Balağa Məhəmmədəli oğlu Həsənov 21 iyul 1961- ci ildə Laçın rayonunun dağlar qoynunda yerləşən səfalı, gül- çiçəkli Qarakeçdi kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra iki il sovet ordusu sıralarında xidmət etmişdir.Gəncə Kənd Təsərrüfatı institutunu, (indiki Aqrar universitetini) bitirdikdən sonra uzun illər Laçın rayon Torpaq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusu və dövlət müşaviri olub. Hazırda işğaldan azad olunmuş Laçın rayonunda təsərrüfatla məşğul olur. Balağa Həsənov hələ gənclik illərindən bədii yaradıcılıqla məşğul olmuş və şeirlər yazmışdır.
30 il köçkün həyatı yaşamış Balağa Həsənov torpağımızın erməni quldurları tərəfimdən işğal olunmasına dözmür, ürəyini boşaldaraq göz yaşlarını vərəqlərə səpələyirdi. Vətənpərvər mövzulu, kövrək şeirləri ilə dövri mətbuatda el-oba şənliklərində çıxış edirdi. Gənclərin vətənpərvər ruhda böyüməsində Balağa Həsənovun nəsihətamiz şeirləri, bayatıları dillər əzbərinə çevrilmişdir;
Əzizim Qarakeçdi,
Yol gəlib qara keçdi.
Yaranmışı binadan,
Mərd olub Qarakeçdi.
Əzizinəm ələyim,
Qərib etdi fələyim.
Doğma Laçına gedim,
Hasil olsun diləyim.
Əzizinəm , sel kimi,
Tufan kimi sel kimi.
Düşməni məhf eləyək,
Çıxaq yurda el kimi.
2020-ci ildə Balağa Məhəmmədəli oğlu "Unudulmayan keçmiş" adlı şeirlər kitabı ilə oxucularının ilk dəfə görüşünə gəlmişdir. Kitabda şairin müxtəlif illərdə yazdığı qoşmaları, divanilərı, gəraylıları, təcnisləri ilə yanaşı el şairləri ilə deyişmələri də toplanmışdır. Şairin dərin dünyagörüşə və gözəl düşüncəyə malik olması şeirlərində özünü daha aydın büruzə verir.
Balağa Həsənov qəlbləri oxşayan məzmunlu şeirlər yazsa da, ustad sənətkarlardan izn istəyərək deyir;
Ələsgər babamdan izn istəyib
Şeiriyyata qədəm qoydum, bağışlar.
Haqqa, ədalətə əməl eyləyib
Namərdin sinəsin oydum, bağışlar.
Kitab çapa hazırlanarkən Azərbaycan ordusu düşmən üzərində parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Uzun illər doğma yurdundan didərgin düşmüş vətən həsrətli şair sevinc göz yaşlarına qərq oldu.
"Həkəri" qəzetinin növbəti saylarında vətənpərvər şair Balağa Məhəmmədəli oğlunun geniş və çoxşaxəli yaradıcılığı ilə daha yaxından tanış olacaqsınız.
Biz inanırıq ki, Balağa Həsənovun növbəti kitabları işğaldan azad olunmuş torpaqlarımızda görülən quruculuq və abadlıq işlərinə həsr olunacaq və məhəbbət, sevinc dolu şeirləri ilə oxucularımızı yenidən sevindirəcəkdir. Uğurların bol olsun, şair.
Rauf İlyasoğlu