Hələ sovetlər birliyinin vaxtından bu möcüzəli şəhərə dünyanın hər yerindən qonaqlar gələr və Naftalan neftinin müalicəvi əhəmiyyətindən söhbət salardılar.Azərbaycan 1991- ci ildə yenidən müstəqilliyini bərpa etdikdən sonra Naftalanda biri-birindən gözəl, yaraşıqlı sanatoriyalar tikilməyə başladı. Əlil insanlar üçün isə Naftalanda 25 çarpayılıq Reabilitasiya mərkəzi tikildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan reabilitasiya mərkəzində müxtəlif kateqoriyalı əlillər pulsuz müalicə olunurlar. Bu şəfa ocağına gəlmək istəyənlərin sayı isə daha çoxdur. Çünki ümumi xəstəliyə görə əlil olanlarla yanaşı, vətən müharibəsində qazi olmuş insanlar çoxluq təşkil edir. Odur ki, Reabilitasiya mərkəzinin 50 və daha çox çarpayılıq artırılması məqsədə uyğundur. Xəstələr həkim nəzarəti altında yüksək səviyyədə müalicə olunur, tez bir zamanda gumrahlaşırlar. Burada səliqə səhman göz oxşayır. Təcrübəli müalicə həkimim revmatoloq Rahilə xanım Mehdiyeva əlil insanları diqqətlə dinləyir, hər bir xəstəyə uyğun müalicə yazır. Ürək problemləri və ya ağ ciyərindən şikayəti olan əlillərin Naftalan vannasından istifadə etməsinə icazə verilmir, onlar digər müalicə növlərindən istifadə edirlər. Müalicəvi bədən tərbiyyəsi, fizioterapiya, istiliklə müalicə (qum və parafinlə), massaj, psixoloji yardım, şua və digər vasitələrdən istifadə etməklə əlillər yüksək səviyyədə müalicə olunaraq şəfa tapırlar. Tələbə dostumuz Ənvər Məmmədovla birlikdə hər cür şəraiti olan bir otaqda qalırıq. Otaqlar hər gün silinib təmizlənir, döşək, yastıq və yorqan üzləri və səhra alar hər gün dəyişdirilir. Müalicəmizin dördüncü günündə gümrahlıq hiss edirik. Əlillər gündə üç dəfə normaya uyğun isti yeməklə təmin olunur.
İsrafçılığa yol verilmir. Burda xəstələr həm də Əlillər Stasionar müalicə ilə yanaşı Ambulator müalicə də olunurlar. Belə ki, əlilliyi olan insanlar Goranboy, Naftalan və digər qonşu rayonlardan reabilitasiya mərkəzinə gələrək müalicə olunurlar. 25 çarpayısı olan Naftalan reabilitasiya mərkəzində müalicə müddəti 14 gündür. Əlillər yaşadıqları rayonlarının dost mərkəzlərinə müraciət etməklə növbə ilə respublikamızın müxtəlif rayonlarında fəaliyyət göstərən reabilitasiya mərkəzində müalicə oluna bilərlər. 46 il əvvəl Gəncədə institutda oxuduğumuz illərdə tələbə dostlarımız bizimlə əlaqə saxlayırlar. Otaq yoldaşım Ənvər mənə deyir; Rauf, günortadan sonra hazırlaş ,tələbə dostumuz Mirzə gələcək, gedib şəhərin görməli yerlərini gəzəcəyik. Hələ vaxta yarım saat var. Reabilitasiya mərkəzinin sakit zalında nərd oynayırıq. Bu dəfə də Ənvər nərddə mənə qalib gəlir. Bəlkə də qoşalayır. Hər qoşa atanda tez dillənirəm; Əyyarfason atma haa. Çünki dostumuz Əyyar Cəbiyevin hər dəfə zər atanda bir qoşası olur. Zəri ovcunda tulla Ənvər, deyib nə qədər çalışsam da yenə də