SON DƏQİQƏ

ZƏFƏRİ NURLANDIRAN NURLAN

Tarix:18-05-2022, 19:36

Şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun əziz xatirəsinə həsr olunur (19 may 1991-ci il Şuşa rayonu – 1 oktyabr 2020-ci il Füzuli rayonu).
Həyatın qanunları dəyişdirilməz və qaçılmazdır. Bu qanunlar insanı insan edən bir süzgəcdir. Bunun başqa adı isə həyatın sınağıdır. Qanunun özü sınaqdır. İnsan anadan olaraq yaşamağa başladığı, ayaq açıb yeridiyi, ümumiyyətlə, nəfəs aldığı hər an bu sınaqların sərt üzü ilə rastlaşacaq və sınağın nəticəsi insan hərəkətini dayandıran zaman açıqlanacaq. Əgər insan Allah dərgahında bu sınaqdan üzüağ keçdisə, nurlu cənnətə, keçmədisə, qan qırmızısı atəşli cəhənnəmə yollanmalı olacaq. Çox insan bu sınaqdan keçdi, onlardan bəziləri üzüağ keçdi, digərləri isə keçmədi və ya keçə bilmədi... Onlar doğulanda çiy doğuldular, həyatın qanunları onlara şərait yaratdı ki, onlar qaynar, yandırıcı odda yansınlar, bişsinlər, həyatı qavrasınlar, öyrənsinlər. İnsan bu qanunlara əməl edəndə təkcə üzünün nuru ilə yox, yaxşı əməlləri ilə, insanlara bəslədiyi hörmətlə, sevgiylə, hətta həyatda olmasa, ölsə belə o, daim yaşayır. Yox, əgər sadalananları etməsə, bu qanunun digər adı olan sınaq onun qırtlağını yaşayan zaman cənginə alır və onu yaşayarkən əbədi ölü edir. Həyatın qanunlarından biri də sevgidir. İnsanlar sevgini müxtəlif mənalarda başa düşürlər. Belə ki, bəzi insanlar üçün sevgi anaya, bəziləri üçün sevgi ömür-gün yoldaşına, bəziləri üçün ataya, qardaşa, bacıya, bəziləri üçün isə havaya, suya, göyə, yerə və s. yönəldilir. Bəzi insanların sevgisi torpağadır, vətənədir. Üstündə gəzib altında uyuyacağı torpağa... O insanlar torpağına, Vətəninə, boya-başa çatdığı yerə, elə, obaya, oymağa sona qədər bağlı olur, onların bu sevgiləri tükənməzdir. Onda onların həyatı tamamilə torpaq, Vətən, yurd üzərində qurulur. Lazım gələndə bu insanlar həmin sevgiləri üçün canlarından, sevdiklərindən, işlərindən, yaşadıqları bu dünyada onlara əziz olan hər şeydən əl çəkərlər... Onlar “Təki torpaq, Vətən, yurd, el, oba sağ olsun! Təki üstündə gəzdiyim torpağın altında rahat uyuya bilim...” deyərək sonuna qədər özlərini torpağına, Vətəninə, elinə, obasına, xalqına həsr edərlər. Həyat onları hər zaman sınayar, hətta üzərində ilk qədəm basdığı torpağını da əllərindən alar. Lakin o insanlar onlar üçün zəruri, əziz olan hər şeydən əl çəkər, inamından, sevgisindən əl çəkməz və sonu ölüm olsa belə uğrunda canlarını fəda etdikləri o torpağa çatarlar. Onda həyat qanunu sınağa çevrilər və sınağın sonu əbədi cənnət, əbədi həyat olar. Onlara bir ad verilər:Yer üzündə, işıqlı dünyada cənnəti təmsil edən, əməlləri və sevgiləri ilə cənnəti qazanan cənnət insanları... Haqqında bəhs edəcəyim cənnət insanlarından biri olan Şəhidimiz də alınmaz qalamız olan Şuşamızda, Şuşamızın çətin bir zamanında, vahiməli tank-top səsləri altında bu dünyaya gəldi, sonda hər nə olursa olsun, düşmənə nifrətiylə, Vətənə sevgisiylə onu Şuşasından, ruhundan ayıran düşmənə qalib gəldi və azad Şuşa göylərində əbədi ömür sürməli oldu... Bu, cənnət insanı — şəhid leytenant Nurlan Həsənovdur! 

