SON DƏQİQƏ

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edir

Tarix:12-12-2021, 23:34

Xalqımızın ulu öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyur, işıqlı xatirəsi önündə ehtiramla baş əyirlər.
Ulu Öndərin xatirə günü Vətən müharibəsində qazanılan böyük Zəfərin ildönümü ilə eyni vaxta təsadüf edir. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Onun bu arzusu bir il əvvəl həqiqətə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Hazırda Azərbaycanın dövlət bayrağı Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanır.
Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu möhkəm təməl üzərində ölkə həyatının bütün sahələrində misilsiz inkişaf yaşanır, Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölməz ideyaları bu gün də yollarımızı işıqlandırır. Xalqın öz böyük oğluna hörmət və məhəbbəti əbədidir. Bunu Fəxri xiyabanda müşahidə olunan mənzərə bir daha təsdiqləyir.
Xalqımız ağır günlərdə onun köməyinə yetişən, müstəqilliyimizi əbədi və dönməz edən böyük oğluna növbəti dəfə öz vəfa borcunu verir. Bütün həyatını canından əziz bildiyi Vətəninə həsr edən, Azərbaycanı dünya arenasına çıxaran Ümummilli Liderin misilsiz xidmətləri unudulmur və heç vaxt da unudulmayacaq.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan bütün həmvətənlərimiz tərəfindən də anılır.


“XeberTıme.az” 





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