SON DƏQİQƏ

İŞIQDAN GÖRÜNƏN TƏRƏFLƏR

Tarix:13-02-2024, 08:15

Ön söz
İŞIQDAN GÖRÜNƏN TƏRƏFLƏR
 
Önümdə bir kitab var. Yaxşı tanıdığım, əgər belə demək mümkünsə, gözümün qabağında böyüyən, ərsəyə gələn, həm cismən, həm mənən boy atan bir müəllifin kitabıdır. Bu, Sevindik Nəsiboğludur. Fəxr edirəm ki, gördüyüm gündən istedadını duymuşam. Qeyri-adiliyini hiss etmişəm. Sözümüzə yeni bir nəfəsin gəldiyini hiss etmişəm. Bir çox kitablarına ön söz yazmışam. Nəhayət, bütün yaradıcılığına “Kredo” qəzetinin qapılarını taybatay açmışam. İctimai fəallığını, xüsusilə “Kredo” qəzetinin təbliği üçün xidmətlərini nəzərə alıb ictimai müxbir kimi işə qəbul etmişəm. Və nəhayət, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin təmsil olunduğu redaksiya heyətində onun da adını görmək istədiyimi heyət üzvlərinə bildirmişəm. Mənəvi mühitimizin görkəmli simaları bu istedadlı yeniyetməni təqdir ediblər və o, “Kredo” qəzeti redaksiya heyətinin üzvü olub. Açığı, bu günə qədər öz misisyasını, yəni qəzeti təbliğ etmək missiyasını çox böyük əzmkarlıqla davam etdirir. Əlaqəsi olduğu, ünsiyyət qurduğu bütün ictimai, ədəbi mühitdə və saytlarda “Kredo” qəzetinin yeri və dəyəri haqqında danışmaqdan çəkinmir. Bu barədə böyük sevgi ilə öz münasibətini əsirgəmir. Zənnimcə, Sevindik Nəsiboğlunun yeni bir kitabına ön söz yazmaq üçün onun mövqeyi, istedadı, hədsiz zəhməti, ən başlıcası, doğmalığı və səmimiyyəti mənə əsas verir.
*
Öz xalqının taleyində rolu olan, xüsusi yeri olan, bir çox hallarda xalqın taleyini istiqamətləndirə bilən tarixi şəxsiyyətlər var ki, onlar nəinki öz zamanlarında, öz zamanlarından sonralar da öyrənilir, tədqiq olunur... Bir sözlə, sərhədsiz imkanlar açan təfəkkürün haradan, hansı mənbədən gəldiyini öyrənmək üçün tədqiqatçılar daha çox fenomenal insanların həyatına müraciət edirlər. Ən çox da siyasi liderlərin obrazında görünən fenomenlərin həyatı daha çox maraq doğurur. Bu düşüncədən yanaşanda Heydər Əliyev obrazı xüsusilə ön planda görünür. Çünki böyük həqiqətləri dərk etmək üçün bir çox hallarda insana – yəni düşüncə adamına tarix, vaxt, zaman lazım olur. Ancaq tanıdığın, bildiyin, gözlərinlə gördüyün, düşüncənlə müşahidədən keçirdiyin obrazlar var ki, onları təqdim edən cəhətləri sadəcə şahidi olduğun üçün yadda saxlayırsan, görə bilirsən. Həyatımızın kifayət qədər elə dövrü olub ki, kəskin dəyişilmələrin şahidi olmuşuq. Bir çox siyasi fiqurların ölməzlik obrazını xəyalımızda, düşüncəmizdə yaratmışıq. Ancaq tarixi şərait dəyişən kimi onların necə kövrək şüşə kimi ovulub töküldüyünü də görmüşük. Amma elə obrazlar var ki, kristallığı, monolitliyi ilə zamanların bütün təhdidlərinə davam gətirə bilir, dözə bilir.
