SON DƏQİQƏ

Naxçıvan ziyalıları mübarizənin önündə dayanırdılar.

Tarix:22-08-2021, 03:24

Əli Səbri QasımovMasa üzərinə qoyulmuş qırmızı üzlü kitab və bir neçə foto şəkil diqqətimi cəlb etdi. Kitabın üzərində Əli Səbri, aşağı hissədə isə “Povest və hekayələr” yazılmışdı. Kitabı əlimə götürüb ilk səhifələrindən oxumağa başladım. Hekayə o qədər sadə və aydın fikirlərlə yazılmışdı ki, hekayədən cox müəlliflə maraqlanmaq istədim. O, müəllif ki, onun ən böyük arzusu Azərbaycanı müstəqil görmək  idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri var. Yazıçı, jurnalist, pedaqoq , diplomat, tərcüməçi kimi tanınan görkəmli şəxsiyyət milli-azadlıq mübarizəsinin cəfakeşlərindən olub.
1917-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni hünər və şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, “Molla Nəsrəddin”   jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür.
Qori Müəllimlər Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda müəllimlik  etdikdən sonra Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüz illiyin əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olub. 
Əli Səbri Qasımovun tarixi şücaəti bu günki gəncliyimiz üçün örnəkdir. O, hələ 87 il bundan əvvəl Transqafqaz Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan  adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə  hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bizim hüququmuzdur, onu heçkimə güzəşt etmərik”. (“Azərbaycan” qəzeti, 1919. N 193). Bu, həmin Əli Səbri Qasımovdur ki, Naxçıvan daqurulan Araz-Türk hökumətinin sədri Əmirbəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyi ilə könüllü xalq dəstələrinin  yaradılmasına  təşəbbüs göstərib, onların əlaqələndirilməsində  xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı KəbləMuxtar), Cəhritaboru  (KəbləKərim), Baş Noraşen, Düdəngə və Zeyvətaboru (Fətullabəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedi basar müqavimət   hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və Civəkənd könüllülərinin  komandiri Bala Bəy Vəkilovla birlikdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni silahlarından təmizlənməsində  xüsusi rol oynayıblar.
Bu həmin Əli Səbri Qasımovdur ki, ordubadlı Ələsgərov, Şərurdan və Sürməli dənhərəsindən  bir nəfər nümayəndə ilə birlikdə 1919-cu il sentyabr 9-da Tiflisdə olub, Naxçıvanın   neytral zona elan olunmasına etirazını bildirərək 17 maddədən ibarət tələbləri polkovnik Haskelə təqdim edib. Bildirib ki, “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar. Öldü var – döndü yox!”
1917-1921-ci illərdə Naxçıvanda Eynalı Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər,  Hüseyn Cavid, Əziz Hərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski,  Mir Heydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S. Cəmilinski, Kəlbalıxan, Kərimxan və digər görkəmli  şəxsiyyətlər  fəaliyyət göstərirdilər və hamısı bilavasitə vətən  uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar Qərb diplomatları ilə mürəkkəb danışıqlarda  qələbə əldə edir, yerli əhalinin mübarizə  ruhunu, dəyanətini artırırdılar.
1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının  adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb. Azərbaycan Xalq Cümhuriyyətinin  başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması,  Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən İrəvandakı  diplomatik nümayəndə Məmmədbəy Təkinskinin  yerinə yeni diplomatın göndərilməsini tələb  edirdilər.
