumuzun gücünün və milli birliyimizin parlaq təcəssümü kimi tariximizdə əbədi yaşayacaq. Bu döyüşlər göstərdi ki, qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı və onların şücaəti Böyük Zəfərin əsas təməl daşlarından biri oldu.
Yeganə Telmanqızı
XeberTıme.az