Nurlan Nadir oğlu Həsənov 19 may 1991-ci ildə Azərbaycanımızın dilbər guşəsi olan Şuşa şəhərində Nadir atanın və Həqiqət ananın ailəsində dünyaya göz açdı. Ona, bu dünyanın cənnətində doğulan cənnət parçasına Nurlan adının verilməsi də heç təsadüfi deyildi. Məsum gözləri açılıb torpağı, yeri-göyü gördüyü andan sanki sözün əsl mənasında gözləri həqiqətə, haqqa, ədalətə, qəhrəmanlığa, vətənə sonsuz sevgiyə açıldı. Yenicə dünyaya gələn bu körpə elə öz körpə hissiyatı ilə də Şuşasına, bu dünyanın cənnətinə aşiq oldu, bir könüldən min könülə vuruldu Şuşamıza, onun sərin, gözəl havasını doya-doya ciyərlərinə çəkdi. Bu anların davam etməsi üçün həyatın sınağı Həsənovlar ailəsinə 6 ay möhlət verdi. Lakin bu 6 aylıq möhlət özü də bir sınaq idi. Nurlan Vətənimizin ən çətin zamanında dünyaya göz açmışdı. Onda Vətənimizin dilbər guşəsi Qarabağın, cənnət Şuşanın başının üstünü yavaş-yavaş qara buludlar alırdı. Nurlangilin evləri də Topxana meşəsinin lap yaxınlığında idi. Oradan nə səfalı yerlər görünür, xoş rahiyyəli dağ havası gəlirdi, nə də yaşıllıqlara qərq olmuş mənzərə görünürdü. Erməni vandalları Topxana meşəsini qırıb məhv edir, hər yeri top, tank atəşinə tutur, Şuşanı həm təmiz havasından, həm də sağlam ağciyərindən edirdi. Körpə Nurlan da bu günlərə heç alışa bilmədi. Doğulandan cəmi 6 ay Şuşada qaldı, bu 6 ayın bir günü də olsun rahatlıq tapa bilmədi o balaca, körpə Nurlan. Hər gün atəş səsləri, torpağın, havanın, suyun yalvarışı, sıldırım qayaların çəkdiyi qıy... Mənfur düşmənlə üzüzə qaldığı hər gün, hər gecə Nurlan gülümsəyə bilmirdi. O, hey ağlayır, haray, qıy, bəlkə də nərə çəkirdi. Hamı əvvəllər bu ailəyə arzulamışdı ki, evlərindən uşaq səsi, körpə nəfəsi gəlsin. Amma bu gələn səs bir evin yox, bir şəhərin, bir elin, bir millətin, ulu bir xalqın ədalətsizliyə, zülmə, zalimə qarşı ahı, ağısı, üsyanı idi. Körpə Nurlanı heç kəs sakitləşdirə bilmirdi. O meşələrin arxasında məskən salan, onun tanıyıb eləmədiyi düşmən ona illərin ağrısını verəcəkdi. Bu hələ harası idi?! Yaşanılmayan bir yerə çevrilən Şuşa və hər gün səngərlərdəki əsgərlər kimi ölüm-dirim savaşına çıxan Həsənovlar ailəsi... Bundan sonra tək yol qalırdı: döyüşlər bitənə qədər doğulubböyüdükləri, çörəyini yeyib suyunu içdikləri, canları qədər əziz olan Vətən Şuşanı məcburən tərk etməli idi Həsənovlar ailəsi... 6 ay keçdi. 1991-ci ilin qızıl yox, bu yerlərin sakinləri üçün qara payızı gəldi. Həmin fəsilin noyabr ayı Həsənovlar ailəsi çox çətin və gərgin bir prosesdən sonra Şuşanı tərk etmək qərarına gəldilər. Nurlan indi əvvəlkindən daha çox ağrıyırdı, qıy çəkirdi. Bu taleyə, bu qismətə, bu haqsızlığa qıy çəkirdi. Bundan sonrakı 29 il onu yandırıb kül edəcək həsrətə qıy çəkirdi. Onu Şuşasından edən düşmənə qıy çəkirdi. Dünyanın ədalətsiz dönəminə qıy çəkirdi. Qayalarla səs-səsə verib qıy çəkirdi balaca Nurlan... 1991-ci ilin noyabrı Şuşadan ayrılan Nurlanın uşaqlığı sanki elə o vaxt Şuşada qaldı... Neçə-neçə illər keçsə belə, elə bir noyabr gələcəkdi ki, vaxtilə Şuşadan ayrılan çarəsiz Şuşalılar sevinc və qürur hissi ilə Zəfər xəbərini alacaqdılar. Həyat 6 aylıq möhlətdən, təlimdən sonra Nurlanı sınamağa başladı. 29 il ona Şuşasızlıq, Qarabağsızlıq sınağı verdi. Nurlan bir payız günü getdi Şuşadan. Zəfər sorağı ilə ora qayıdacağı bir payız günü üçün o, bu sınaqdan üzüağ keçməli idi. Keçəcəkdi də. Çünki o, cənnət insanı Nurlan idi... Həqiqət ana və Həsənovlar ailəsi o günlərin ağrı-acıları ilə çox çətin barışırdılar. Onlar müxtəlif yerlərdə məskunlaşdılar. Bir müddət Ağdamda yaşadılar, bir ara Bərdəyə, oradan Qızılqum sanatoriyasına köç etdilər... Amma özləri harada olursa-olsun, ruhları Şuşada qalmışdı onların. Bir yandan Qarabağsızlıq, Şuşasızlıq, Xankəndisizlik, bir yandan Vətəndə Vətən həsrəti ilə yaşamaq, bir yandan ana və xanım məsuliyyəti – bunların hamısı Həqiqət