Azərbaycan xalqının taleyində müstəsna yeri və xidmətləri olan, sözün həqiqi mənasında yol göstiricilik işığı ilə parlaqlığını heç vaxt itirməyəcək bir obraz da var. Bu, Heydər Əliyev obrazıdır. Çünki Azərbaycan xalqının tarixi çox zəngindir. Bu tarixi şöhrətləndirən, şərəfləndirən çox obrazlar var. Ancaq özünün müstəsna yeri və xidmətləri ilə fərqli görünə bilən, ən başlıcası, xalqın taleyində xüsusi yeri ilə ayrıca təqdir olunan Heydər Əliyev təkcə tarixi şəxsiyyət deyil, həm də taixin qeyri-adi, həmişə canlı olan bir obrazıdır. Bu obrazı bir örnək kimi, bir dərslik kimi qavramaq əslində öz xalqının taleyinə doğma yanaşmaq hissi ilə çox bağlı olardı.
Heydər Əliyev haqqında yazılanların həcmi yəqin ki, qeyri-adi dərəcədə müəyyən həddə və rəqəmə sığmaz. Amma elə yazılanlar var ki, hansısa bir cəhətinə görə, hansısa bir keyfiyyətinə görə ayrıca təqdirə layiqdir.
Sevindik Nəsiboğlunun 15 yaşı var. Kim inana bilər ki, 15 yaşlı bir yeniyetmə Heydər Əliyev haqqında yazılanları kölgədə qoa biləcək bir əsər yaratmaq imkanında olar. Yəqin ki, ilk baxışdan çoxları inanmaz. Amma işə gəldikdə çəkilən zəhmətə, sərf olunan istedadın mahiyyətinə gəldikdə bunun nə demək olduğunu hər kəs özü asanlıqla qavraya bilər. Demək, arada bir həqiqət dayanır; gərək doğruya, düzə inanasan.
Görkəmli ictimai-siyasi xadimlərin və sənət adamlarının Heydər Əliyev haqqında yazdıqlarının ayrıca dəyəri var. Bu, müasirlərin etirafı kimi yəqin ki, gələcək zamanlarda da təqdir olunacaq. Çünki şahidlərin ifadələri bütün zamanlarda ilkin mənbə kimi qəbul olunur. Amma elə yazılar da var ki, onların müəllifləri heç Heydər Əliyevi görməyiblər. Heç onun zamanında da yaşamayıblar. Məsələn, bizim Sevindik Nəsiboğlu 2008-ci ildə anadan olub, yəni Heydər Əliyevin vəfatından 5 il sonra... Zənnimcə, tarixi faktların düzülüşü kifayət qədər informasiya verir. Ancaq sürətli keçən vaxt haradasa 7-8 il sonra Heydər Əliyev obrazını uşaq düşüncəsində reallaşdıra bilir. Bu mənada vaxt böyük hakimdir.
Əgər biz vaxtın hakimliyi ilə barışırıqsa, onda deməliyik ki, biz bütövlükdə Heydər Əliyev zamanında yaşayırıq. Yəni, Heydər Əliyev ideyaları özünü təsdiq etməkdədir, özünü doğrultmaqdadır və bütövlükdə bizim düşüncəmizlə birlikdə gələcəyə doğru hərəkət obrazındadır.
Sevindik Nəsiboğlu çox qaynar təbiətli, çox istedadlı bir yeniyetmədir. Mən inanıram ki, on illər, lap elə iyirmi il olsun, keçəndən sonra onun adına, ünvanına hər hansı bir laqeyid münasibət mütləq xəcalət çəkəcək. Çünki bu uşağın mənəvi mühiti o qədər harmoniyalıdır ki, yalnız bunu ilahi bir ruhun gücü ilə nizamlanmış kimi təsəvvür etmək olar.
