15 dekabr 2023-cü ildə “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimat mərasimi keçirildi.
Təqdimatda filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Zəfər Yolu” İctimai Birliyinin rəhbəri Pərvanə xanım Salmanqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova, DAMM-ın Ekspertlər Şurasının rəhbəri Nəzakət xanım Əhmədova-Kərimova, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, müəllifin sinif rəhbəri Aynurə xanım Zeynalova, qazi Ramiz Yusubov, qazi İsa Musayev, “Gün.az” saytının baş redaktoru Rəsmiyyə xanım Heybətağaqızı və başqaları iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Ulu Öndərimizin və Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva qonaqları salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın rifahı naminə gördüyü mühüm işlərdən geniş bəhs etdi. Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Eldarqızı idi.
Çıxış edənlər gənc yazarın çoxşaxəli yaradıcılığını çoxdan izlədiklərini, onun bu az yaşında böyük işlərə imza atdıqlarını söylədilər. Müəllifin yazdığı “Qarabağ Marşı”, “Ata, ruhun şad oldu!”, “Ulu Öndər yadigarı” və şəhidimizə həsr etdiyi “Qarşıla məni, Ana!” adlı şeirlərini səsləndirdilər, ona uğurlar arzu etdilər.
Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova DAMM-ın Gənclər Birliyinin sədr müavinliyi vəsiqəsini müəllifə təqdim etdi. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac isə gənc müəllifi ardıcıl ədəbi uğurlarına görə “İsa Muğanna” adına diplomla təltif etdi. Tədbirin bütün iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin dahi lider olduğunu söylədilər. Sevindik Nəsiboğluna uğurlar arzu etdilər. Gənc müəllif çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi, yeni kitabını imzalayaraq qonaqlara hədiyyə etdi. Xatirə şəkilləri çəkdirildi.
Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik:
“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq”.
XeberTıme.az