Son dövrlərdə özəl müəssisələrdə çalışan işçilərin müəyyən yaş həddinə çatdıqdan sonra işdən azad edilməsi ilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb. Xüsusilə də "65 yaşı tamam olan işçi mütləq işdən çıxarılmalıdır" kimi göstərilən münasibət həm işçilər, həm də bəzi işəgötürənlər arasında yanlış hüquqi təsəvvür formalaşdırır. Halbuki, qüvvədə olan Azərbaycan Respublikasının əmək qanunvericiliyi və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər bu məsələyə fərqli yanaşır.
Qanunvericilik göstərir ki, dövlət sektoru ilə özəl sektor arasında bu baxımdan mühüm hüquqi fərqlər mövcuddur.
Mövzu ilə bağlı əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu bildirib ki, cəmiyyətdə ən çox qarışdırılan məqamlardan biri dövlət büdcəsindən maliyyələşən müəssisələrdə tətbiq edilən yaş həddinin özəl sektora da aid edilməsi ilə bağlı yanlış yanaşmadır.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib.
"Lakin bu qaydalar yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərə şamil olunur. Buraya dövlət büdcəsindən saxlanılan və ya dövlət büdcəsi hesabına maliyyələşdirilən dövlət orqanları, dövlət müəssisələri və təşkilatlarında çalışan işçilər daxildir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, həmin müəssisələrdə 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbərinin qərarı ilə hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər və ümumilikdə bu müddətin 5 ildən artıq uzadılmasına yol verilmir. 10-1.3-cü maddədə isə elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş işçilər üçün istisna nəzərdə tutulub. Eyni zamanda, 10-1.4 və 10-1.5-ci maddələr çalışma müddəti uzadılan işçilərin sayına dair məhdudiyyətləri, 10-1.6-cı maddə bunun yalnız işçinin razılığı ilə mümkün olduğunu, 10-1.7-ci maddə isə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri ilə rəsmiləşdirildiyini və bu halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilərək yeni müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmədiyini müəyyən edir."
Ekspert qeyd edib ki, məhz bu normalar dövlət sektoru ilə özəl sektor arasındakı hüquqi fərqi aydın şəkildə ortaya qoyur.
"Əgər qanunla özəl müəssisələrdə də 65 yaş həddinin tətbiqi nəzərdə tutulsaydı, bu ayrıca hüquqi norma ilə tənzimlənərdi. Lakin Əmək Məcəlləsində özəl sektor üçün belə bir norma mövcud deyil. Bu səbəbdən dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid yaş həddi ilə bağlı normaların özəl müəssisələrə şamil edilməsi hüquqi baxımdan düzgün deyil."
Vüqar Şahinoğlu bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini və ayrı-seçkiliyin yolverilməzliyini təsbit edir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi prinsipi müəyyən olunub.
Ekspert əlavə edib ki, Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız Məcəllədə nəzərdə tutulmuş əsaslarla xitam verilə bilər. Həmin maddədə özəl müəssisələrdə çalışan işçilər üçün müəyyən yaş həddinə çatmaq əmək müqaviləsinə xitam verilməsi üçün ayrıca hüquqi əsas kimi nəzərdə tutulmayıb.
"Bu o deməkdir ki, özəl sektorda işçinin 65 yaşa və ya hər hansı digər yaş həddinə çatması onun əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil hüquqi əsas deyil. İşəgötürən yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslardan biri mövcud olduqda əmək müqaviləsinə xitam verə bilər. Əks yanaşma qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz."
O vurğulayıb ki, Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər də əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərini dəstəkləyir.
"Beynəlxalq Əmək Təşkilatının 111 saylı «Məşğulluq və peşə sahəsində ayrı-seçkilik haqqında» Konvensiyasının 1-ci maddəsində ayrı-seçkilik anlayışı müəyyən edilir, 2-ci maddəsində isə iştirakçı dövlətlərin məşğulluq və peşə sahəsində bərabər imkan və bərabər rəftarı təmin edən milli siyasət həyata keçirməsi nəzərdə tutulur. Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndində isə «age» (yaş) anlayışı xüsusi müdafiəyə ehtiyacı olan şəxslərlə bağlı qeyd edilir: "Bu müddəa yaşı ayrı-seçkiliyin müstəqil əsası kimi deyil, xüsusi müdafiə tədbirlərinin tətbiq oluna biləcəyi hallardan biri kimi nəzərdə tutur."
Ekspert əlavə edib ki, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 23-cü maddəsi hər kəsin işləmək, sərbəst iş seçmək və ədalətli əmək şəraitindən bərabər istifadə etmək hüququnu tanıyır. Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquqlardan istifadə zamanı ayrı-seçkiliyin yolverilməzliyini təsbit edir. Bu beynəlxalq sənədlər əmək münasibətlərində bərabərlik prinsipinin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.
Sonda Vüqar Şahinoğlu qeyd edib ki, praktikada "65 yaş tamam oldu, işdən çıxarılmalıdır" kimi yanaşmaların özəl sektorda çalışanlar üçün hüquqi əsası yoxdur.
"Əmək münasibətlərində əsas meyar işçinin yaşı deyil, onun əmək funksiyasını yerinə yetirmək qabiliyyəti, saglamlıq baxımından mümkündürsə, xüsusi fiziki güc tələb edən, xüsusi peşə deyilsə çalısa bilər. Əsas əmək müqaviləsinə xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş hüquqi əsasların mövcudluğudur. Dövlət büdcəsindən maliyyələşən müəssisələr üçün müəyyən edilmiş yaş həddi özəl sektora şamil edilə bilməz. Özəl müəssisələrdə əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla verilə bilər. Əks halda, belə qərar qanunsuz hesab oluna və məhkəmə qaydasında mübahisələndirilə bilər."
XeberTıme.az