SON DƏQİQƏ

Şəhidlərimizin hər biri bir qəhrəmandır- FOTOLAR

Tarix:23-09-2024, 22:57

Şəhid Elyəddin Cəfərovun Qaşaltı Qaraqoyunlu kəndində uyuyan məzarını ziyarət etdik. Çəmi şəhidlərimizin ruhuna dualar oxuduq. Elyəddin Cəfərov  Baloğlan  dostumuzun  yaxın qohumudur.Baloğlan doğma əmi nəvəsi Elyəddinin  igidliyindən  iftixarla söhbət açdı. Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin ərazi dairəsində olan Qaşaltı Qaraqoyunlu kəndində Zöhrab Cəfərovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə təhsil almışdır. Sonra N saylı hərbi hissədə   xidməti başa vurduqdan sonra bir  müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində fəaliyyət göstərmişdir. Subay idi. Çalışdığı şirkətdən müvəqqəti möhlət alan Elyəddin Cəfərov   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhər üzrə Hərbi Komissarlığında könüllü qeydiyyatdan keçmişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elyəddin Cəfərov könüllü olaraq yenidən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərimizin  azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.  Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə  vuruşmuşdur. Elyəddin Cəfərov 20 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  Doğulduğu Naftalan şəhərinin
Qaşaltı Qaraqoyunlu kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyəddin Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyəddin Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyəddin Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elyəddin Cəfərov  ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Şəhidlərimizin hər biri bir qəhrəmandır.
Allahdan Elyəddin Cəfərova və cəmi şəhidlərimizə rəhmət diləyir, doğmalarına səbr  və cansağlığı arzulayırıq.
Şəhidlərimizin  məzarını  ziyarət etdikdən sonra  gecə bir şeir yazdım; 

Uca məqama çatdın

Şəhid Elyəddin Zöhrab oğlu 
Cəfərovun əziz xatirəsinə 

Vətənin mərd oğludu,
Elyəddin Zöhrab oğlu .
Qaşaltıda doğuldu,
Elyəddin  Zöhrab oğlu.

Düşmən dinc əhaliyə,
Top,mərmi yağdırırdı .
Yaşayış məskənlərin ,
Dəhşətlə yandırırdı.

Bizə  düşmən kəsildi,
Türkün yurdunda  dığa.
Elyəddin dözərdimi 
Belə bir haqsızlığa? 

Silaha sarıldılar,
İgid , cəsur oğullar,
Vətəni qorudular,
Qoçaq , məğrur oğullar.

Sən şəhid olan günü,
Anan yuxu görmüşdü.
Sənə xonça bağlayıb, 
Dörd yanını hörmüşdü.

Baloğlan çox sevirdi,
Doğma balası qədər.
Elyəddin şəhid oldu,
Onu kədər bürüdü.

Qaşaltının adını 
Zirvələrə ucaltdın.
Şəhidlik zirvəsinə,
Uca məqama çatdın.

Rauf İLYASOGLU,
23 09.2024 
Naftalan şəhəri, Reablitasiya Mərkəzi. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