SON DƏQİQƏ

XOCAVƏND RAYON NƏRİMANLI KƏND TAM ORTA MƏKTƏBİNDƏ “ULU ÖNDƏRİN İŞIĞINDA” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ- FOTO

Tarix:28-12-2023, 08:58

26 dekabr 2023-cü ildə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində məktəbimizin 10-cu sinif şagirdi, gənc yazar, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 7 kitab müəllifi Əliyev Sevindik Nəsib oğlunun Ulu Öndərimiz Heydər Əliyevə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi. Tədbirə başlamazdan əvvəl  Ulu Öndərimizin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə ilk olaraq çıxış edən məktəbimizin direktoru Aidə xanım Zülfüqarova tədbiri açıq elan edərək məktəb adından gənc müəllifi təbrik etdi, onun yaradıcılığını dəyərləndirdi və ona uğurlar arzu etdi. Aidə xanım çıxışında bildirdi: “Məktəbimizin müəllim və şagird kollektivi olaraq biz həmişə sənə dəstəyik və sənin yanındayıq. 
Həmişə yaz və fəaliyyətini davam etdir. Biz məktəbin olaraq fəxr edirik ki, sənin kimi şagirdimiz var”. Aidə xanım çıxışını bitirdikdən sonra Sevindik Nəsiboğlunun “Heydər Əliyev ili” olan 2023-cü ildəki  fəaliyyətini yüksək qiymətləndirərək  onu  Fəxri Fərman ilə təltif etdi.
Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsibə xanım Əhmədova Vətən müharibəsində qazandığımız parlaq qələbənin və bu qələbənin Azərbaycan ədəbiyyatındakı təsirindən, önəmindən danışaraq Sevindik Nəsiboğlunun da müharibədən sonrakı Azərbaycan ədəbiyyatında fəaliyyətlərindən danışdı, onu parlaq qələbəmizi işıqlandıran yazarlar arasında nümunə kimi göstərdi və ona yaradıcılıq uğurları arzu etdi. Məktəbimizin təşkilati məsələlər üzrə direktor müavini Rübabə xanım Hüseynova Sevindik Nəsiboğlunun Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində təhsil almasından özünün və bütün müəllim kollektivinin qürur duyduğunu ifadə etdi və gələcəkdə də bunun üçün qürur hissi keçirəcəklərini ümid etdiyini bildirdi. Məktəbimizin tarix müəllimi, şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman xanım Tahirova uzun illik pedaqoji fəaliyyətindən nümunələr göstərərək Azərbaycan təhsilindən, parlaq müəllimlərindən və şagirdlərindən misal çəkdi, şagirdlərinin Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs etdi. Gənc müəllifin də adını parlaq şagirdlər siyahısında çəkərək ona uğurlar arzu etdi. Biologiya müəllimi, şəhid Fuad Nəsirovun bacısı Zülfiyyə xanım Nəsirova Sevindiyin uğurlarından sevindiklərini bildirdi, onun parlaq istedadlı bir şagird olduğunu söylədi, bu istedadın və Vətən sevgisinin ona ailə üzvlərindən gəldiyi fikrini ifadə etdi. Məktəbimizin hərbi hazırlıq müəllimi Fəryad müəllim Sevindiyin bu yaşındakı uğurlarını dəyərləndirərək bununla bağlı öz ürək sözlərini dilə gətirdi və daha böyük uğurlar arzu etdi. Azərbaycan dili və ədəbiyyatı müəllimi Şövkət xanım Balakişiyeva Sevindiyin təhsil həyatında da uğurlar əldə etdiyindən söz açdı. Gənc müəllifin sinif rəhbəri Aynurə xanım Zeynalova Sevindiyin ziyalılarla birlikdə dəyərli tədbirlərdə iştirak etdiyinə baxmayaraq məktəbdə özünü sinif yoldaşlarından fərqli bilmədiyini, sinif yoldaşları ilə ünsiyyətdə sadə, səmimi və mehriban olduğunu ifadə etdi və bunu yüksək qiymətləndirərək şagirdinə uğurlar arzu etdi. 



Tədbirdə söz Sevindik Nəsiboğluna verildi. Gənc müəllif Ulu Öndərimizin Qarabağ mövzusuna verdiyi dəyərdən söz açaraq “Ulu Öndərin işığında” kitabının həm Ulu Öndərimizin 100 illiyi, həm də sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri fonunda geniş oxucu auditoriyası tərəfindən oxunulacağına inandığını bildirdi. Çıxışının sonunda məktəb rəhbərliyinə, tədbir təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirərək “Ata, ruhun şad oldu!” adlı şeirini söylədi. 
Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi.



Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin kollektivi olaraq bildiririk ki, Ulu Öndərimiz bizim üçün hər zaman əbədiyaşardır. Ana vətənimiz Azərbaycan öz parlaq ziyalılarının və istedadlı gənclərinin işığında yaşadıqca Ulu Öndərimiz də yaşayacaqdır!
 

Aynurə Zeynalova 
Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin kimya müəllimi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