ananın çiyinlərində idi. Ancaq o, onlara meydan oxumağa çalışan qəm-kədərin, düşmənlərin acığına bunların hamısına mərdi-mərdanə sinə gərirdi, gərəcəkdi, gərməli idi də. Nurlan bu işdə ona sona qədər kömək edəcək, ürək-dirək verəcəkdi. Bir vaxt körpə olaraq, sonra uşaq olaraq, sonra da gənc, igid birisi olaraq edəcəkdi bunları Nurlan. Həqiqət ana Nurlanı, digər uşaqları və sevdikləri ilə bu sınaqdan üzüağ çıxacaqdı və dünyadakı ən şərəfli ünvanlardan birinə layiq olacaqdı Nurlan kimi... Vətəndən köçüb Vətənin hər yerinə köçkün kimi köç edib gəzən, lakin doğma Qarabağsız, Şuşasız heç bir yerdə qərar tuta bilməyən Həsənovlar ailəsi sonda Binəqədi rayonunda məskunlaşmalı oldu. Nurlanın ağlı burada kəsdi, dili burada söz tutub “Ana”, “Vətən”, “Şuşa” dedi. Burada anladı ki, həsrət və ümid nə deməkdir. Nurlan Binəqədidə olarkən Şuşanı daha yaxından tanıdı. Əzəldən ruhu şəhidlərlə qoşa Şuşada qərar tutan Nurlan elə ağlı kəsib dili söz tutandan Şuşa həsrəti ilə qanadsız quş kimi çırpınıb dururdu. Həyatın qanunları hələ ki onu uzun bir müddət davam edəcək acıya məhkum etmişdi. Köksünü dağlayan alov çəmbərinin içərisində idi Nurlan. Allahdan gələn uca nur ilə bu alov çəmbərindən çıxacağı günü gözləməyə başlamışdı O. Günlərlə, aylarla, illərlə həsrətdə qalanların ağılarını, kömək gözləyənlərin gileyini eşitməkdən qulaqları köz olub yanmağa başlayacaqdı. Hələ bu harası idi?! Qaçqınların, köçkünlərin, onları son damla qanına kimi qoruyub müdafiə edən əsgərlərin qan qoxuyan, qara yazılan bəxti, həyatı ən əvvəldə öz anası və atasının, ən sonda müəllimlərinin dilindən səslənəcəkdi. Nurlan belə bir həyatı yaşamağa məhkum edilmişdi. Amma nə qədər çətinliklərlə, keşməkeşlərlə, sınaqlarla dolu olan bir həyat yaşasa da o, bundan sona qədər məmnun olacaqdı. Hər dəfəsində belə bir həyat yaşadığına görə Allahına şükür edəcəkdi. Yazının əvvəlində qeyd etdiyim kimi, çünki o, Nurlan idi, səbir edəcəkdi, məqamı gözləyəcəkdi. Ən çox da səbirlə gözlədiyinə görə, O, Allahın ən əziz bəndələrindən birinə çevriləcəkdi, onsuz da elə idi. Allah isə ona ən şərəfli həyat və ən şərəfli sonluq nəsib edəcəkdi. 24 il bundan əvvəl isə Nurlan hələ 6 yaşında, hər şeyi yenicə anlamağa başlayan bir uşaq idi. 1997-ci ilin sentyabrının ilk gününü göstərirdi təqvimlər. Nurlan həmin il Binəqədi rayonunda məskunlaşıb fəaliyyətini davam etdirən Şuşa şəhər 3 saylı tam orta məktəbin birinci sinfinə qədəm qoyurdu. Bu məktəb yollarında yeriyən kiçik uşaq ayaqları bir gün cəsur əsgər kimi məktəbdən ayrılacaq, kitab tutan əllər silah tutacaqdı. Bu məktəbin sıralarında Nurlan özünüdərk prosesinin zirvəsindən keçəcək və 11 il sonra 2 mühüm qərardan birini verəcək, 2 yoldan birini seçəcəkdi. Nurlan ilk andan böyük istək və həvəslə məktəbdə oxumağa başladı və sona qədər də elə davam etdi. Hər dəfə valideynlərinə dərslərdə aldığı əla qiymətlərindən danışan Nurlan özü də buna çox sevinərdi. Valideynləri Nurlanın dediklərinin eynisini müəllimlərdən eşidəndə daha çox sevinər, qürurlanardılar. Ailəsi Nurlanla hələ o vaxtlardan fəxr edirdi. Amma bilməzdilər ki, hələ o vaxtlar ailəsinin başını uca etməyə başlayan Nurlan bir vaxt onlara necə şərəfli bir fəxri ad verəcəkdi. Şagird Nurlanın Şəhid Nurlan olmasına isə hələ illər var idi. O, get-gedə Şuşanı daha yaxından tanıdı, Qarabağ ürəyində məskən saldı. Azərbaycan tarixi dərsliyində hər dəfə Qarabağın, ata yurdu Şuşanın, ana yurdu Xankəndinin adını eşidəndə quştək havalanırdı, pərvazlanırdı. Hər dəfə o, dərslərindən ev tapşırığı yazanda isə birtəhər olurdu. Evi Şuşa olan Nurlan ev tapşırığını Şuşada yox, Binəqədidə həll edirdi. Onun orta təhsil aldığı Şuşa məktəbi Binəqədidə məskunlaşmışdı. Ailəsi və sevdikləri orada, Şuşada yaşamalı ikən burada yaşayırdı. Nurlanın ev tapşırığının döyüş tapşırığına çevrilib onu Şuşaya aparmasına da illər lazım gəlirdi 

