Şəhid adı çəkiləndə hər kəs ayağa qalxıb şəhidlərimizi ehtiramla yad etməlidir.
Şəhidlər bizim qürurumuz və and yerimizdir. Bizə qələbə sevincini qazandıran şirin canından keçən şəhidlərimizdir. Şəhidlərimizin hər biri bir qəhrəmandır. Belə cəsur, qəhrəman oğullardan biri də Ziyad Muradovdur.
Ziyad Muradxan oğlu Muradov 1991- ci ilin fevral ayının 3- də Füzuli rayonunun Arış kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Erməni hərbi birləşmələri həmin illərdə Füzuli və ətraf rayonlarımızı mərmi atəşinə tutaraq qırğınlar törədirdilər. Kəndin qeyrətli oğulları ilə birlikdə Ziyadın atası Muradxan Muradov da könüllü özünümüdafiə dəstələrinə yazılaraq sərhədlərimizi qoruyurdular.
Muradxan Muradov Məlikcanlı kəndini erməni quldurlarından təmizləyərkən qolundan, ayağından və sinəsindən qəlpə yarası almışdır. 1992- ci ilin avqust ayının ortalarında Ərgünəş meşəsindən ermənilər qrad mərmiləri ilə kəndi atəşə tuturdular. Əmr gəldi ki, kənddən təcili çıxın. Tahirə Mehdiyeva bir yaş yarım balası Ziyadı qucağına alaraq təhlükəsiz yerə qaçarkən ermənilərin atdıqları mərmi atəşi nəticəsində Ziyad anasının qucağında sağ gicgahından, anası Tahirə Mehdiyeva isə qolundan, bədəninin müxtəlif nahiyələrindən qəlpə yarası almışlar. Həmin illərdə Xalq qəzetində ana və balanın şəkli və qısa məlumat da verilmişdi. Bir müddət müalicə olunsalar da ,düşmən qüvvələr daha da azğınlaşır, qırğınlar törədirdilər. 1993- ilin avqust ayında kənd camaatı düşmənin güclü müqaviməti nəticəsində kəndi tərk etməyə məcbur oldular. Silahsız kənd əhalisinin mərmi yağışı altında qalması olduqca təhlükəli idi. Muradxan Muradov da ailəsi ilə birlikdə əvvəl Beyləqan rayonuna, ordan da Bakıya gələrək Nərimanov rayonunda məcburi köçkün olaraq məskunlaşmışlar.
Ziyad beş yaşında 101saylı baxçaya getmiş və 1997- ci ildə 73saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. Orta məktəbdə oxuyarkən ədəbiyyata marağı daha çox olmuş Ziyad şeirlər yazır, şəkillər çəkir və heykəltaraşlıq işləri ilə məşğul olurdu. Ziyad Muradov 2008-ci ildə orta məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirmişdir. 2010- cu ildə il yarım hərbi xidmətini Tərtərdə müvəffəqiyyətlə başa vurmuşdur. Ziyad Muradov 2015-2019- cu illərdə Daxili qoşunlarda Çavuş rütbəsində əmək fəaliyyəti göstərmişdir. 2017- ci ildə Ziyad ailə qurmuş və bir oğlu dünyaya gəlmişdir. Babası nəvəsinə öz adını qoymuşdur. Ziyadın sevincinin həddi hüdudu yox idi. Sən saydığını say, gör fələk nə sayır. Balaca Muradxan nə bilərdi ki, atası şəhid olacaq. Ziyad Muradxan oğlu özünə Türksoy Qarabağlı təxəllüsünü seçmiş və şeirlərini Ziyad Türksoy Qarabağlı imzasıyla yazmışdır. Onun dövri mətbuatda müntəzəm çıxışı media işçilərinin diqqətini cəlb etmiş və 2017- ci ildə Ziyad Türksoy Qarabağlı " İlin gənc yazarı" adına layiq görülmüşdür. Ziyadın şeirlərinin hər biri vətənpərvərlik mövzusundadır ;
Hər gün cəbhələrdən bəd xəbər gəlir,
Ağappaq kağızlar qara yazılır.
Bu vətən uğrunda can verənlərin,
Baş daşı üstünə adlar yazılar.
