Sumqayıtda gənclərin yaradıcılığına dəstək verən rəsm sərgisi təşkil olunub.
Sumqayıtda gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və təsviri incəsənətə marağın artırılması məqsədilə xüsusi rəsm sərgisi təşkil edilib.
Sərgi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional Nümayəndəliyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Art Legend Academynin müəlliməsi, rəssam Əfsanə Xudiyevanın tərəfdaşlığı ilə həyata keçirilib.
Sərgidə ən çox diqqətimi cəlb edən Art Legend Academy-nin tələbəsi, M. Füzuli adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tahir Nəcəfov öz əl işlərini nümayiş etdirib. Hazırda 16 yaşı olan gənc rəssam iki ildən artıqdır ki, təsviri incəsənətlə məşğul olur və bu müddət ərzində fərqli üslubda hazırladığı əsərlərlə yaradıcılıq bacarığını inkişaf etdirib.
Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamın müxtəlif mövzuları əhatə edən əl işləri onun yaradıcılıq dünyasını, estetik baxışını və incəsənətə olan sevgisini əks etdirib.
Tədbirin əsas məqsədi gənc istedadların tanıdılması, onların yaradıcılıq fəaliyyətinə dəstək göstərilməsi və cəmiyyətdə incəsənətə marağın daha da artırılmasına töhfə vermək olub.
Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərin öz potensialını nümayiş etdirməsi, yeni uğurlara motivasiya qazanması və gələcək fəaliyyətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
FOTOLAR: 


Məhəmməd Mehdizadə
XeberTıme.az