31.10.2024- cü il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Zəfər Gününə həsr olunmuş “Xarıbülbülün sədası” adlı rəsm sərgisi keçirildi.
Liseyin təsviri incəsənət müəllimi Təranə Əhmədovanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Azərbaycan Respublikasının xalq rəssamı, "Şöhrət" və "Şərəf" ordenləri mükafatçısı , Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, BMT- nin Beynəlxalq Qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva , Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Nigar Axundova, Uşaq Birliyi Rəhbəri Fəridə Rizvanova, Psixoloq Şəhla Əliyeva iştirak edirdi.
Təranə Əhmədova tədbiri açıq elan edərək şagirdlərinin Qarabağın simvolu olan xarıbülbül kəsimləri üzərində təsvir etdikləri kompozisiya və sujetli rəsmləri gələn qonaqlara təqdim etdi. Bu gözəl sənət əsərlərini yaradanların liseyin 8-9 -cu sinif şagirdləri olduğunu vurğuladı. Şagirdlər arasında Vətən müharibəsi və "Antiterror" əməliyyatında şücaət göstərərək şəhadətə yüksələn qəhrəman polkovnik-leytenant Əkrəm Şadmanovun qızı Solmaz Şadmanzadə də iştirak edirdi. Şagirdlər Səlhab Məmmədovun həyat və yaradıcılığını əks etdirən təqdimatla çıxış etdilər.
Sonra söz fəxri qonaqlara verildi. Səlhab Məmmədov şagirdlərə rəssamlıq sənətinin incəliklərindən, yaradıcılığı boyu rastlaşdığı maraqlı məqamlardan söhbət açdı. Şagirdlərin suallarını cavablandırdı.
Sonda liseyin direktoru Fərqanə İsayeva çıxış edərək dəyərli vaxtlarını ayırıb tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirdi.
Gənc rəssamlara diplom və təşəkkürnamələri xalq rəssamı Səlhab Məmmədov şəxsən təqdim etdi. Sonda xatirə şəkili çəkdirildi.
Müxbir: Aygün Oqtay