Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.
XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
2012-ci il dekabrın 29-da 1 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup "ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev "ASAN” könüllülük hərəkatına xeyir-duasını verib. Təbii ki, "ASAN xidmət”ə qədər də müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərib. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz "ASAN xidmət”dən başlayıb. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı "ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlətimizin başçısının sözləri bunun bariz sübutudur: "ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.
Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində könüllülərin ölkə həyatının bütün sahələrindəki fəallığına yüksək qiymət verərək deyib: "Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət”dən başladı və "ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir”.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gəncləri dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bu tövsiyədən irəli gələn vəzifələrin icrası nəticəsində mərkəzi icra və yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında Gənclər Fondunun da fəaliyyəti xüsusi qeyd edilməlidir. Qrant müsabiqələri, xüsusi layihə, tədbir və düşərgələr yolu ilə könüllülüyün təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən il Beynəlxalq Könüllülər Günü ərəfəsində Gənclər Fondu tərəfindən yüzlərlə gəncin və ölkəmizdə ilk dəfə olaraq bütün könüllü hərəkatlarının iştirak etdiyi "Azərbaycan həmrəylik festivalı” keçirilib.
Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də məhz Beynəlxalq Gənclər Günü münasibətilə ötən ilin dekabrında reallaşdırılan "Azərbaycan könüllülük həftəsi” olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan, bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edən "Könüllülük həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunub. Ümumilikdə 79 yerli icra hakimiyyəti orqanı tərəfindən 15 mindən çox könüllünün iştirakı ilə 100-dən çox tədbir keçirilib. Məhz həmin həftə çərçivəsində, həmçinin 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu, Azərbaycan tələbə-könüllülərinin forumu, eləcə də bu ilin avqustunda "Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu təşkil olunub. Bu ilin sentyabrında Azərbaycan İdman Könüllülərinin I Forumunun təşkili də könüllülərinin idman həyatında rolunun daha da genişlənməsi və təşkilatlanması baxımından əlamətdar hadisə oldu.
Sevindirici haldır ki, könüllülərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan könüllüləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, könüllülərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.
Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına könüllü yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.