Nurlan həyat pilləkənlərini pillə-pillə aşırdı, indi onun önündə ev tapşırıqlarını üstələyən sınaq tapşırığı da var idi. O, bir sözdən ibarət idi: Səbir. Bu bir söz nə qədər çətin ola bilərmiş?. Amma eyni zamanda gör nə qədər şərəfə çevrilərmiş... Yuxarı siniflərdə valideynlərindən eşitdiyi sözləri Azərbaycan tarixi kitabından oxuyan Nurlan Xocalı soyqırımı, Qarabağın işğalı, o tərəf-bu tərəfə qaçan qaçqınlar, yandırılan evlər və məhv edilən meşələr, məhv edilən təbiət gözəllikləri barədə oxuyub-eşidəndə, televiziya ekranlarında bu edilənlər barədə filmlər izləyəndə “səbir” adlı 4 hərfli sözün çətin olduğunun fərqinə bir daha varırdı. Körpə uşaqları görəndə sanki başı qarışırdı. Sanki valideynlərindən eşitdiyini özü öz gözləri ilə görmüşdü. Gördüyü şəkillər, baxdığı video kadrlar xatirələrini çeşidləndirirdi. Şuşanı ağ-qara lentlərdəki kimi xəyal edirdi. Nurlan “Ağlayan uşaqlar” adlı güzgüdə özünü görürdü. Bu dəfə təqvim 2008-ci ilin isti yay gününü göstərirdi. O vaxt Nurlan 11-ci sinifi bitirib məktəbdən məzun oldu və son zəngdə cavan igid, gəncliyə cəsur, mətin addım atan bir məzun kimi şagirdlər paradında oldu. O, bu anlar özünü sanki hərbi paradda hiss edirdi. Günlər və həftələr sonra isə Nurlanı ağır və çətin buraxılış imtahanları gözləyirdi. Demək olar ki, onun həyatı elə sınaqdan və imtahandan ibarət idi. Sınaq Nurlanı sıxmadı və başı dik, alnı açıq, üzüağ bir şəkildə sınaqdan çıxdı. Nurlan növbəti sınağından da üzüağ çıxdı, imtahanlardan yüksək bal topladı və öz istəyi ilə Azərbaycan Texnologiya Universitetinə qəbul oldu. O, çox istəyirdi ki, əvvəlcə, hərbi xidmətdə olsun, lakin belə fürsət gözləməz, gözlədərdi. Bu gözəl təhsil müəssisəsinə isə kənardan baxmaq yox, elə daxilində təhsil almaq lazım idi. İrəlidəki məqsədlərə nail olmaq üçün ali təhsil almaq şərt idi. Heç bir qüsura, nöqsana yol vermədən çalışqanlığı, bacarığı və biliyi ilə bütün müəllimlərin diqqətini özünə cəlb etməklə o, 4 il bu təhsil ocağında ali təhsil aldı. Hər zaman olduğu kimi, bu dəfə də yanındakı tələbə yoldaşlarından fərqləndi və onlara örnək oldu. Bu illərdə hər şeydən çox hərbi xidmətin, əsgər uniforması geyinməyin və o geyimdə vətən torpaqlarının azadlıq mübarizəsinə qoşulmaq üçün çalışır, Qarabağın qisasını almağın həsrətini çəkirdi. Şuşasız keçən hər gün onun üçün məhbusluqla keçən min günə bərabər idi. Lakin bununla bərabər hər keçən gün onun inamı artırdı. Allah onu çətin günlərdən, çətin şəraitdən seçib çıxarmış və bu günlərə gətirmişdi. Onu bu günlərə gətirən Allah o günlərə — Şuşalı günlərə də aparacaqdı. 
