SON DƏQİQƏ

“MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ” KİTABINA NÖVBƏTİ TƏQDİMAT -FOTO

Tarix:18-06-2022, 00:20

15 iyun 2022-ci ildə Səbail rayon Vətən Müharibəsi Veteranları İctimai Birliyinin inzibati binasında  Milli Qurtuluş günü, Pərvanə Salmanqızının rəhbərlik etdiyi “Zəfər Yolu” İB-in təqdimatı və “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasimi keçirildi.
Tədbirdə Şəhid ailələri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, istefada olan polis polkovniki, Birinci Qarabağ müharibəsi veteranı Sahib Həsənov, Dünya Türk Ocaqları rəhbəri  Aygün İbrahimova, DTO Qadın Qolları Başqanı Validə Vəliyevaya, Lənkəranın ictimai fəal gənci Allahverən Pərvizoğlu, İB nümayəndələri, qazilər, müharibə veteranları və digər şəxslər iştirak edirdilər.
Tədbirdə iştirak edən,  “Möhtəşəm Zəfərin Nişanəsi”  adlı kitabımla dərindən maraqlanan və xoş sözlər söyləyən hər kəsə minnətdarlığımı bildirirəm.
Tədbirdəki çıxışımı oxucularımın nəzərinə çatdırıram: ”Bütün tədbir iştirakçılarını ürəkdən  salamlayır  və təqdimat mərasimində iştirak etmək üçün əziyyət çəkib gələn hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Bildirmək istəyirəm ki, bu gün mənim üçün xüsusi əlamətdar, unudulmaz, ikiqat sevincli bir gündür. Belə ki, dövlətçilik statusunu itirməkdə, ən çətin anlarını yaşamaqda olan ölkəmizin Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurtuluşu, xilası günüdür bu gün. Bir azərbaycanlı kimi bu günün önəmi mənim üçün də əvəz olunmazdır. Qurtuluş günümüz münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edirəm. Və özümü xoşbəxt hesab edirəm ki, belə bir əlamətdar gündə həm də mənim kitabımın təqdimatı keçirilir.
Əziz və hörmətli tədbir iştirakçıları! “Qarabağ ağrısı” adlı bir anlayış hamımıza çox yaxşı tanışdır. Hamımız bu ağrını 30 il qəlbimizdə, beynimizdə, canımızda, qanımızda yaşamışıq. Qaçqınların, məcburi yurd-yuvalarından didərgin salınanların ağrısını, acısını içimizdə hiss etmişik və özümüzü hər an onların yerində görmüşük.
Yaşımın az olmasına baxmayaraq mən də bu ağrını bir məcburi köçkün ailəsinin fərdi olaraq yaşamışam və bilirəm ki, bizim dədə-babalarımız, ana-bacılarımız keçən bu illər ərzində nələr çəkməyiblər, hansı çətinliklərdən keçməyiblər?. Qaçqınlıq, məcburi köçkünlük damğası adı altında yaşamaq hamı kimi məni də daxilən yandırır, şam kimi əridirdi. Mən də hamı kimi bundan bir çıxış yolunu axtarırdım. Bu da onun sübutudur ki, bu kitabımdan əvvəl qələmə aldığım 4 kitabın hamısında Qarabağ ağrısına xüsusi yer ayırmışam.
Lakin hazırda iştirakınızla təqdimatı keçirilən bu kitab əvvəlki dörd kitabdan çox fərqlənir. Çünki bu kitab Qarabağ ağrısına yox, Qarabağın azadlığı sevincinə, Zəfər sevincinə həsr edilmişdir. “Möhtəşəm Zəfərin Nişanəsi” adlı bu kitabımda ölkəmizin 60-dan çox regionundan olan 76 şəhidimiz haqqında məqalə və şeir, 365 şəhidimiz haqqında hazırladığım vikipediya səhifələri, 2 qazimiz və 2 döyüşçümüz haqqında məqalələrim, eyni zamanda vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə çıxışlarım yer almışdır. Bu kitabda Zəfər sevincinə axıdılan gözyaşlarını da, Zəfəri canı ilə, qanı ilə qazananlara axıdılan gözyaşlarını da var gücümlə yazımda oxucularıma çatdırmağa çalışmışam. Bu kitabın adını da “Möhtəşəm Zəfərin Nişanəsi” olaraq əbəs yerə seçməmişəm. Şəhidlərimiz, Qazilərimiz, müzəffər ordumuz Möhtəşəm Zəfəri əldə etdilər və özləri də o Zəfərin nişanəsinə çevrildilər. İfadəmə belə aydınlıq gətirim ki, Zəfər anlayışı, Vətən müharibəsi anlayışı Şəhidlər olmadan, Qazilər olmadan, müharibə, döyüş iştirakçıları olmadan yarım qalmış olardı.
Sizi bütün hisslərimi, düşüncələrimi, duyğularımı köçürdüyüm, hər səhifəsi, hər abzası, hər sətiri bir şəhidimizin dastanına çevrilmiş, vətənimizin göz bəbəyi olan Qarabağımızın düşmən tapdağından azad edilməsi üçün başlanmış şanlı Vətən müharibəsinə həsr etdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımla tanış olmağa, onu oxumağa dəvət edirəm, onda kitabda qəhrəmanlıq dastanları qələmə alınmış şəhidlərimizin ruhu bir daha şad olar.
Hörmətli tədbir iştirakçıları! İcazənizlə zəhmət çəkib belə təntənəli tədbiri təşkil etdiklərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hörmətli Fatma xanım Səttarovaya, müavini Cəlil müəllim Xəlilova, həmin təşkilatın əməkdaşı Nadir müəllimə, Rasim müəllimə, Səbail rayon şöbəsinin rəhbərliyinə, tədbirdə iştirak edib-etməməsindən asılı olmayaraq bütün Şəhid ailələrinə və bütün tədbir iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirirəm. Allah Zəfərimizi daimi və əbədi eləsin!”
Çıxışımın sonunda Qurtuluş günü münasibəti ilə 2016-cı ildə Ulu Öndərimiz Heydər Əliyevə həsr etdiyim və “Hərdən uçmaq istəyirəm” adlı kitabımda yer almış “Ulu öndərimiz” adlı şeirimi  söylədim.
Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm!

SEVİNDİK NƏSİBOĞLU
8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü
15.06.2022




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