SON DƏQİQƏ

TOVUZ DÖYÜŞLƏRİNDƏN ŞANLI ZƏFƏRƏ

Tarix:12-07-2023, 21:20

Bu gün böyük zəfərimizə yol açan Tovuz döyüşlərinin 3-cü ildönümüdür.

O günləri heç vaxt unuda bilmərəm.Dünənki yox, indiki kimi xatırlayıram.12 iyul gecə vaxtı atəşkəsin pozulmasından xəbər tutdum.İlk Şəhidlərimizin olduğu andan dərindən kədərləndim.Ertəsi gün bütün televiziyalar və sosial şəbəkələr Tovuz döyüşləri barədə xəbər yaymağa başladı.İlk Şəhidlərimizin dəfnlərindən olan görüntülər ürəyimi parçaladı.Sonra isə dayımoğlu Saleh Həsənovun Tovuzun Dondar Quşçu kəndində artileriyada Şəhid İlqar Mirzəyevin komandanlığı altında qızğın döyüşlərdə iştirak etdiyini eşitdim.Bütün əsgərlərimizin sağ-salamat bu döyüşlərdən qələbə ilə çıxmasını Allahdan arzu elədim. Ertəsi gün alacağımız xəbərdən isə xəbərsiz idik. Bu xəbər Azərbaycan xalqının yenidən oyanışına təkan verəcəkdi. 14 iyul günü, tarixə çevrilən o gün General-mayor Polad Həşimov Şəhidliyə yüksəldi! 30 il generalı Şəhid olmayan bir ölkəni bu xəbər necə dərindən sarsıdırdısa, bizi də sarsıtdı. Eşitdiklərimizə inana bilmədik. Həmin gün neçə-neçə Qəhrəmanlarımızı Şəhid verdik. 15 iyul gününün səssizliyini 16 iyul günü pozdu. 16 iyul günü əsgər Nazim İsmayılov Tovuz döyüşlərinin son Şəhidi olaraq Şəhadətə yüksəldi. Bu xəbər bizə “Bəsdir!” deməyə bəs idi. Döyüşlər səngidi, yara hələ də sağalmadı. Qisas alovunda yanan odlar ölkəsinin mərd oğulları, istefada olan zabitlər, əsgərlər Qarabağ uğrunda səfərbər oldular! O gün olsun ki sözü tarixə qovuşacaqdı. Müharibə gözlənilirdi!
21 sentyabr günü Şəhid olan Elşən Məmmədovun qisas günü artıq hazır idi. Təlimə gedən çağırışçılar bir neçə gün sonra Zəfər Tarixini yazmağa başladılar! Gün Zəfər günü idi! Həyat tamamilə dəyişirdi! Şəhidlər verilirdi, ancaq, qisası alınan və qisas alan Şəhidlər! Və sonra bu yol Şuşadan da keçdi! Şuşada Zəfər Bayrağını dalğalandırdı! Bütün Şəhidlərimizin ruhu şad oldu! Ali Baş Komandan Tovuz döyüşlərində Şəhid olan hərbçilərimizi “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətənə xidmətə görə”  orden və medalları, eləcə də “Azərbaycan Milli Qəhrəman”  fəxri adı  ilə təltif etdi. Cənab General, rahat uyu! Səndən sonra qisasının eşqiylə Şəhid olanlar qisasını aldılar! Sən Ruhunla azad etdiyin Şuşada Zəfər Bayrağını da öz ruhunla dalğalandırmısan! O bayraq qisasının mirasıdır!

General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Anar Gülverdi oğlu Novruzov
Mayor Namiq Hajan oğlu Əhmədov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Gizir  İlqar Ayaz oğlu Zeynallı
Gizir  Yaşar Vasif oğlu Babayev
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Elçin Arif oğlu Mustafazadə
Əsgər Nazim Əfqan oğlu İsmalıyov
Xatirənizi hörmətlə yad edirəm! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin! 




POLAD

Qədim odlar yurdunun odu, közüsən, Polad,
Qələbə dastanının bir ön sözüsən, Polad,
Uğrunda can verdiyin ulu Vətən içində,
Sən o qədim Vətənin elə özüsən, Polad.
 
Dastanlarla böyüdün, sonda dastana döndün,
Şəhidliyə yüksəldin gözümüzün önündə.
Sən Zəfər Yolu üçün istiqamətdin, yöndün,
Ruhunla Fateh oldun Şanlı Zəfər günündə.
 
Qisasının eşqiylə neçə igidlər getdi,
Onların sayəsində Vətən arzuya yetdi,
Şəhidim, oğlun yaşda olan igid Qəhrəman,
Sənin qisasın aldı, Murovu azad etdi!
 
1 il başladı qəmlə, davam etdi Zəfərlə,
Sənsiz keçən o 1 il davam etdi nələrlə,
Qəbrin üstə deyirik: “Pis gün geridə qaldı,
Ey Səngər Generalı, Əsgərin Zəfər çaldı!”
 
Sənin qızıldan taxtın ürəyimdə var bu gün,
Hünərinə Atsızdan qalıbdır şüar bu gün:
İnsan büyür beşikdə məzarda yatmaq üçün,
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün.
 
Xatirəni edirik, edəcəyik daim yad,
Şuşamız oldu azad, rahat uyu, uyu şad,
Sən Hünər Tarixində yeni bir iz, yeni ad,
Yaşa, bizləri yaşat, Şəhid Həşimov Polad!

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