Nəhayət, 2012-ci ildə o, universiteti bitirdi və məzun adını qazandı. Bundan sonra o, rahatlıqla hərbi xidmətə yollana bilərdi. Beləliklə, Nurlan əsgər adını da qazanacaqdı, şərəflə Vətəninə müsəlləh əsgər kimi xidmət edəcəkdi. Bu adın bəxş etdiyi qürur və sevinc hissi əsgər olmamışdan əvvəl də Nurlanda var idi. Odur ki, ailəsinin, dost-tanışlarının, qohum-əqrəbanın xeyir-duası ilə Nurlan şanlı Azərbaycan Ordusunun sıralarında hərbi xidmət etməyə yollandı. Qohumundan eşitmişdi ki, vaxtilə ali təhsil alan əsgərlər Təlim Tədris Mərkəzində zabitlik kursundan keçməklə leytenant hərbi rütbəsi ala və komandir vəzifəsinə yüksələ bilərlər. Bu xəbər Nurlanı sevindirdi. Ona görə də o, heç yubanmadan, vaxt itirmədən Təlim Tədris Mərkəzində zabitlik kursuna yazıldı. Əslində onun elə ən çox arxasınca qaçdığı arzusu da bu idi. İllərlə Azərbaycan xalqının bağrından, dilindən qopan, Qarabağa ümid işığı olan, hamımızın sevdiyi bir mahnıda da deyildiyi kimi, “cənab leytenant”lardan biri də Nurlan olacaqdı. Sevərək dinlədiyi bu nəğmə bundan sonra onun timsalında səslənəcəkdi. O da zabit mundiri ilə, bir cüt ulduzlu-aylı poqonlarla vətənə, elə, xalqa, köməyə ehtiyacı olan hər kəsə, hamıya təsəlli olacaqdı. Zabitlik kursunu bitirən Nurlan “leytenant” hərbi rütbəsini aldı və komandir vəzifəsinə yüksəldi. 2 il orduda zabit şərəfi ilə, leytenant poqonunu daşımağın verdiyi zəhm, məsuliyyət və fəxr hissi ilə hərbi xidmət etdi. Nurlan tabeçiliyində olan əsgərlər üçün əsl qardaşlıq nümunəsi, ailəsi üçün əsl Azərbaycan əsgəri nümunəsi idi. O, qüsursuz xidmətinə görə komandanlıq tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edilmişdi. Müdafiə Nazirliyi tərəfindən ona “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı verilmişdi. Nurlan hər gününü zabit şərəfi ilə açdığına görə Uca Allahına şükürlər edirdi. Doğma Qarabağı, Şuşası üçün dualarını əskik etmirdi. İllərlə azadlıq müharibəsinin başlamasını gözləyəgözləyə artıq gözlərinin kökü saralırdı. Onun amalı bu zabit geyimini müharibə şəraitində, ön cəbhədə, Şuşa dağlarının zirvəsində geyinmək idi. Silahının mərmilərindən yerlərə “Nurlan-Şuşa” yazısını həkk etmişdi. Hərbi xidməti zamanı və evdə olanda da sosial şəbəkələrdə paylaşımlar edirdi. İlahi hislərlə inanırdı ki, Allah onu seçib və o bir gün Allah yolunda, Vətən yolunda qurban gedəcək. O, hərbi xidmət zamanı çəkdirdiyi foto-şəkillərini bir dəfə paylaşarkən şərh kimi bu sözləri yazmışdı: “Bir gün mən də olmayacağam...” Elə bil baş verəcəklər və nə vaxtsa cismən olmayacağı ona həmin vaxtlardan agah olmuşdu. Nurlan 2014-cü ildə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılsa da ümidini heç itirmədi. Bilirdi ki, o, Vətənə lazımdır. Nə vaxt lazım olsa, mütləq Vətən onu çağıracaq və Allahın izniylə Vətən uğrunda düşmən üzərinə var gücüylə şığıyacaq. Nurlan bundan əvvəl də, bundan sonra da ancaq Qarabağ üçün yaşamışdı və yaşayacaqdı. O, ağlı kəsdiyi andan canını Vətən yolunda qurban verməyə hazır idi, özünü bunun üçün hazırlamışdı. Nurlan valideynlərini, qurduğu ailəsini, dünyaya gələn körpə qızını və oğlunu, əzizlərini çox sevsə də Vətənini daha üstün tuturdu. Damarından saf Azərbaycan qanı axan Nurlan, həqiqətən, əsl Vətən fədaisi idi. Vətənin dar gündə olduğunu bilən kimi cavan ömründən, həyatından, yarımçıq qalacaq plan və arzularından bir anda, heç düşünməyərək xətt çəkə bilərdi və çəkdi də. 


