SON DƏQİQƏ

Bakı niyə nəfəs ala bilmir?

Tarix:17-05-2026, 19:53

Bakı niyə nəfəs ala bilmir?
Son illər Bakı görünməmiş dərəcədə böyüyür. Amma bu böyümə planlı inkişafdan çox, nizamsız tikinti, həddindən artıq sıxlıq və sosial problemlərlə müşayiət olunur. Paytaxt artıq təkcə nəqliyyat tıxacından deyil, kanalizasiya, içməli su, məktəb, xəstəxana və yaşayış yükündən də əziyyət çəkir. İnsanların həyatı getdikcə çətinləşir, şəhər isə nəfəs almaqda çətinlik çəkir.
Bir tərəfdən hündür mərtəbəli binalar sürətlə artır, digər tərəfdən isə yollar, kanalizasiya xətləri və sosial infrastruktur əvvəlki vəziyyətdə qalır. Nəticədə yağış yağan kimi küçələri su basır, saatlarla davam edən tıxaclar yaranır, həyətlər betonlaşır, yaşıllıqlar məhv edilir. Bakı plansız tikintinin ağır nəticələrini yaşayır.
Artıq paytaxtda hündürmərtəbəli binaların tikintisinə ciddi məhdudiyyət qoyulmalıdır. Şəhərin daşıma gücü nəzərə alınmadan verilən tikinti icazələri gələcək üçün böyük təhlükə yaradır. Əvvəlcə yeni kanalizasiya sistemləri qurulmalı, köhnə xətlər yenilənməli, yağış sularının axıdılması üçün müasir drenaj sistemi yaradılmalıdır. İnfrastruktur olmadan tikilən hər bina sabahın problemidir.
Ən vacib məsələlərdən biri də əhalinin bölgələrdən Bakıya kütləvi axınıdır. İnsan niyə kəndini, rayonunu qoyub paytaxta gəlir? Çünki bölgələrdə iş yoxdur, istehsal zəifdir, qazanc imkanları məhduddur. Əgər rayonlarda zavodlar, fabriklər, süd və ət kombinatları açılsa, kənd təsərrüfatı inkişaf etdirilsə, insanlar doğulduğu yerdə işləyər, öz ailəsini dolandıra bilər.
Heyvandarlığın, əkinçiliyin və yerli istehsalın inkişafı həm ərzaq bolluğu yaradar, həm də qiymətlərin stabilləşməsinə kömək edər. Bu gün bazarda keyfiyyətli və əlçatan məhsul tapmaq çətinləşir. Halbuki münbit torpaqları, zəhmətkeş insanları olan bir ölkədə ərzaq qıtlığı və bahalıq olmamalıdır.
Ali məktəblərin böyük hissəsinin bölgələrə köçürülməsi də vacib addımlardan biridir. Bütün universitetlərin yalnız Bakıda cəmlənməsi həm sıxlığı artırır, həm də regionların inkişafına mane olur. Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Mingəçevir və digər şəhərlər böyük tələbə mərkəzlərinə çevrilə bilər. Bu, həm bölgələrin iqtisadiyyatını gücləndirər, həm də paytaxtın yükünü azaldar.
Cəmiyyətin narazı qaldığı əsas problemlərdən biri də məmur özbaşınalığı və sosial ədalətsizlikdir. Vətəndaş məmurun qapısında sürünməməli, öz haqqını almaq üçün aylarla gözləməməlidir. Dövlət qurumlarında məsuliyyət, şəffaflıq və insanlara hörmət olmalıdır.
Minimum pensiyalar və sosial ödənişlər də real yaşayış səviyyəsinə uyğunlaşdırılmalıdır. Bir insan illərlə işləyib pensiyaya çıxırsa, aldığı məbləğ heç olmasa bir ailənin bir aylıq əsas ehtiyaclarını ödəməlidir. İnsanları yoxsulluq həddində yaşamağa məcbur etmək inkişaf göstəricisi sayıla bilməz.
Bu gün Bakının xilası yalnız yeni binalar tikməkdə deyil, ölkənin balanslı inkişafındadır. Bölgələr dirçəlmədən paytaxt rahat nəfəs ala bilməyəcək. İnsanlara doğulduqları yerdə yaşamaq, işləmək və ləyaqətli həyat qurmaq imkanı yaradılmalıdır.
Əks halda Bakı daha böyük sıxlıq, daha ağır sosial problemlər və idarəolunmaz vəziyyətlə üz-üzə qalacaq.

Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