SON DƏQİQƏ

Cəsarət Əhmədov: “Gənc idmançıların vətənpərvər ruhda formalaşmaları federasiya rəhbərlərinin qarşısında əsas vəzifə kimi qoyulmalıdır”

Tarix:29-09-2023, 22:16

Artıq üç ildir ki, Azərbaycan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin millətimizi və dövlətimizi çaxardığı zəfər yolu ilə uğurla irəliləyir. Ölkəmizdə Heydər Əliyev İli elan olunmuş 2023-cü ildə də qələbələrimiz davam edir. Aprel ayının 23-də Ermənistanla sərhəddə Laçın sərhəd buraxılış məntəqəsinin qurulması da, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin nəticələri də xalqımızın əldə etdiyi möhtəşəm qələbələrdir.
Əlbəttə ki, bu qələbələrin əsasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici və daxili siyasət durur. Məhz bu siyasətin sayəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır. Mən bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, dövlət başçımızın yürütdüyü rəhmani siyasət təkcə Azərbaycan xalqının deyil, eləcə də bütün qonşu ölkələrin xalqlarının da rifahını nəzərə alır. Bu siyasət ədalət prinsipləri əsasında qurulub və bütün Cənubi Qafqaz xalqlarının, eləcə də qonşu dövlətlərin sülh və əmin-amanlıq içərisində, mehriban qonşuluq və dostluq şəraitində yaşamalarına, birgə inkişaf etmələrinə hesablanıb. Müqəddəs kitabımız Qurani-Kərimdə də irqindən və milliyətindən asılı olmayaraq bütün insanların bərabərliyi, onların mehriban birgə yaşamaları buyurulur. Çüki, islam dini sülh, qardaşlıq və əmin-amanlıq dinidir.

Bu gün hər bir vətənpərvər azərbaycanlı çalışdığı sahədən, sosial statusundan asılı olmayaraq cənab Prezidentin yanında olmalı, ətrafında daha sıx birləşməli, dövlət başçımızın siyasətinə bacardığı qədər dəstək verməlidir. Hər kəs öz sahəsində Azərbaycana yeni qələbələr, yeni uğurlar qazandırmaq üçün var gücü ilə çalışmalıdır. O cümlədən biz də idman sahəsində xalqımızı və ölkəmizi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ləyaqətlə təmsil etməyə çalışırıq. Fəxrlə deyə bilərəm ki, rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyası da bu il kifayət qədər yüksək nəticələrə imza atıb. Belə ki, qol güləşçilərimiz iyun ayında Moldovada keçirilən 32-ci Avropa çempionatında uğurla çıxış edərək ölkəmizə 5 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 8 medal qazandırıblar. Avqustun 24-dən sentyabrın 3-nə qədər Qazaxıstanın Almatı şəhərində keçirilmiş Qol güləşi üzrə 44-cü dünya çempionatında isə idmançılarımız 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə yenə də 8 medal əldə ediblər. Bu qələbələr sözsüz ki, bütün xalqımızın qələbəsidir.

Lakin mən düşünürəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən idman federasiyalarının vəzifəsi sadəcə idmanda nailiyyətlərin yüksəldilməsi ilə məhdudlaşmamalıdır. Bilirsiniz ki, idman kütləvilik deməkdir. Bu gün hər bir federasiya yüzlərlə, minlərlə gənci öz ətrafında birləşdirirsə, təbii ki, həmin federasiyanın rəhbərliyi də bu gənclərin fiziki hazırlıqları ilə yanaşı, həm də onların mənəvi-psixoloji durumlarına görə məsuliyyət daşımalıdır. Hətta mən deyərdim ki, gənclərin məhz mənəvi hazırlıqları, onların milli-vətənpərvər ruhda formalaşmaları daha vacib tələb kimi qarşıya qoyulmalıdır. Hamı çempion olmaya bilər, amma hər kəs Vətənpərvər olmağa borcludur. Biz bir an da olsun belə unutmamalıyıq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni də məhz öz Prezidenti ətrafında sıx birləşmiş xalq, öz Ali Baş Komandanının bütün əmrlərini dərhal və yüksək dəqiqliklə icra edən şanlı ordumuz təmin etmişdir. Bu ordunun qəhrəman döyüşçüləri isə yenə də vətənpərvər Azərbaycan gəncliyindən ibarətdir.

Bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həqiqətən də çox parlaq gələcəyə doğru inamla gedir. Mən əminəm ki, cəmi 10-15 il sonra Azərbaycan öz inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri olacaq. Əlbəttə ki, bunun üçün çox çalışmaq lazamdır. Bu gün hər bir Azərbaycan vətəndaşı başının üstündə birinci Allahı, ikinci isə Ölkə Prezidentinin görərək öz sahəsində vicdanla işləməli, dövlətimizin siyasətini ürəkdən dəstəkləməli və bu gözəl ölkənin vətəndaşı olduğu üçün fəxr etməlidir!

Cəsarət Əhmədov,
Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