Sevindik Nəsiboğlunun bütün yaradıcılığı ilə mən yaxından tanışam. Onun təbiətinin, istedadının sözün həqiqi mənasında sərhədsizliyini kifayət qədər aydınlığı ilə görürəm. Heç nəyi demirəm, elə “Dünyamsan, Azərbaycan” şeirlər kitabından sonra “Hərdən uçmaq istəyirəm” və “Könüllərə yol gəzirəm” adlı şeirlər kitablarını yada salmaq bəs edər ki, bir yeniyetmə düşüncəsində həyat necə poetik qavram mahiyyəti daşıya bilər? Bir yeniyetmə öz düşüncələrini necə qeyri-adi səviyyədə poetik formaya çevirə bilər? Nə isə... Əlbəttə, Sevindik Nəsiboğlunun həyatında onun “Ulu Naxçıvanım” publisistik və poetik kitabının rolunu, əhəmiyyətini ayrıca qeyd etmək lazımdır. Çünki bu o, bu kitabında sübut etdi ki, həyata “göydən gəlmə” istedadı ilə yox, öyrənmə gücü ilə gəlib. Naxçıvanı, onun tarixini, çox dəyərli abidələrini necə diqqətlə, sevgiylə öyrənib. Bununla da öz sevgisinin bəhrəsi olaraq qəlbinin Naxçıvan nəğmələrini oxuyub. Beləliklə, biz Sevindik Nəsiboğlunu artıq neçə il bundan əvvəl şair və publisist kimi tanımalı olduq.
Burada yeri gəlmişkən, bir-iki məqama da diqqəti çəkmək istərdim. Sevindik Nəsiboğlunun qeyri adi istedadını çox güman ki, məndən əvvəl də görənlər olub. Ancaq çox məmnunluqla qeyd edirəm ki, o “ilklər” sırasında mən də varam. Birinci görüşümüzdən mən hiss etdim ki, Sevindik Nəsiboğlu mənim tanıdığım yüzlərlə uşaqdan biri deyil. Yaxud, həmin yüzlərlə uşaqdan biri olsa da, qeyri-adi keyfiyyətləri ilə fərqlidir. Sevindik Nəsiboğlunu adından gələn bir hissin təsiri ilə deyirəm ki, sevməmək mümkün deyil. Çünki o, Azərbaycan dilinin şirinliyi ilə özünün mənəvi mühitinin zənginliyini çox ustalıqla, rəvan bir tərzdə ifadə etmək imkanındadır.
Sevindiyin nəşr olunan kitablarının adlarını sadalamağa lüzum görmürəm. Amma bir-iki kəlmə də indi oxuculara təqdim olunan “Ulu Öndərin işığında” kitabı ilə bağlı qeydlərimi də diqqətə çatdırmaq istərdim. Onu da deyim ki, Sevindik Nəsiboğlu hər hansı bir məsələdən yazırsa, mütləq həmin məsələnin mahiyyətinə varmağı özünə borc bilir. Ən başlıcası, hər hansı bir obrazı xarakterizə edəndə və yaxud hər hansı bir tarixi hadisəni şərh edəndə ona köklü, əhatəli şəkildə yanaşmağı artıq özünün yazı tərzinə çevirib. “Ulu Öndərin işğında” kitabında da sözün həqiqi mənasında mövzunun mahiyyıtinə varmağı bacarıb. Yəni onun mənəvi mühitini nura qərq edən –Ulu Öndərin işığında keçmişə qayıda bilib. Hətta özündən əvvəlki zamana da qayıda bilib. Bununla da göstərib ki, yazdığı obrazı dəb xatirinə yox, qəlbindən gələn hissin mənəvi tələbatın təsiri ilə yaradır. Ən başlıcası, sevgisi ilə yaradır. Sevindik birinci növbədə şairdir. Şübhəsiz, bu gün o, publisistikası ilə daha çox görünür. Yəqin ki, gələcək tədqiqatçılar da təsdiq edəcəklər ki, publisistikasında da poetik ovqatda olan müəllif birinci növbədə elə şairdir. Onun ulu öndər haqqında çoxlu şeirləri var ki, həmin şeirlərdə biz Ulu Öndərin sevgili obrazını müşahidə edə bilirik.