Təqvimlər 2020-ci ilin iyul ayının 14-nü göstərirdi. Nurlan Tovuz istiqamətində şiddətli döyüşlərin getdiyini və bir gündə içərisində general-mayor Polad Həşimovun da olduğu 8 hərbçimizin Şəhadətə ucaldığını bilən kimi elə bil qan beyninə sıçradı. Gözləməklə keçirib hədər etdiyini sandığı bu 30 ildən sonra ilk dəfə idi ki, belə çox əsəbləşirdi. Mənfur düşmənlərin xarici ölkələrdə soydaşlarımıza etdiyi zülmü göstərən video kadrlara baxdıqca əsəbləri tarıma çəkilirdi, qisas alovu onun gözünü qan çanağına döndərirdi. Fikri isə dönmür və dəyişməz qalırdı. O, hiss edirdi ki, artıq vaxtdır və mübariz Azərbaycan ordusu gec-tez hərəkətə keçməlidir. Bu zaman onun Azərbaycanın hayına hay verən bir cənab leytenant olduğu gözünün önünə gəlirdi. Xəbər də almışdı ki, zabitlər və mülki şəxslər hərbi şöbədə könüllü olaraq orduya yazıla bilərlər. Artıq bundan sonra onu heç bir kimsə saxlamağa qadir deyildi qadir olan Allahdan başqa. Allah isə ona Füzuliyə qədər taybatay qapılar açmışdı, açacaqdı... Nurlan tez bir zamanda hərbi şöbədə qeydiyyatdan keçdi və bundan sonra mübarizə üçün çağırılacağı anı artıq səbirsizliklə gözləməyə başladı. O, hər keçən gün, saat, dəqiqə səbirsizlənirdi, səbirsizliklə Şuşa yolunda açılmağı gözləyən qapıları açmaq istəyirdi, bunun üçün səbirsizlənirdi. 21 sentyabr 2020-ci ildə hərbçimiz Elşən Məmmədov Tovuz ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olarkən qisas eşqiylə odlanan Azərbaycanın mərd oğullarına Ana Vətəndən çağırış gəldi. Bu çağırışa hay verən minlərlə vətən oğullarının sırasında Nurlan da var idi. O, hərbi təlimdə olarkən leytenant hərbi formasında bir şəklini çəkdirmiş və sevə-sevə tanışlara, qohum-əqrabaya göstərmişdi. İndi o, illər sonra bir daha geydiyi hərbi zabit uniforması ilə daha çox qürur duyurdu. Çünki bu forma ilə o, artıq doğma Qarabağa və onu azad etməyə gedirdi. 2020-ci ilin 27 sentyabr günü Ali Baş Komandan şanlı Azərbaycan Ordusuna Azərbaycan torpaqlarını, Qarabağı işğaldan azad etmək, yadların murdar əllərindən, düşmənin tapdağından qurtarmaq əmrini verdi. Həmin zaman ilklərdən biri olaraq Nurlan da şir kimi döyüşə atıldı. Döyüşdə düşmənin atəşinə qəhrəmanlıqla qarşılıq verirdi. Qarşısına çıxan və çıxacaq hər düşmənə zavallı gözü ilə baxır və ona acıyırdı. Çünki indi ölüm və məğlubiyyət növbəsi düşmənlərdə idi. Onlar bu dəfə illərlə qisas eşqi ilə yanmış, amalından dönməmiş Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlirdilər. İndi bu ordu illərin, yüzillərin qisasını alacaq olan bir ordu idi. Bu ordunu olduqca gücləndirən, yenilməz edən bir amal var idi — Ana Vətən və onun qurtuluşu. Ordu sıralarında olanlar bu yolda canlarından keçməyə hazır olduqları üçün heç nə onları qorxutmağa, fikrindən yayındırmağa, yolunda ləngitməyə qadir deyildi. Eynən Nurlan kimi... Nurlan üçün bu döyüşlər elə bil toy-bayram idi. Şuşanın işğalına “dağlarda toy” deyən qaniçən düşmənlər indi bilmişdilər ki, əsl toy necə olurmuş. Döyüş türkün toyu idi, bu toy Qarabağın toyu idi. Düşmən kəndlərə, şəhərlərə raketlərlə zərbə endirməklə, mülki vətəndaşlarımızı, qadınları, qocaları, körpə uşaqları şəhid etməklə bu toy mağarını dağıda bilməz, xalqın qisas, azadlıq, qələbə əzmini qıra bilməzdilər. Artıq başqa zaman, başqa məqam idi. Onlar bilirdilər ki, ölümdən çıxış yolu yox, qorxunun əcələ faydası yox idi! Nurlanın və Qarabağı nurlandıranların qəzəbi onlar üçün faciəvi bir sonluq idi. Cəbrayıldan keçib Füzulini aşan, Xocavənd meşələrində düşmən ovuna çıxan Nurlan heç bir düşməni bağışlaya bilməzdi. Çünki bu mənfurlar ona sadəcə gözləməkdən ibarət olan məşəqqətli 30 il vermişdilər. Nurlan ermənilərdən onlar tərəfindən xalqımızın başına gətirilən faciələrin və son zamanlarda onun ömründən keçmiş 30 ilin haqq-hesabını çəkirdi. Onlar Nurlandan 30 ili almışdılar, Nurlan isə onlardan layiq olmadıqları halda Şuşa havası, suyu ilə bəslədikləri canlarını alırdı. Bu abu-havada yaşadığı hər gün onun üçün əzablardan qurtuluş günü idi. Gündən-günə igidliyi, mərdliyi, qəhrəmanlığı döyüş yoldaşlarının dilindən düşməyən Nurlan ailəsi ilə sıx-sıx əlaqə saxlayır, hər dəfəsində bildirirdi ki, hər şey yaxşı olacaq. Ailə üzvlərindən xahiş edirdi ki, ondan nigaran olmasınlar. Onun hər sözündən qələbə ətri hiss etmək olurdu. Hamı ona ümid bəsləyir və Nurlana deyirdilər: “Alsan sən alarsan Şuşanı, al bizə qaytar”. O isə cavabında belə deyirdi: “Narahat olmayın, İnşəAllah, Ulu Yaradanın izni və köməyi ilə Şuşanı qaytaracağam..” Çox təəssüf ki, 1 oktyabr 2020-ci il tarixində — müharibənin 5-ci günündə Nurlanın polad bədəninə dəyən namərd gülləsi onun bütün arzularına son qoydu və onun üçün Şuşaya qovuşan yollar Füzulidə ayrıldı. Ona Şuşanı ruhu ilə fəth etmək və fatehlərə ruhu ilə dəstək vermək nəsib oldu.