Səssizcə durubdu torpaq da, daş da,
Ancaq güllələrin səsləri çıxır.
Torpağın uğrunda olan Şəhidin ,
Al qanı torpağın üstünə axır.
Ziyad Muradovun hər dəfə başındakı qəlpə yarası yadına düşdükcə ermənilərə qarşı olan nifrəti daha da artırdı. Ziyad Muradov 27 sentyabr 2020- ci ildə Vətən müharibəsi başlayarkən çavuş rütbəsi ilə könüllü olaraq müharibəyə yollanmışdı. Ziyad Muradov bir çox uğurlu döyüş əməliyyatlarında iştirak etmiş və düşmənlər geriyə çəkilməyə məruz qalmışdılar. Növbəti qızğın döyüşlərin birində -noyabr ayının 20-də Füzuli rayonunun müdafiəsində Ziyad Muradov baş nahiyəsindən ağır zərbə alaraq şəhidlik zirvəsinə ucalmışdır. 23 oktyabr 2020- ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilmişdir. Ziyad Muradxan oğlu Muradov şəhid olduqdan sonra Ölkə Prezidentinin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur. 2022-ci ildə şəhid Ziyad Türksoy Qarabağlının
"Vətən məni çağırır" adlı 222 səhifəlik şeirlər kitabı işıq üzü görmüşdür. Kitab Gəncliyə Yardım Fondunun"'Şəhid Ailələrinə Dəstək" layihələri çərçivəsində hazırlanmış və Abşeron rayon icra hakimiyyətinin dəstəyi ilə nəşr olunmuşdur. Kitabda istedadlı şair, şəhid qəhrəmanımız Ziyad Muradovun 250-dən çox vətənpərvər ruhlu kövrək şeirləri toplanmışdır. Ziyadın atası Muradxan Muradov şəhid övladının adına yaşadığı məhəllədə "Şəhid bulağı" çəkdirmişdir. Birinci vətən müharibəsi iştirakçısı olmuş şəhid atası ilə söhbət edərkən Tehranda çap olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru, ədəbiyyatşunas, psixoloq, doktor Hüseyn Şərqidərəcə(Soytürk) əl telefonuma zəng etdi. Şəhid Ziyadın adın çəkən kimi dedi; Rauf müəllim! Şəhidlər başımızın tacıdır. O kitabın PDF variantını bizim poçta göndərin, mən o kitabı kütləvi tirajla çap etdirib 50 milyonluq soydaşlarımız arasında da yayımlayacağam. Muradxan Muradovla belə qeyrətli oğullardan, o cümlədən uzun illər Nərimanov rayonundan millət vəkili seçilmiş Adil Əliyevdən, Hüseyn bəydən, xeyriyyəçi Hacı İntiqam Atayevdən söhbət saldıq. Şəhid atasına söz verdik ki, həm "Həkəri" qəzetində, həm də sosial şəbəkələrdə şahidlərdən yazmaq bizim borcumuzdur. Şəhid-şair Ziyad Türksoy Qarabağlının vətənpərvər mövzulu "Yaşamaq uğrunda ölən oğullar" adlı şeirini oxuculara təqdim edirik;
Yaşamaq uğrunda ölən oğullar
Sinəsin gülləyə sipər etdilər,
Vətəni anası bilən oğullar .
Gözlərin əbədi yumub getdilər,
Vətənin uğrunda ölən oğullar.
Tabutu önündə farağat duran,
Ağıllı, körpəli, cavan, ər, zənan.
Birləşib yumtuqtək qalxıb, bir olaq,
İrəli əmrini verdi Komandan.
Bizim amalımız olsun qisas, qan,
Vətənçün qoy fəda olsun milyon can.
Ağlayan gözlərdən silib göz yaşın ,
Gülək ki, hər zaman var Azərbaycan!
Xınalar yazsın qoy qızlar, gəlinlər,
Çalınsın davallar, səslənsin neylər.
Dinsin dilə gələn fəryad yerinə,
Yazılsın azadlıq ruhlu şeirlər.
Sinəsin gülləyə sipər etdilər,
Bu xoş gələcəyi görən oğullar.
Gözlərin əbədi yumub getdilər,
Yaşamaq uğrunda ölən oğullar.