Bir çoxlarına qəribə gələ bilər. Amma Sevindik üçün təbiidir. O, Azərbaycanın tarixi taleyini türk birliyində görür. Kim bu birliyə şübhə ilə yanaşırsa, qoy S.Nəsiboğlunun daha əvvəlki kitablarını diqqətlə oxusun, onun düşüncələrini araşdırsın. Onda Sevindik Nəsiboğlunun hansı mənəvi gücdə olduğunu kifayət qədər aydınlığı ilə dərk edə biləcək.
Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının çox dəyərli yazılarından biri “Ulu Öndərimiz Heydər Əliyev və türk birliyi” adlanır. Sevindik həmin yazını sanki Heydər Əliyevin düşüncələri ilə qovuşduraraq belə başlayır: “Biz Azərbaycan xalqı olaraq türk millətinə mənsubuq, neçə-neçə türkdilli xalqlardan sadəcə biriyik və bununla həmişə fəxr etmişik. Türkdilli bir xalq kimi, millət kimi formalaşdığımız vaxtdan etibarən həmişə əsas qayəmiz türklüyün, türkçülüyün və türk birliyinin inkişafı, möhkəmlənməsi və sarsılmazlığı olmuşdur. Eramızdan əvvəlki illərdən  üzü bəri qurduuğumuz neçə-neçə dövlətlər, xalqımızın qismətinə düşən neçə-neçə qəhrəmanlar, Salur Qazanlar, Qaraca Çobanlar və onların kökü dünəndən bu günə qədər uzanan şanlı nəsli bunun ən böyük sübutudur. Tanrı türk millətini məzlumların pənahı, zalımların başı üzərinə enən bir qırmancı olsun deyə yaratmışdır. Biz türk olaraq həmişə zalımların başı üzərində Tanrının kəsərli qılıncı olmuşuq”. Zənnimcə, bu kiçik mətndə təqdim olunan düşüncə məhsulunun içərisində çəkilən adlar təsadüfi deyil. Hiss olunur ki, Sevindik bu obrazların hər biri haqqında kifayət qədər məlumatlıdır. Ən başlıcası, bu obrazların mənəvi müstəvidə yerini kifayət qədər bilir. Nəhayət, onu qeyd etmək lazımdır ki, Sevindik Nəsiboğlu yazılarında həm də tarixçi kimi çıxış edir. Bu da ondan irəli gəlir ki, o nədən yazırsa, yazsın, obrazlarının tarixi köklərinə nüfuz edə bilir. Bu da hər hansı bir müəllif üçün müasir düşüncədə təqdir imkanı qazandırır. Çünki hər hansı bir obrazın tarixi, mənəvi kökləri yoxdursa, o yeni düşüncədə də özünə yer edə bilməz.
Gənc müəllif Heydər Əliyev obrazına təsadüfən müraciət etməyib. Çünki o, İlham Əliyev yolunu ardıcıl və dəqiq izləyir. Təbiətindən gələn bir tədqiqatçılıqla bu yolun haradan gəldiyini, haradan başladığını da izləyir. Beləliklə, əslində yeni dövrümüzün işıq yolunu Heydər Əliyevin zəkasından gələn bir işıq kimi təsəvvür edir. Şübhəsiz, səhv eləmir.
Açığı, mən Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabında bir maraqlı cəhəti də ayrıca qeyd etmək istəyirəm. Bu da gənc müəllifin türk sevgisidir, türk ruhuna bağlılığıdır. Kitabın ayrı-ayrı səhifələrində biz türk tarixi ilə bağlı maraqlı məqamlarla rastlaşırıq. Sözün həqiqi mənasında əgər Sevindik Nəsiboğlu türk mənəvi mühitinə bağlı olmasaydı, heç böyük və sonsuz sevgi ilə türk mənəvi mühitindən də danışa bilməzdi.