Əli Səbri diplomatik  bacarığı,  qorxmazlığı, açıq sözlülüyü, vətənpərvərliyi ilə gələçək nəsillərə  bir örnəkdir. O, təkcə içtima siyasi fəaliyyəti ilə xalqına xidmət etməyib. Əli Səbri həmdə gözəl  yazıcı, publisist olub. Onun ilk əsəri olan “Solğun çiçək” romanı 1913- cü ildə “OrucovQardaşları” mətbəəsində nəşr olunub. XX əsrin əvvəllərindəki  hadisələri təsvir edən əsərin süjet xəttinin mərkəzində Fərhadla Əfruzun nakam  və saf məhəbbəti durur. Lakin  əsərin   əsas ideyasını  məhəbbət yox, mövcud ictimai  siyasi quruluşa qarşı etiraz,  azadlığa çağırış  təşkil edir.
Əli Səbri iri həcmlı əsərlərlə yanaşı, kicik hekayələrdə yazırdı. Onun “Qarçı”, “Firuzun kədəri”, “Himayə”, “Balaca və xallı” və digər hekayələri mövzunun həlli baxımından  maraq doğurur. Bu hekayələr içərisində   “ Balaca və xallı” xüsusi maraq kəsb edir. Əsər balaca Xalidin ağır keçən  uşaqlıq   illərindən bəhs edir. Müəllif sonradan bu hekayəni böyüdərək povest şəklinə salmışdır. Burada artıq Xalidin böyüməsindən, ali təhsil alaraq  bacarıqlı həkim kimi fəaliyyətindən  və onu uşaq ikən himayə edən Nəzakət xanımı ölümdən xilasetməsindən  bəhs olunur.
Əli Səbri həmdə tərcüməçi  kimi fəaliyyət göstərib. O,  hələ 1912-ci ildə Qori Müəllimlər Seminariyasında oxuyarkən görkəmli rus yazıcısı Lev Nikolayeviç Tolustoyun 4 hekayəsini dilimizə  cevirmiş, “Dörd hekayə ” adı altında çap etdirmişdi.
Bir il sonra isə dostu Abbas Qasımovla birlikdə A.P.Cexovun hekayələrinin bir neçəsini tərcümə  edərək “Gözəl hekayələr” adı ilə  nəşrinə nail  olmuşdur.O, həmdə V.Şekspirin, R.Taqorun, P.P.Verşiqoranın əsərlərini doğma dilimizə çevirib. Əli Səbri digər dillərdən tərcümələr etməklə yanaşı həmçinin Azərbaycan ədəbi nümunələrinidə rus dilinə tərcümə edib.
Görkəmli siyasi xadim, əsil  vətənpərvər olan Əli Səbri ömrünün 91-ci ilini yaşayanda 1983-ci il idi. Qohumu Nazmilə xanım  deyirki, o ən çox dənizlə həmsöhbət olurdu. Böyük bir həyat məktəbi keçmiş  yazıcı ömrünün ən gözəl illərini dəhşətli  ölüm düşərgələrində, işgəncəli Arxanqelsk monastırlarında və Norilskin  qızıl  mədənlərində  keşirib. Cünki Əli Səbri  uzun illər sürgünlərdə  olmuşdur. Lakin o, elə bir ömür yaşamışdır  ki, xalq onu heç bir zaman unuda  bilməyəcək. Onu daha cox qürurlandıran  Naxçıvanın 1918-1920-ci illərdəki  böyük savaşı idi. Hərdən gözlərini yumub o illəri xatırlayarmış. Nə qədər igidlərimiz  qurban getdi ki, təki Naxçıvan düşmən  əlinə  keçməsin. O, kədərini  içində boğan, cəsarətli, təmkinli, açıq sözlü, qorxmaz bir insan olub. Tanrının ona bəxş etdiyi ömrü vətəninin  tərəqqisinə həsr edərək  ömrünün sonunadək  çalışdı. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək  idi. Bu gün Əli Səbri kimi yüzlərlə vətəndaşının, xalq ziyalısının uğruna çanından keçdiyi azadlığın, tərəqqinin  şahidləri bizik, bu günün müasir gəncləri.  
1914-cü ildən ədəbi yaradıcılığa başlayan Əli Səbri 1956-cı ildə bəraət qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışıb, Azərbaycan Yazıçılar İttifaqında  bədii fondun direktoru vəzifəsində işləyib. 1983-cü ildə Bakıda vəfat edib.
Onunla bağlı araşdırmalar  apararkən maraqlı fotolar, əlyazmalar və Əli Səbrinin qohumu Nazmilə xanımın dilindən  bir-birindən maraqlı və mənalı xatirələr dinlədim. Əsil vətənpərvərlik  nümunəsi,  açıqd üşüncəli , xalqın  tərəqqi və inkişafı üçün əlindən gələni əsirgəməyən,  nəsillərə örnək olan belə bir ziyalının keçdiyi ömür yolu hər birimizə nümunədir.
 
Ulduz  Eyvaz                                                            
“Qızıl Qələm” media mükafatçısı 



 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