Ailəsi, sevdikləri və bütün Binəqədi camaatı Nurlanı Biləcəri qəsəbəsində dəfn etdi. Nurlansevər, Vətən sevdalısı, Qarabağ aşiqi olan əhali Həqiqət ananın, Nadir atanın dərdinə şəriklik etdi. Onlara ümid işığı verdi. Beləcə onlar Nurlanı dəfn etsələr belə əsgərlərimizə olan ümidlərini Nurlanla yanaşı dəfn etmədilər. Bildilər ki, cənab leytenant yenə hay verir. Bu dəfə ruhu ilə əsgərlərimizə hay verir və deyir ki, qardaşlar, mənim qisasımı alın, Şuşanı azad, mənim arzularımı çin edin! Əsgərlərimiz isə heç gecikdirməyərək bu səsə səs verdilər. İlk olaraq Nurlanın ayaq izinin, bitməyən qanının izinin qaldığı Cəbrayılı, Füzulini və Xocavəndi azad etdilər. Onlar Nurlanın qanını yerdə qoymadılar, qisasını aldılar. Sonra Şuşaya aparan bütün yolları açaraq 8 noyabr 2020-ci ildə Parlaq Qələbəni qazandılar. Şuşanı azad etdilər, üçrəngli bayrağımızı orada — Nurlanın amalına, qəlbinə, hissinə-həyəcanına və özünə çevrilən Şuşada dalğalandırdılar. 29 il əvvəl bir payız günü Nurlanın tərk etməyə məcbur olduğu Şuşa 29 il sonra yenə bir payız günü öz doğmasına, Azərbaycanına qovuşdu. Bu gözəl bayram günü Binəqədi əhalisi Nurlanın evinin həyətinə toplaşaraq izdihamla Həqiqət anaya və Nadir ataya gözaydınlığı verirdi. Onlar bir yerdə “Başını dik tut, Şəhid anası!”, “Oğlunun qanı yerdə qalmadı!” şüarları ilə Nurlanın qisasının alınmasını qeyd etdilər. Şəhid Nurlan Nadir oğlu Həsənov Şəhadətindən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi. Cənnət adamı, Müqəddəs Zəfərimizin və Şuşanın azadlığının nişanəsi olan, Zəfəri adıyla və qəhrəmanlığıyla nurlandıran Şəhid Nurlan Həsənovun əziz xatirəsinə həsr etdiyim “Şuşanı ruhuyla fəth edən Nurlan” adlı şeirimi oxuculara təqdim edərək bu yazımı burada bitirir və Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm:


