SON DƏQİQƏ

Məzarı abadlaşdırılmayan Şəhidimiz

Tarix:12-05-2022, 22:33

Şəhid Dövlətov Balaş Atakişi oğul

Nədiş Atakişi oğlu ilə Binə qəsəbəsində tanış olduq.
Son dərəcə zəhmətkeş , təsərrüfatçıl, vətənpərvər, Qarabağ müharibəsi veteranı olan bu  insanla dostluğumuzdan çox sevindim.



Biləndə ki qardaşı Qarabağ müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb, daha da qururlandım.
Dövlətov Balaş Atakişi oğlu 1975- ci ildə dağlar qoynu olan şəfalı, saf təbiəti olan Lerik rayonunun Tuliconi sovetliyinin Vilik  kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Atası Atakişi Dövlətov  Şahsənəm Xassəddinovla ailə qurmuş  və bu izdivacdan on övladları dünyaya gəlmişdir.
Qəhrəman ana və zəhmətkeş ata övladlarını halal zəhmətlə, vətənpərvər ruhda böyütmüşlər.
Atakişi Dövlətovun atası Rəzi Dövlətov 1941- 45- ci  illərin  Böyük Vətən müharibəsində itkin düşmüş , əmisi Cavanşir Dövlətov isə müharibədə ağır yaralanaraq vətənə qayıtmışdır.
Onu da qeyd edim ki,Atakişi Dövlətov müharibədə   itgin düşmüş atası- Rəzi Dövlətovun  heç olmasa məzarının tapılması üçün   çox yerlərə müraciət etmiş və heç bir məlumat əldə edə bilməmişdir.
Atakişi Dövlətov ikinci sarsıntını oğlu Balaş şəhid olarkən almışdır.
Şəhid Balaş  Dövlətov 8 illik məktəbi  doğulduğu Vilik kəndində bitirdikdən sonra , böyük qardaşı Nədiş Atakişi oğlunun yaşadığı Bakının Xəzər rayonunun Binə qəsəbəsinə gəlmiş və 101 saylı peşə məktəbində üç illik sürücülük məktəbində oxumuşdur.
Balaş Peşə məktəbini bitirdikdən sonra hərbi komissarlığa çağırılmış və Murmansk vilayətində hərbi xidmətini davam etdirmişdir.
Dənizçi (morskoy flotda) hərbi hissədə bir il altı ay xidmət etmişdir.



Bu həmin illər olub ki, Qarabağda ermənilər baş qaldıraraq torpaq iddiası edərək kənd və qəsəbələrimizi  işğal edir, soydaşlarımızı qətlə yetirirdilər. 
1988 - ci ildə isə erməni quldurları Ermənistanda yaşayan soydaşlarımızı öz dədə - baba yurdundan qovaraq didərgin salmışdılar.
Balaş  Dövlətov rus imperiyasının Bakıda törətdiyi 20 Yanvar faciəsinə və Xocalı soyqırımına dözməyərək vətəninə qayıtmaq üçün  komandirinə müraciət etmişdir. 
İnsafən onu da qeyd edək ki, Komandiri  real vəziyyəti başa düşərək  onun vətəninə qayıtmağına  şərait yaratmışdır.
Balaş  Dövlətov Bakıya gələrək bir başa hərbi komissarlığa gedərək könüllü olaraq cəbhəyə yazılmış vəTərtər istiqamətində ən qaynar nöqtələrdə düşmənə qarşı mərdliklə vuruşmuşdur. 
Vətənin qeyrətli oğlu Balası Dövlətov dəfələrlə ölümlə üz-  üzə gəlsə də, əqidəsindən dönmədi və erməni quldurlarına qarşı igidliklə , cəsarətlə vuruşmuşdur. 
Balaş Dövlətov Tərtər istiqamətində gedən qızğın döyüşlərin birində mərdliklə vuruşaraq 03 may 1994 - cu ildə 22 yaşında  şəhidlik  zirvəsinə ucalmışdır.
Vətəni qoruyarkən Balaşın həlak olması  valideynlərinə, qardaş, bacılarına pis təsir etmiş  və atası Atakişi Dövlətov oğul dərdindən xəstə düşərək  cəmi iki il yaşamış  və  1996 - cı ildə dünyasını dəyişmişdir.
Anası isə 2019- cu ildə haqq dünyasına qovuşsa da, hər iki valideyn dövlətimizin şəhid ailəsinə - övladlarına verilən imtiyazdan istifadə etməmişlər.
Balaşın böyük qardaşı Nədiş Dövlətov da könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş , 1993- 94 - cu illərdə  Ağdamın Güllücə, Papravənd, Cəvahirli, İlxıçı və digər kəndlərimizin erməni quldurlarından qorunmasında  şücaət göstərmişdir.
Binə qəsəbəsində yaşayan Nədiş  Dövlətov Qarabağ müharibəsi veteranıdır. 
Doğulduğu kəndində uyuyan şəhid  Balaş Atakişi oğlu Dövlətovun məzarına baxarkən qəlbim göynədi. 
Valideynləri şəhid övladlarının məzarını  imkanlarına uyğun götürsələr də, baxımsızlıq ucbatından  şəhid məzarından bir əsər əlamət hiss olunmur.  Nədənsə  Lerik rayon rəhbərləri, həmin rayondan seçilmiş millət vəkili, Tuliconi sovetliyinin və Vilik kəndinin baş bilənləri, icra nümayəndələri, bələdiyyə sədrləri  şəhid məzarının  abadlaşdırılmasına qarşı laqeyd  münasibət bəsləyirlər. 
Şəhid ailəsinin yeganə təsəllisi isə kənd məktəbinə Balaş Atakişi oğlu Dövlətovun adının verilməsidir.
Ümid edirik ki, şəhid Balaş Atakişi oğlu Dövlətovun məzarı şəhid adına uyğun  abadlaşdırılacaq.
Axı biz hər birimiz  şəhidlərimizə borcluyuq.
Ruhun şad olsun, məzarın ilahi nuruyla dolsun, nur üzlü şəhidimiz.

Rauf İlyasoglu. 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