XeberTıme.az Bugun.tv-yə istinadən xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin fəaliyyət proqramına əsasən, Quba rayonunda növbəti seminar keçirilib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı BMT-nin Etimad fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə baş tutan tədbirin mövzusu “İctimai yerlərdə sağlamlıq imkanları məhdud qadın və qızlara münasibət, davranış problemləri və ictimai dəstək” olub.
Seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının binasında keçirilib. Tədbirdə müxtəlif sahələrdən olan ictimai təşkilatlar, əlillərin yaxınları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbələri iştirak ediblər. Sosial İş ixtisası üzrə təhsil alan gənclərin iştirakı xüsusi maraq doğurub. Seminarda təhsil müəssisələrində belə seminarların keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Təlimçi İradə Rizazadənin təklifi ilə əlil qadınlar, qızlar, tələbələr arasında birgə əməkdaşlıq əlaqələrinin yaradılması, qrup təşkili məsələləri müzakirə edilib. Dostluq Qrupunun yaradılması təklif olunub. Bu ideya rayonda yenilik kimi gündəmə gətirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. İ.Rizazadənin sözlərinə görə, Dostluq Qrupunun təşkili sağlamlıq imkanları məhdud qadınlar, qızlar və tələbələr arasında sosial işin mahiyyəti istiqamətində yeniliklərə nail olmaqdır.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova seminarın mahiyyəti, dəstək proqramları, maarifləndirmə işinin təşkili barədə danışıb. O, layihənin uğurlu strategiyası ilə bağlı iştirakçıları məlumatlandırıb. Bugun.tv-yə müsahibə verən M.Rəhimova seminarlar zamanı hər dəfə yeni iştirakçıların dəvət olunmasının, yeni dəstək qruplarının yaradılmasına, innovasiyaların artmasına, şəbəkənin böyüməsinə, yeni ideya və təkliflərin verilməsinə səbəb olduğunu bildirib.
“Paytaxt və bölgələdə təşkil olunan belə seminarlarda problemi olanlar barədə məlumatlar toplanaraq aidiyyəti dövlət qurumlarına ötürülür, onların həllinə köməklik göstərilir. İndiyədək Gəncə, Bakı və Qubada keçirilən dəyirmi masa və seminarlarda sağlamlıq imkanları məhdud olan onlarla qadın və qızların problemlərinin operativ həllinə köməklik göstərilib. Bu da həmin şəxslərin hüquqları ilə bağlı yeni fikirlərin yaranmasına səbəb olub, əlaqələrimiz daha da aktivləşib. Layihə çərçivəsində keçirilən çoxsaylı tədbirlər nəticəsində bugündək hüquqlarından xəbərsiz qalan xeyli sayda əlilliyi olan şəxs öz hüquqlarını anlaya bilib. Seminarlarda onların istək və təklifləri, həyat təcrübələri və maneələri ilə bağlı məsələlər də mütəmadi müzakirəyə çıxarılır. Bu qrup təlimlərinin təşkili onların problemlərinin həlli yollarında müsbət nəticələr verir və effektiv üsul kimi qiymətləndirilir”, – QHT sədri vurğulayıb.
XeberTıme.az