Ənvər ya cüt beş, ya da şeş qoşa atır. Elə bu vaxt zəng gəlir. Bizi maşın gözləyir deyə Ənvərlə birlikdə Mərkəzin həyətində Mirzə Qarayevlə və qohumu Baloğlanla mehriban görüşürük. Dostlar bizi Naftalanın görməli yerləri ilə tanış edir. Avtomobili məharətlə idarə edən Baloğlan bildirdi ki, qarşıdakı o təpə Tap Qaraqoyunlu kəndidir. İşğalçı ermənilər birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində bu kəndə çox ziyan vurmuşdular. Mirzə doğulduğu Qaşaltı kəndi haqda bizə məlumat verir və deyir ki, bu kənd ata baba yurdumuzdur, kənddə iki mərtəbəli ev tikmişik ki , sizin kimi etibarlı dostlar gələndə bilsinlər ki öz evləridir. Həqiqətən də qonaqpərvər, etibarlı dostlarla fəxr etməyə dəyər. Ot kökü üstə bitər. Mirzənin atası rəhmətlik Əbülfət Qarayev çox qonaqpərvər və səxavətli kişilərdən biri olub deyə - Ənvər unudulmaz xatirələrini danışır, gah deyib gülür, gah da ötən illəri yada salıb duyğulanırıq. Xudmani, səliqəli bir restoranda Camış qaymağı, motal pendiri və beş altı nəfərlik saxsı küpədə köhnə dədə - baba qaydasında kənd çolpasının buğlaması bizi iştaha gətirir. Mirzə Ənvərlə birlikdə tələbəlik illərindən maraqlı söhbətlər edirlər. Sanki gənclik illərimizə qayıdırıq. Etibarlı dostları yada salırıq. Mirzə bizi Nafta istirahət mərkəzinə gətirdi.
Müasir tipli Nafta sağlamlıq mərkəzində hər cür şərait yaradılıb.Mirzə müəllim bizi müxtəlif tərkibli ətirli otlarla dəmlənmiş çaya dəvət edir. 9 mərtəbəli müalicəvi sanatoriya digər sanatoriyalara baxanda qiyməti iki dəfə ucuzdur. Xidmət isə yüksək səviyyədədir. Çinar, Qarabağ və digər sanatoriyalarda bir sutkalıq qalmaq , müalicə və digər xidmətlər 150 manatdan da baha başa gəldiyi halda Nafta Sanatoriyasında bu qiymətlər yarıbayarı aşağıdır. Burada saunadan tutmuş hər cür istirahət və müalicə üçün şərait yaradılıbdır. Müasir tibbi avadanlıqlarla maraqlanıram. Bu sanatoriya vaxtilə Naftalan mehmanxanası olub. Keçmiş Sovetlər birliyi dövründə tikilmiş mehmanxana yararsız vəziyyətdə olduğu üçün köhnə bina əsaslı təmir olunaraq müasir tipli göz oxşayan yaraşıqlı bir istirahət məkanına çevrilmişdir. Bu tikintinin başa gəlməsində Mirzə müəllimlə yanaşı iş icraçısı Rəşad müəllimin də zəhməti böyükdür. Nafta sanatoriyasına xarici ölkələrdən də gələn qonaqların gəlməsinin şahidi olduq. Naftalan şəhəri Heydər ƏLİYEV prospektində yerləşən Nafta sanatoriyası (nafta.az) ilə əlaqə telefonunu da istəkli oxuculara xatırladıram: (+994 10) 225- 77-00.
Sanatoriyada hər hansı zövqə uyğun müxtəlif çeşidli və dadlı menyular təklif edilir .
Naftalan vannaları oynaqlarda iltihabı azaltmağa, ağrıları aradan qaldırmağa və bədənin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Sonra xatirə şəkli çəkdirdik və bütün xəstələrə şəfa dilədik.
Rauf İLYASOGLU
Ənvər Məmmədov.
"Həkəri" qəzeti.
Naftalan