Kitabda Azərbaycan Türkiyə siyasi əlaqələri, Azərbaycan Türkiyə mənəvi əlaqələri və ən başlıcası, Azərbaycan Türkiyə tarixi əlaqələri haqqında çox dəyərli məlumatlar verilir. Ən başlıcası, həmin məlumatlar öz dövrümüzlə, yaşadığımız zamanla əlaqələndirilir. Sevindiyin özünün müşahidə imkanlarına uyğun gələn zamanla bağlanır. Açığı, Azərbaycan – Türkiyə əlaqələri ilə bağlı məqamları vərəqləyəndə heyrətə gəlirsən. Atatürk, İsmət İnönü, Bülent Ecevit, Süleyman Dəmirəl, nəhayət, Rəcəb Tayyib Ərdoğan kimi möhtəşəm türk obrazları sözün həqiqi mənasında real təhlillərlə kitabda görünür. Bu da onu göstərir ki, S.Nəsiboğlu təkcə günümüzlə bağlı tədqiqatçı deyil, o sevdiyi, seçdiyi mövzunu tarixi əlaqələri ilə birgə öyrənir. Azərbaycan Türkiyə əlaqələrində hər hansı bir məsələni şərh edərkən onun publisistik tədqiqatlarında Heydər Əliyev obrazı daha qabarıq görünür.
“Ulu Öndərin işığında” kitabını vərəqlədikcə biz Heydər Əliyevin, eləcə də, İham Əliyevin görkəmli türk siyasi xadimləri ilə birgə şəkillərini də müşahidə edirik. Beləliklə, son 30 illik tarix gözlərimizin önündən keçir. Amma onu da unutmayaq ki, son otuz illik tarixin Sevindik Nəsiboğlu 15 ilini yaşayıb və üzü gələcəyə bu qərinənin açdığı yolla gedir. Bu qərinə isə birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır.
Kitabda Sevindik Nəsiboğlunun Ulu Öndərin mənəvi mühiti ilə mənəvi tərcümeyi-halı kifayət qədər işıqlandırılıb. Əgər belə demək mümkünsə, bu kitab çox səmimi yazılıb. Çünki o, Heydər Əliyev mənəvi mühitinə sevgisini ifadə etməyə çalışıb. Bütün hallarda onun yazıları həm də özünün tərcümeyi-halıdır. Kitabda axırıncı iki yazı yarıca qeyd olunmalıdır. “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” və həmin yazının fonunda müəllifin belə bir qeydi də var: “Qarabağ müharibəsində şəhid olmuş uşaqlar”. Müəllif xüsusi layihə ilə bağlı çox ağrılı, acılı təəssüratlarını da bildirir. Şübhəsiz, bu qeyri-adi müsabiqənin ən dəyərli obrazlarından biri kimi biz Sevindik Nəsiboğlunun özünü də düşünürük. Çünki o da özünü həmin uşaqlarla birgə acı yaşantıda görür. Ən başlıcası, müəllif kitabını “Heydər Əliyev və Şuşa xatirələri” mövzusu ilə bitirir. Zənnimcə, bu yazı da bir çox tərəflərinə görə oxucular arasında xüsusi təəssürat yaradacaq. Əsas da ona görə ki, artıq Sevindik Nəsiboğlu azad olunmuş Şuşanı da görüb, Azərbaycanın görkəmli elm, mədəniyyət, sənət xadimləri ilə birgə Şuşada bədii-poetik təəssüratlarını da öz dilindən nəğmə kimi oxuyub.
“Ulu Öndərin işığında” kitabı S.Nəsiboğlunun yeni nəğməsidir. Üzü gələcəyə oxunan nəğməsidir.
 
Əli Rza Xələfli
05.10.2023 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