Şuşanı ruhuyla fəth edən Nurlan.  

Şuşada doğuldu, içdi suyundan, 
6 aylığında köçdü Şuşadan, 
Doymamışdı Şuşanın qoxusundan, 
Körpə ikən bezmişdi qaçqınlıqdan. 

Həyatını Şuşa üçün yaşayan, 
Şuşanı ruhuyla fəth edən Nurlan.


Savadıyla ali məktəb bitirdi, 
Zabit oldu, Vətənə xidmət etdi, 
Həyatında bir çox arzuya yetdi, 
Sonda, canın vətənçün fəda etdi. 

30-u görmədən köçdü dünyadan, 
Şuşanı ruhuyla fəth edən Nurlan. 


Nəinki o, Cənnəti fəth etmişdi, 
O, Cənnətdən bu dünyaya gəlmişdi, 
Bu dünya onunçün bir sınaq idi, 
O, sınaqdan qəhrəmanlıqla keçdi. 

Şəhid oldu, keçdi öz sınağından, 
Şuşanı ruhuyla fəth edən Nurlan. 


Döyüşə toy-bayrammış kimi getdi, 
Cəbrayıl-Xocavəndi azad etdi, 
Hər sözündə “Vətən sağ olsun” dedi, 
Hər zəngində yenə təsəlli verdi.

Dedi: “Yaxşıyam, qalmayın nigaran”, 
Şuşanı ruhuyla fəth edən Nurlan. 


Çoxlarını yandırdı Şəhadəti, 
Həm yandırdı, həm də bir qürur verdi, 
Bizlərə Zəfəri hədiyyə etdi, 
Çox heyif ki, həyatdan vaxtsız getdi.

Zəfər kimi miras qalmışdır ondan, 
Şuşanı ruhuyla fəth edən Nurlan. 


Bir qızı, bir oğlu ondan yadigar, 
Gözümüz kimi dəyərlidir onlar, 
Zəfərlə təsəllini tapacaqlar, 
Şəhid atayla qürur duyacaqlar.

Onlar doymadılar atalarından, 
Şuşanı ruhuyla fəth edən Nurlan. 


Şəhidim, ruhunla döndün Şuşana, 
Göstərdin gücünü cümlə-cahana, 
Ömür boyu ruhuna duaçıyıq, 
Borcluyuq biz Sənintək qəhrəmana. 


Qürur duyur səninlə Azərbaycan, 
Şuşanı ruhuyla fəth edən Nurlan.



Sevindik Nəsiboğlu 8-ci sinif şagirdi 
şair-publisist, 
AJB üzvü 15.05.2022  

  
 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